Üçüncü fəsil
Страница 4 из 8 · 38%
– Dünyanın işini bilmək olmaz, oğlum. – Qoca, köyrək səsinin titrədiyini duyub susdu və yalnız sonradan-sonraya əlavə etdi. – Məsəl var, sən saydığını say, gör fələk nə sayır... Təki sən deyən olsun.
Oğlanın fikri hələ də yük maşınında olduğu üçün, ustanın dediyini yaxşı eşidə bilmədi.
– Nə buyurdun usta?
Qoca, nəmli gözlərini irəliyə zilləyib dərindən köksünü ötürdü:
– Deyirəm ki, Allah ağzından eşitsin. Hələ mən onlardan əlimi üzməmişəm. Hesabla gərək sağ-salamat qayıtsınlar. Bu illərdə az əmək çəkməmişəm. Gecəli-gündüzlü buruqlardan ayrılmırdım. Deyirdim ki, əsgərlərimiz yanacaqdan korluq çəkməsinlər. Doğrudur çox qocalmışam, amma cavanlardan geri qalmıram. Pensiyadan işə qayıdanda mənim arzum bu idi ki, ölkəmiz davadan üzüqara çıxmasın. Sağ olsunlar, bütün dünyanın qabağında üzümüzü ağ elədilər. Çəkdiyim zəhmətə heyfsilənmirəm. Bircə uşaqlar da gəlib çıxsaydılar, ayrı dərdim olmazdı.
Şofer maşını yavaşıtdı və azca sağa tərəf çevirib qabağı izdihamla dolmuş vağzala sürdü, sonra qoca ustaya yenə təsəlli verdi:
– Gələrlər, gələrlər, Ramazan dayı. Axı heç demirsən vağzala niyə gəldin?
– Bu saat bilərsən. – Usta maşından düşüb, işıldayan pilləkənlə yuxarı qalxdı və Tahiri axtarmağa başladı. Ancaq sağa-sola vurnuxan adamlar içərisində onu tapmadığı üçün, qapıda durmuş qadına yanaşıb Bakı – Tbilisi qatarının yola düşdüyü vaxtı soruşdu.
Qadın, nizamı pozan adamlara qışqırmaqdan tutulmuş səsilə cavab verdi:
– On dəqiqədən sonra.
Usta çevik addımlarla perrona çıxdı. Birinci yolda dayanmış qatara yan aldı. Pəncərədən başını çıxardıb yaxın adamları ilə ucadan söhbət edənlərə, biletini konduktora göstərib içəri girənlərə, əlindəki iri çamadanını sürüyə-sürüyə öz vaqonunu axtaranlara baxabaxa o başa-bu başa gedib-gəldi. Ancaq Tahiri yenə tapa bilməyib kor-peşman qayıtdı, vağzalın çıxış yolunda dayandı və Tahirdən əlini üzüb tamam məyus oldu. “Vaqonları gəzsəm, qorxuram məndən sonra gəlib keçə, görmərəm” deyə düşünüb, buradaca gözləməyi qərara aldı. yenə də qapıda durmuş qadından soruşdu:
– Vaxtına çoxmu qalıb?
– Vətəndaş bir dəfə dedim ki!..
Usta, uzaqdan-uzağa vaqonların pəncərəsindən içəri boylandı. Dördüncü vaqonda, açıq pəncərədən başını çıxarmış bir oğlanı Tahirə oxşadıb, sevincək halda ona tərəf yeridi, ancaq yaxına gəldikdə, Tahir olmadığını görüb, daha da qanı qaraldı.
Bu anda İsmayılzadənin şoferi də perrona çıxıb, ustaya yanaşdı:
– Nə oldu? Gəlməyib?
– Yox.
– Axı kimdir, bəlkə çıxıb-gedib?
– Yox, hələ get...
Ustanın sözü ağzında yarımçıq qaldı. Qoltuğunda göy torbalı saz, çiynində bəzəkli heybə perrona yönələn Tahir göründü. O, Ramazanın böyründən sürətlə vaqonların birinə sarı yüyürəndə, usta onu çağırdı:
– Tahir!
Tahir dönüb baxan dəqiqə yerində donub qaldı. Usta onunla üz-üzə gələndə, Tahir təəccübdən böyümüş gözlərini ona zilləyərək, udquna-udquna soruşdu:
– Kimi qarşılayırsan, usta?
