Birinci fəsil
Страница 10 из 10 · 90%
– Bilirsənmi, əzizim, mən Qüdrətin məziyyətini də, qüsurunu da eyni dərəcədə sevirəm. Əgər sən deyən doğru olsa, o yəqin bunu da məni çox sevdiyindən eləyir...
Lalənin rəfiqəsi qaqqıldayıb gülmüş, onun bu qəribə məntiqini istehza ilə qarşılamışdı:
– Deməli, onda ya sən onu sevmirsən, ya da sənin özün...
Lalə bu qaba cümləni sərt bir hərəkətlə yarıda kəsib, xudahafizləşmədən rəfiqəsini tərk edib getmişdi.
Budur, Lalə Qüdrətin qarşısında dayanmış, Qüdrət də ayaq üstündə durub ona baxırdı. Ərlə-arvadın gözü bir-birinə sancılmışdı. Bəs onları düşündürən nə idi?
Lalənin ilk sözü bu oldu:
– Qüdrət, katibənə de, bir stəkan çay gətirsin!
Qüdrətin də ilk sözü bu oldu:
– Nə üçün ayaq üstündə durursan?
Lalə düşünürdü: “Sənsiz mənim üçün çətindir, Qüdrət... Amma belə görünür ki, məni görməyəndə də sənin həyatından heç bir şey əksilmir”.
Qüdrət isə düşünürdü: “Yox, əzizim, arxamda sən durduğunu bilməsəm, hər addımda büdrəyərəm”.
– Katibən hanı?
– İstirahət vermişəm.
Lalənin gözləri yorğun idi. İrəlidə gedən trestlə, geridə qalana istirahət eləmək çətindi. Biri kəsirdən çıxmaq, o birisi kəsirə düşməmək üçün çalışırdı. Lakin Qüdrət Lalənin kölgələnmiş üzünə, yanaqlarındakı solğunluğa diqqət yetirəndə onun da ağır işdən yorulduğunu aydın hiss edirdi.
– Bilirəm yorğunsan, Lalə...
– Yox, mən dünən evdə idim...
– Elə isə gözünə yuxu getməyib...
– Doğrudur, yata bilmədim. Sənə zəng elədim. Dedilər ki, dəniz buruğundasan. Gecə saat dörddə qorxulu deyilmi?
– Aylı gecə idi. Dəniz elə sakit idi ki...
Aralıqda sükut oldu. Deyəsən Qüdrət dünənki küləyi unutmuşdu.
– Qüdrət, çaynikin yoxdurmu?
– Bu saat... – Qüdrət o biri otağa keçdi, toz basmış elektrik çaynikini haradansa tapıb gətirdi.
– Neçə gündür çay içməmisən?
– Səhər içmişdim...
Aralığa yenə sükut çökdü. Lalə çaynikin üstündəki tozu görüb gülümsündü. Onun əlində qəzetə bükülmüş bir şey vardı. Deyəsən Qüdrət onu da görməmişdi.
– Haradan belə? – deyə Qüdrət soruşdu.
– Evdə idim...
– Bu nə üçündür, əzizim? Mən ac deyiləm...
– Trestin kəsirdən çıxan günə qədər özüm sənə yemək gətirəcəyəm... – deyə Lalə bağlamanı açdı. – Geriliyə səbəb nədir?
Qüdrət idarədə olmasaydı, Laləni bərk-bərk qucaqlar, o yanağından – bu yanağından öpüb deyərdi:
– Fəxr edirəm ki, məni bu qədər sevirsən.
Amma heyf ki, o, balkonda ayaq səsləri eşitdi, bu səslərdən harada isə yenə bir hadisə üz verdiyini aydın başa düşdü.
– Yoldaş Səmədov?
– Bəli, mənəm, yoldaş İsmayılzadə? 1090-cı buruğu deməyə gəlmişdim.
O, içəri girmək istəyirdisə də, evlərindən yenicə qayıtmış katibə onu içəri buraxmır, “dayan, arvadı ilə söhbət eləyir” deyirdi.
– Gəl, gəl, – deyə Qüdrət onu çağırdı.
Mədən müdiri qapının ağzında, şax dayanmış halda raport verdi:
– Buruq işə salınıb. Pəncərədən baxa bilərsiniz.
Qüdrət baxmadı. Mədən müdirini yeməyə dəvət elədi:
– Buyur, qonağım ol, – dedi.
Səmədov isə dabanı üstə dönüb çıxdı. Qüdrət Laləni başa saldı:
– Qızıl kimi oğlanlardır. Heyf ki, fəhlə qüvvəmiz azlıq eləyir. Amma mən bunu heç yerdə deməyəcəyəm. Trest kəsirdən çıxacaq, əzizim, mütləq çıxacaq!
Lalə gəlməyindən narazı idi. Qüdrət iştaha ilə yeyir, çayın qaynamağını gözləyirdi...
7
“Arşın mal alan” tamaşasından çıxanlar Vəli ilə Tellinin mahnısını oxuya-oxuya gedirdilər.
