Şehli çəmənlərin işığı
Страница 2 из 4 · 25%
Həsən rayona bitişik kənddən idi, orda altı il oxuyandan sonra, nədənsə, çıxıb gəlmişdi rayon mərkəzindəki məktəbə, yeddincini burda, Mirzəgillə bir sinifdə oxuyurdu. Bəlkə ordan bezdirib qaçırtmışdılar, bəlkə də başqa səbəb vardı – bunu heç kim bilmirdi, heç kim də Həsəndən soruşmurdu. Həsən o qədər yolu hər gün piyada ölçərdi, dərsə bircə dəfə də gecikməzdi. Sakit, arıq oğlan idi. Əyin-başı nimdaş olsa da, təmiz idi. Qədək şalvarı, deyəsən, tez-tez yuyulduğundan həm soluxmuşdu, həm də daralıb gödəlmişdi. Çox vaxt tənəffüslərdə partanın arxasından çıxmırdı, elə bil şalvarının bozluğundan, yöndəmsizliyindən utanırdı. Həmişə yorğun, yuxulu görünürdü. Baxışlarında, nədənsə, bir ürəklik vardı. Həsən pis oxuyurdu. Onun bircə dəfə də dərs danışdığını bu sinifdə görən olmamışdı. Heç kim Həsənlə yaxınlıq eləmirdi, o da heç kimin işinə, söhbətinə qarışmırdı. Sanki sinifdə Həsən adlı oğlan yox idi, Mirzənin arxasındakı partada oturardı Həsən. Mirzənin sağ yanındakı partada isə alagöz, sarışın bir qız oturardı; adı ya Çiçək idi, ya Göyçək... Bu alagöz, sarışın qız Mirzəyə yaman baxardı. Hərdən gülümsəyə-gülümsəyə elə baxardı ki, Mirzə lap utanardı.
Bir gün coğrafiya dərsində Qeysər müəllim əlini xəritənin üstündə gəzdirə-gəzdirə uşaqlara nəyisə başa salmağa çalışırdı. Alagöz, sarışın qız ona qulaq asmırdı, qızın diqqəti Mirzənin yanında idi. Qeysər müəllim bunu görəndə danışığını kəsib qıza tərs-tərs baxdı. Həsən qızı xəbərdar eləmək istədi, “üzünü o yana döndər” dedi. Sarışın qızın qaşlarının ortası düyünləndi və Mirzə dilxor oldu. Həsən belə deməməliydi. Həsən heç cınqırını da çıxartmamalıydı, Həsən kimdir, nə karadır ki, bu göyçək qızı pərt eləyir? Mirzənin ürəyində qəribə bir hiss baş qaldırdı: təəssübkeşlik hissi deyildi bu, üstünlüyünü sarışın qıza və bütün sinfə bildirmək istəyi idi, Mirzənin ağlını yerindən oynadan yalançı qürur idi. Mirzə qalxıb geri çevrildi və sağ əli ilə Həsənə elə bir sillə çəkdi ki, əlinin içi gör-gör göynədi. Şapıltıya hamı başını Həsənə tərəf döndərdi və elə bil hamı indi gördü ki, bu sinifdə Həsən adlı bir oğlan varmış.
Həsənin rəngi elə ağardı ki, üzünün dəmrovu itdi, nazik dodaqları titrədi, nəmli iri gözləri bir az da iriləndi. Həsən pərtlikdən keyidi, nə günahın sahibi olduğunu dərk eləyə bilmədi, qaldı udquna-udquna.
Qeysər müəllim səbirli, təmkinli adam idi, amma – o da eynən Həsən kimi ağarmışdı – qışqırıb Mirzəni sinifdən qovdu.
Bu əhvalatdan sonra Həsən dərsə gəlmədi, day Həsəni görən olmadı, Həsən hamının yadından çıxdı...
Bəs Mirzənin heydən düşən vədəsində Həsən hardan peyda oldu? Onun iri, nəmli gözləri qaranlıq otağın hər künc-bucağından niyə belə biganə baxır görəsən? Birdən Mirzənin sağ əlinin içi gör-gör göynədi, sanki Həsəni indicə vurmuşdu. Niyə Həsən onda cavabını vermədi Mirzənin? Kaş onda Həsən də Mirzəni vuraydı, lap onun ağız-burnunu qanadaydı, yoxsa indi belə göynəməzdi Mirzə. Görəsən, indi Həsən hardadır? Görəsən, o da davaya getdimi? Ölübmü, qalıbmı?.. Gözləri elə nəmlidirmi?.. Yenə elə ürkəkdirmi?
