Üçüncü fəsil
Страница 3 из 8 · 25%
Usta Ramazanla bərabər sahildən aralanmış Cəmil:
– Tahir, bəri gəl, ondan sənə yar olmaz!.. – deyə zarafat elədi və öz sözündən xoşlanaraq hırıltı ilə güldü. Onun bu hərəkəti Tahiri lap haldan çıxartdı. O, səksənmiş kimi tez dönüb Cəmilə baxdı və sərt addımlarla ona yanaşdı:
– Nə üçün olmaz? – Tahirin tutqunlaşmış səsi titrəyərək, onun pərtliyini büruzə verdi.
– Niyə acığın tutur, balam? Üzünə gülür, dalda səni ələ salır. Elə bir nişanlısı var ki, sən onun heç əlinə su tökməyə layiq deyilsən.
Tahiri fikir götürdü: “Kişinin oğlu düz deyir də, Lətifə acıqlanıb getdi. Məndən üz döndərdi. O, indiyəcən xətrimə dəyməmək üçün üzümə gülürmüş. Zərrə qədər də mənə könlü yox imiş” deyə düşünəndə, onun sifəti bulud kimi qaraldı:
– Olsun! – deyə ucadan səsləndi və hirsindən gözləri parıldadı.
Usta Ramazan Tahirlə Cəmilin bir-birilə nə üçün acıqlı danışdıqlarını bilib ayaq saxladı:
– Tahir oğlum, – belə getsə işini korlarsan. Hara tələsirsən? Sən ki hələ uşaqsan...
Ümumi yaşayış evinə çatanda, yoldaşlarından biri ona məktub gəldiyini xəbər verdi. Tahir çarpayısının üstünə qoyulmuş zərfi açıb oxudu:
“Əzizim oğul! Sən gedəli ürəyim yaralı quş kimi çırpınır. Hər gecə yuxumda hey səni görürəm. Görürəm ki, dəryada üzürsən. Allah eləməmiş, birdən ehtiyatsızlıq edərsən, başına bir iş gələr. Dilim qurusun, ay oğul, mən nə deyirəm? Niyə getməyinə razı oldum? Qızıl inəyi sağanda elə gəlib durursan gözümün qabağında.
Əzizim balabanı,
Asta çal balabanı,
Hamının balası gəldi,
Bəs mənim balam hanı?
Gözümün işığı! İstəyirəm yollara çıxam, gəlib-gedəndən səni soruşam. Ananı niyə yadından çıxardın? Səndən başqa pənahım yoxdur, elə bir əl boyda kağız yollasan bəsdir. Sən ki, bilirsən, bu dünyada səndən başqa mənim heç kəsim yoxdur. Soruşsan kolxozda nə var nə yox? Sağlıq-salamatdıqdır, oğlum. Əmin uşaqları davadan qayıtdılar. Hamısı səni soruşurdu. Yerini dedim, kağız yazsınlar. Qohum-qardaşın sənə salamı var.
Sənin dərdindən ölən anan Gülsənəm”
Tahirin ürəyində qəribə bir həsrət baş qaldırdı: ana həsrəti! Hər şey onun yadından çıxdı, Bakını da, arzu və xəyallarını da, Lətifəni də unutdu. Ananın məktubunu bir də oxudu.
Sonra paltarını soyunmağa başladı.
3
Tahir çarpayısında çoxdan uzanmışdısa da, yata bilmirdi. Əllərini boynunun ardında çarpazlayıb gözlərini otağın tavanına zilləmişdi. İçəri səssizdi. Amma Tahirin pəncərəsinin eşik tərəfindən sallanmış uzun sarmaşıqlar arasında civildəşən boz sərçələrin səsini aydın eşidirdi. Elə bil onun yatmağına da bu civilti mane olurdu.
Tahirlə bir vaxtda soyunub yerinə girmiş Cəmil isə çoxdan yatmışdı. Kim bilir, bəlkə də Tahirə belə görünürdü? Onun Lətifəyə dair dəniz sahilində zarafat tərzilə dediyi sözlər Tahirin könlünə toxunduğu üçün, ta indiyə qədər Cəmillə bir kəlmə də danışmamışdı.
– Olsun! – deyə Tahir pıçıldadı, anasının məktubunu bir də açıb oxudu, sonra qatlayıb zərfə qoydu, yerindən səssizcə qalxdı, hər an ehtiyatla ətrafına baxaraq paltarını geyindi. İş paltarını səliqə ilə büküb çarpayısının başından asdı. Diqqətlə Cəmilə nəzər salaraq, onun bərk yatdığını yəqin etdikdən sonra ayaqlarının ucunda yeriyib çarpayısının aşağısındakı tumboçkanı açdı, oradan heybəsini çıxardı. Sonra yastığının altından yun şərfini götürüb heybəyə qoydu. Pərakəndə halda pəncərənin qabağına tökülmüş kitablarını da götürüb heybənin o biri gözünə doldurdu. Oranı-buranı axtardı. Uzunboğaz çəkmələrini qəzetə bükmək istərkən, xışıltı Cəmili oyatmasın deyə qəzeti bir tərəfə atdı, çəkmələrini də elə tozlu-tozlu heybəyə basdı. yenə diqqətlə Cəmilin üzünə baxdı. Bu dəmdə onun üzündə çətinliklə sezilən istehzalı bir təbəssüm oxuyub, bir an duruxdu: “Bəlkə yatmayıb?” deyə şübhəli-şübhəli özü-özündən soruşdu. Nəfəsini belə çəkmədən yenə gözlədi. O istehzalı təbəssüm Cəmilin dodaqlarını, sonra da yanaqlarını bürüdü. “Yatmır” deyə düşündü, iki-üç dəfə qəsdən öskürdü. Yox, Cəmil gözlərini açmadı. Demək, Tahirə belə görünürmüş...
Pırıldaşaraq uçuşan sərçələrin səsi Tahiri səksəndirdi.
– Cəhənnəmə ki! – deyə o, sazını qoltuğuna vurdu, heybəsini çiynindən asaraq dırmaqlarının ucunda, səssizcə addımlarla yeriyib qapını açdı və çiyni üzərindən geriyə baxaraq otaqdan çıxdı.
Cəmil, üstündəki adyalı kənara atıb ayağa qalxdı, tez-tələsik paltarını geyindi və bir baş usta Ramazanın evinə yüyürdü.
Qoca birmərtəbəli evinin qabağında, yarım metr hündürlüyündə ağac məhəccərlə əhatə edilmiş bağçada susəpənlə güllərə, çiçəklərə su verirdi. Bağçanın ortasında tək bir püstə ağacı vardı. Ağacın dövrəsində bir lək pomidor, iki-üç lək də tərxun, soğan və noxud əkmişdi. Məhəccər boyu, dairə şəklində balaca bostan dövrəsini bürümüş gülçiçək elə uzaqdan da qızarırdı. Usta Ramazan əyilib-qalxır, hər gülün, hər çiçəyin üstünə qonmuş tozu təmizləmək üçün suyu yuxarıdan seyrək yağış kimi yağdırırdı.
Usta susəpəni yerə qoyub sıx düşmüş güllərdən bir neçəsini qopardı, balaca bir dəstə düzəltdi və doğrulanda, tövşüyə-tövşüyə gələn Cəmili gördü, tələsik də soruşdu:
– Hə xeyir ola, Cəmil, nə əcəb, sənsən?!
Cəmil məhəccərin eşik tərəfində dayanaraq, nəfəsini dərməmiş:
– Tahir gedir, usta... – dedi.
– Hara?
– Yəqin kəndə gedir də...
– Bəs niyə buraxırdın?
– Mənimlə arası dəyib. Əslinə baxsan elə bir söz də demədim. Zarafata dözümü yox imiş.
Usta Ramazan susəpəni götürüb bağçadan çıxdı və Cəmilə yaxın gəldi. Təəccüblə parıldayan xırdaca gözlərini bir neçə an onun üzündə gəzdirdi:
– Bəlkə məndən inciyib? – dedi və bir xeyli sükuta qərq olub, gah Cəmilə, gah da yerə baxdı, udquna-udquna başını tərpətdi. – Ha fikirləşirəm, elə pis söz dediyim yadıma gəlmir.
Cəmil, ağır günah işləmiş bir adam kimi, məyus-məyus dedi:
– Yox, usta, bilirəm ki, məndən inciyib...
– Vağzala getdi?
– Yəqin ki.
– Yaxşı, bir tədbir tökərik. – Qoca usta fikirli-fikirli, beş-altı pilləli daş pilləkənlə qalxıb şüşəbəndli balkona çıxdı və divardan asılmış telefonla kimə isə zəng etdi. Sonra içəri girib papağını başına qoydu, əlindəki gül dəstəsini yemək stolunun üstünə atdı və tələsik addımlarla geri qayıdıb, yenə həmin yerdə durmuş Cəmilə:
– Oğlum, sən get dincəl, – dedi və özü asfaltlı küçəyə çıxdı.
Cəmil isə bu xəbəri vaxtında ustaya yetirdiyi üçün özündən razı qalıb, sevinə-sevinə gəldiyi yolla da geri qayıtdı.
Beş dəqiqə belə keçməmiş asfaltlı yolda abı rəngə boyanmış M-1 maşını göründü və o, şütüyərək gəlib ustanın qabağında dayandı.
– Hara belə usta? – deyə Qüdrət İsmayılzadənin qarayanız, arıq və cavan şoferi maşının açıq pəncərəsindən baxıb soruşdu:
Qoca usta könülsüz bir tərzdə ona baxıb, cəld maşına mindi:
– Vağzala sür! – dedi – Orada bilərsən.
Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək, vağzala istiqamət aldı. O, Ramazanın evinə İsmayılzadəni çox gətirdiyindən, ustanın özünü də, arvadı Nisa qarını da, müharibənin ilk günlərindən cəbhəyə getmiş oğlanlarını da yaxşı tanıyırdı. O da, İsmayılzadə kimi, bu evə məhrəmdi. Qocanı belə qəmgin halda gördüyü andan, kimi isə yola salmağa getdiyini ancaq o adamın səfərindən narazı olduğunu düşünürdü. Bir azdan sonra isə fikrinə ayrı şey gəldi: Xeyir ola, usta, bəlkə oğlanlarından bir xəbər var?
Bu sualı eşidəndə elə bil Ramazanın yaralı bir yerinə toxundular. Usta, sərt bir nəzərlə şoferə baxdı. Ancaq oğlanın mehriban və səmimi baxışlarından bu sözü pis məqsədlə deyil, xeyirxahlıqla dediyini hiss etdikdə, dilinin ucuna gəlmiş acı sözü uddu və onun gözləri doldu:
– Məndə o bəxt hanı? – deyə yerində büzüşüb fikrə getdi.
Şofer ona təsəlli verməyə başladı:
– Qəm yemə, usta, mən də qardaşımdan əlimi üzmüşdüm. Dünən kağızı gəldi. Sağ-salamatdır. Sən demə partizan olubmuş. Fransa kommunistlərinin dəstəsində imiş. Əsirlikdən qaçıb, düz iki il vuruşub...
– Təki mənimkilər də elə olsun...
– Qara xəbərləri gəlməyibsə, qayıdarlar, usta. Qardaşım yazır ki, bizdən əsir düşənlərin çoxu qaçıb partizanlara qoşulub... Özü də yaralanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır.
– Təki olsun, təki olsun, – deyə qoca öz-özünə danışır kimi, yavaş səslə pıçıldadı. – Salamat olsalar, gərək hesabla bu yaxında gələlər.
– Əlbəttə, əlbəttə! – Şofer bu anda yan tərəfdən qanunsuz çıxan yük maşınına toxunmamaq üçün cəld bir hərəkətlə maşını saxladı. – Dava da belədir, bir az ehtiyatı əldən versən, özün də güdaza gedərsən, yoldaşını da bada verərsən. Eyy, keflisən? – deyə pırtlaşıq saçları alnına tökülmüş mis rəngli şoferin üstünə qışqırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Üçüncü şəkilŞamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*
Dördüncü şəkilÇar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.*Dmitri** (*kimi isə görərək*)
Стихи других поэтов
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Nəbi XəzriyəHəyətdə sızlayır Eldar şamları,Dinləyəni kimdi, anlayanı kim...
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni