İmtahan günləri başlanır...
Страница 13 из 13 · 92%
O, nə isə deyəcəkdi ki, sözü ağzında qaldı. Döyülən qapının səsini eşidib, səksəndi. Qeyri-ixtiyari gözünü sol tərəfə zillədi. Mən yalnız sonradan-sonraya dilləndim:
– Kimdir? Buyurun!..
Tanımadığım bir nəfər içəri girdi. Onun arıq, uzun yanaqlarının əzələləri elə bil gipsdən tökülmüş, gözləri şüşədən qayrılmışdı. Əgər dodaqlarını tərpətməsəydi, canlı bir insan olduğuna inanmaq çətindi. O, qapı ağzında göründüyü ilk anlardan, məni tanıdı. Əvvəlcə mənə elə gəldi ki, bu cür sir-sifətin sahibi o dəqiqə kobud bir söz deyəcək, mənim ləyaqətimi qəsdən təhqir edəcək, qaba əllərilə evin altını üstünə çevirəcək, əgər dinib-danışsam üzümə tərs bir sillə də vuracaq və bu hərəkətlərindən necə mənəvi bir zövq aldığını nə məndən, nə də ailə üzvlərindən gizlədəcək. Onun qəzəblə düyünlənmiş seyrək tüklü qaşlarından, soyuq və rəhmsiz baxışlarından, ən çox da şalban kimi dümdüz duruşundan aldığım ilk təəssürat, məni tanıdığı dəqiqədən tamam dəyişdi, elə bil nə zamansa, nə üçünsə onun üzünə taxılmış maskanı, gözəgörünməyən məchul bir əl qeyri-adi sürətlə, bacarıqlı hoqqabaz məharəti ilə götürüb kənara atdı. Mən qarşımda tamam başqa bir adam gördüm və dərhal anladım ki, onun baxışlarındakı soyuq rəhmsizlik, əsil təbiətindən doğmur, mövqeyinin, vəzifəsinin tələbindən doğur, ona əmr verib mənim dalımca göndərən adamın iradəsinə qeydsiz-şərtsiz itaət göstərmək məcburiyyətindən doğur. Onun hər an mehribanlaşan, nə isə daxili bir işıqla durulan gözlərində elə bil bu sözlər oxundu: “ bax, mən də sizin kimiyəm, qorxmayın”. Mən onu da hiss elədim ki, bu saat mənə deməyə hazırlaşdığı sözlər ürəyindən gəlməyəcək, əgər azca imkan tapa bilsəydi, elə qapının ağzındaca üzr istəyib geri dönərdi və gedib rəisinə deyərdi: “Səmirə Aydını tutub gətirməyə vicdanım yol vermədi”. Lakin o, içini gəmirən əzab və işgəncəni zor-güc boğub, tutqun və azca titrək səslə məndən soruşdu:
– Səmirə Aydın sizsiniz?
Bu sualı verəndə də hiss olundu ki, o, məni tanıdığı halda yalnız rəsmiyyət xətrinə bunu da xəbər almağa və mənim cavabımdan sonra əsil mətləbi açıb-deməyə məcburdur.
– Bəli, mənəm, – dedim.
– Elə isə yığışın, mənimlə gedəcəksiniz!
– Hara?
O, kitelinin döş cibindən dörd qatlanmış bir kağız çıxartdı. Oxumamış da bilirdim ki, orda yazılmış sözlər mənim barəmdədir.
O dedi:
– Buyurun, əmr əmrdir, vətəndaş Aydın. Yalnız siz gedəcəksiniz. Uşaqlarınızı qohum-əqrəbanızın yanında qoya bilərsiniz...
– Onları da özümlə aparmaq istəsəm necə?
– Onlar haqqında orderdə heç nə yazılmayıb.
– Birdən aparmaq istədim? – Mən bu sözləri nə üçün dediyimi özüm də bilmirdim. – Məsləhət tərzində deyirsiniz, yoxsa əmr belədir?
– Uşaqların barəsində nə orderdə yazılıb, nə də şifahi deyilib. Bu, həm sizin, həm də onların xeyrinədir. – O, mülayim danışmağının birdən fərqinə varmış kimi geriyə sarı boylandı və heç kəsin onu eşitmədiyini yəqin eləyib, üzünü yenə bəriyə çevirdi. Bu vaxt kədərdən dodaqları əyildi: – Bunu deməyə ixtiyarım yoxdur, amma deyəcəyəm, Səmirə xanım. Axı, hər halda mən insanam. Mən də oğul-uşaq atasıyam. Sizə də, qızlarınıza da əziyyət olar...
Məndən başqa hamının gözü dolmuşdu. Rəhilə isə artıq hönkürməyə başlamışdı.
Kəmalə boynuma sarıldı. Onun da çiyinləri qalxıb-endi. Mən onlara təsəlli vermədim. Nə deyə bilərdim ki? Qayınanam ağlamırdı. Əgər ağlasaydı, daha yaxşı olardı. Qəhərdən boğulduğunu açıq-aydın duyurdum. Rəhilə də boynuma sarıldı. Mən onların qolları arasından çıxmağa məcburdum: kişi məni gözləyirdi, onun şəfqətindən sui-istifadə eləməyə özümü haqlı bilmirdim.
– Yaxşı, – dedim, – bəsdir, qızlar. Bilirəm ki, əziyyət çəkəcəksiniz. Ancaq yadınızda saxlayın. Atanız da günahsızdır, mən də. Nənənizə hörmət eləyin, dərsinizə yaxşı fikir verin. Biz hamımız hökumətimizə çox borcluyuq. Gərək ömrümüz boyu bu borcumuzu ödəyək. Ac da qalsanız, susuz da, bu bizim ucbatımızdan deyil.
Kişi üzünü o tərəfə tutmuşdu. Mən ona müraciət elədim:
– Özümlə nə götürə bilərəm?
– Pal-paltar. Yəni don, jaket, palto, hər halda isti olsun. Bir az yemək götürün. Pulunuz varsa, pul da götürün.
Qayınanam küncdə qurdalanmağa başladı. Bağlama düzəldib çarpayının üstünə qoydu. Axırıncı pullarını yaylığa büküb mənə verdi. Mən bağlamanı götürdüm. Köhnə paltomu qolumdan asdım. Nə isə bir söz deməli idim. Dedim:
– İndiyəcən bəlkə də bir az ümidim vardı, fikirləşirdim ki, gec-tez Müdhəti buraxarlar... Əlbəttə, yanılmışam. Salamat qalın.
Qayınanam məni öpdü. Xeyir-dua verdi:
– Heç naümid olma, qızım, – dedi, – bu Süleyman dünyasıdır.
– Gedək, – deyib qapını açdım və sürətlə çıxdım.
Dəhlizdə qonşular məni gözləyirmiş. Hamısı qoca arvadlardı. Hərəsinin əlində bir şey vardı. Kimisi pul, kimisi yemək şeyi, kimisi də isti paltar təklif eləyirdi:
– Al, Səmirə!
– Götür, qızım!
– Kasıbın olanından!
– Gümanım bircə bu üzüyə gəlir, apar, qürbət yerə gedirsən...
– Sağ olun, çox razıyam! – deyib, boğazıma tıxanan qəhəri udaraq, arxama baxmadan uzaqlaşdım. Qayınanam, qızlarım, qonşularım səssizcə ağlayırdılar. Mən dözməli idim. Dözürdüm. Mən günahsız olduğumu bilirdim, bu səbəbdən də başımı dik və məğrur tutub gedirdim. Mən indi üzüağ, alnıaçıq bu sözləri deməkdə haqlı idim: “Əvvəllər düşündüyüm qədər də zəif deyiləmmiş!..”
Məni dəniz sahilinə, sərnişin gəmilərinin dayandığı körpüyə gətirdilər. Burda iynə salmağa yer yox idi. Məni gətirən adama üz tutdum:
– Evə xəbər verib, hara göndərildiyimi deyə bilməzsinizmi?
– Deyərəm, vətəndaş Aydın!
– Çox təvəqqe eləyirəm, uşaqlarım da, qayınanam da zəhmət çəkib məni axtarmasınlar.
– Deyərəm, vətəndaş Aydın!
Körpüyə təpilmiş adamlardan bəzisi əlində bağlama, bəzisi də balaca çamadan və ya sakvoyaj tutmuşdu. Ötürməyə gələnlərdən heç kəsi gəmiyə buraxmırdılar. Bir-birini çağıranların səs-küyündən ağız deyəni qulaq eşitmirdi.
Məni gətirən kişidən soruşdum:
– Bizi hara aparırlar?
O, mənə cavab vermək istəyəndə göyərtədən bir qadının mahnı səsi ucaldı. Çox keçməmiş hay-küy azaldı və nəhayət bütün sahilə qərib bir sükut çökdü. Hamı gözünü dolandırıb, onu axtarmağa başladı. Mən ayaq saxladım. Arxamca gələn kişi də dayandı. Qadın, görünür qəsdən, kiminsə ürəyini yumşaltmaq üçün həm zilə çəkir, həm də son dərəcə qəmgin sözlər oxuyurdu. Çoxumuz onun konsertlərdə məharətlə ifa elədiyi muğam və şikəstəni az dinləməmişdik...
Məni gətirən adamla bərabər irəli keçdim. O, mənim yanımca göyərtəyə qalxdı. Nə isə bir söz demək istədiyini hiss elədim, amma yenə mən soruşdum:
– Bizi hara aparırlar?
O, gözlərini yerə dikdi:
– Orta Asiyaya, – deyə pıçıldadı. Necə çətin danışdığını gizlədə bilmirdi. O, bizim evə gəldiyi anda üzünə taxdığı maskanı yenidən nə qədər bərpa eləməyə çalışırdısa da, bacarmırdı. Heç şübhəsiz müğənni qadının Qarabağ şikəstəsi onu da qəhərləndirmişdi. Mən çox istərdim ki, bu dəqiqə bir belə adamın hansı uğursuz səbəbdənsə yurdundan, yuvasından ayrı düşməyində özünün şəxsən günahı olmayan bu kişinin mərhəmətindən istifadə elədim, onun məsləhəti ilə fürsət tapıb uşaqlarımı, qayınanamı görüm, məni hara göndərdiklərini onlara söyləyim. Ancaq buna daha imkan yox idi. O, razılıq versəydi də mənim ürəyim gəlməzdi. Öz xeyrim üçün onu bədbəxt eləyə bilməzdim. Mən yalnız bunu dedim ki:
– Sizə bir zəhmət də verəcəyəm.
O, kiminsə bizim aramızdakı söhbəti eşidəcəyindən ehtiyat edir kimi ağır və durğun baxışlarla ətrafını yoxladı və dodaqlarını səssizcə tərpətdi. Mən başa düşdüm ki, bununla mənə “buyurun” deyir.
Müğənninin yanıqlı nidaları məni də qəhərləndirmişdi. Hönkürmək üçün ən cüzi bir işarə də kifayət idi. Ancaq mən nə isə mənəvi bir istinad nöqtəsi tapıb kədərimə güc gəldim və son xahişimi də söylədim:
– Əgər mümkünsə, hara göndərildiyimi evimizə xəbər verin. Bütün ömrüm uzunu sizə minnətdar olaram.
Bu vaxt tanımadığım bir adam ana salam verib keçdi. Məni gətirən kişi üz-gözünə bayaqkı mehribanlığı ilə heç uyuşmayan qəddar bir ifadə verib, əlinin sərt hərəkəti ilə havanı yardı, boğunuq bir səs çıxartdı:
– Siz məni nə bilmisiniz, vətəndaş Aydın? – O, məndən aralandı və axırıncı sözünü yenə səssizcə pıçıldadı: – Yaxşı...
Gəmi uzun bir fit verdi. Dəmir dirəyə bağlanmış yoğun kəndiri açdılar. Məni gətirən kişi, saymazyana (amma diqqətlə) yan-yörəsinə baxa-baxa, kirpiklərini qırparaq, yalnız mənim hiss elədiyim nazik bir işarə ilə mənə “Uğurlu yol” arzuladığını bildirib, körpüyə endi və arxaya baxmadan izdihamın arasında gözdən itdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-imtahan-gunleri-baslanir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Meşədə böyümüş nəhəng bir ağacMeşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
Səadətnamə, 75علم و قدرت هر آنکه کرد انکاربه ارادت نیاورد اقرار