İkinci hissə, 8
Страница 2 из 3 · 33%
Molla Sadıq qonağın gözlərindən qəlbini oxuyub, yerində qurcalandı. Elə bu vaxt küncdə əyləşən müridlərdən biri dizi üstə oturub, saqqalını tərpətdi:
– Ay Hacı, sizə bir sualım var.
– Buyur, oğlum.
– Qapının ağzında üstü bıçaqla kəsilmiş bir cüt təzə postal var, o sizindirmi?
– Bəli, övladım.
– Onu özünüzmü kəsibsiniz?
– Bəli, bala.
– Səbəbini bilmək olarmı?
Hacı Əmrah əfəndi əlindəki stəkanı yerə qoyub gülümsündü və ayağındakı naxışlı coraba baxdı.
– Ayağımı sıxırdı, mən də kəsdim. Kəsməyə də bilərdim. Amma cəddinə qurban olduğum deyir ki, insan gərək bu dünyada özünə əziyyət verməsin. Nəfsini qaytarıb, gözünü ac qoymasın. Kim bu dünyada sıxıntı çəksə, elə axirətdə də əzab içində qıvrılacaq. İnsan gərək havalı və eşqli olsun. Eşqdir bu dünyanın əzəli. Qəlbində Allaha məhəbbəti olmayan bu dünyada yaşaya bilməz. Elə cəddinə qurban olduğum Seyid Nigari bir eşqlə yanıb kül olmadımı? Onun Nigara olan eşqi ilahi bir eşqə çevrildi. Xaliq özü belə buyurmuşdur. Aşiq və məşuq öz eşqləri ilə Yaradana qovuşurlar. Dünyanın sirri budur, əzizlərim. Qəlbində eşqi çox olan adam Allaha daha tez qovuşar.
Müridlər qulaq kəsilmişdilər. Müridlər də gözlərini bu ağ sinəli, yaşı əllini keçmiş olsa da, gümrahlığını itirməyən kişinin ağzına zilləmişdilər. Meyxanaya gələn arvadların bəzisi bu sözləri əvvəllər də eşitmişdi. Ancaq yenə də qulaq asırdılar. Hətta arabir sual verənləri də olurdu. Ancaq belə məclisə yenicə gələnlər hələ utanır, küncə qısılıb, üzlərini gizlədir, acgözlüklə Hacıya qulaq asıb dediklərinin mahiyyətini dərk etməyə çalışırdılar. Onlar xof və həyəcan içində oturur, ruhların mələklərə necə qovuşacağı haqqında fikirləşirdilər. Kəlağayılarının altında gizlətdikləri kitabı sinələrinə qısıb titrəşirdilər. Onlar çox qəribə hal keçirirdilər. Deyilənə görə, əsl müridlərin çoxu yol getdikləri yerdə belə, Allahı görür, mələklərə rast gəlirdilər. Hətta onlarla söhbət də edirdilər. Belə bir səadətə nə vaxt və necə çatacaqlarını düşünən müridlər maraq və intizar içində qıvrılırdılar. Onların bu məclisə gəlməsinin əsas səbəbi də bu idi. Ona görə də Hacı Əmrah əfəndinin dediklərini o qədər də yaxşı anlaya bilmirdilər.
Cahandar ağanın bacısı Şahnigar xanım da bunların içində idi. Onun çox qəribə taleyi vardı. Keçən il ərini ilan vurandan sonra damın altında tək qalmışdı. Kişinin ölümündən sonra arıqlamaq əvəzinə kökəlmiş, buxaq sallayıb, buğum-buğum ət tökmüşdü. Qardaşı ona "çıx, gəl evimizə" - demişdisə də, Şahnigar xanım razı olmamışdı. "Ərimin var-dövləti təkcə mənə qalıb, oturub sağa-sola xərcləyəcəm. Nə işinə qalıb ki, özümü cəncələ salıram? Yengə əlinə baxıb, minnətlə qardaş çörəyi yeməkdənsə, damın altında tək qalmaq yaxşıdır", - deyə fikirləşmişdi.
Şahnigar xanım dediyindən dönmədi. Evindəcə oturdu. Geyinib-kecindi, hətta Kürə suya gedəndə də özünü daş-qaşla bəzədi. Bir toy, bir nişan onsuz keçmədi. O çox qəribə olmuşdu. Oynamaqdan doymur, şaqqıldayıb gülməkdən usanmırdı. Onun əyyarlığını bəyənməyən arvadlar tərs-tərs baxır, "bəxtəvərə bax, gör əri öləndən sonra nə əl-qol açıb! Necə də harınlayıb!" – deyə Şahnigarı öz aralarında asıb-kəsirdilər. O isə heç nəyə fikir verməyib şaqqıldayırdı. Qarıların dediyi kimi, ərəmik camış tək anqırıb gəzirdi". Onu danlayıb bir söz deyəndə də hirslənirdi. "Məndən nə istəyirsiniz, eşitməyibsinizmi ərsiz arvad yüyənsiz at kimi şeydir, haraya istəsə, oraya da gedəcək? İndi mən də haraya istəsəm çapacam. Əl-ayağıma dolaşmayın".
Yavaş-yavaş pıçıltılar, dedi-qodular çoxaldı. Hətta bir dəfə Cahandar ağa onu təpiyinin altına salıb, bədənini qamçı ilə tuluq-tuluq etdi. Amma Şahnigar xanım dediyindən dönmədi...
Bir hörümçək həssaslıği ilə hər şeyə göz qoyan Molla Sadıq onu izləyirdi. Mollanın bu ətli-əndamlı qısraq qadından xoşu gəlirdi. Amma bu sirri heç kəsə aça bilmir, hətta ürəyindən keçənləri etiraf elməkdən də qorxurdu. Molla Sadıq Şahnigar xanıma yaxın getməyi, ona söz deməyi xəyalına belə gətirə bilmirdi. O nə qədər əyyar arvad olsa da, kənddə bir az açıq dolansa da, hələ həndəvərinə dolanan olmamışdı. Heç kəs canından keçməmişdi. Molla Sadıq da başının qədrini bilirdi. Necə deyərlər, kürəyini Cahandar ağanın gülləsinə verməyə təhəri yox idi. Burada nə isə başqa bir əməl işlətmək lazım idi.
Molla Sadığın ayrı bir məqsədi vardı. O, Cahandar ağanı sındırmaq və özünün haqlı olduğunu camaat qarşısında nümayiş etdirmək istəyirdi. Axı Cahandar ağa kənddə yenicə müridlər yarananda Molla Sadığı çox pis vəziyyətə salmışdı?! Molla Sadıq ilk dəfə öz evində meyxana düzəltmişdi. Cahandar ağanı da dəvət etmişdi. Onun məqsədi kəndin bu hörmətli adamını ya müridə çevirmək, ya da heç olmazsa bu işə rəğbət bəsləyən bir adam halına salmaq idi. Ancaq zənnində yanılmışdı. Cahandar ağa bir az oturub, türbədən gələn müridin hədisinə qulaq asandan sonra narazılığını bildirmiş, müridlər çalıb-oynayanda isə məclisi yarımçıq qoyub ayağa durmuşdu: "Mənim ağlım bir şey kəsmir, bunlar hamısı lotuluqdur"' - deyə qapını vurub çıxmışdı. Hamı mat qalmışdı. Molla Sadıq özünü sındırmamaq üçün onun arxasınca çıxmış və ayağını üzəngiyə qoyub atın belinə qalxmağa hazırlaşan Cahandar ağaya yaxınlaşmışdı:
– Sən niyə dinsizlik edirsən, Allahın qəzəbindən qorxmursan?
– Bilirsən nə var, Molla Sadıq, mənim elə uşaqlıqdan səndən xoşum gəlmir, oğraş adama oxşayırsan.
– Sən dini, Allahı danırsan.
– Allahda işin olmasın!
– Sən kafirsən!
– Molla, mənə lotuluq gəlmə, get dınqırına süz. Mən Allahımı da tanıyıram, peyğəmbərimi də.
O, atını minib uzaqlaşmışdı.
Elə o vaxtdan Molla Sadıq Cahandar ağa ilə yanıqlı gəzir, intiqam almaq üçün fürsət axtarırdı. Nəhayət, belə bir məqam ələ düşdü. O, Şahnigar xanımı öz dəstəsinə çəkməyə çalışdı.
Lap uşaqlıqdan cinə, ərdoya inanan, qorxulu, uydurma nağılları bir həqiqət kimi qəbul edən Şahnigar xanım tez tələyə düşdü. İkicə ayın içində onu inandırdılar ki, müridlik savab işdir. Onlara qoşulan cənnətlik olacaq.