Tahir lap balacalığından mahnı oxumağa böyük həvəs göstərdiyindən, ikinci dəfə gördüyü bu filmin ariya və duetlərini artıq əzbərdən bilirdi. Amma onu həyəcanlandıran nə film idi, nə də kino salonundan çıxarkən oxuya-oxuya gedən adamlar. O yalnız Bakı haqqında, burada qalıb-qalmayacağı haqqında düşünürdü. Qüdrət İsmayılzadənin onu hörmətlə işə qəbul etməsi, bu hadisədən sonra balaca otaqdakı yeni yoldaşlarının sevinməsi, axşamüstü tamaşaya gətirdiyi cavanlar üçün yer istəyən Lətifənin ora-bura yüyürüb əl-ayağa düşməsi bir-bir Tahirin xəyalından gəlib keçirdi. Cəmil, Səməndər və Biləndər onu aralığa almışdılar.
– Hələ bu nədir? Gündə kef çəkirik!.. – deyə Cəmil Tahiri həvəsləndirmək üçün tez-tez Bakını tərifləyir, qəsdən mübaliğə ilə deyirdi: İkicə gün burada qalsan, kənd tamam yadından çıxacaq.
Tahirin gözləri qarşısında vərəq-vərəq açılan bu yeni aləm, özü də hiss etmədən onun könlünü zəbt edirdi. O, şəhərin izdihamına yavaş-yavaş alışır, küçələrdəki baş gicəlləndirən hərəkət də ona tədricən təbii görünməyə başlayırdı. Onun dinib-danışmadığına diqqət yetirən Cəmil, bu sükutunun səbəbini qəribsəməyində görür, sanki ayrı şeylər barədə fikirləşmək üçün ona imkan verməyə çalışır, söhbətini kəsmirdi.
– Bu dəfə kəndə qayıdanda, düzü, ora mənə bir təhər göründü. Elə bil səssizlikdən qulağım cingildəyirdi... Ə, Tahir olmaya ürəyin darıxır?
Cəmil bu sualı verəndə, onlar tramvayın duracağına çatmışdılar. Küçədə gedib-gələnlərin sayı-hesabı yox idi. Dirəkdən asılmış iri fənərlərin işığı asfalt yolu parıldadırdı. Cəmillə yoldaşlarının gözü Tahirdə idi. Ondan cavab gözləyirdilər. Bunu hiss edən Tahir xəfif-xəfif gülümsəyir, nə üçünsə, cavab verməyə tələsmirdi. Səməndər də səbir edə bilməyib xəbər aldı:
– Hə, necədir, dost?
– Əlbəttə ki, bura hara, kənd hara? – deyə Tahir sağ əlini yuxarı qaldırıb nəhayətsiz görünən düz küçəni göstərdi. – Elə burada bizim kənddən on dəfə çox adam olar. Həmişə belədir?
– Əşi indi nə var ki? Bayram olanda adam əlindən keçib gedə bilmirsən.
Bu söhbət zamanı, yan tərəfdə tramvay gözləyən fəhlə gənclər kiminsə qarmonda çaldığı oyun havasının ahənginə uyaraq, əl vurmağa başladılar və bir an içində dairə düzəltdilər. Tahirin də gözləri onlara zilləndi. Ortalığa çıxan bir nəfər cavan rus, əllərini dizinə çırpa-çırpa, sarımtıl uzun saçlarını titrədə-titrədə böyük bir həvəslə oynayırdı. Onun ayaqları altından qopan səs, oyun havasının ahənginə görə vurulan dəf səsini xatırladırdı.
– Onlara bax, dördüncü mədənin fəhlələridir! Ey, Mişa, görünür planın dolandan bəri qudurmusan!.. – deyə Səməndər qarmonçalan tərəfə qışqırdı və yoldaşlarına üz tutdu: – Bəri gəlin, mən də bir qaytağı oynayım...
– O rus balası bizim havamızı bilir?
Tahirin bu sözləri Səməndərə qəribə göründü:
– Bilər də, hələ o yana da ötər. Niyə bilməsin?
Onlar Tahiri də dartıb apardılar, dəstəyə qoşuldular. Oynayan oğlan get-gedə qızışır. Mişanın dolub boşalan qarmonu qarşısında ayaqlarının bütün məharətini əl vuran qızlara, oğlanlara göstərirdi. Bu gənclər müharibə qurtarandan bəri gah küçədə, gah dəniz qırağında, gah da gəzinti yerlərində səslənən bu qarmon ətrafında daha tez-tez yığışırdılar.
Rəqs edən oğlan, öz sevgilisi önündə qılıncını siyirərək irəli uzadan və eyni zamanda təzim edən orta əsr cəngavəri kimi, qara saçlı bir qızın qarşısında əllərini irəli uzadıb diz çökdü:
– Rica edirəm! – deyə onu rəqsə dəvət elədi.
Qız bir an içində irəli atıldı, oğlandan da məharətlə rəqsə başladı və nəhayət onu yorub haldan saldı.
– Ey-y, Mişa, çal görüm qaytağını!..
Qarmonçu, Tahirin heç gözləmədiyi bir ustalıqla qaytağı çalanda, rus uşaqları daha da ucadan əl vurdular. Səməndər ildırım sürətilə ortaya çıxdı və rezin top kimi atılıb-düşməyə başladı. Cavanlar bu şişman oğlanın belə cəld oynamağına heyran qalıb qışqırdılar:
– Bravo, bravo!..
İzdiham get-gedə artır, küçədən ötənlər cavanların ətrafında sıxlaşır, boyunlarını irəli uzadıb, Səməndərin oynamağına tamaşa edirdilər. O, yerdən toz qaldıra-qaldıra gəlib özündən əvvəl oynamış qızı bir də çağırdı. Qız yorğunluğuna baxmayaraq, yenə də oyundan imtina eləməyib ortaya çıxdı.
Səməndər, bir xeyli onun başına fırlandıqdan sonra qız təngnəfəs olduğunu görüb geri çəkildi. Səməndər qələbəsindən daha da eşqə gəlib bir neçə dəfə daha çılğın bir ehtirasla fırlana-fırlana, dırnaqları ucuna qalxaraq, qürurla döşünü qabarda-qabarda oynadı və axırda “huy!” deyə nazik bir səslə qışqırıb, ortalıqda hərəkətsiz bir vəziyyət aldı.
Alqış səsləri küçəni doldurdu. Elə bu anda tramvay duracağa yan aldı. Cavanlar boş vaqonlara doluşdular.
Tahir Səməndərin məharətinə heyran qalıb ona ürəkdən vuruldu: “Vay sənin, bu nə qiyamət oğlanmış!..” deyə xəyalından keçirdi.
Müxtəlif millətdən olan cavanların bu ümumi sevinci Tahir üçün yeni bir hadisə idi. Uzaq kəndlərində o belə şeyləri görməmişdi. Sarı saçlı oğlanın qaytağı çalması və qara saçlı qızını Səməndərlə bərabər gözəl rəqs etməsi Tahirin ürəyində özünün də bir dürlü izah edə bilmədiyi qəribə hisslər oyadırdı. Ona elə gəlirdi ki, bütün bunlar yalnız Bakıda ola bilər və şəhərin ən gözəl adətlərindən biri də məhz budur. Lakin gənclərin bu qayğısızlığı, təbiətcə ciddi və təmkinli olan Tahirə bir cürə görünürdü. Onun çox tələsik hasil etdiyi qənaətə görə bu cavanları hər şeydən çox belə əyləncələr məşğul edirdi. O bu fikirdə ikən, içəridə yer tutub oturan Səməndərlə Mişa arasında tamam ayrı bir söhbət başlandı:
– Ey, Mişa, dema ki, bilmirəm, hələ çox özünə qürrələnmə, mən iki yüzəm, sən yüz elli.
– Bu nə sözdür? – deyə Tahir Cəmildən soruşdu.
– Planlarını deyir. Briqadalar yarışır.
Tahirin baxışları ciddi ifadə aldı.
Səməndərlə Mişanın söhbəti birdən qızışdı:
– Mən özümə arxayın olmasaydım, qarmoşkanı yenə də toz basardı. Onca gündən sonra köhnə quyulardan ikisi remontdan çıxır. Onda baxarıq.
– Baxarıq, baxarıq! – deyə Səməndər istehza ilə gülümsədi. – Buna bax a, elə bil bu işləyir, biz başımızın altına yastıq qoyuruq. Arxayın ol, sən iki yüzə çatanda mən üç yüzə çatmasam, adımı dəyişərəm. Sən nə bilmisən, bayrağı əldən vermək zarafatdır?
Tahir yenə maraqlandı.
– Nə bayrağıdır?
– İki ildir müdafiə komitəsinin keçici bayrağı onların trestindədir.
Səməndərlə qarmonçunun söhbətini o biri cavanların qalmaqalı kəsdi. Kim isə yan tərəfdən deyirdi:
– Onların evini özfəaliyyət dərnəyi yıxıb. Çalıb-oxumaqla plan dolmaz axı...
– Dolar, dolar. Elə biz oxuya-oxuya gəlib dayanacağıq Lalə İsmayılzadənin qabağında, deyəcəyik ki, yoldaş trest müdiri buyurun, o divardakı bayrağı öz əlinizlə götürün, verin bizə. Bir yerdə çox qalanda ürəyi darıxır.
– Onu görməyəcəksən?
– Görərik, görərik!..
Tramvay vaqonundan qalxan səs-küy artıq onların söhbətini aydın eşitməyə qoymurdu. Səməndər özündən arxayın halda Tahirə deyirdi:
– Nə qədər hıqqanırlarsa, bir şey çıxmır. Uşaqsan? Bayraq əldən getdi, gərək onda kürt düşmüş toyuq kimi evdən bayıra çıxmayaq.
Onlar mənzilə çatandan sonra çarpayılarına uzanıncaya qədər Tahir yenə dinməz-söyləməz Səməndərə baxır, “vallah, yaxşı oğlandır!” – deyə fikrindən keçirirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
İmtahan günləri başlanır...Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...
AyrılıqXəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Стихи других поэтов
İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
ƏnvəriyyəMüsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsiÜMMÜLBANU:Can-ciyərim, getmə, aman günüdür,