Страница 7 из 8 · 75%

“Vəfalı dostum!

Bu məktubu yalnız mən öləndən sonra oxuyacaqsan. Mən, səhər gün doğmamış, bədbəxt balalarımdan, səndən əbədi olaraq ayrılıram. Budur, iki gündən bəri döşümdə gizlətdiyim bu zəhəri içib həyatımla vidalaşıram. İndi artıq mənim yaşamağa haqqım yoxdur. Aslan! Bilsəydin, səni necə arzulayıram! Əgər burda olsaydın, ayaqlarına düşüb yalvarar, “könlümə vurulan bu qara ləkəni qanımla təmizlə” deyərdim. Amma nə edim ki, sən cəbhədə, məndən çox uzaqdasan.

Bir il bundan əvvəl sənin ölüm xəbərini gətirmişdilər. Sonra da məktublarının arası kəsildi. Qəhrəman adı almağını oxuyanda bildim ki, sən düşmən arxasında vuruşursan, yenə bir gün qayıdıb gələcək, bu məktubumu oxuyub mənim intiqamımı alacaqsan.

Etiraf edirəm ki, ürəyimə vurulan bu ləkəni yalnız mənim ölümüm silə bilərdi, əzizim... Məni tora saldılar. Mən onun zahirinə aldandım. Məsum körpələrimin nəfəsi qədər təmiz könlümə o ləkə vurdu.

Sən onun kim olduğunu öyrənmək istəyəcəksən.

Əhvalatı sənə lap başdan yazıram. Mən, ölüm xəbərini alandan sonra rayona getdim. Orda müəllimlik edib uşaqlarımı dolandırırdım. Kaş ki, heç getməmiş olaydım. Mən onunla əvvəldən tanış deyildim. Harada, nə vəzifədə olduğunu da bilməzdim. Bir gün ehtiyac məni məcbur etdi. Yoldaşlarım da dedilər ki, “Aslanın uşaqlarına kömək etmək onun vəzifəsidir. Get, dərdini ona söylə, yaxşı adamdır, köməyi dəyər” “Onu hamı Rəhimzadə deyə çağırırdı”.

Aslan gözlərinə inanmayaraq ayağa qalxdı. Yaxın dost bildiyi, hələ dünən axşam bir masa dalında duz-çörək kəsdiyi bir adamın familiyasını oxuyarkən, başından alov qalxdı. İpin ucunu tapdığına sevinsə də, oxuduğu sətirlərdən dəhşətə gəldi. Qəfəsə düşmüş aslan kimi sağa-sola vurnuxdu.

Sonra Gülcamalın məktubunu sürətlə oxumaqda davam etdi:

“Dərsdən çıxıb onun yanına getdim. Qapıda çox gözlətmədi. Məni tez çağırtdırdı. Bəzəkli bir kabineti vardı (mən indi anlamışam ki, səliqə ilə bəzənmiş bu otaq iş görülmək üçün deyilmiş).

Sən də, əzizim, insanlara iclasda söylədikləri odlu nitqə görə qiymət vermə. O da çox mahir bir natiq kimi məşhurdur. Hər yerdə, hər zaman ürəkdən, vicdandan, saf məhəbbətdən danışar, daşürəkli, dəftərxana məmurlarını söyər, “onların qəlbində xalq məhəbbəti əvəzinə qara yellər əsir” deyərdi. O danışarkən mən öz-özümə düşünərdim: “Xalqımız doğrudan da xoşbəxtdir ki, onun belə gözəl oğulları var”. O məni gülərüzlə qarşıladı. Ərizəmi oxudu.

– Gülcamal xanım, – dedi. – Aslan mənim ən yaxın yoldaşlarımdandır. O yoxdur, biz ki, ölməmişik. Vətən yolunda həlak olan qəhrəmanların ailəsinə hər gün, hər saat kömək etmək borcumuzdur. Nəyə ehtiyacınız olsa, o dəqiqə mənim yanıma buyurun!

Doğrudan da o bizə kömək verdi. Bir dəfə hətta özü də maşına minib bizə gəldi. Hədiyyə gətirdi. Uşaqlarla görüşdü. Onun bu mərhəmətinə qarşı necə təşəkkür edəcəyimi bilmirdim. Telefonla kimi isə danladı: “cəbhəçi ailələrinə belə kömək etdiyin üçün səni güllələmək də azdır”, – dedi. Mən əvvəlcə ondan çox razı qaldım.

Ah, keşkə mən onun üzünü görməmiş olaydım. Keşkə hədiyyələr əvəzinə balalarıma zəhər içirdəydim.

Bir gün o məni evinə qonaq çağırtdırdı. Nə qədər “Sağ ol, təşəkkür edirəm”, – dedimsə, məndən əl çəkməlidir.

Özü gəlib çıxdı: Hələ bir məni danladı:

– Görən nə deyər, Gülcamal xanım?.. Vətən yolunda həlak olan yoldaşımın ailəsinə mən ehtiram göstərməsəm kim göstərəcək?.. Mənim xanımım Gülzar da xahiş elədi, getməsəniz o çox məyus olar...

İstər-istəməz razı oldum.

Süfrəyə hər cür yemək düzülmüşdü. Başqalarının çətinliklə tapdığı şeylər, elə bil burda toplanmışdı. Gözlərimlə Gülzar xanımı axtarmağa başladım: o, evdə görünmürdü.

Mən üzümü ona tutdum. Gülə-gülə nəzakətlə soruşdum:

– Bəs xanımınız hanı?

O da mənə gülə-gülə cavab verdi:

– Bu dəqiqə gələcək. Siz əyləşin, qonşuda bir az işi vardı.

Mən bu günəcən ona ürəkdən inanırdım. Birdən nədənsə qəlbimə şübhə damdı. Başımdan min cür xəyal gəldi keçdi.

O səndən söz saldı:

– Hayıf oldu. Mən onu ali məktəbdən tanıyırdım. O zaman mən tələbələr komitəsinin sədri idim. Aslan ən yaxşı tələbələrdən sayılırdı. Odur ki, sizə daima hörmət eləmək mənim vicdani borcumdur. Xalqın mərd oğullarına xüsusi qayğı lazımdır. Mən partiyanın əsgəriyəm. Bilirsinizmi, yoldaşlıq böyük şeydir. Ancaq mən köhnə qayda ilə yoldaşlıq eləmək tərəfdarı deyiləm. Əlbəttə bizdə xüsusi dostluq ola bilməz. Xüsusiyyətçi adamların dostluğu bizə heç bir zaman əl verməz.

Xülasə, deyəsən o məni qonaqlığa deyil, yoldaşlıq barədə əvvəlcədən hazırlanmış uzun bir mühazirəyə çağırmışdı.

Mən yenə səbir edə bilmədim:

– Bəs xanımınız nə yaman gec gəldi? – deyə xəbər aldım.

– Qonşudadır. Bu saat gələcək. Biz onu gözləməyib, başlaya bilərik... – dedi.

– Yox, nə üçün?.. Evin xanımı olmayan yerdə mən çörək yemərəm, – dedim.

– O da sizin bacınız... Hər gün ona deyirəm ki, “Gülcamalla dost ol”, bu rayondakıların hamısı çox geridə qalmış, qeyri mədəni adamlardır. Xalqımızı belə görəndə ürəyimdən od qalxır. Yanıram, yanıram, su içməkdən də lap təngə gəlirəm. Nə edəsən? Xalq üçün can yandırmasan, partiyanın necə əsgəri ola bilərsən?

Onun bu sözləri əlbəttə mənim xoşuma gəlmədi. Rayonumuzdakı adamları qeyri mədəni adlandıranda mənə çox toxundu. Müəllim yoldaşlarımı, tələbələrimi, şəhərimizin yüzlərlə ziyalılarını təhqir edərkən, onun nə məqsəd izlədiyini başa düşürdüm. O, mənim nəzərimdə yalnız özünü mədəni, alicənab göstərmək istəyirdi. Daha bilmirdi ki, mən onun düşündüyü qədər də sadəlövh deyiləm. O, süfrəyə yanaşdı. Bir qədəh götürüb qabağıma qoydu.

