Страница 9 из 10 · 80%

– Elə özümün də qabaqdan həvəsim vardı! – deyə Tahir yoldaşının sözünü kəsdi. – Doğrusu, çoxdan neft qəhrəmanı olmaq fikrində idim.

– İndiyəcən harada işləyirdin? – deyə Qüdrət soruşdu.

– Kolxozda... – deyə Tahir cavab verdi, – yoldaş İsmayılzadə, elə mənim o biri yoldaşlarım da gəlmək istəyirlər. Kolxoz bizsiz də dolanar. Fermada arvadlar da işləyə bilərlər... Mənim anam inək sağandır. Keçən il orden alıb.

– Çox gözəl, çox gözəl! – deyə Qüdrət, mətləbin uzandığını görüb, arxası divara söykənmiş təmiz, ağ örtüklü divanda cavanlara yer göstərdi: – Əyləşin, niyə ayaq üstə durursunuz?

Tahirlə Cəmil yanaşı oturdular.

– Hə, mal-qara çoxalır, azalır?

Tahir trest müdirindən cavab almaq əvəzinə sual eşitdiyinə mat qalmış kimi, bir an duruxdu, sonradan-sonraya dilləndi:

– Çoxalır, yoldaş İsmayılzadə. Keçən baharda inəklərimizin hamısı balaladı. Bir az quraqlıq oldu. Ot-ələf azdı. Qonşuluqdakı “Marks” kolxozunun ehtiyatı varmış, bizə xeyli borc verdilər. Payızda özümüz yonca əkdik. İndi borcumuzu da vermişik, ehtiyat da yığmışıq.

– Atan nəçidir?

“Anket soruşur” deyə düşünən Tahir, bir qədər özünü yığışdırdı. Cavab verməyə hazırlaşanda, Qüdrət onun könlündən keçəni duymuş kimi, əlavə etdi:

– Elə-belə, maraqlanıram. Ürəyinə başqa şey gəlməsin.

– Atam müharibə başlanan günlərdə vəfat elədi... Kolxozun baş mehtəri idi.

Qüdrət heyfsləndi:

– Bu yaxşı olmayıb... Bizim torpaq komissarı həmişə yaxşı mehtərin azlığından şikayət eləyir... Atan çoxdan xəstə idi?

– Vallah, əvvəlləri çox gümrahdı. Müharibə olan kimi ah-uf eləməyə başladı. Atları səfərbərliyə alınan gündən yorğan-döşəyə düşdü.

– Deməli, atların dərdindən naxoşladı, hə?

– Xeyr, xeyr. Həmişə durub-oturub deyərdi ki, dava vaxtı gərək mənim atlarım bütün Sovet İttifaqında birinci yer tuta. Naxoşlamamışdan bir-iki gün qabaq Budyonnu yoldaşa kağız yazırdı ki, olmaya-olmaya mənim atlarımı topa, arabaya qoşduralar. Yaxşı olar, qızıl süvarilər üstünə minib qılınc oynatsınlar.

Qüdrət kimi, onun dostu da Tahirin hekayəsini dərin bir maraq içində dinləyir, papirosunu bərk-bərk tüstülədirdi.

– Atamın naxoşluğuna səbəb deyəsən, ayrı şey oldu, – deyə Tahir əlavə etdi.

– Nə?

– Əvvəl günlər cəbhədən ağır xəbərlər gəlirdi. Zarafat deyil, o boyda şəhərlərimiz əldən gedirdi. Ordu geri çəkilirdi. Nə bilim görünür, kişini fikir naxoşlatdı. Mən onu başa salırdım ki, ata, biz gec-tez qalib gələcəyik. Qəm yemə.

– Bəs o nə deyirdi?

– Nə deyəcək? “Allah ağzından eşitsin, oğul” deyirdi, “Gün o gün olsun ki, biz nemsənin dalını yerə qoyaq. Mən də ölməyib, o günü görüm”. – Tahir dərindən köksünü ötürdü, – yazıq kişiyə bu qismət olmadı...

Qüdrət dostuna baxdı və qəmgin-qəmgin gülümsündü.

Aralıqda sükut oldu. Qüdrət telefonun dəstəyini götürüb kimə isə zəng etdi, sakit və təmkinli səsilə telefondakı adama dedi:

– Bu saat Tahir Bayramlı adlı bir nəfər gələcək. Ona cavan fəhlələrin ümumi yaşayış evində yer verərsən! – Qüdrət dəstəyi yerindən asıb Cəmilə üz tutdu: – Mənim adımdan ustaya de ki, axşam növbəsində işlətsin. Ancaq şərtim ağır olacaq. Mədəndə işləyən adamlardan ilk növbədə möhkəmlik tələb olunur. Əgər yarı yoldan qayıdacaqsansa, indidən aç söylə. Qışın soyuğunda, boranında, yayın istisində, cırcıramasında peşman olarsan – Qüdrət sözünə ara verdi, imtahanedici nəzərlə bir xeyli Tahirin üzünə baxdı, onun razılıq işarəsi olaraq başını tərpətdiyini görəndə əlavə etdi: – Mən cavanları işə götürəndə bir şərt də kəsirəm: həm işləyib, həm də oxumalısan!

Qüdrət yenə susdu və sanki fikirləşmək üçün Tahirə vaxt verdi. Sonra o, səsini ucaltdı:

– Əgər bu şərtlərə razısansa, get, başla! Aydındır, yoxsa bir də izah edim?

Qüdrət bu sualı izah edəndə, yenə gülümsədi. Elə bil ki, özü də bu sözləri tez-tez deməyi xoşlayırdı. Tahirə isə elə gəldi ki, onun trestində işləmək çox asan olacaq və qoyduğu şərtlərin heç biri də onu fikrindən daşındıra bilməyəcək.

Cavanlar bir-bir qabağa yeriyib İsmayılzadənin əlini sıxdılar və sevinə-sevinə kabinetdən çıxdılar. İsmayılzadə yenə də xəfifcə bir təbəssümlə gülümsəyərək dostuna baxdı:

– Doğrudan da mənim bəxtim yaman gətirir ha! – dedi. – O biri trestlər cavanları səfərbərlik yolu ilə gətirirlər, amma mənim trestimə, bax, özləri öz ayaqları ilə gəlirlər. – Qüdrət gözlərini məchul bir nöqtəyə zilləyərək, xəyala dalmış kimi, baxdı. – Bunların içindən gələcəkdə görkəmli neft ustaları yetişəcək. Azərbaycan neftinin taleyini bunlar həll edəcəklər. Sabahı düşünən adamların bəxti həmişə gətirər, əzizim...

Qüdrət ayağa qalxıb, pəncərəyə yanaşdı, dodaqlarını bir-birinə qısaraq əsnədi və yuxusuzluqdan qızarmış gözlərini pəncərədən, eşiyə zillədi. Buradan neft mədənlərinin yalnız bir parçası görünürdü. Yeni tikilmiş buruqda qaldırıcı maşın təzə qazıma borularını çəkib yuxarı aparır, onun yanındakı köhnə buruğun kaçalkası yorğun-yorğun enib qalxırdı. Bir az o yanda üçüncü mədən idarəsinin yeni suvanmış birmərtəbəli binası ağarırdı. Həmin binanın böyründəki buruqda kaçalka, nə üçünsə, hərəkətsiz dayanmışdı. Qüdrət yalnız yeddi-səkkiz gün bundan əvvəl tresti təhvil götürdüyü halda, artıq bütün buruqları, onların gücünü və imkanlarını öyrənə bilmişdi. Dayanmış buruğa baxanda, onun qaşları düyündəndi və o, dəyirmi stol üstündə başqa aparatlarla yanaşı duran daxili telefonun dəstəyini götürüb üçüncü mədəni istədi:

– Yoldaş Səmədov, – dedi, – əgər o birisi buruqlar da – belədirsə, trestin kəsir işində çapalamağına təəccüb eləmək lazım deyil. 1090-cı buruq dayanmışdır. Yox, yox, mən buradan lap aydın görürəm, orada heç kim gözümə dəymir. Yoxlayın, yoxlayın!

Qüdrət dəstəyi yerinə qoyanda, dostu da ayağa qalxdı. Qüdrət sükut içində onun üzünə baxdı, borc istədiyi min metr qazıma borusunu nə qədər çətinliklə verdiyini də gizlətmədi:

– Bir başqası olsaydı, əlbəttə, bir metr də verməzdim, – dedi, – özün bilirsən ki, bu saat mənim də vəziyyətim çox ağırdır. Trestin yalnız adı var. Amma ehtiyacımız xirtdəyəcən... Elə düşünmə ki, minnət qoyuram. Yeni quyuları qazdırıb qurtarınca şirin yuxu üzünə həsrət qalacağam.

– Axı, trestin geriliyinə səbəb sən deyilsən ki?

