İmtahan günləri başlanır...
Страница 12 из 13 · 85%
– Doktor, – dedim, – bəlkə də bu, mənim tərəfimdən bir növ nəzakətsizlikdir. Deyə bilərsiniz ki, sizin işinizə qarışıram, sizə bir növ təzyiq göstərirəm. Ancaq siz də gərək mənim vəziyyətimi başa düşəsiniz. Neçə vaxtdır uşaqlarım başsız qalıb, onların yeməyinə, içməyinə, dərslərinə nəzarət eləyən yoxdur. Hələ mən onu demirəm ki, bir böyrü üstə çarpayıda yatmaqdan, hər gün xəstəliyə dair eyni adamların söhbətini dinləməkdən, eyni dərmanları içməkdən təngə gəlmişəm. Axı, mən bu könüllü həbsxanadan mümkün qədər tez qurtulmaq istəyirəm. Bəs siz nə vaxt məni buraxacaqsınız?
– Necə, necə? – deyə Səidə xanım, indiyə kimi onda görmədiyim sərt və acıqlı bir hal aldı. Gözlərimin içinə baxmaqdan çəkinib, ayaq saxladı. – Könüllü həbsxana? Oh, sizdən qorxmaq lazımdır. Necə də zəhərli sözlər tapırsınız!
– Əgər bu sözdən inciyirsinizsə, başqasını deyə bilərəm, yaxşı, qızıl qəfəs olsun, baği-cənnət olsun, istirahət evi olsun... Necə istəyirsiniz elə deyim... Əgər mənim vəziyyətim ağırdısa, onu da məndən gizlətməyin. Axı, düzünü bilsəm, bundan mənə xeyir gələr ki, ziyan gəlməz. Bilməsəm, qorxuram, təzədən yıxılam, bir də qalxmayam.
O, sanki artıq şux təbəssümü, üzgün və məmnun baxışları ilə xəstələrə fərəh təlqin eləyən o gözəl Səidə xanım deyil, insanlara qətl hökmü verəndə kirpikləri də titrəməyən qəzəbli bir firon idi!
O, mənim əlimdən sivişib çıxdı, dəhlizlə irəlilədi və arxaya baxmadan cavab verdi:
– Düzünü bilmək istəyirsiniz? – deyə birdən dabanı üstə geriyə fırlanaraq sözləri pulemyot güllələri kimi yağdırdı: – Düzü budur ki, indiki halda mən sizi heç yana buraxan deyiləm. Səbr eləməlisiniz. Səbr!.. Bəlkə tərcümə eləyim?.. Yəni dözməlisiniz. Tamam yaxşı olun, sonra... – O, təkrar yoluna düzəldi və yenə mənə üz tutdu:
– uşaqlarınızın taleyini düşünürsünüzsə, ilk növbədə öz taleyinizi düşünməlisiniz!
Yox, o, məndən nəyi isə gizlədirdi. Hərəkətindən, danışıq tərzindən və mənimlə öz arasındakı məsafəni bu cür uzadıb, hər vasitə ilə baxışlarını məndən gizlətməyindən bilinirdi ki, məni xəstəxanadan buraxmaq istəməməyinin səbəbi yalnız naxoşluğum deyil. Mən özümü doğrudan da yaxşı hiss eləyirdim. Neçə gündən bəri ürəyim ağrımırdı. Professorun “orqanik təbəddülat yoxdur” sözlərini eşidəndən sonra tamam inanmışdım ki, əgər hər xırda şeydən ötrü əsəbiləşməsəm, özümü tox tutmağı bacarsam, əlbəttə müalicə sayəsində elə qorxulu bir şey qalmadığını öz-özümə təlqin eləsəm, uşaqlarımın yanına qayıdıb, işləyə də bilərəm.
Bunu demək üçün Səidə xanımın ardınca kabinetə girdim:
– Doktor, bu saat çıxıb getməyim məsləhətdir.
Onu inadından döndərmək nə qədər çətindi.
– Dedim, qurtardı! Məsləhət görmürəm, vəssalam! Sonra peşman olacaqsınız! Heç kəsin də sizə köməyi dəyməyəcək!
– Necə peşman olacağam?
– Xəstəxanadan çıxdığınıza! “Könüllü həbsxanadan” azad olunmağınıza!.. Aydındırmı?
– Yox, aydın deyil. Mən bunun səbəbini bilmək istəyirəm. Nə üçün bunu hərbi sirr kimi məndən gizlədirsiniz?
O, nəfəsi daralmış kimi dərindən köksünü ötürdü:
– Səmirə xanım, – dedi, – nahaq yerə özünüzə də, mənə də əzab verirsiniz. Bəli, əzab. Axı, nəzərə almalısınız ki, mənim ürəyim daşdan deyil, mən də insanam, həm də o qədər də pis insan deyiləm... Məndən asılı olmayan bir şeyi niyə məndən tələb eləyirsiniz? Sizi buraxmağa mənim nə ixtiyarım var?
Onun gözləri dolmuşdu. Bir az da belə getsəydi, ağlayacağına şübhəm yox idi. “Gizlidir, nəyi isə məndən gizlədir” deyə xəyalımdan keçirdim və sürətlə otaqdan çıxıb, baş həkimin yanına getdim. O da eyni sözləri dedi:
– İsrar eləməyin, Səmirə xanım. Əgər mən sizin yaxşılığınızı istəmirəmsə, dünyada məndən pis adam yoxdur. Axı, siz niyə elə düşünürsünüz ki, xəstələri vaxtından artıq saxlamağa bizim həvəsimiz var? Əksinə, bu qətiyyən bizim xeyrimizə deyil, cəbhədən gələn yaralıları müalicə üçün çarpayılarımız hər yerdə çatışmır...
Yalnız sonralar, evimizə qayıdanda bildim ki, bu adamlar doğrudan da məni gözləyən fəlakəti bilirmişlər və məqsədləri də tək məni yox, həm də uşaqlarımı həmin fəlakətdən yayındırmaq imiş...
Mən xəstəxanadan çıxanda Səidə xanım palatanın qapısı ağzında dayanmışdı. Əgər ondan olsaydı, yenə də bir xeyli məni palatasında saxlardı, ancaq indi dediklərinə görə tamam sağalmışdım, konsilium da bir səslə bu fikrə gəlmişdi. Səidə xanımın incə, qansız dodaqları tir-tir əsirdi. Ən yaxın dostlarından biri edama aparılan və onun xilası üçün hər vasitəyə əl atıb, ən axırda əlacsız qalan insan kimi qəddi bükülmüş halda baxırdı, gözləri dolsa da, nə isə qüvvətli daxili bir müqavimətin gücünə özünü ağlamaqdan saxlayırdı, lakin sonsuz kədərini gizlədə bilmirdi. Mən artıq hiss eləyirdim ki, burda mənimlə tanış olmuş həkimlərin hamısı Səidə xanımın bildiyi o müdhiş fəlakətdən xəbərdardır, hamısı da mənə rəğbətlə yanaşır.
Çox ola bilər ki, mən bunu sonralar başıma gələn hadisələrin təsirilə indi uydururam, ancaq bir həqiqət var ki, Səidə xanımın əllərini sıxanda ondan eşitdiyim “mən də, yoldaşlarım da çox əlləşdik, mümkün olmadı” sözlərini yaxşı xatırlayıram. Deməli onlar məni xəstəxanadan çıxarmağa məcbur edilmişdilər. (İndi bunu qəti deyirəm, çünki Səidə xanım, əhvalatı mənə müfəssəl danışmışdır. Yeri gələndə, mən də sizə danışacağam!).
Mən evə çatanda və məktəbdən qayıdan uşaqlarımı görəndə ürəyimə nə isə çox ağır və gözlənilməz bir kədər qondu. Qayınanam evdə yoxdu. Qapının açarını qonşuya verib, özü harasa getmişdi. Qızlarım da mənim evə qayıtmağımdan məmnun deyildilər. Doğrusu, ilk dəqiqələrdə bərk tutuldum. Gözləyirdim ki, hər ikisi üstümə atılıb məni bərk-bərk qucaqlayacaq, bəlkə də sevinclərindən ağlayacaq. Mənim düşündüyüm və gözlədiyim kimi olmadı. Onlar tutqun və kədərli idilər. Hətta üzümə baxmaqdan belə qorxurdular. Nə qədər sual-cavaba tutmaq istədimsə də “heç...elə bir şey yoxdur” deyib durdular. Sanki aralarında şərt bağlamışdılar.
– Bəlkə atanızdan bir xəbər var?
– Yox.
– Məktub göndərməyib?
– Yox.
– Zəfər dayınızdan necə, hələ buraxılmayıb?
– Yox.
– Bəs Tövsiyə xalanı necə, görməmisiniz?
– Yox.
– Ay qız, – deyə Rəhilədən soruşdum: – Yalan danışmağa da öyrəşmisiniz?
– Ana canı, yox, – deyə hər ikisi birdən cavab verdi.
– Yaxşı, əgər bir səbəb yoxdursa, niyə qaşqabağınız yer süpürür?
– Heç... Elə bir şey yoxdur, – Kəmalə otağın bucağında kitablarını çantadan çıxarıb, stolun üstünə düzdü. – Nənəm gələr, ondan soruşarsan.
Bədirnisa xalanı gözləməkdən gözümün kökü saraldı. Dəqiqələri saymaqdan yorulmuşdum. Qızlar məndən yaxalarını qurtarmaq üçün, tez-tez həyətə cumurdular. Qəhər məni boğurdu.
Axşamüstü Bədirnisa xala gəlib çıxdı. O da məni görəndə qaşqabağını salladı. Evimdə bu cür qarşılanmağımın səbəbini fikirləşəndə, Müdhətin başına nə isə daha ağır bir bəla gəldiyini yəqin elədim. Az qala qayınanamın üstünə qışqırdım:
– Yoxsa oğlundan təzə bir xəbər var, nə üçün məndən gizlədirsiniz?
– Qızım, Səmirə, – dedi, – səni niyə buraxdılar? Axı mən srağagün Səidə xanımın yanına getdim, yalvarıb-yaxardım, dedim ki, çalış, gəlin bir neçə gün də yatsın, bəlkə ara soyuya, yaddan çıxa.
– Nə yaddan çıxa, arvad?
Mən hər dəfə əsəbi və həyəcanlı sualımı verdikcə, qayınanam da, qızlar da, elə bil xəcalətdən utanıb yerə keçir, hər dəfə bir bəhanə ilə gözlərini ora-bura dikirdilər. Hiss olunurdu ki, əsil həqiqəti açıb-söyləmək üçün əzab-əziyyət çəkirdilər. Nəhayət mənim çılğınlaşdığımı görən arvad, deyəsən təkrar xəstələnə biləcəyimdən qorxub, tutula-tutula, hər sözündən sonra udqunaraq dedi:
– Səmirə, qızım, allahdan gizli deyil, səndən niyə gizlin olsun? O gün iki adam dəniz qırağından gəlib səni soruşdu, – qarı dil-dodağı əsə-əsə, gözlərini yenə yerə zillədi. – Xəstəxanada yatdığını biləndə, “yaxşı, sonra gələrik” dedilər, “ancaq onu xəbərdar elə, Bakıdan kənara çıxmasın”. Tez də getdilər. İstədim soruşam “Hara aparacaqsınız, niyə aparırsınız?”. Ancaq özümü elə itirdim ki, sualım da yadımdan çıxdı. Gülnisanın yanına getdim, əhvalatı ərinə danışdım. Yazıqların qanı bərk qaraldı. Gülnisa ağlayıb-sıtqadı. Gülnisanın əri kiməsə telefon eləyib getdi, iki saatdan sonra qayıtdı. Dedi ki, “Xala, söz aramızda, böyüklərdən birinin yanındaydım. İnsafən məni hörmətlə qarşıladı, gömək eləməyə söz verdi, ancaq çox ümidsiz danışırdı. Mən belə başa düşdüm ki, yuxarıdan göstəriş var, yəqin Mollayevdən...” İndi də onun yanındaydım, dedi ki, “söz verən adam heç bir şey eləyə bilmədi, Mollayevdə əmr var, tək Səmirə deyil, çox adam onun günündədir”. Yazıq uşaq kimi kövrəldi... Gülnisa məni ötürəndə dedi ki, Səmirənin əhvalatını eşidəndən bəri kişinin yuxusu göyə çəkilib, gecələr ürəyinin ağrısından şikayət eləyir. Müdhətin də, sənin də canına and olsun ki, dəniz qırağından gələn o kişiləri görəli, allahın yuxusu nədir ki, onun da üzünə həsrət qalmışam. Hər dəfə qapı döyüləndə, elə bilirəm ki, yenə onlar gəlib... – Qarı gözünün qorasını sıxdı. – Heç belə də hərəkət olar? Uşaqların atasını tutublar. Yaxşı, buna ölüm-zülüm dözürük. Bəs anadan nə istəyirlər? Lemsiyə yesir düşəni sürgün eləmisən, buna sözümüz yox. Günahkar bilmisən, cəza vermisən, yaxşı, olsun. Axı, bəs arvadının günahı nədir?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-imtahan-gunleri-baslanir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Meşədə böyümüş nəhəng bir ağacMeşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
Səadətnamə, 75علم و قدرت هر آنکه کرد انکاربه ارادت نیاورد اقرار