Ayrılıq
Страница 2 из 4 · 25%
Kapitan onun pal-paltarını o biri sərnişinlərinkinə nisbətən daha qayğılı və ehtiyatlı götürür, yenə də eyni səliqə ilə yerinə qoyur, heç birinin qatını açmırdı. Ceyran xanım özü, əli qoynunda hərəkətsiz dayanaraq baxırdı. Birdən kapitan, ilan vurmuş adamlar kimi geriyə sıçradı. Ceyran xanım təəccübdən böyümüş gözlərini çamadana zilləyərək müdhiş bir səslə qışqırdı:
– Yox, yox, bu ola bilməz, bu böhtandır!
Çantası oğurlanmış qadın elə bil yerin altından peyda olub çamadanın böyrünü kəsdi:
– Şükür allaha, tapıldı! – deyə çantanı qapıb, sevincdən parıldayan göy gözlərini Ceyran xanıma dikdi: – Ayıb olsun sizə! – dedi. – Yaxşı geyinmək üçün oğurluq eləməyi də bacarırsınız?
Ceyran xanımın yanındakı pəhləvan cüssəli kişinin (adını bir azdan sonra Ceyran xanımdan eşitdim: Elman idi) nitqi də tutulmuşdu. Hamı kimi o da donub qalmışdı, gah çantaya, gah da açıq çamadana baxır, deməyə söz tapmırdı.
Ceyran xanımın sifəti isə ölü rənginə çalırdı. Kapitanla birgə yoxlama aparan kişi (onun adını heç kəs demədiyi üçün mən də öyrənə bilmədim) çanta sahibindən çox sevinirdi.
– Üstü bəzək, altı təzək buna deyiblər ha... Adına-sanına bax, əməlinə bax, – deyə o, istehza ilə gülür, Ceyran xanımı hamının gözündə alçaltmaq istəyirdi. Onun bu hərəkəti məndə nə isə bir şübhə oyatmağa başladı: “Bəlkə bu oyunu qəsdən düzəldiblər?”.
Bu anda heç kəsin, hətta mənim də gözləmədiyim bir hadisə oldu. Ceyran xanım kapitanın böyründən irəli şığıyıb, çanta sahibinin hülqumundan ikiəlli yapışdı, boğmağa başladı. Nəfəsi kəsilən və xırıldayan qadın nə qədər dartındısa da, maqqaş kimi iki tərəfdən boğazına ilişmiş nazik barmaqların arasından hülqumunu qurtara bilmədi. Ceyran xanım dişlərini qıcıldadaraq yenə eyni çılğın ehtirasla qışqırdı:
– Fitnəkar! Bu fitnəni sən düzəltmisən. Qoy nə olur-olsun, səni öldürməmiş ürəyim soyumuyacaq!
Kapitan və onunla birgə yoxlama aparan kişi nə qədər onları aralamaq istədilərsə də bacarmadılar. Çarəsiz qalıb geri çəkildilər. Bir də irəli atıldılar, yenə gücləri çatmadı.
Bu vaxt Elman özünü yetirdi. Bir göz qırpımındı adamları sağasola itələyib ildırım sürəti ilə qadınlara yanaşdı, yoğun əzələli qollarını irəli uzadıb, iki yüngülcə kuklanı bir-birindən ayırırmış kimi onları araladı. Onun bu hərəkətinə pıqqıltı ilə gülənlər də oldu.
– Ceyran xanım, lazım deyil, siz neyləyirsiniz? – deyib müğənni qadını çanta sahibindən uzaqlaşdıran Elman indi hamının diqqət mərkəzində idi. Sərnişinlər içərisində onu tanıyanlar da vardı: bir zamanlar sirk meydanında ən görkəmli pəhləvanları dizə gətirən bu adam görünür, hələ də o qədər gücdən düşməmişdi.
Çantası oğurlanmış qadının ətsiz buxağı qana boyanmışdı. O, nazik boğazındakı qırmızı zolaqları əlilə sığallaya-sığallaya deyinirdi:
– Hələ bir utanmaz-utanmaz danışır da!.. Fahişə!.. Beləsini gərək divara söykəyib camaatın gözü qabağında güllələyəsən, başqalarına ibrət olsun!
Qəribə idi ki, çox adam Ceyran xanımı müdafiə eləyir, çanta sahibinin ünvanına pis-pis sözlər deyirdi. Görünür, onlar da mənim kimi bu oyunun nə məqsədlə isə əvvəlcədən uydurulduğunu düşünürdülər.
