Birinci fəsil
Страница 7 из 10 · 60%
– Bəs Bayıl hanı? – deyə o, Cəmildən soruşanda, dostunun bu suala gülməyi tutdu:
– İndi biz Bayılın düz ortasındayıq! – dedi. – Buradan bu yana mədənlər başlayır, bu yanda gördüyün hündür evlər də Bayılın üstündədir. Təpənin döşündəki tək ağacı görürsənmi? Bax, o püstə ağacı usta Ramazanın həyətindədir. O ağac, sahibindən ikiqat qocadır, düz yüz iyirmi yaşı var, amma püstəsinə söz ola bilməz. Mən bir dəfə ustanı çağırmağa getmişdim. Gördüm bütün ağac qıpqırmızıdır. Yaxından baxanda elə bil ağacın üstündə mərcan dənələri asılıb... İndi yəqin usta meyvəsini dərib. Abşeron doğrudan da qəribə yerdir. Susuzluqdan yerin bağrı çatlayır, amma elə meyvələr yetirir ki, elə bil möcüzədir. Üzümünə, encirinə nə deyirsən? ...Gəl, trest müdirimiz qayıdanacan tramvaya minib şəhərə gedək.
Tahirin könülsüz addımladığını görəndə, Cəmil bunun səbəbini xəbər aldı:
– Yoxsa şəhərdən gözün doyub? Nə belə tez?
– Yox canım, yaxşı olardı ki, əvvəlcə biləydik, görək məni qəbul eləyirlər, ya yox.
Cəmil dostunun belə ürəkdən işləmək istədiyinə sevindi:
– O barədə arxayın ol, – dedi, trestdə razı olmasalar, ustanın özünə deyərik, o saat düzəldər. Bilirsən necə nüfuzu var? Bir sözünü iki eləməzlər.
Tahirin ürəyi yenə də rahat olmadı. Tramvaya minib şəhərin mərkəzində, Azərneft binası yanında yerə düşüncəyə qədər bu xüsusda həyəcanla düşünürdü: “Bütün kənd mənim Bakıya gəlməyimdən xəbər tutdu. Düzəlməsə tay-tuşumun üzünə baxa bilməyəcəyəm...” – Tahir Cəmillə bərabər dəniz kənarından köhnə bulvarla aşağıya tərəf yeriyərkən də bu intizarlı fikirlərdən ayrıla bilmirdi: “Bəs anam nə deyər? Hələ kolxoz sədri... Durub-oturub başlayacaq ki, yaxşı oğlan olsaydın, Bakıdan üzüqara qayıtmazdın”.
– Tahir, nə olub belə, yoxsa gəlməyinə peşmansan?
– Mən? – Tahir acı-acı gülümsündü. – Bir saat keçib, yox? Yəqin trestin müdiri qayıtmış olar, hə?
Onlar dənizin lap sahilinə gəlib çıxdılar. Yağlanmış su dalğalandıqca göy qurşağı kimi rəng verib-rəng alırdı. Tahir, divar kimi hörülmüş sahildə dayanıb, şırıltı ilə daşlara dəyərək geriyə qayıdan mazutlu sulara baxdı:
– Bu niyə belədir? – deyə soruşdu: – Bəs hər yerdə yazırlar ki, Xəzər dənizi dünyanın ən mavi dənizidir?
– Gəl, əsil dəniz suyunu sənə göstərim... – Cəmil Tahiri gəzinti qayıqları dayanan körpüyə sarı çəkdi.
Tahir başını buladı və son dərəcə mühüm bir fürsəti əldən vermək qorxusu duyan adamlar kimi, tez-tələsik Cəmili geriyə dartdı:
– Yox, yox, sonra gəlib baxarıq. Gedək!
– Tələsmə, Tahir, mən sənə söz verirəm ki, buruğa sabah axşam, gecə növbəsinə bir yerdə gedəcəyik. Axı niyə bu qədər darıxırsan? Bəri gəl, bəri gəl!
Onlar bir-birini dartışdıranda yanlarından gəlib-keçənlərin baxdıqlarını görən Cəmil əlini Tahirdən çəkdi. Bu zaman körpü yavaş-yavaş dolmağa başlayırdı. Müharibə illərində bir dəfə də olsun dəniz gəzintisinə çıxmamış adamlar indi hər gün qayıqlara minir, burada mahnı dinləyərək, bəzən də qayıq içərisində rəqs edənlərə əl vuraraq, sahildən iki-üç kilometr aralanmayıncaya qədər geri qayıtmağa razı olmurdular.
– Bəri gəl, Tahir, – deyə Cəmil yenə dostunu çağırdı. – Qayıqda çalıb-oxuyanlar da var.
Bu zaman doğrudan da tar-qaval səsi gəldi. Tahir özü də çalıb-oxumağı sevdiyindən, bu səsi eşidən kimi yumşaldı və Cəmillə bərabər körpüyə sarı yönəldi.
Qayıqdakıların hamısı cavanlardı. Qızlar, oğlanlar yanaşı oturmuşdular. Tarzən ilə kamançaçı məharətlə çalır, qaval vuran oğlan isə boğazını arıtlayıb oxumağa hazırlaşırdı.
Qayıqda oturmuş gənclər arasında gedən söhbətdən onların çoxusunun dörd ildən bəri yalnız ilk dəfə dəniz seyrinə çıxdığı hiss olunurdu.
Günəş parça-parça ağarışan buludlar arasından süzüb çıxdıqca, hava daha da istiləşir, hamı qayığın tez yola düşməyini arzulayırdı.
Tahirin fikri-zikri yenə trestdə idisə də, yeni düşdüyü bu aləm, hər dəqiqə, hər an onun könlünə yaxınlaşırdı.
Qayığa minən cavanlardan biri, başına ağ kəlağayı örtmüş qızla yanaşı oturan uzun, arıq oğlanı görəndə qışqırdı:
– Ay ya Allah, Mehman, ya Allah, balam, bütün Bakı bu gün səndən danışır!.. – dedi və cibindən qəzetin son nömrəsini çıxarıb, əlinin arxası ilə qəzetə döyə-döyə sözünə davam etdi: – Şəklini görmürsən? Ustanı da tərifləyirlər, səni də... Daha bundan sonra qabağında durmaq olar?
– Yox əşi... Axı mən... deyən arıq oğlan qızın yanında utana-utana gözlərini yerə dikdi. (Onların hər ikisinin utancaq görkəmindən yenicə evləndikləri hiss olunurdu).
Tahir bu söhbəti lap əvvəlindən dinləyir, qəzetdə gördüyü şəkillə oğlanı müqayisə edərək, ürəyində baş qaldıran qibtə hissindən həyəcanlanırdı. “O da elə mən yaşdadır. Allahın altında məni də işə götürəydilər, gərək elə qiyamət eləyəm ki, bir aydan sonra qəzet mənim şəklimi iki o boyda versin...”
Qəzeti arıq oğlana göstərən gənc, portretin altındakı yazını da ucadan oxudu: “Məşhur buruq ustası Volkovun rəhbərliyi ilə yeni sənətini mükəmməl öyrənmiş cavan fəhlə Mehman Feyzulla oğlu gündəlik normasını yüz səksən faiz ödəyir...”
– Bura bax, əzizim, – deyə tar çalanla yanaşı oturmuş bir oğlan onun sözünü kəsdi, – axı kişi burada tar çalır. O qəzeti biz də oxuyuruq da...
Tahirin könlündəki qibtə hissi get-gedə daha da alovlanırdı. İndi Mehman onun nəzərində dünyanın ən xoşbəxt adamı idi. “Boy-buxununa baxanda deyərsən ki, maymağın biridir, amma görünür kişinin oğlu bacarıqlı imiş...”
– Bura bax, Cəmil, bir ondan soruş görək, neçə aydır mədəndə işləyir?
Cəmil bu xahişin mənasını başa düşmədi.
– Neyləyirsən?
– Heç. Elə-belə.
– Yəqin bir-iki il olar.
Tahir inkisar-xəyala uğrayıb pərt oldu, səbir edə bilməyib Mehmandan özü soruşdu:
– Yoldaş, neçə vaxtdır, mədəndə işləyirsiniz?
– Altı aydır, – deyə Mehman azacıq qızardı və utancaq gözlərini yenə yerə zillədi.
“Bu çox oldu” deyə düşünən Tahir yenə həyəcanını gizlədə bilməyib, Cəmilə tərəf döndü:
– Altı ay?