– Mən, ya başqası, nə fərqi var? Ölkəyə hər gün beş yüz ton neft borclu qalırıq. Burada respublikanın şərəfini gözləməyənlər varsa, mən buna soyuqqanlı baxa bilmərəm ki!

Qüdrətin dostu: “Bəlkə həmişə irəlidə getməyinə səbəb elə budur?” deyə öz-özündən soruşdu və Qüdrətin üzünə zənlə baxdı.

– Məgər belə deyil? – Qüdrət onun bu baxışının mənasını bilmək üçün sualını bir də ucadan təkrar etdi: – Belədir, belə deyil? Bayaq sən mənim iş metodumu xəbər alırdın. Ən gözəl metod, irəlidə getməyə vərdiş eləməkdir. Mən geridə qaldığım zaman doğma qızımın da, arvadımın da üzünə dik baxa bilmirəm. Baxa bilmirəm, ona görə ki, bu gerilik onlara da dərd olur. Həftələrlə idarədə, divanın üstündə mürgüləmək, evdə oturub qızıma ata nəvazişini hiss etdirməmək o qədər böyük hünər deyil. Amma mən ailəmin qeydinə qalmalıyam, mən qızımın hər addımına fikir verməliyəm. Bunun üçün də neftin sirrini bilmək azdır. Mən pedaqoji kitablarını, məşhur tərbiyəçilərin mülahizələrini oxumalıyam. Geri qalanda isə bunların heç biri mümkün olmur.

– Bağışla, Qüdrət, sözünü kəsirəm, deyəsən Lalə xanım gəlir. Onun tresti qiyamət eləyir ha... Əlbəttə, belə arvadı olanın kefi də həmişə kök olar. Məni bağışla, mən getdim. Ərlə arvadın görüşünə mane olmaq insafdan deyil. Hələlik...

Dostlar gülümsündülər. Lalə içəri girdi. Salam verib hər ikisilə görüşdü. Qüdrətin dostu üzr istəyib getdi.

Trestə təyin olunduğu gündən bəri evinə dəyməmiş Qüdrət, arvadının gəlişindən hədsiz dərəcədə sevindi. Onun nəzərində Lalə yalnız vəfalı bir arvad deyil, yaxın bir dost və köməkçi idi. Onlar görüşməyə imkan tapmadıqları zaman bir-birinin yoxluğunu çox tez hiss edirdilər. Bu bir həftə müddətində Lalənin də başı çox qarışıq olmuşdu, təkdənbir Qüdrətin trestinə zəng etmişdisə də, onu kabinetində tapa bilməyib, gecədən xeyli keçənə qədər gözləmiş, gəlmədiyini görüncə, oxuduğu kitabı bir tərəfə ataraq, çarpayısına uzanıb yatmışdı. Kim bilir, bəlkə də ərlə-arvad arasındakı həsrət hissini onların belə az-az görüşməyi daha da qüvvətləndirmişdi? Qüdrətin evə çox gec-gec gəlməyi Laləni tamam başqa bir səbəbə görə həyəcanlandırırdı. O, Qüdrətin ağır işdən sonra çox yorulduğunu, amma bu barədə danışmağı sevmədiyini, xəstələnəndə belə üzündəki təbəssümün yox olub getmədiyini bilirdi. Lakin o, Qüdrətin ən kiçik müvəffəqiyyətsizliyini belə öz şəxsi dərdi kimi daşıyır, onun hər bir addımını uzaqdan da olsa diqqət və həyəcanla izləyirdi. Ümumiyyətlə onların ailəsində sevginin də, kişi və ya qadın nəvazişinin də mənası tamam başqalaşmışdı. Kənardan baxan ağzıgöyçəklər, Qüdrətin ailə münasibətindəki zahiri soyuqluğu onların bir-birini sevmədiyində görürdülər. Hətta Lalənin bəzi rəfiqələri “bir az ehtiyatlı ol ha, yəqin qeyri-qanuni arvad saxlayır” – deyə xəbərdarlıq etmişdilərsə də, Lalə buna çox etinasız cavab vermiş, ürəyində, bu sözü deyən rəfiqəsini təqsirləndirmiş, “sən belə şeyləri anlamağa qadir deyilsən” deyə düşünmüşdü, amma utandığından bu sözləri onun üzünə deməmiş, mülayim bir ifadə işlətmişdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 мин
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 ч 25 мин
Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 мин
Çölün düzündə

Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.

35 мин

Стихи других поэтов