Ceyran xanım Elmanın qolları arasında balıq kimi çapalayır, yenə irəli atılmağa çalışır, amma bunu bacara bilmədiyi üçün müarizini cavabsız qoymayıb, uzaqdan-uzağa tutqun səslə qışqırırdı:
– Hələ dayan bir... Mənə də Ceyran deyərlər! Bu hayıfı səndə qoysam, onda doğrudan da fahişəyəm.
Çanta sahibi də ona borclu qalmır, hamı eşitsin deyə bayaqkı kimi adi səsi ilə yox, ucadan, əl-qolunu ölçərək deyirdi:
– Sənin fahişə olduğunu bütün sənət aləmi bilir! Aktrisalar arasında əxlaqsızlığı sən yaymısan. Elə ona görə də cəzandır, çəkəcəksən!
Ceyran xanım nə hiylə işlətdisə, Elmanın əlindən qopdu, qızmış pələngtək qadının üzərinə sıçradı. Şəhadət barmağında brilyant üzük parıldayan sağ əli ilə onun yanağına bomba kimi partlayan bir sillə çəkdi. İkinci silləni vurmağa imkan tapmadı, çünki bu vaxt Elman yenə özünü yetirdi və Ceyran xanımın nazik gərdənini ikiəlli qamarlayıb, onu hop götürdü, izdihamdan uzaqlaşdırdı. Mən yalnız Ceyran xanımın gedə-gedə dediyi sözləri eşidirdim:
– Elə bil öz dərdim mənə bəs deyil, hələ bir üstümə oğurluq da yıxmaq istəyiblər. Hoqqabazlığı görmürsən? Gör çamadanı necə açıblar ki, heç xəbər tutmamışam. Mən oğruyam, Elman? Bircə bu üzüknən eləsinin beşini satın allam... İndi qoy neyləyirlər, eləsinlər. Yaxşıca vayını verdim!
Onun səmimi və yanıqlı dediyi bu sözlərdən sonra artıq bir şey mənə aydın oldu: “Kələkdir, nə üçünsə böhtana salmaq istəyirlər!” deyə düşündüm və bir azca əvvəl fikrimdən keçən təxminin doğruluğuna şübhəm qalmadı. Deyəsən sərnişinlərin çoxu da çanta sahibinin düz adam olmadığını hiss eləyib, bayaqkı kimi öz aralarında xosunlaşmaqla kifayətlənmir, heç kəsdən çəkinməyərək, narazılıqlarını bildirirdilər.
– Zalım qızı lap əcinnəyə oxşayır...
– Balam, mahir adammış,gör çamadanı necə açıb ki, Ceyran xanımın da, pəhləvanın da xəbəri olmayıb.
– Kişinin qızı haqqında özündən çıxıb.
– Yox, gərək vurmayaydı, qanuna salsalar, bunun da cəzası var.
– Fırıldaqdır...
Bu söhbəti kapitan da, onun yanındakı kişi də dinləyir, cavab verməkdən çəkinirdilər. Özlərini elə göstərirdilər ki, guya bu əhvalat onlar üçün gözlənilməz və fövqəladə bir şeydir. Kapitan yanındakı kişinin qolundan tutub gəminin baş tərəfindəki kayutaya tərəf apardı.
Doğrusu, mən öz dərdimi unudub, Ceyran xanımın taleyini düşünürdüm. “Deməli heç bir günahı yoxdur. Əgər o arvadın sözləri doğru da olsa, bunun üçün o cür gözəl müğənnini Bakıdan uzaqlaşdırmağa haqları varmı? Doğrudur, çox adam onun adını Don Juanın qadın varianta qoyub... Axı, ara sözü hələ sübut deyil...”
Bizim göyərtəmizdə bu hadisənin şahidi olmuş adamlar, o qadından mümkün qədər aralı durmağa çalışırdılar. Elə bil sirayətedici bir xəstəliyə tutulacaqlarından qorxurdular.
Ceyran xanımın başına gələn qəziyyədən o biri klaslarda sonradan xəbər tutmuş sərnişinlər iki bir-üç bir bizim göyərtəyə qalxır, gözlərilə çanta sahibini axtarır və onu görən kimi, bir-birini dümsükləyərək qaş-göz işarəsilə onu nişan verir, dərhal da ondan aralanır, uzaqdan-uzağa, oğrun-oğrun onu müşahidə eləyir, yenə öz klaslarına enirdilər. Çanta sahibi də heç şübhəsiz, bunu hiss eləyir, gah başını sinəsinə əyir, gah da üzünü başqa səmtə çevirib, tamaşaçıların nəzərindən yayınırdı. Ancaq onunla maraqlananların ardı-arası kəsilmədiyi üçün qadın axırda təngə gəldi və çamadanını götürüb hara isə getdi. Mən onu bir daha görmədim.