Şahnigar xanım Seyid Nigarinin kitabını Quranla yanaşı qoydu. Gecələr çətinliklə də olsa mollaxanada oxuduğu hərfləri yadına salıb höccələyə-höccələyə şerləri əzbərlədi. "Ərim yox, uşağım yox, elə Allahın bədbəxtiyəm, - deyə düşündü. - Bəlkə qəzəbə gəlmişəm. Günahım çoxdur. Onun üçün də rəhminə qurban olduğum mənə kəc baxır. Bəlkə gec deyil, elə bu müridlərə qoşulsam kəramət sahibi məndən mərhəmətini əsirgəməz?". Arvad çox düşündü. Belə bir yoldan geri dönsə, axirət dünyasında oda qalanacağını gözünün qabağına gətirdi və razılıq verdi.
Haradansa qardaşı Cahandar ağa bu işləri eşitdi və ona sifariş elədi ki, "qulağıma söz-zad dəyir, bax ha, ağlını oğurladarsan, ondan sonra məndən küsmə, böyük tikəni qulağın boyda edərəm".
Şahnigar xanım odla su arasında qaldı. Qəribə idi, arvad Allah yolundan dönməkdən daha çox xoflanırdı. Nəhayət, ibadət hissi qorxuya üstün gəldi. Şahnigar xanım qardaşının kənddə olmamasından istifadə edib, böyük tərəddüdlə də olsa, ilk dəfə Molla Sadığın evinə, müridlərin meyxanasına gəldi.
İndi o, küncdəcə oturur, qorxu və maraq içində nələr olacağını gözləyirdi...
Molla Sadığın gözü onu çoxdan almışdı. Nəhayət, məqsədinə çatdığına və Cahandar ağanı el içində biabır eləyəcəyinə görə ürəyində sevinir, saqqalını tumarlaya-tumarlaya Hacı Əmrah əfəndiyə baxırdı.
Artıq gecə keçirdi. Meyxananı başlamaq olardı.
Qonağa nazik bir sini verdilər. O dərhal dikəlib bardaş qurdu. Qalan müridlər də arvadlı-kişili dizi üstə oturdular. Molla Sadıq da diz çökdü. Şahnigar xanım böyük təəccüblə qonağın asta-asta sini çalmasına baxdı. Birdən kişi yaşına uyğun olmayan zil və məlahətli səslə oxudu. Oturanlar onun sözünü bir ağızdan təkrar edib, yerlərində yırğalandılar.
"Ay baba, gödək baba,
Meyxanaya gedək baba".
Şahnigar xanım yanındakı arvadların da dingildədiyini gördü. Hamı titrəməli kimi silkələnir, asta-asta sağa-sola ləngər vururdu. O nə edəcəyini bilmədiyindən, donub yerindəcə qalmışdı. Kimsə onun böyrünə toxundu. "Meyxana başlanıb, sən niyə oxumursan?" - deyə pıçıldadı. Şahnigar xanım heç nə anlamırdı. Ona elə gəlirdi ki, sehrli bir aləmə düşmüşdür. Səslər getdikcə güclənir, otağa boğuq bir gumbultu düşüb, divan cingildədirdi. Hacı Əmrah əfəndi qızışıb sinini daha bərkdən danqıldadır, cuşa gəlib zil səslə oxuyurdu. Divar boyu çömbəltmə oturan müridlərin saqqalları tərpənirdi. Onlar gərili yay kimi titrəyir, sıçrayıb ortalığa atılmağa him axtarır kimi yerlərində güclə qərar tuturdular. Nəğmənin ahəngi, sözləri də dəyişirdi:
"Ay Sənəm, Sənəm,
Dərdini çəkən
Bil, mənəm, mənəm".
Ağız deyəni qulaq eşitmirdi. Artıq bir-birinə fikir verən yox idi. Elə bil otağın içindən bir burulğan qalxıb, hər şeyi yerindən oynadırdı. Nəhayət, bu burulğanın küləyi Şahnigar xanımı da silkələdi. Onun da dodaqları aralandı, pıçıltı ilə dediyi sözlər səslərə qarışdı. Özü də hiss etmədən yerindəcə yırğalandı. Əslində onda təqsir yox idi. Oxunan hava çox yüngül idi. Adamın sümüyünə yaman düşürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-8
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.
III fəsil, 2Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
III fəsil, 3Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
Стихи других поэтов
Sən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
QoçQoç quzudan doğan quzu qoç olur,Qoçaqlardan qoçaq olur sultanım
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva