Mirzə Fətəli Axundov
Страница 5 из 7 · 57%
(Bu halda bəylər çağırır: Hacı, Hacı!)
H a c ı Q a r a--Arvad, çəkil get, adamlar gəlir.
(Tükəz tez uzaqlaşıb, qapının dalısından qulaq asır).
Üçüncü məclis vaqe olur Arazın kənarında. Hacı Qara qaçaq malı alıb, yoldaşları ilə geri qayıdan zamanı Arazı keçəndə az qalır suya düşüb boğulsun. Heydər bəy kəmənd atıb, Hacının belinə salır və ənvai-müsibət ilə çəkib çıxardır. Bir az yol gedəndən sonra qaçaqçılar Ohan yüzbaşıya üstünün on nəfər yaraqlı-əsbablı adamları ilə rast gəlirlər. Bunlar isə murovun hökmü ilə Əylis ermənilərini soyan qaçaqları axtarmağa çıxıblarmış. Heydər bəy Ohan yüzbaşının üstünə hücum edib elə bağırır ki, öz qoçaqlığından dəm vuran Ohan yüzbaşı özünü itirir və adamları ilə qaçıb dağılırlar. Ermənilərdən birisi (Sərkis) Ohandan soruşur ki: "Ay yüzbaşı, murov soruşsa ki, bir adama rast gəldinizmi, nə deyək?" Ohan yüzbaşı deyir ki, soruşsa deyərik: "Dəvə gördünmü, qığını da görmədik"....
Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə. Hacı Qara yoldaşlarından ayrılıb, yüklü atın üstünə minmiş, nökəri Kərəməli ilə Ağcabədi səmtinə gedirlər. Hacı Qara tələsir ki, özünü kəndə yetirsin, ta ki, sabah firəng malını bazara çıxarıb, baha qiymətə satsın; amma Hacı Qaranın arzusu hasil olmur. Xonaşin dərəsində biçindən qayıdan iki nəfər tuğlu ermənisinə rast gəlir. Hacı Qara bunları murov yasavulu hesab edib, başlayır hədələməyə. Ermənilər hər çe səy edirlər ki, özlərini ona tanıdıb, fəqir biçinçi olmaqlarını bildirsinlər. Qorxaq Hacı Qara müqabilində aciz, əlsiz və ayaqsız adamları görüb, onların kim və nəçi olduğunu bilmək və sözlərinə qulaq asmaq istəmir.
Burada mərhum Axundov özünün xeyli dəqiq və qəlbşünas (psixologiya) elmindən baxəbər olduğunu sübuta yetirir. Necə ki, İspaniya ədibi Servantesin Don-Kixotu dəyirmanı böyük bir pəhlivan hesab edib, onunla davaya girişir, habelə də Hacı Qara biçinçi erməniləri murov yasavulları və yainki quldur hesab edib, istəyir onlara qalib gəlsin və təkid edir ki, yaraqlarını yerə atsınlar. Ermənilər oraqlarını yerə atıb deyirlər: "Budu bizim yarağımız". Hacı Qara inanmayıb, tüfəngi bunların başının üstündə atır, ermənilər bərk qorxur, eşşək ürkür və erməninin birisi (Arakel) onun üstündən yerə yummalanır. Tüfəngin səsini murovun yasavulları eşidib, Hacı Qaranı və erməniləri tutub, murovun hüzuruna aparırlar. Murovun hüzurunda Hacı Qara deyir ki, ermələr onu soymaq istəyirdi. Ermənilər dəxi Hacı Qaranı müttəhim edirlər. Murovun hökmü ilə Hacı Qaranı və erməniləri dustaq edirlər. Hacı Qara başlayır ağlamağa: "Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, yenə silistə düşdüm. Çibindən birəyədək başlayacaqdır soruşmağa. De gəl boş-boş suallara cavab ver, gözlə ki, axırı olacaq".