– Yaxşı deyil, səbir edin, – dedim, – xanımınızı gözləyək.

– Nə fərqi var ki? O da gəlib öz payını yeyər...

– Yox, yox, gözləyək, – dedim.

Nə qədər israr etdimsə olmadı. Qədəhimi doldurdu.

– Mən içmirəm. Zəhmət çəkməyin! – dedim.

– O nə üçün?

– Heç dilimə də dəyməyib.

O, qədəhini qaldırdı. Mənə yaxınlaşdı. Doğrusu bu an şübhələrim daha da artdı. O, qədəhini mənim qabağımdakı qədəhə vurdu.

– Gürcülərdə çox gözəl bir adət var, – mən özüm uşaqlıqdan internasionalist olduğum üçün başqa xalqların adətlərini də sevirəm. Gürcülər hər zaman vəfat etmiş əziz adamlarının xatirəsini yad etmək üçün, onların şərəfinə tost deyərlər. Bizim Aslan vətən yolunda canını qurban verdi. Birinci qədəhimizi Aslanın şərəfinə...

Mən dəli kimi ayağa qalxdım. Səni ölənlərin cərgəsinə yazan belə bir insan, mənə qızıl xəzinəsi bağışlasaydı da, mən ona yalnız nifrət edə bilərdim. O, məni elə bil dəhşətli yuxudan ayıltdı. Aclığım da, susuzluğum da yadımdan çıxdı. Ürəyim şiddətlə döyündü. Otaq başıma hərləndi. Gözlərimə qaranlıq çökdü. Elə bil kim isə qulağıma pıçıldadı: “Aldanma! Onun arvadı gəlməyəcək. O səni tora salmaq istəyir”.

Qapıya sarı yönəldim. Açmaq istədim. Mümkün olmadı. Qapı bağlı idi. Açarı da üstündə deyildi.

– Açın! – dedim.

O gülümsündü. Mənə yanaşdı. Qolumdan tutdu. Mən sərt bir hərəkətlə ondan aralandım. – Toxunmayın mənə!.. – dedim. – Açın qapını!..

O açmadı. Mən elə qışqırdım ki, pəncərənin şüşələri səsləndi.

– Açın!.. – dedim.

O yenə də nəzakətlə mənə yanaşdı.

– Acıqlanmayın, Gülcamal xanım, – dedi, – mən aylardan bəri, lap rayona gəldiyiniz gündən, o qara gözlərinizin həsrətindən od tutub yanıram. İnsafınız yoxdurmu? Mən hələ yerli-dibli evlənməmişəm. Mən sizin məhəbbətinizlə yaşayıram. Bu sözləri eşidəndə elə bil başıma bir qazan qaynar su töküldü. O isə yenə deməyə başladı: – Belə namuslu bir qadın, mənim kimi namuslu bir kişiyə layiqdir. Görürsünüz ki, mən özümü necə yaxşı aparıram?.. Heç ömrümdə başqa bir qadına gözümün ucu ilə də baxmaram. Siz nə üçün yaşamaq istəmirsiniz?..

Ürəyimin guppultusunu özüm də aydın eşidirdim.

– Açın, – dedim, – sonra axırı pis olar.

O, yenə qapını açmadı.

– Ölümə razı olaram burda oturmaram, – dedim.

– Nə üçün?

– Hələ bir soruşursunuz da...

O, birdən yumşaldı.

– Gülcamal xanım, – dedi, – mən sizə güldən ağır nə dedim ki?

– Rica edirəm, açın qapını!

O, məndən aralandı. Açarı gətirdi.

– Yaxşı, siz deyən kimi olsun, – deyib məni yola saldı.

Evə qayıtdım. Səhərə kimi ağladım.

Bu əhvalatdan bir gün sonra uşaqları evdə tək-tənha qoyub məni həbsxanaya apardılar. Məni gecəyarısı həbsə aparan adam xəbər verdi ki:

– Başqa yerə sürgün olunacaqsan!..

– Niyə? Nə üçün?

– Məlumdur, nə üçün. Aslan nemeslər tərəfə keçib...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов