Страница 5 из 10 · 40%

Cəmil, dəniz buruğunda daima qaşqabaqlı görünən bu qocanın, əslində mehriban və ürəyi nazik bir adam olduğunu əvvəllər dumanlı bir şəkildə hiss edirdisə də, təxmininin doğru çıxdığına sevindi.

– Hə, nə dedi usta?

– Dedi ki: “Qorxuram Cəmil qayıtmasın”. Oturub xeyli söhbət elədi. Yaman xoşuma gəldi, balam. Ötən günlərdən danışırdı. Nə yaman dünya görmüş qocadır! Çıxıb gedəndə məndən xahiş elədi ki: “gəldiyimi ona deməyəsən”

– Niyə ki? – deyə Cəmil qaşlarını təəccüblə qaldırıb soruşdu.

– Yəqin elə fikirləşir ki, qudurarsan, iş vaxtı boynuna minərsən... Bizim ustamız da yaxşı adamdır. Amma buna çatmaz, balam.

Cəmil sükut edib gözlərini yerə dikdi və öz-özünə fikirləşdi: “Hər adamı usta Ramazana bərabər tutduğuna bax!” – Səməndərin təriflədiyi usta ilə Ramazanı yanaşı halda təsəvvürünə gətirdi: “İnsafən o da yaxşı adamdır” – deyə ürəyində etiraf etdi və yenə trestdən söz saldı:

– Sən özün onu heç görməmisən?

– Yox, görməmişəm. Əvvəlləri ayrı trestdə imiş. Sən gedəndən bircə həftə sonra yollayıblar.

– Deyirsən bizə təzə müdir yollayıblar, hə? Deyirlər ki, camaatın əlini-ayağını yaman yığışdırıb, balam. Qəzetlər xətrinə dəymir. Yəqin hələ təzədir, ona görə. Görünür vaxt verirlər də... Əgər işləri yoluna salmasa, bir azdan onun da eni ilə uzununu bərabər eləyəcəklər.

Cəmil səbirsizliklə yoldaşının sözünü kəsdi:

– Plan nə təhərdir, plan? Mən gedəndə altmış faiz idi. İndi artıb, əskilib?

– Dum-dum halvasıydı məgər? Sən deyirsən on gündə möcüzə icad eləsin?

Tahir bu sözlərdən darıxıb Cəmilə üz tutdu.

– Əlimi-üzümü harada yuyum?

Cəmil üz dəsmalını və sabunqabını götürüb ona verdi:

– Gedək, göstərim.

Onlar uzun, ensiz dəhlizə çıxdılar. Hər iki tərəfdə mehmanxana nömrələrini xatırladan otaqların bir-birinə bənzəyən qapıları yanından ötüb, o başdakı duş otağına girdilər. Burada qabaq-qabağa üç metr uzunluğunda iki əlüzyuyan qoymuşdu. Hərəsinin beş kranı vardı. Bəzilərindən damcı-damcı, bəzilərindən isə şırıltı ilə su tökülürdü.

Kənddə səhər-səhər özünü şəlalənin altına verib buz kimi bulaq suyunda çimməyə öyrəşmiş Tahir, bir-bir əlüzyuyana yanaşan və aralarında nə isə deyib-gülüşən cavan fəhlələrin yanında bu vərdişini təkrar etməkdən utanaraq, köynəyinin qollarını dirsəyinə qədər çırmayıb əl-üzünü yuyandan sonra dəsmalın bir ucunu isladıb boynunu, boğazını və sinəsini bərk-bərk sürtüb qızartdı. Onu ilk dəfə görən cavanların təəccüb ifadəsi ilə parıldayan baxışları altında duş otağından çıxıb Cəmilgilin yanına qayıdanda, Cəmil stolun dalında oturub çörək yeyir, arxası üstə çarpayıda uzanaraq çətinliklə nəfəs alan Səməndərə baxıb gülə-gülə deyirdi:

– Mən ölü, siz qalı, onun başına nə gəlsə, qarından gələcək. Bura bax, Səməndər, mərcləşəndə bir şərti də unutduq. Yaxşı, sən “Qurbanəli bəyi” neçə aya oxuyub qurtaracaqsan?

– Daha, onu özüm bilərəm, balam. Keçi can hayındadır, qəssab piy. Mən ölürəm. Deyəsən zəhərlənmişəm.

– Bunun bircə dərmanı var. Dur bir də ye. Bilirəm, səndən kitab oxuyan olmayacaq.

Səməndər bu kitab söhbətindən lap təngə gəldi.

– Eh, bəsdi, mən ölüm. Oxudum oldum sən, bunun xeyri nədir, axı?

– Xeyri? Çox xeyri var. Əgər kitab oxusaydın, bilərdin ki, çox yeməyin cibə ziyanı var.

Bunu deyib şaqqıltı ilə gülən Cəmil, nəhayət stolun arxasından qalxıb Tahirə yanaşdı:

– Tez ol, çörəyini ye! Bu gün trestə gedək, sənin məsələni danışaq, – dedi və tumboçkanın aşağı gözündən bozumtul çəkmə şotkasını çıxarıb, bayırda çəkməsinin tozunu aldı. O içəri girəndə, Səməndər təzə bir xəbər də söylədi.

– Hə Cəmil, dünən Lətifəni gördüm. Parkda gəzirdi. Lap yaxından baxdım, yaman xoşuma gəldi, balam. Ancaq yanında bir oğlan da vardı. Deyəsən qız böyük yerdən yapışıb. Əşi, sən fəhlə babasan, əlin qabarlı, üst-başın da mazutlu. O yəqin incinərdən-zaddan axtarıb tapar.

Cəmil, dostunun bu yersiz zarafatını bəyənmədi. Lətifə barədə heç də düşünmədiyini və ona qarşı könlündə ən cüzi bir meylin də olmadığını bütün otaqdakılara bir də hiss etdirmək istədi:

– Əşi Lətifənin mənə nə dəxli? Allah vara lap gedib özünü dənizə atsın. Amma mənim fəhləliyimə, nahaq sataşırsan ha? Bu il fəhləyəm, canıma cəfa basıb oxuyaram, beş-altı ildən sonra olaram mühəndis. Bunun da bir çətinliyi var? Hələ heç on səkkiz yaşım tamam olmayıb...

– O, duruxdu və Səməndərin sözləri Tahiri həvəsdən salmasın deyə əlavə etdi: – Mədəndə işləməyin bir faydası da budur ki, sən bir yerdə ayaq döymək istəsən də olmur, gərək öyrənəsən, irəli gedəsən. Burada işlər qəribə qurulub, sən istəsən də, istəməsən də oxumağa, öyrənməyə məcbursan:

Süfrədəki ət parçalarından birini götürüb yağlı çörəklə yeyən tahir Cəmilin yavaş səslə, lakin inam və ehtirasla dediyi bu sözləri dinlədikcə, kənddən buraya nahaq gəlmədiyinə sevinir və adamların irəliyə getmələri üçün yaranmış bu müsaid şəraiti özünə daha xoş gələn bir halda təsəvvürünə gətirirdi: “Yaxşı oldu gəldim. Kənddə qalıb maldarlıq eləməkdən nə çıxacaq? Bu saat ala-yarımçıq biliklə nə eləmək olar? Məktəb burada, müəllim burada...”

Ancaq birdən nədənsə, Tahirə elə gəldi ki, Cəmil bu sözü qəsdən onu həvəsləndirmək üçün deyir, əslində isə yəqin mədəndəki işdən-gücdən adamın bir dəqiqə də başı açılmır.

Cəmil də onun ürəyində bu iki zidd fikir arasında gedən mübahisədən xəbər tutmuş kimi, sözünə davam edib dedi:

– Hələ bizim ustanı yaxşı tanımırsınız. Yazığın fikri-zikri hey şagirdlərindədir. Əlindən gələni əsirgəmir. Özü nə bilirsə, bizə də öyrədir. Bəzi ustalar var ki, paxıllıqdan şagirdlərinə bir kəlmə də ağzını açıb deməz. Doğrusu usta Ramazan onların heç birisinə oxşamır.