– Bəs sən nə bilirdin? Yəqin bir-iki il də məktəbdə, ya da kursda oxuyub.
Bu anda qayıq hərəkətə gəldi. Bir dəqiqə belə keçməmiş açıq dənizə çıxdı, sürətlə dalğaları yararaq sahildən uzaqlaşdı. Cəmil dostuna sakit-sakit yırğalanan duru suları göstərdi:
– Bax, buna görə deyirlər ki, Xəzər dünyanın ən mavi dənizidir!
Tahir suda parıldaşa-parıldaşa qaçışan xırdaca balıqları belə aydın görürdü. Dənizdən rütubətli meh əsir, sahilin bürküsündən darıxmış adamlar dərindən nəfəs alırdılar. Tar-kamança səsi get-gedə daha da ucalır, Qarabağ şikəstəsi deyən cavan xanəndənin mahnısı dəniz üzərindən yüksələrək, ta uzaqlara qədər işləyirdi.
– Cəmil, ay Cəmil, usta Ramazan indi buruqda olar, hə?
Cəmil Tahirin sualını eşitmədi. Onun bütün diqqəti xanəndədə idi. Tahir isə onun oxumağını bəyənmədiyi üçün, yalnız öz fikirləri ilə məşğul idi: “Hər şey adamın özündən asılıdır. O, altı ayda ad çıxardıb, mən bir ayda çıxardaram”.
Tahir fikirli-fikirli uzaqlara baxanda, qarşıdakı adanı gördü:
– Ora haradır? – deyə Cəmildən xəbər aldı.
– Nargin adasıdır. Gecələr orada mayak yanır. Gəlib-gedən paroxodlara yol göstərir. Təzə binaları görürsən? İndi orada göyçək bir qəsəbə salınır. İnqilabdan əvvəl ora dustaqları göndərərlərmiş.
Qayıq dairə vurub Bayıla tərəf döndü. O yanlarda dəniz buruqları qaralırdı.
– Sizin buruq hansıdır, Cəmil?
Yenə Cəmildən səs çıxmadı. Xanəndə zilə çəkdiyindən, hamısının gözü onda idi. Birdən alqışlar qopdu. Tahir yenə səbir edə bilmədi, bu dəfə Cəmilin böyründən yavaşca dürtmələdi:
– Gecikirik ha...
Qayığı sürən oğlan da, onun tələsdiyini duymuş kimi, əlindəki sükanı tez-tez hərləməyə başladı. Qayıq geriyə döndü.
...Onlar sahilə yetişəndə artıq saat ikiyə işləyirdi.
– Görəsən trest müdiri nə deyəcək, Cəmil?..
6
Qüdrət İsmaylzadənin qırx yaşı tamam olmuşdusa da, üzdən cavan görünürdü. Bəziləri buna təəccüb də edirdilər. Xüsusən müharibə dövründə gecəli-gündüzlü mədənlərdən ayrılmayan adamlar, onun həmişə dolğun və gülümsər sifətini görəndə, qara, qıvrım saçlarına, getdikcə daha da enlənib ətə dolan cüssəsinə, zəhmli, möhkəm addımlarına baxanda, onun özünü işə vermədiyini, vaxtında yeyib-içdiyini, müntəzəm yatıb-durduğunu zənn edir, hər zaman başqalarının hesabına ad qazandığını, yalnız normal həyat tərzi sayəsində hər vaxt belə gümrah və gülərüzlü olduğunu düşünürdülər. Neft sahəsində uzun zamandan bəri çalışan yaşıdlarından və yaxın dostlarından biri, bu gün ondan əlborcu qazıma borusu istəməyə gələndə, Qüdrətdən bunun da səbəbini soruşdu:
– Axı bir de görüm necə edirsən ki, həmişə trestin də qabaqda olur, özün də hamımızdan cavan qalırsan?
İsmayılzadə, dostunun ciddi bir əda ilə, gözlərini düz Qüdrətə zilləyib verdiyi bu suala da, həmişə dolğun yanaqlarını, xüsusən bozumtul dodaqlarını bürüyən xəfif və azca istehzalı kimi görünən bir təbəssümlə cavab verdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
İmtahan günləri başlanır...Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...
AyrılıqXəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Стихи других поэтов
İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
ƏnvəriyyəMüsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsiÜMMÜLBANU:Can-ciyərim, getmə, aman günüdür,