– Heç kimi. Gəldim ki, səni yola salım. Sən vəfasızsan, mənə nə olub?
– Bunu sənə kim xəbər verdi?
– Dünya xali deyil, bala, dünyada yaxşı adamlar da var...
Usta Ramazan mənalı-mənalı başını tərpədib dodaqaltı güldü.
3
Ramazan, yarım saat bundan əvvəl bağçasından dərdiyi gül-çiçək dəstəsilə içəri girəndə, arvadı Nisa qarı onun nə üçünsə həyəcanlandığını hiss edib, səbəbini soruşdusa da, tez-tələsik ayaqqabısını geyinən və hətta əlində tutduğu gül dəstəsini stolun üstünə atan qocadan heç bir cavab ala bilmədi, onun içəri girdiyi kimi də tez çıxıb getdiyini görəndə, pəncərədən dinməz-söyləməz onun dalınca baxdı. Gözləri bağçanın qırağında dayanmış Cəmilə sataşanda, “yəqin buruqda bir şey olub” deyə düşünərək sakit oldusa da, bir neçə an sonra ərinin nə üçün məhz belə tələsik getdiyinin səbəbini fikirləşəndə, ürəyinə uğursuz bir şübhə damdı. Ona elə gəldi ki, buruqda adi bir hadisə yox, nə isə müdhiş bir fəlakət üz vermiş, bu səbəbdən də qoca özünü tamam itirib, bağçadan gətirdiyi gül dəstəsini həmişəki kimi yemək stolunun üstündə duran gülqabına qoymağı belə unutmuşdu.
Ramazanı aparmağa gələn abı maşın gözünə dəyəndə, Nisanın həyəcanı daha da artdı: “Görünür yanğın olub” deyə xəyalından keçirdi, gülləri astaca götürüb gülqabına qoydu, ayağındakı çəkələkləri sürüyə-sürüyə həyətə çıxdı, evin qabağındakı dəyirmi hovuzun daşı üzərinə qalxdı və oradan aydın görünən dəniz buruqlarına tərəf baxdı. Yox, yanğın olmamışdı. Sahilə doğru uzanan yollarda da M-1 maşını görünmürdü. Deməli, Ramazan ora getməmişdi. Bəs bu necə işdi? Əgər onu İsmayılzadə çağırmışdısa da, beş addımlıq yol üçün maşın nəyə lazımdır? Bəlkə uşaqlardan bir xəbər vardı?
Nisa, oğlanlarını cəbhəyə yola saldığı gündən Ramazanın hər addımına göz qoyurdu. Nəyi isə ondan gizlətdiyini, evə də yalnız işi çox olduğu üçün yox, məhz bu barədə Nisanın suallarına cavab verməkdən yaxasını kənara çəkmək üçün belə gec-gec gəldiyini düşünürdü. Nisanın fikrincə o, çox vaxt gecələrini buruqda keçirməklə, özünün də dərdini unutmaq istəyirdi. Üzdən təmkinli və sarsılmaz görünən Ramazanın, əslində necə köyrək və zərif qəlbli bir insan olduğunu Nisa hamıdan gözəl bilirdi. Bəzən gücdən düşüb yerinə uzanan qoca, səhərədək sağa-sola çevrilir, narahat yuxuda Nisanın o qədər də aydın başa düşmədiyi neft istilahlarını və tez-tez də oğlanlarının adını təkrar edirdi. Ramazan, partiya işində çalışan kiçik oğlu Paşanı, ali məktəbdə riyaziyyat dərsi deyən böyük oğlu Əhməddən çox istəyirdi. Ancaq bunu bir Nisa, bir də Ramazan özü bilirdi. Gecələr sayıqlayanda, Paşanın adını daha çox çəkən Ramazandan, gecə röyada nə gördüyünü həyəcanlı bir ürək döyüntüsü ilə dalbadal soruşan Nisaya bircə kəlmə ilə cavab verərdi:
– Xeyirdir.
Bu təsəlli ana qəlbini azacıq sakit etsə də, o, evdə yalqız qalanda, xüsusən müharibə günlərinin qaranlıq və səksəkəli gecələrində dərdini ürəyinə salıb səssizcə ağlardı.