Mənim sağımda dayanmış, əlində brezent çanta tutmuş gödək və yoğun kişi:
– Allah sənə şükür, daha böhtana düşmək qorxusundan canımız qurtardı, – deyə dua oxuyan adamlar kimi əlini göyə qaldıranda, sərnişinlər gülüşdülər.
Ancaq mən gülə bilmədim. Ceyran xanımın əhvalatında gülməli bir şey yox idi. Mən yenə qəmgin-qəmgin fikirləşirdim: “Onun barəsində şayiə buraxmışdılar ki, guya ehtirasının dəhşətindən adi kişilərlə kifayətlənməyib, pəhləvana ərə gedib. Tutaq ki, gedib, nə olsun? Pəhləvan da ailə qurmalıdır ya yox?.. Hə, bəlkə Elman onun əridir?
Axtarışın nə qədər uzun çəkdiyini yalnız indi başa düşdüm: dəniz üzərinə axşam enirdi. Demək biz hamımız vaxtın necə gəlib-keçdiyini bilməmişik. Bakıdan buraya dörd saata gəlmişdik.
Sərin şimal küləyi əsirdi. Hava yavaş-yavaş soyumağa başlayırdı. Mavidən də mavi göy üzünün rəngi dənizin rəngindən seçilmirdi. Hər tərəfə elə bil əbədi bir sükut çökmüşdü. Dəniz üzərində qaralan suitiləri gəminin yaxınlaşdığını duyan kimi suya baş vurub görünməz olurdular. Uzaq üfüqdə günəş batırdı. Onun yanğını xatırladan şüaları gəminin arxasında qaynayıb-köpüklənən sulara əks eləmişdi. Mən belə bir qürubu ömrümdə ilk dəfə görürdüm.
Bütün bədənim gizildəyirdi. Bu, yəqin ki, yorğunluqdandı. Oturub azacıq dincəlməyə yer axtarmaq üçün gözümü dolandıranda Ceyran xanımla Elmanı gördüm. Onlar yenə də eyni yerdə durub, tən yarıyacan suya qərq olmuş günəşə baxırdılar. Ceyran xanım günün ziyasını əks edib daha da böyük görünən tünd qara gözlərini elə bil qəsdən qıymayıb daha da geniş açmışdı. O, Elmanın yanında boylu-buxunlu bir atanın miniatür qızına daha çox bənzəyirdi. Bu anda onların nələr düşündüyünü təyin eləmək çox çətindi. Onlar kədərli deyildilər. Lakin sevindiklərini də söyləmək olmazdı. Kim bilir, bəlkə də qürubun seyrinə dalıb hər şeyi, o cümlədən də bayaqkı çirkin səhnəni unutmuş bu adamlar öz talelərindən razı idilər, bax, beləcə bir yerdə olmaqdan başqa heç nə arzulamırdılar?
Birdən məndə nə üçünsə hər ikisi ilə tanış olmaq arzusu oyandı. Əlbəttə, onların heç birinin təsəlliyə ehtiyacı yox idi. “Yaxşı, tutaq ki, mən onlara yanaşdım, dedim ki, izin verin, sizinlə tanış olum. Sonra? Bəs sonra onlara nə deyəcəyəm? Nə Ceyran xanımın, nə də Elmanın təsəlliyə ehtiyacı var. Bəlkə onlar mənə ürəkaçan bir söz dedilər, elə isə gedim, tanış olum. Deyirlər ki, aktrisalar öz pərəstişkarlarının tərifindən yaman xoşlanırlar. Ceyran xanıma deyəcəyəm ki, bu vaxtacan o gözəl nəğmələrinizlə mənə verdiyiniz böyük zövq üçün sağ olun. Sonra? Sonra deyəcəyəm ki, sizi hara göndərsələr, hər yerdə pərəstişkarlarınız olacaq. O ifritə qadının alçaq fitnəsini hamımız başa düşdük. Ona sillə vurmaqda düz iş gördünüz. Bəs sonra nə deyəcəyəm?”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-ayriliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Şeytanın barmağıTəmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.
RəqiblərI**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Yeraltı çaylar dənizə axırBirinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Стихи других поэтов
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
OlubdurBu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,