Tahirin qəlbində yenə birinci fikir üstün gəldi:

“Yaxşı oldu. Peşman deyiləm”, – deyə düşünüb ayağa qalxdı.

– Gedək, Cəmil, – dedi, – görəsən bu gün trestdə adam tapa biləcəyikmi?

Cəmil başının hərəkətilə təsdiqləyib cavab verdi: – Taparıq, taparıq. Başqası olmasa da trest müdirləri olar. Dava vaxtı istirahət gününü ləğv eləyiblər, indi də elə həmişə trestdə olurlar.

Bu anda qapı döyüldü:

– Gəlmək olar?

Bir oğlanla bir qız içəri girdi. Hər ikisi otaqdakıları salamladı.

– Oturmaq olar?

Onlar qapını döyəndən sonra izin istəyib cavab almamış içəri girdikləri kimi, ikinci suala cavab almamış da oturdular.

Tahir yerində hərəkətsiz dayanıb onlara baxır, mədənin rəsmi işçisi olduqlarını güman edirdi. On altı-on yeddi yaşlarında, qamətli, xurmayısaç, uzun hörükləri dalından topuğuna qədər sallanmış, əlində “C.Cabbarlı” kitabını tutmuş qız, utancaq tərzdə gözlərini yerə zilləmişdi. Ancaq o, Tahirin baxışlarını öz üzündə hiss edir və başını yuxarı qaldırmağa elə bil cəsarət eləmirdi. Onunla gələn oğlan isə əlindəki iş qovluğunu stolun üstünə qoyub gah Cəmilə, gah Səməndərə, gah da Tahirə baxırdı. O, saçlarını maşında vurdurmuş, bığ yerində nazik bir xətt qoydurmuş, arıq, uzun və bozumtul üzünü yenicə qırxdırmışdı.

– Hə, uşaqlar, – deyə o hamıya müraciət elədi, – heç yaxşı iş görmürsünüz...

– Nə olub ki?

Heç kəs dillənmədi, amma hamının gözlərindən bu sual oxundu.

– Belə getsə, heç kim sizə leksiya deməyə gəlməz.

– Axı nə olub? – deyə Səməndər soruşdu.

– Daha bundan artıq nə olacaq? Beynəlxalq vəziyyətdən məruzəçi yollayırıq, o qədər üstünə düşürsünüz ki, yazıq gəldiyinə peşman olur...

Yan tərəfdə çarpayısına söykənmiş Biləndər tab gətirmədi:

– Bilirsən, yoldaş Dadaşlı, sən gərək razı olmayasan ki, bizə yanlış fikirli adam gəlib leksiya deyə...

– Nə yanlış? – Dadaşlı boynunu yana əyib təəccüblə Biləndərə baxdı.

– Başlayıb ki, Qızıl Ordu müttəfiqlərin ciddi köməyi sayəsində qalib gəldi. Biz də ona dedik ki, əgər müttəfiqlərdə kişilik vardırsa, niyə əvvəldən kömək eləmirdilər? – Biləndərin iri gözləri qəzəblə parıldadı. – Mənim beş qardaşım gedib, özüm də gecə-gündüz mədəndə can qoymuşam. Heç insafdır ki, biznən ingilisə təfavüt qoyulmasın? Mən etiraz elədim, lektor başladı ki, müttəfiqlərin rolunu danmaq olmaz. Axı onlar neyləyiblər ki, danırıq?

Biləndər əsəbi halda Dadaşlıya yanaşdı. Elə bil o, qarşısında leksiya deyən adamı görür, dünən axşamkı mübahisəni yenidən təkrar etmək istəyirdi.

– Heç vaxtı razı olmarıq ki, bizi savadsız bilib ağızlarına gələni desinlər. Çörçildən bizə dost olar? O ki, köhnə qurddur. Görmədin necə İtaliyadan yuxarı gəlirdi? Bunu elə nənəm də bilirdi ki, Balkanları caynağına keçirmək istəyir. Yoxsa niyə ikinci cəbhəni açmırdı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 мин
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 ч 25 мин
Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 мин
Çölün düzündə

Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.

35 мин

Стихи других поэтов