Hər şeydən artıq Hacı Qara rus divanının "get-gəlindən" qorxur. "Zavtra-zavtra"nın həddən ziyadə olan xərc və xəsarətini tamahkar Hacı nəzərə alıb, başlayır uşaq kimi ağlamağa. Bu bəlaların hamısı onun başına tamahının gücündən gəlir. Tamah kişiyə o qədər güc gətirir ki, rahat kəsbini buraxıb, qaçaqçılıq kimi qorxulu və haram işə gedir. Burada az qalır ki, Araz çayında axsın. Bu xatadan qurtarıb, evinə yetişha-yetişdə murovların əlində dəstigir olur. Yəqinlik ilə demək olur ki, Qoqol Plyuşkinin xəsisliyini o qədər dürüstlük və məharətlə yazıb yetirə bilməyib, necə ki, mərhum Axundov Hacı Qaranın xəsisliyini, qorxaqlığını, zahiri və batini aləmini ədibanə təhrir qılıbdır. Qoqolun yazmağında bəzi mübaliğat və təbiəti-insana uymayan sifətlər nəzərə gəlir. Amma Hacı Qaranın xülq və xasiyyətində, tamahkarlığında zərrə qədər də kəm-kəsir yoxdur. Bu tamahkar şəxsin mislini, yəqin ki, hər bir bəsirət əhli indi də görüb müşahidə etməkdədir. Hacı qaralarımız hala fot olub qurtarmayıbdır. Onların ədədi artır ki, azalmır.
Beşinci məclis vaqe olur Heydər bəyin obasında. Heydər bəy alaçığın içində oturubdur. Bundan bir gün irəli toy olub, çöldə zurna, qaval çalınır. Cahıl uşaqlar oynuyub oxuyurlar. Sona xanım Heydər bəy ilə şirin söhbət eləyir və ondan təvəqqe edir ki, bir də gəzməyə, oğurluğa və əyri yola getməsin. Bu halda Hacı Qaranın arvadı Tükəz daxil olub deyir: "A başına dönüm, mənim ərimin başına nə iş gəlibdir ki, indiyədək nə özündən və nə nökərindən bir xəbər yoxdur?". Heydər bəy Tükəzə təsəlli verir ki, qorxmasın, gəlib çıxar. Bu əsnada qışqırıq qopur, murov və naçalnik üstünün atlıları ilə alaçığı əhatə edirlər. Heydər bəy qabağa çıxır. Naçalnik ona deyir ki, Ohan yüzbaşının xəbər verməyi ilə Əylis ermənilərini soyan odur. Heydər bəy deyir ki, "Naçalnik, belə mujikin sözünə etibar edib, məni bədbəxt etmə". "Mujik" sözü Ohanın damağına dəyir. 20 il vilayət böyüklərinə qulluq edib rizaməndlik kağızı və medal almağını naçalnikə sübut etmək istəyir və bu barədə çox tul danışıb naçalnikin övqatını təlx edir və öz üstünə açıqlandırır.
Bu aralıqda Hacı Qaranı və biçinçi erməniləri gətirirlər. Və sonradan Hacı Qaranın nökəri Kərəməlini yük ilə gətirirlər. Hacı Qara Kərəməlini və malının tutulmağını görən kimi yıxılıb özündən gedir. Naçalnik və qeyriləri bu hala təəccüb edirlər. Amma Heydər bəy keyfiyyəti anlayıb, olan əhvalatı kəmayənbəği naçalnikə söyləyir və qaçaqlığa getməyinin səbəbini bəyan edir. Bu əsnada Sona xanım irəli yeriyib deyir: "Başına dönüm, bizi padşahın başına çevir! Qul xətasız, ağa kərəmsiz olmaz. Yaz, bu işi yuxarıya bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, Heydər bəyi heç bir yaman işə qoymuyam".
Naçalnikə Sona xanımın sözləri təsir edir və o, Heydər bəyi yoldaşları ilə zaminə verir. Sona xanıma deyir ki, sənin gözəlliyinə və göz yaşına rəhm edib, Heydər bəyi səndən ayırmadım, ondan muğayat ol ki, yenə bir pis iş tutmasın. Sənin zaminliyin hər bir kəsin zaminliyindən etibarlıdır. Xudahafiz deyib getmək istəyəndə Hacı Qara deyir: "Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər". Naçalnik onun da təvəqqeyini yerinə yetirir. Hacı Qara başlayır ona dua etməyə. Pərdə salınır.
Bizim bu kitabçamızda o qədər genişlik yoxdur ki, Axundovun sair komediyaları ilə də oxucularımızı aşina edək. Bu işi özgə bir vaxta qoyuruq. Bundan maəda biz belə zənn edirik ki, əhli-savaddan az adam tapılar ki, Mirzə Fətəlinin komediyalarını oxumamış olsun və bir də onlardan hər birisi dəfə-atla səhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elə şəhər və qəsəbəsi yoxdur ki, mərhumun komediyalarından biri, ikisi oynanılmamış olsun. Burada ancaq məzkur komediyaların adlarını yazmağa iktifa edirik.
"Hekayəti-molla İbrahimxəlil kimyagər". Keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Təsnif olubdur hicrətin 1267-ci tarixində.
"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah məşhur cadugün". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olur. Yazılıbdır 1267-ci sənədə.
"Hekayəti-xırs quldurbasan". Keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir. Yazılıbdır 1268-ci sənədə.
"Sərgüzəşti-vəziri-xani-Sərab". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Yazılıbdır hicrətin 1267-ci sənəsində.
"Sərgüzəşti-mərd-xəsis" (Hacı Qara). Təmsili-güzarişi-əcib. Keyfiyyəti beş məclisdə bəyan olur. Yazılıbdır 1269-cu tarixdə.
"Mürafiə vəkillərinin hekayəti şəhri-Təbrizdə". Qəribə bir təmsildir. Keyfiyyəti bəyan olur üç məclisdə. Yazılıbdır 1272-ci tarixdə.
Ədəbiyyatın bu növü Mirzə Fətəli kimi qabil ədibin qələmindən əvvəlinci dəfə olaraq Azərbaycan türklərinin arasında vücuda gəldikdə cümləni heyrətə salır. Bu qisim əsərlər, yəni komediya o vaxtacan müsəlmanlar arasında görülməmişdi. Əvvəlinci imtahan, o da belə kamil və gözəl surətdə, eybdən xali, lətafət və mühəssinat ilə dolu; Azərbaycan türklərinin dolanacağını, adət və adabının ayineyi-həqiqətnüması. Əlhəqq, bunlar xəzinə malıdır.... Odur ki, bu komediyalar səhneyi-tamaşaya qoyulduqda və çapdan çıxdıqda hamının fikir və diqqətini öz tərəfinə cəlb edir. Əcnəbi qövm və tayfaların gözü önündə təzə bir dünya açılır. O səbəbdəndir ki, bu komediyalar hənuz türk dilində çapa verilməmiş rus dilində 1853-cü tarixdə təbdən çıxır*. Bu komediyaların şöhrət və sədası artıq sürət ilə hər yerə dağılır. Onların barəsində rus və Avropa dillərində çıxan jurnal və qəzetələrdə gözəl məqalələr yazılır.
Çox çəkmir ki, Axundovun komediyaları İran məmləkətində də şöhrət kəsb edir. Şahzadə Cəlaləddin Mirzənin (sekretarı) kargüzarı Mirzə Cəfər onları türkdən fars dilinə tərcümə edib, Tehranda çapa verir. Avropa üdəba və lisaniyyuni bu komediyalardan bəzini öz dillərinə tərcümə edirlər. 1882-ci sənədə İngiltərədə "Sərgüzəşti-vəziri-xani-Sərab" ingilis dilinə tərcüməsi ilə bir yerdə dərc olunur. Bu tərcüməyə əlavə olaraq məxsus lüğət və bir para qeydlər qoşulur. 1886-cı tarixdə məşhur ədib Barbiye dö Meynar Parijdə "Journal Asiatique" adlı cəridədə "Hekayəti-İbrahimxəlil-kimyagər"i çap eləyir. 1889-cu ildə Stokholm lisaniyyun cəmiyyətinin jurnalında "Hekayəti-xırs quldurbasan" təb olunur və haman sənədə Alfons Silyer ismində bir şəxs fars dilində "Vəziri-xani-Sərab" ilə "Mürafiə vəkilləri"ni çap etdirir və yenə haman sənədə Vyana şəhərində professor Vahrmund "Həkimi-nəbatat müsye Jordanı"ın fars dilindəki tərcüməsini lüğəti və bəzi qeydləri ilə məən çap etdirir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-mirze-feteli-axundov-meqale
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:
Ağahüseyn "Arif" təxəllüsMəhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.
AğabağırYusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:Bir belə mövsümdə, bahar çağdə
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüsMərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.