İndi isə, hovuzun daşı üzərinə qalxıb yollardan gözünü çəkməyən qarı, yenə də oğlanlarını xatırlayıb, köksünü ötürə-ötürə evinə qayıtdı: “Allah kərimdir” deyə öz-özünə təsəlli verdi, pəncərədən eşiyə boylanmaqdan yorulub mətbəxə keçdi, nahar üçün hazırladığı bozbaşı pilətənin üstündən götürüb kənara qoydu. Kim bilir, əri neçə saatdan sonra qayıdacaqdı? Bəlkə bu gün o heç qayıtmadı? Bu dünyada Ramazan kimi son illərini, bəlkə də son aylarını yaşayan bir qocadan başqa kimsəsi olmadığını etiraf etmək Nisaya ağır gəldi. Məşəqqətli keçən həyatını oğlanlarının gözü qabağında başa vurmaq, son nəfəsində onlara xeyir-dua vermək Nisanın ən böyük arzusu idi. O, gəncliyini məhrumiyyətlər içərisində yaşamış olsa da, hər növ çətinliyə dözüb oğlanlarını boya-başa çatdırmışdı. Onun dərdli sinəsində ana qürurı adlanan ülvi bir qüvvət çırpınırdı. Bu qürur ona, uzun illər boyu çəkdiyi ən ağır iztirabları belə unutdurmuşdu. Əgər o, Paşa ilə Əhməd kimi savadlı olsaydı, öz ana məhəbbətini bu sözlərlə ifadə edərdi: “Sizin səadətiniz üçün mənim tez ölməyim lazımsa, həyatla vidalaşanda bir dəfə də uf demərəm. Ancaq nə etməli ki, mən sizin müharibə alovlarından sağ-salamat qurtulmağınıza əmin deyiləm. Gözləyirəmsə, bu da sizi xoşbəxt görüb, ürək rahatlığı ilə ölməyim üçündür”.
Lakin indi Paşanı, Əhmədi görmədən ölmək, onların gələcək xoşbəxtliklərinə əmin olmadan dünyanı tərk edib getmək doğrudan da ağır idi. Oğlanlarının hər ikisi evlənmişdisə də, hələ heç birinin övladı yox idi. Onların arvadları indi də ərlərinin yolunu gözləyirdilər. Nisa gəlinləri ilə, gəlinləri də Nisa ilə tez-tez görüşürdülər. Qarı hər ikisinə eyni gözlə baxır, birinə hədiyyə alanda, o birini yaddan çıxarmırdı. Gəlinlər müharibədən əvvəl də, indi də müəllimlik edirdilər. Nisa, təkcə oğlanlarının deyil, gəlinlərinin də taleyini düşünürdü.
Budur, məğribdə də, məşriqdə də müharibə qurtardı, amma nə Paşadan, nə də Əhməddən bir xəbər var.
Ramazan Tahirlə bərabər vağzaldan qayıdıb gələndə, Nisa qəmli düşüncələrdən ayrıldı:
– Bu nə idi, ay kişi? – dedi. – Lap ürəyimi yedim ki... Hara gedirdin?
Usta gülümsəyib yarı zarafat, yarı ciddi bir oda ilə cavab verdi:
– Tahiri yola salmağa getmişdim, – deyə ardınca gəlib qapıda dayanmış və utandığından içəri girmək istəməyən Tahirə üz tutdu. – Bəri gəl, oğlum, bəri gəl!..
Tahir sazını və heybəsini şüşəbəndli balkonun qapısı ağzında qoydu və başı sinəsinə enmiş halda, elə bil qorxa-qorxa yavaşca və səssiz addımlarla içəri girdi. Təəccüblə üzünə baxan Nisa qarının yanından ötüb (ona salam verməyi də unudaraq) ustanın göstərdiyi kürsüdə oturdu.
– Otur, bala otur! – qoca, Nisaya tərəf döndü: – Tahir dediyim oğlan budur arvad, Bakıda qəribsəyib. Kəndə getmək istəyirdi, qatara gecikdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Üçüncü şəkilŞamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*
Dördüncü şəkilÇar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.*Dmitri** (*kimi isə görərək*)
Стихи других поэтов
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Nəbi XəzriyəHəyətdə sızlayır Eldar şamları,Dinləyəni kimdi, anlayanı kim...
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni