Страница 3 из 3 · 67%

Onu kənddə yenicə düzəlmiş komsomol özəyinə katib seçdilər. Cavanları başına topladı. əkinə-biçinə, məktəbə, savad kurslarına kömək elədi. Dəstə getdikcə böyüdü, Süleymanın sorağı da böyüdü, ətraf kəndlərə də yayıldı.

Onların kəndində Əbdürrəhman adında bir boy də vardı. Əzazilin biriydi, boylu arvadlar onu görəndə uşaq salardılar. Şura hökuməti qurulanda başına dəstə toplayıb bir neçə il heç kəsi tanımaq istəməmişdi. Atını çapıb hamıya bildirmişdi ki, buraların ağası mənəm, başqa xəyala düşməyin. Bir dəfə də Süleymanın qabağını kəsib hədələmişdi. "Deyəsən çox əlləməlik eləyirsən, bala, ağır otur, batman gəl, başın bədəninə ağırlıq eləməsin". Hətta bir dəfə üstünə tüfəng də çəkmişdi. Güllə Süleymanın papağını silib keçmişdi.

Bir gecə "Gepo"nun adamları sakitcə gəlib, Əbdürrəhman bəyi də, oğlanlarını da apardılar. Onların evini idarə elədilər. Üst gözdə kənd şurası, firqə özəyi yerləşdi. Bir otaq da komsomola verdilər. Arvad-uşağı isə aşağı, zirzəmiyə oxşar yerə köçürdülər.

Beyin bir cüt maral kimi qızı vardı, abırlı, həyalı. Kəndin arasına az-az çıxardılar, ataları tutulandan sonra isə heç gözə görünmədilər. Süleyman göz qoyardı, qızlar zirzəminin qaranlıq küncündə bir-birinin qoynuna qısılıb oturardılar. Oduna, suya da qarı ilə bəyin arvadı gedərdi. Atası bir dəfə Süleymanı bir küncə çəkdi. "Oğul, - dedi - bilirəm komsomolsunuz, bəylərlə vuruşursunuz, yaxşı eləyirsiniz. Amma arvadda, uşaqda işiniz olmasın. Qulağıma pis sözlər gəlir. Deyəsən Keçəl Xondulu dinc durmur. Yadında saxla, elin namusu bizim namusumuzdur. Təmiz adımızı ləkələməyin". Atasının sözündən sonra Süleyman yoldaşlarına göz qoydu. Tapşırdı ki, farağat otursunlar.

Bir dəfə gecədən xeyli keçmiş idarədən işıq gəldiyini gördü. Qanrıldı. Elə bildi ki, rayondan təhkimçi gəlib, nə isə vacib bir işi var.

Qapının ağzına çatanda heyrətləndi. içəridəki taqqıltı gəlirdi. Elə bil süpürüşürdülər. Kimsə hıçqırırdı. Süleyman çiynini qapıya verdi və ona elə bir güc gəldi ki, zirəzə yerindən oynadı. İçəri girəndə gözlərinə inanmadı. Əbdürrəhman bəyin qızları küncə qısılmişdılar. Üst-başları cırıq-cırıq idi, saçları üzlərinə dağılmışdı. Keçəl Xondulu porsuq kimi qızarmışdı. Qollarını çirməmiş, köynəyinin yaxasını açmışdı. Şalvarının üstündən tumanbağısı sallanırdı. Gözləri pişik gözü kimi parıldayırdı. Qapı açılanda boynunu içəri çəkib belini donqarlandırdı və qan hərisi vəhşiyə dönərək yay kimi gərildi. Bircə atı da keçsə, irəli atılacaqdı. Süleymanın beyni uğuldadı və gözlərinə qan sağıldı. Naqanı çixartmağı ilə tətiyi çəkməyi bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə...