Səhərə yaxın Mirzənin kirpikləri ağırlaşdı, Mirzə özünü ucsuz-bucaqsız bir bağda gördü, alça, ərik çiçəklərinin ətrini çəkdi sinəsinə, qaranquşların, sığırçınların cəh-cəhini eşitdi: Yuxuya gethagetdə, sayaqlayırmış kimi, pıçıldadı: “Ölməyə vətən yaxşı... vallah, vətən yaxşı...”
* * *
Çamadanın ağırlığından bir çiyni əyilmiş, qaşları ağ kişinin həyətə girdiyini görəndə Güldəstənin qıçları sözünə baxmadı – başladı titrəməyə – havası çatmayan adam təki gözləri dirəndi.
Ağqaş kişi, dodaqları səyriyə-səyriyə gülümsədi:
– Niyə belə baxırsan? – dedi. – Qardaşınam də... Mirzə...
Dizləri bükülhabüküldə Güldəstə: “Ay qardaş!” – deyib bir cikkə çəkdi ki, Mirzənin başının tükləri biz-biz oldu.
Beşcə dəqiqədən sonra qonum-qonşuya duy vuruldu ki, rəhmətlik Salmanın oğlu Mirzə gəlib. Yeniyetmələr, cavanlar key qaldılar: görəsən Mirzə kimdir və hardan gəlib? Amma yaşlılar, ağsaqqallar bilirdilər ki, Mirzə Güldəstənin gözünün ağı-qarası bircə qardaşıdır, özü də qırx ildən çoxdur ki, “dünyanın o başında” – “Dalni Vostok” deyilən yerdə yaşayır, bu eldə bir ocaq yandırmayıb, bir koma qaraltmayıb, bir ağac əkməyib, bu eldə bir namı-nişanəsi yoxdur onun. Görəsən nə olub, nə əhvalat baş verib ki, qırx ildən sonra, yazın çal-çağır vədəsində Mirzənin güzarı bu yerlərə düşüb?
Camaat “Dalni Vostok” sözündə bir sirr-müəmma, soyuqluq, əlçatmazlıq görürdü. Hamı bilirdi ki, “Dalni Vostok” deyilən yer burdan çox-çox-çox uzaqdadır və orda həmişə qar olur, buz olur, gün tez çıxıb, tez batır, həm də oranın günü adamın canını qızdırmır. Buzların içindən gəlmiş Mirzəyə baxmaqçün qonşular axışdılar Güldəstəgilə və gördülər ki, Mirzə solğun bənizli, ortaboylu, arıq bir kişidir. Gördülər ki, Mirzənin saçı da, qaşları da “Dalni Vostok” un qarı kimi ağappaqdır, özü də elə bir suyu bacısına oxşayır; burnu onun burnu kimi nazikdir, gözləri də eynən Güldəstənin gözləri: badamı, qonur...
Yeznə Qədirə xəbər getdi, Qədir “Jiquli”də özünü çatdırdı həyətə. Mirzəni öpüb basdı bağrına, başladı hönkürtü vurmağa, amma görəndə ki, Mirzə ağlamır, o dəqiqə səsini kəsdi...
Hələ Güldəstə qardaşı ilə nəfəs-nəfəsə doyunca oturmamışdı, hələ Güldəstənin uşaqları söz axtara-axtara, dirənə-dirənə danışan dayılarına qıraqdan gözüdolusu baxmamışdılar, hələ qonum-qonşu “Dalni Vostok” dan hal-əhval tutmamışdı – Mirzə dedi ki, qəbiristanlığa getmək istəyirəm.
Yeznə Qədir Mirzənin “Jiquli”yə qoyub, apardı qəbiristanlığa...
Ata-anasının qəbri yan-yana idi. Qəbirlərin torpağı çökmüşdü, yan-yörəsini ot-alaq basmışdı, baş ağacların çürüyüb qaralmışdı. Baxımsızlıqdan pis hala düşmüş bu qəbirləri görəndə Mirzədən çox Qədir utandı. Qədir hazırlaşdı ki, Mirzə ağlasa, o da ağlasın, amma Mirzə ağlamadı və Qədirin xirtdəyinə dirənmiş qəhər o dəqiqə sovuşub getdi.
