Страница 2 из 2 · 50%

– Ay nişanlısı göyçək, ağzın isti yerdədir, onunçün belə danışırsan. Gəl, özünü yorma. Dünya belə gəlib, belə də gedəcək. De görüm işin-gücün necədir?

– Çox sağ ol, Qoca dayı, yaxşıdır. Bə sizlərdə nə var, nə yox?

– Salamatlıqdır.

– Çərkəz hardadır? Güləsər nə təhərdir?

Kişini ele bil birdən-birə dəyişdilər. Cəld ayağa durub gəminin böyrünə söykədiyi çəpi götürdü, dal tərəfdəki taxtanın üstünə qalxıb suya saldı. Var gücü ilə təkan verib gəmini geri itələdi:

– Gedəndə qardaşından soruşarsan...

Əşrəfin atı yüyənini dartdı. Qulaqlarını dikəldib bərkdən kişnədi. Gəmiçi əlini gözünün üstə qoyub meşəyə tərəf baxdı:

– A bala, bunlar kimdir? – deyə təəccüblə soruşdu.

Əşrəf gəmidən sahilə sıçradı. Atılıb yəhərə qalxdı.

Bir dəstə atlı kazak meşənin qurtaracağında dayandı. Öndəki zabit durbinlə sahildəkilərə, o tayda, yarğanın qaşında oturub köçü gözləyənlərə baxdı. Mal-qaranı, arvad-uşağı gözdən keçirdi. Sonra atını mahmızlayıb cığıra düşdü. Qalanları onun arxasınca gəldilər.

İtlər zəncirdə dartınıb ağız-ağıza verdilər. Aralıqda qaçışan uşaqlar qorxudan arabaların böyrünə qısıldılar. Camaat gözlənilmədən gəmi yoluna gələn kazaklara təşvişlə baxdı. Cahandar ağa isə sıçrayıb ayağa durdu. Nökərlərə dedi ki, "arabaları qoşun, kənara çəkin". Özü dərhal atın belinə qalxdı.

Kazaklar sahildə, düz gəminin bərabərində dayandılar. Zabit əvvəlcə gəmiyə, sonra Kürün qabarmış sinəsinə baxdı. Atını bir az da sürüb Qoca kişinin yanında saxladı:

– Bizi o taya keçir.

Kişi heç nə başa düşmədi. Çiynini çəkıb zabitin üzünə baxdı. Atlılardan biri irəli çıxdı. Yəhərin üstündən əyilib Qoca kişinin qulağına bağırdı:

– Naçalnik deyir ki, bizi o taya keçir.

Qoca kişi gülümsündü:

– Nəçəlnik olanda nə olar, görmürmü su ağız-ağıza qovuşub?

– Bəs öz adamlarınızı niyə keçirirsən?

– Kim deyir onu?

– Mən.

– Yalançının atasına lənət.

Dilmanc atını irəli sürdü. Əlini qılınca uzatdı. Kişinin üstünə qışqırdı:

– Kəs səsini, qoca kaftar.

Əşrəf artıq dözə bilmədi:

– Bura bax, atan yaşında kişini niyə bihörmət eləyirsən?

– Sən kimsən?

– Onun sənə dəxli yoxdur.

Zabit dönüb ağ çərkəzi çuxalı, göy buxara papaqlı cavanın belindəki sallamalı kəmərinə, gümüş xəncərinə baxdı. Kazaklar zabitin işarəsini baş düşüb hazırca dayandılar. Tərcüman üzünü yenidən Qoca kişiyə tutdu:

– Buralarda səndən başqa gəmiçi varmı?

– Yox.

– O taya adam keçiribsənmi?

– Dedim ki, yox. İki gündür gəmi işləmir.

– Yalan deyirsən. Bəs dünən gecə keçirdiyin student yadından çıxıb?

– Student nədir?

– Başında rus şapkası, şalvarının balağı açıq bir adam görməyibsən? Toqqasında yazıları da var.

– Yox, bu tərəflərdə elə adam gözə dəyməyib. Necə məgər?

– A kişi, inkir-minkir başlama, de görüm belə bir adam görübsən ya yox?

Əşrəf məsələni başa düşdü. Tapdıq da onların kimi axtardığını anladı. Yavaşca Əşrəfin qulağına pıçıldadı:

– Ağa, bunlar dünənkilərdir. Bizi axtarırlar, gəl aradan çıxaq.

Əşrəf onu eşitmədi. Üzünü dilmanca tutub gəmiçini müdafiə etdi:

– Onun üstünə niyə düşübsünüz, görmürsünüzmü heç nədən xəbəri yoxdur?

Zabit Əşrəfin ötkəmliyini xoşlamadı. Gözünü qıyıb diqqətlə onu bir də təpədən-dırnağa süzdü. Sonra dilmanca işarə etdi:

– Bəlkə elə bu özüdür?

Onların ətrafına toplaşan göytəpəlilər susdular. Böyük narahatlıqla bu höcətləşmənin nə ilə qurtaracağını gözlədilər. Cahandar ağa atı çapıb camaata yaxınlaşdı. Kazakların yanına getməzdən əvvəl adamları xəbərdar etdi:

– Arvad-uşağı aradan çıxardın.

Binələrə çaxnaşma düşdü. Bir neçə dəqiqədən sonra kişilərdən başqa heç kəs görünmədi. Mal-qara yulğunluğa dolduruldu, arabalar kənara çəkildi. Bütün bunları gözaltı sizən Cahandar ağa kazaklara yaxınlaşdı. Onun qohumları və kənd camaatı dərhal, ustalıqla, saymazyana ətrafı kəsdilər. Kazakların mühasirəyə alındıqlarından xəbərləri olmadı. Cahandar ağa gördü ki, hamı hazırdır. Əllər xəncərin düstəyində, barmaqlar tüfəngin tətiyindədir.

O, tüfəngini yəhərin qaşına qoydu, çaxmağın dabanını açdı, Zabitə yaxınlaşıb astadan soruşdu:

– Uşaqdan nə istəyirsiniz?

Cahandar ağanın təmkinlə, amiranə bir tərzdə verdiyi sual zabitin xoşuna gəlmədi:

– Sən bu işə qarışma.

– Yenə soruşuram, uşaqdan nə istəyirsiniz?

Zabit artıq dözmədi. Onun qəzəbli səsi xırıldadı:

– Tutun bunları!

Elə bil Cahandar ağaya od vurdular. Atın cilovunu dartıb geri fırlandı. Qəmər qəfil təkandan dal ayağı üstə qalxıb kişnədi. Onun ayağının altındakı xırda, yumru daşlar şaqqıldadı. Cahandar ağanın burun pərləri genişləndi. Həbəşi dodaqları gömgöy oldu. Onun fısıltısı aydınca eşidildi:

– Rədd olun!

Adamlar sıxlaşdılar. Kazaklar gördülər ki, üzük qaşı kimi mühasirədədirlər. Azca hərəkət etsələr, tətiklər çəkiləcək, xəncərlər göydə parıldayacaqdır. Zabit ancaq indi dərk etdi ki, çox arxayın tərpənibdir. Əgər silaha əl atsalar, araya qırğın düşəcək, bəlkə də buradan salamat qayıdan olmayacaqdır. Gözləmədiyi bu vəziyyət onu sarsıtdı:

– Bizim sizinlə işimiz yoxdur. Bizə dünən gecə qoruğa girən adamlar lazımdır. Onlar bizim kazakları döyüb, əllərindən silahları alıblar.

Onları tapıb verin.

– Bizim sizə veriləsi adamımız yoxdur.

Zabitlə dilmanc bir-birinin üzünə baxdılar. Dilmanc zabitin ürəyindən keçənləri duydu, səsini yumşaltdı:

– Nə üçün dava axtarırsınız? Əgər adamlar burda yoxdursa, açığını deyin, çıxaq gedək.

– Dedim ki, sizə veriləsi adamımız yoxdur.

– Elə isə salamat qalın.

– Yol açıqdır.

Zabit elə bil yaddan çıxartmamaq üçün diqqətlə Əşrəfin üzünə baxdı. Sonra Cahandar ağaya ötəri nəzər fırlatdı. Atını mahmızlayıb qabağa keçdi. Camaat aralanıb onlara yol verdi. Kazaklar yəhərin üstündə qalxıb düşə-düşə meşəyə tərəf çapdılar. Göytəpəlilər onlar meşədə gözdən itməmiş əllərini tətikdən çəkmədilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

12

Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?

195411 мин
13

İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. Özü də sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə getmirdi. Gündüzlər sahələri gəzib səpinə nəzarət edir, axşamlar tarla düşərgələrindən birində, traktorçuların yanında qalırdı.O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə şirin yuxuya gedirdi. Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin şər qarışana qədər davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi.

195412 мин
14

Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.

195413 мин
15

Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.

195413 мин

Стихи других поэтов