Bayırda at fınxırdı. Ayaq tappıltıları və qarışıq səslər eşidildi. Sonra qara damın qapısı cırıltı ilə açıldı. Qapı aralanan kimi içəri soxulan işıq zolağı damın yarıqaranlıq havasını qılınc kimi doğradı, divarda süründü və taxtın üstündə uzanmış Süleymanın üstünə düşdü, qapı örtülən kimi də yox oldu. İlyas dik atıldı. Qarlı havadan sonra gözü qamaşan və evin ortasında dayanıb boylanan Rəşidi görəndə qan beyninə sıçradı. Amma Qaçaq Süleyman yerindən tərpənmədi. Gözü qaranlığa alışandan sonra qollarını açıb üstünə yeriyən Rəşidə əhəmiyyət vermədi. Mütəkkəyə dirsəkli halda uzandı, bir azca ayaqlarını yığıb, taxtın aşağı tərəfində ona yer elədi. Rəşid pərt olsa da, üstünü vurmadı, ayaq tərəfdə oturdu. Onlara çay gətirdilər. Yalnız bundan sonra Qaçaq Süleyman başını qaldırıb qonağın üzünə baxdı:

– Kürkünü soyun, soyuq dəyər.

Onun sakit, amiranə səsi Rəşidi çaşdırdı. Gözü Süleymanın üzündə qımışa- qimışa kürkünü çıxartdı.

– Deyirlər kəndinizdə toy var?

Qəfil sualdan Rəşid diksindi. Stəkanı nəlbəkiyə qoyub qaçağın üzünə baxdı. Bilmədi nə desin.

– Niyə dinmirsən?

Rəşid tələsik cavab verdi:

– Var.

– Kimin toyudur?

– Murad kişinin dığası İlyasın. – Rəşid elə bil dirçəldi. Qaş-gözünü oynadıb sözünə davam etdi. - İndi hər qor-qoduq adam olub ortaya düşüb. Başın haqqı ona dağ çəkəcəm.

İlyas dözmədi. Küncdən çıxıb irəli gəlmək istədi. Amma Süleyman gözünü ağardıb onu yerində oturtdu. Deyəsən Rəşid heç onu görmürdü.

– Fikrin nədir?

– Elə bu gecə qızı onun əlindən alacam.

– Araya qan düşməyindən qorxmursan?

– Nədən qorxacam? Dalımda dağ kimi dayanıbsan.

Qaçaq Süleyman papağını çıxardıb dizinin üstünə qoydu. Fikirli-fikirli başını ovxaladı. Ortalığa çökən sükut xeyli çəkdi. Birdən onun qaqqıltısı divarda şaqqıldadı. Rəşid də ona qoşuldu, Gözləri yaşarıncaya qədər gülüşdülər.

– Ağzıyın dadını yaman bilirsən ha.

– Bə nə. Gərək bu gəda-güdələrın anasını ağladasan.

– Bə qorxmursan?

– Nədən?

– Xam qızla yatmaqdan.

– Arxayın ol, hələ canim suludu.

İlyas küncdəcə dayanıb söhbətin hayana səmt alacağını gözləyirdi. Dişi bağırsaqlarını kəssə də susurdu. Başina nə iş gələcəyini bilmirdi. Bircə onu hiss edirdi ki, Qaçaq Süleymanın səsi titrəyir, qaşları çatılır və üzünün tükləri biz-biz olur.

Süleyman papağını başına qoydu. Ayaqlarını taxtdan sallayıb oturdu. Əvvəlcə peçin yanında quruyan çəkmələrini geyindi, sonra ayağa qalxıb kürkünü, onaçılanı belinə bağladı, qamçısını əlinə aldı. Rəşidin çaşdığını görüb dilləndi:

– Dur gedək. - Onlar qapıya yaxınlaşdılar. Qaçaq Süleyman Rəşidi qabağa salıb geri döndü. - Komsomol, sən də dur. Rəşid qanrılıb İlyasa baxmaq istədi, ancaq Süleyman itələyib onu bayıra çıxartdı.

Hava ayazımışdı. Gün işıldasa da soyuq idi. Meşəyə, talalara sərilmiş qar adamın gözünü qamaşdırırdı.

– Atları bəri çəkin!

Qaçaqlar bir göz qırpımında tövlədə saxladıqları yəhərli-yüyənli atları gətirdilər. Qaçaq Süleyman ayağını üzəngiyə qoyan kimi sıçrayıb atın belinə qalxdı. O biriləri də atlandılar. Yalnız bu zaman İlyas özünü itirdi. Buraya gəldiyinə peşman oldu, özünü danladı.

Qaçaq Süleyman bu saat iki il bundan əvvəl müəllimin boğazına kəndir salıb kəndə gəldiyi şəklə düşmüşdü. Qaşları çatılmış, üzünün tükləri biz-biz olub kirpi tikanına dönmüşdü. Beşaçılanı yəhərin qaşından asılmışdı, çalın-çarpaz bağladığı qoltuqaltıları, onaçılanı yerindəydi. İlyas gözlədi ki, bu saat onun paltarını soyunduracaqlar, boğazına ip salıb atın döşünə qatacaqlar, dərə aşağı sürüyüb kəndə aparacaqlar və kim bilir başına daha nə kimi oyunlar açacaqlar. Ürəyində özünü yaman danladı, uşaqlıq elədiyini başa düşdü. "Özüm heç, bir can borcluyam, öldürərlər cəhənnəmə öldürsünlər, amma el-oba biabır olacaq". Rəşid atın üstündən dönüb rişxəndlə ona baxanda az qaldı ürəyi partlasın.

Qaçaq Süleyman cilovu gəmirən atın başını dartdı.

– Təzə bəyə də at verin.

Rəşid təəccübləndi:

– Onu da aparaq?

– Bə nə. Heç bəysiz də toy olar?

İlyasa at gətirdilər. Oğlan duruxdu. Gözlərini Qaçaq Süleymanın qan sağılmış gözlərinə zillədi və ilk dəfə bu gözlərdə mehribanlığa bənzər bir işartı gördü. Deyəsən kişinin sifəti də işıqlanmışdı. Dodağında təbəssümə bənzər bir şey sezilirdi.

– Min, bala, səni toya piyada aparmayacağıq ki? Eldən ayıb olar.

İlyas bu sözlərin arxasında dərin, gizli bir kinayə olduğundan şübhələnsə də, sıçrayıb atın belinə qalxdı. Qaçaqlar atları məhmizləyib özlərinin tanıdıqları kəsə yolla dərəyə endilər.

Sazaq başlamışdı. Atların ayaqlarının altında qar xarıldayırdı. Ağacların budaqları şaxtadan çatdayıb qırılırdı. Orda-burda qarğalar qarıldaşırdı. İlyası fikir götürmüşdü. Qaçaq Süleymanın sözlərini bir yana yoza bilmirdi. "Təzə bəyə at verin!", "Səni toya piyada aparmayacağıq ki?" Bunlar nə demək idi? Yoxsa məni ələ salırdılar? Görəsən atam indi neyləyir? Yəqin damın üstünə çıxıb- düşməkdən, yollara baxmaqdan gözünün kökü saralıb. Barı anama heç nə deməyəydi, yazıq arvadın bağrı çatlayar. Görəsən qız evinin qulağına bir şey çatmayıb ki? Zöhrə indi mənim harada olduğumu bilirmi? Bilirmi ki, qaçaqların yanındayam, ondan ötəri gəlib buralara çıxmışam. Özümü də işə salmışam, onu da. Bəlkə heç buraya gəlməyəydim, Rəşid mənə neyləyə bilərdi ki? Heç camaat qoyardımı ki, kənddə namussuzluq ola. Nəysə... Özü yıxılan ağlamaz, Allaha pənah...

Onlar dərənin aşağısı ilə axan çayın sahilinə çatdılar. Su buz bağlayıb ağız- ağıza qovuşmuşdu. Qaçaq Süleyman cilovu çəkib buzun altında axan suyun həzin şırıltısına qulaq asdı. Sonra qamçı ilə yoldaşlarına nəsə işarə etdi. İki nəfər atdan düşdü. Buzun üstü ilə çayın ortasına qədər getdilər. Tüfəngin qundağı ilə buzu sındırdılar. Quyunun ağzı boyda dəyirmi yer açdılar. Qaçaq Süleyman üzünü Rəşidə tərəf tutub gülümsündü:

– Çimməklə aran necədir?

– Bu soyuqda?

– Bəli. Deyirlər soyuq su adamın belini bərkidir.

Rəşid döyükdü. Süleymanın üzünə baxdı. Bilmədi gülsün, yoxsa ciddiləşsin.

– Zarafatı burax.

– Zarafat niyə, düz sözümdür, axşam qız yanında olacaqsan.

Rəşid atm cilovunu çəkib qaçağın üzünə bozardı:

– Başına at təpibdir, nədir, məni ələ salırsan?

– Dedim ki, çiməcəksən!

O, əlini naqana aparmaq istədi. Elə bu an qamçı Rəşidin üzündə şaqqıldadı və Qaçaq Süleymanın hirs dolu boğuq səsi eşidildi:

– Atdan düş, oğraş!!!

Onu sürüyüb yerə saldılar. Kürkünü, şalvarını, pencəyini çıxartdılar. Bircə tuman-köynəyinə dəymədilər. Qolundan yapışıb darta-darta suyun ortasına gətirdilər. Çapalamasına, yalvarmasına fikir vermədilər. Suya basıb çıxartdılar. Bircə anda bədəni qıpqırmızı oldu. İslaq tuman-köynək ətinə yapışdı. Çənəsi şaqqıldadı. Buna fikir vermədilər, yenidən qolundan yapışıb buzun sınıq yerinə saldılar. Onun söyüşlərini, iniltiyə çevrilən yalvarışlarını eşitmədilər. Başçı "bəsdi" deyənə qədər çimizdirdilər. Axırıncı dəfə başıaşağı suya salıb kənara atdılar. Rəşid şappıltı ilə buzun üstünə sərildi. Onu geyindirib atın belinə atdılar. Şallaqdan hürkən at, baş götürüb dərə aşağı çapdı.

İlyas cınqırını çıxartmadan, heyrət və sevinclə gördüklərinə tamaşa edirdi. O, özünü elə itirmiş və elə keyləşmişdi ki, Qaçaq Süleymanın səsini eşitmədi:

– A bala, get arxayın toyunu başla, bir köpəkoğlu sənə söz deyə bilməz. Bəlkə özüm də gəldim.

İlyası iki atlının müşayiəti ilə yola saldılar.

Həmin axşam iki yerdə səhərəcən işıq yandı. Biri Murad kişinin həyətində, o biri isə Rəşidin evində. Murad kişinin həyətində yanan lopa idi, Rəşidin evində otuzluq lampa. Murad kişinin tərtəmiz silinib-süpürülmüş və palaz döşənmiş samanlığında mağar idi - çalıb-oynayırdılar, Rəşidgildə isə sətəlcəmdən od tutub yanan kişiyə küpə salır, üstünü yorğanla bərk-bərk örtürdülər. Səhər tezdən zurnaçılar damın üstünə çıxıb "atdandırma" çalanda bir dəstə atlı dağlara qalxdı. Cağ yerinə qədər ot döşənib üstünə gəbə, yorğan-döşək salınmış arabada bəzəkli bir gəlin üzünə salınmış duvağı aralayıb göz qamaşdıran qarda cığır salan təkərlərin izi ilə evlərinə baxıb kövrələ-kövrələ Murad kişinin qapısına gəldi. Kəndin aşağısında, koxalılar tərəfdənsə ağlaşma səsi ucaldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 4

Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.

19577 мин
İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

195711 мин
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

195713 мин
İkinci hissə, 7

Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?

195710 мин

Стихи других поэтов