Mirzə qəbiristanlığa nəzər saldı. Dirilər var-yoxlarından çıxıb, burda ölülərə büsat düzəltmişdilər. Hara baxırdın qara, qırmızı, ağ mərmər idi. Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar...
Mirzə ata-anasının az qala yerlə yeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini, nədənsə, Qədirin üzünə zillədi. Qədir tez çöməlib qəbirlərin yan-yörəsindəki alağı yoluşdurmağa başladı. Bir azdan Mirzə də ona qoşuldu və qət elədi ki, günü sabahdan bu qəbirləri sahmana salacaq. Bu qəbirlər sahibsiz deyil, burda yatan kişinin, arvadın oğlu hələ ölməyib. “Gəlmişəm, əzizlərim, gəlmişəm... Bağışlayın ki, gec gəlmişəm”.
Anası öləndə də gec gəlmişdi. Tez necə gələydi? Buracıq deyil, oracıq deyil. Mirzə teleqramı alandan sonra hazırlaşıb yola düşənəcən iş-işdən keçmişdi. Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. Evdə təzədən ağlaşma başlandı. Güldəstə qardaşını qucaqlayıb ağı dedi. Onda Güldəstə cavan idi, Qədirlə təzəcə evlənmişdilər. Sən demə, Güldəstənin yanıqlı səsi varmış, elə dil ağladı ki, Qədir özünü saxlaya bilmədi – hönkürdü, nə hönkürdü. Amma Mirzə sanki daş idi, odun idi – dayanıb durmuşdu, elə bil ağlamaq yadına düşmürdü. Bunu görəndə Qədir hönkürtüsünü kəsdi. Gözlərindən hələm-hələm yaş çıxmayan Salman kişi də arxasını həyətdəki tut ağacına söykəyib ağladı. Kişi, deyəsən, arvadının ölümündən çox neçə illik ayrılıqdan sonra oğlunu dədə yurdunda gördüyünə kövrəlib ağlayırdı. Yavaş-yavaş hamı kiridi.
Mirzə gözlərini qollu-budaqlı tut ağacının yoğun gövdəsinə zilləyib, uşaqlığını yadına saldı. Bu ağacın lap təpəsinə dırmanardı, mət kimi ağ tutu dənə-dənə qırıb ağzına atardı. İndi payızdır, ağacın yarpaqları tökülüb, ağac lütlənib, adam buna baxanda kövrəlir. Həm də bu ağac Mirzəyə yəqin ona görə belə qəmli görünür ki, Mirzənin anası ölüb. İndi bu həyətdə gözlərinə dəyən hər şey Mirzəni kədərləndirir, hətta atasının çal saqqalı da, alnındakı dərin qırışlar da... Mirzə boğazını arıtlayıb, deyəsən danışmaq xatirinə atasından soruşdu ki, anam son nəfəsində nə dedi, nə vəsiyyət elədi. Kişi çiyinlərini çəkib, təzədən ağlamaqçün bir himə bənd adamsayağı hüznlü səslə cavab verdi ki, Səmaya rəhmətlik heç nə demədi, vəsiyyət-zad eləmədi, gecə qəflətən keçinib, heç xəbər də tutmamışıq.
İki gündən sonra Mirzə qayıdıb getdi – iş adamı idi, icazə alıb gəlmişdi, burda çox qala bilməzdi.
İndi qəbirlərin alağını təmizləyə-təmizləyə Qədir istədi soruşsun ki, qağa, genə tez qayıdacaqsan? Amma bunun əvəzində başqa söz dedi. Dedi:
– Qağa, başına dönüm, bəs adam el-obasını, qohum-əqrəbasını belə yaddan çıxardar? Ağlamaqdan bacın az qalıb kor olsun. Adın gələndə, inandığım haqqı, Güldəstənin dodaqlarında bir damcı qan qalmır. Mənim sözlərimi danlaq, məzəmmət kimi qəbul eləmə, qurbanım olum. Hər şey bir yana, axı burda sənin atanın, ananın qəbri var. Bu torpaqda sənin doğmaların, əzizlərin yaşayır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-sehli-cemenlerin-isigi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Стихи других поэтов
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
TufanaBiydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edərPərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.