Mirzə Fətəli Axundov
Страница 2 из 7 · 14%
Dövləti-Osmaniyyədə əgərçe müsəlman əlifbasını təğyir etmək fikrim qəbula keçmədi, amma bu zəhmətimin əvəzində mənə Məcidiyyə nişanı fərmani-təhsin ilə ənam olundu. Mirzə Hüseyn xandan İstambulda xeyli mərarət və küdurətlər çəkdim ki, onların hamısını zikr etsəm baş ağrılığı olar. Müşarileh sabiqdə Tiflis şəhərində öz dövlətinin konsulu idi və məlum oldu ki, batində mənim ilə böyük ədavəti var imiş, vəli onun ədavətindən mən qafil idim və onu özümə dost hesab edib, evində mənzil etdim. Axırda ədavətini büruz edib, məni cəmi Osmaniyyə vəzirlərinin nəzərində islam dini və dövlətlərinin bədxahı nişan verdi. Necə ki, məlum oldu, onun ədavətinin səbəbi bu imiş ki, guya mən öz təmsilatımda iranlıların əxlaqi-zəmimələrini həcv qılmışam, vəhalonki drama dair əsərlərin şərti və xüsusən komediyanın təqazası xəlayiqin eyblərini və əxlaqi-zəmimələrini eyni ilə göstərməkdir. Çün müşarileyh drama fənnini və onun şərtlərini anlamayır və ülumi-dünyəviyyədən bilkülliyyə bibəhrədir va hiylə və təzvirdən, büxl-həsəddən və hirs-tamahdan başqa bir şeyə qabiliyyəti yoxdur; ona binaən belə qiyas eləyir ki, mənim bu hərəkətim iranlılara nisbət büğz və ədavətimdən naşıdır. Onun belə ədavəti zahir olandan sonra evindən çıxıb, özgə bir yerdə mənzil etdim.
Tiflisə qayıdandan sonra əlifbamızın qüsuru və təğyiri barəsində təzədən yenə bir kitabça Tehrana göndərdim. Bu kitabçada hürufi-müqəttəəni hürufi-müttəsiləyə tərcih etdimsə də, yenə üləmanın qorxusundan rəsmi-xətti sabiqi-qərar üzrə sağdan sola yazmağı nişan verdim. Tehranda həmçinin mənim bu fikir və təsəvvürümə mültəfit olmadılar və bu məsələ əlan tərəqqipərvərlər ilə mühafizəkarlar arasında İstambulda mayeyi-mübahisə olub, bir məqamda qərar tutmayıbdır.
Digər əlifba məsələsinin üstündə qeyri bir kitabça yazıb öz dövlətimin böyüklərinin icazəsi ilə osmanlı dövlətinin sədrəzəmi olan Əli paşaya Tiflisdən göndərdim. Bu kitabçaya əlavə olaraq osmanlı danişməndlərindən Suavi əfəndinin əlifba barəsində yazdığı tənqid (kritika) dəxi qoşulmuşdu. Vəli bu kitabça da bisəmər qaldı. Əlifbanın təğyiri xüsusunda bu qədər səy və güzarişim nəticəsiz qaldığını fars dilində yazılmış bir mənzumədə bəyan etmişəm.
Bu macəradan sonra Rzaqulu xanın ki, "Hidayət" təxəllüsü ilə məşhurdur, "Rovzət-üs-səfaya" mülhaqat tərzində yazdığı tarixə müxtəsər bir (kritika) tənqid yazıb Tehrana göndərmişəm və bundan bir sənə keçmiş "Süruş" təxəllüslü Tehran şairinin ki, Məliküş-şüəra ləqəbi ilə şöhrətlənmiş idi, yazdığı bir qəsidəyə tənqid yazıb, öz aşinalarıma Tehrana göndərdim.
Əlan ki, 1878-ci ildir, ömrüm altmışdan keçibdir və rus dövlətinin mərhəmətindən irəliki xidmətdə qalıb, onun lütf və himayətindən bəhrəməndəm".
Mərhum Mirzə Fətəlinin öz yazdığından görünür ki, müsəlman əlifbasının təğyir və təbdili onun baş fikirlərindən olub, bu yolda artıq səy və təlaş etmişdir. Amma çifayda, bir tərəfdən, qəflət və cəhalət və digər bir tərəfdən, qərəzi-şəxsi büxl və həsəd bizim camaat və millət işlərinin çoxuna mane olduğu kimi, mərhum Mirzənin dəxi bu gözəl fikrinə mane olub, onun bu qədər çəkdiyi səy və zəhməti səmərəsiz qoyub. Əgər hürufatımızın qüsuru babində söz açıb mətləbə tul və təfsil versək, əsil mətləbdən bir az kənar düşərik və kitabçamızda o təfsilata yer tapılmaz. Vəli bununla belə bu mühüm məsələ barəsində dinməyib keçsək vicdanımız bizi rahat qoymaz. Əlifba xüsusunda filcümlə öz rəyimizi bildirmək istəyirik.
Ərəbdən götürdüyümüz sillabi xəttdə o qədər qüsur və nöqsanat var ki, təhrirə sığası və təqrirə gələsi deyil və biz müsəlmanların tərəqqi və təala yolunda Avropa əhlindən dalda qalmağımızın böyük səbəblərindən birisi də həmin bu mayeyi-səadət və məbdəi-tərəqqimiz olan oxumaq və yazmaq alat və əsbabının qüsur ilə dolu olmağıdır. Bir əlifbanın ki, irab və hərəkəsi və qədəri-kəfafincə hürufi-müsəvvətəsi və müəyyən bir şəkildə hürufatı olmaya və qədim misirlilərin heroqlifinə bənzəyib, bir kəlmənin neçə cür oxunmağına yol verə, əlbəttə, onun bu tərəqqi əsrində bəqası səlah deyil və nə qədər təbdil və təshihinə tez çarələr bulunsa, bir o qədər də irəli düşərik, dünya və axirət işlərimiz qaydaya düşüb öz yolu ilə rast gedər. Ülum və fünundan ki, bu qədər bəhs edib, məclis və məhfillərdə danışırıq, qəzet və jurnallarda yazırıq və heç biri bizim üçün müyəssər olmur, hürufimiz təbdil olduqda qiylü qalsız, asan vəch ilə onlardan bəhrəmənd və mənfəətbərdar olarıq.
Xətti-alfabiti ki, Avropa millətləri arasında icra və istemal olunur, cəmi dillərdə olan sövtləri əksiyi--otuz, artığı--otuz beş ədəd hərflərin vasitəsi ilə əda eləyir. Az-çox tərbiyəli adam əcnəbi millətin xətti-alfabiti ilə tərtib olunmuş əlifbasını üç-dörd saatın ərzində öyrənib oxumağa başlar. Bisavad uşaq bir-iki ayın müddətində oxuyub yazmağa qadir olur. Bir adam xətti-alfabiti ilə yazılmış bir səhifəni oxuya bilsə, haman xətt ilə basılmış kitabların hamısını düz və asan oxuya bilər. Amma bizim çox dərin oxumuş mollamız aşina olmadığı kitabı oxumaqda acizdir. İki sətr güc ilə oxuyub duruxur. Eşitmədiyi bir sözü düz oxuya bilmir. Buna səbəb, əlbəttə, bizim sillabi xətti ilə tərtib olunmuş əlifbamızdır. Burada həqiqət gün kimi aydın və rövşəndir və əqli-səlim sahibləri bunu inkar edə bilməzlər. Amma avamlığın zoru, adət və ayinin gücü bizim canımıza bir dərəcədə sirişt edibdir ki, həqiqəti görüb, təsdiq və qəbul etməkdə aciz olmuşuq. Kömürə ağ, qatığa qara deyə-deyə qalmışıq.
Hər halda piyada atlıya və atlı dəmir yol (vapor) ilə gedənə yoldaş olmayan kimi, biz müsəlman qövm və millətləri dəxi qədim heroqlif şəklində düzəlmiş əlifbamız ilə mədəniyyət aləmində Avropa əhalisinə yoldaş deyilik və ola da bilmərik. Mərhum Axundov bu barədə yazır: "Əgər islam xalqlarının əlifbası sillabi deyil, alfabiti olsaydı, özü də soldan sağa yazılsaydı, mədəni tərəqqi aləmində, heç şübhəsiz ki, islam xalqları Avropa xalqlarından irəlidə olardılar. Çünki mədəniyyət toxumu əvvəllər islam xalqlarının yaşadığı Şərq ölkələrində göyərmişdir. Lakin sillabi əlifbanın çətinliyi nəticəsində elm və maarif bu xalqların bütün təbəqələri arasında yayılmamış və islam xalqları yaşayan torpaqlarda toxumu çüruyüb zay olmuşdur. Halbuki Avropada alfabiti əlifbanın asanlığı nəticəsində mədəniyyət və elm tərəqqi etmişdir.
Min dəfə təəssüf olsun ki, islam xalqının dövlət başçıları öz əlifbalarının dəyişdirilməsinin vacib olduğunu dərk etmirlər və gündən aydın olan bu mətləbi başa düşmürlər. Halbuki onlar yeni tənzimat, dəmir yol çəkmək, buxar gəmiləri düzəltmək, teleqraf xətləri çəkmək, hərbi silahlarını təzələmək və bunlar kimi başqa məsələlər haqqında uzun-uzadı danışırlar. Halbuki bütün bunlar əlifbanı dəyişmək məsələsinə nisbətən ikinci dərəcəli, bu məsələ isə hər bir yeniliyin bünövrə daşıdır. İnsanın belə bir xalqın içərisində doğulması və haqqı anlaması böyük bədbəxtlikdir. Çünki o, haqqı öz xalqına başa sala bilməyib, dünyadan həsrət və kədərlə gedəcəkdir. İmza: Mirzə Fətəli Axundzadə".
Mirzə Fətəli tərtib qıldığı əlifbasının Osmanlı və İran məmləkətlərində qəbul olunmadığını, avam və kütahnəzər İran vəzirlərinin, xüsusən İstambulda müqim İran səfiri Mirzə Hüseyn xanın büğz və ədavətini və filcümlə öz hali-dilini fars dilində gözəl və mövzun bir mənzumədə bəyan etmişdir ki, eyni ilə aşağıda dərc olunur. Bu mənzumə Firdövsiyi-Tusi əleyhirrəhmənin "Şahnamə"si səbkində inşad olunubdur ki, sahibinin fünuni-şerdə mahir və xoştəb bir şair olmağına şəhadət verir. Mərhum Axundov mənzumənin ünvanını bu sayaq başlayıbdır: "Qafqaz canişininin mütərcimi Kolonel Mirzə Fətəli Axundzadənin 1284-cü ildə vəsf-halına dediyi mənzumədir".
Bu daimi olmayan dünyada mənim ömrüm
Həsrət və qüssə ilə başa çatdı.
Vətən sevgisi üzündən
Çox tədbirlərə əl atdım.
Ancaq səyim bir nəticə vermədi,
Bu əsrdə bir könül sahibi görmədim.
Türklərin və İran torpağının böyükləri
Hamısı Çin xalqı kimi yatmışdılar.
Cavanlığım getdi, qüvvəm puç oldu,
Zövqlü və ehtiraslı bir cavan görmədim.
Dəniz yolu ilə Ruma səfər etdim,
Yeni alifbanı o ölkədə
Bütün dövlət başçılarına göstərdim.
Xəyalım çiy deyildi, çox pişkin idi.
Birər-birər mənə "Yüz sağ ol!" dedilər.
Dünya gözümdə behişt bağına döndü,
Mənə böyük cəlal düzəltdilər,
Şaha layiq peşkəşlərlə əzizlədilər.
Dünya muradımca idi, fələk mehribandı.
O dəqiqədə səadət mənimlə həmnəfəsdi.
Birdən bir sarı üzlü kişicik
Mənim arzu piyaləmə zəhər damızdırdı.
Onun vəzirlərin yanına yolu vardı,
Məni dinin və dövlətin düşməni kimi qələmə verdi.
O natəmiz kişi bu ittiham ilə
Məni hər kəsin yanında xatırlayırdı.
O, türkləri dəhşətə saldı,
Dövlət şurası başçılarını qorxutdu.
"On illik zəhmətim onun sayəsində heç oldu,
Yerdən sızıltımı göy eşitdi.
Pak allah mənim köməyimə çatsın,
Qiyamətdə ondan mənim qisasımı alsın".
* * * *
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-mirze-feteli-axundov-meqale
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:
Ağahüseyn "Arif" təxəllüsMəhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.
AğabağırYusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:Bir belə mövsümdə, bahar çağdə
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüsMərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.