Hər kəs desə “allah yoxdur” – bil ki, yalan deyir. Axı insanın ağlı var; bəs bu dünyanı kim yaradıb?

Hələ dəlili-əqli kənarda qalsın: bəs yüz iyirmi dörd min peyğəmbərə nə deyirsən ki, bunlar hamısı bir-birinin dalıyca Allahın varlığını təsdiq ediblər?

Mən ki, öz tərəfimdən Allahın da varlığına etiqad edirəm, Nuxada Molla əminin yazılarını təkzib edən komisyonun da varlığına etiqad edirəm, necə orada da və burada da peyğəmbərlər tərəfindən mütəvatir rəvayətlər sadir olubdur.

Allahın varlığına hər qədəmdə min şəhadət tapmaq olar: götürək, məsələn, xüsusi alverçilərin əhvalatını. Bir vaxt var idi, ağzıqəşənglər camaatı az qalmışdı inandırsınlar ki, bu kooperativlər ki, hər küçə və bazarda göbələk kimi baş qaldırıb, xüsusi alverçilərin evini yıxacaqdır. Bəs necə oldu? Qurban olum Allaha, kim deyir ki, Allah yoxdur? Doğrudan da əgər kooperativlər düzlüklə, qayda ilə və Lenin göstərdiyi üsul ilə başlayalar camaata malı öz qiymətinə satmağa, onda daha xüsusi alverçilər başlarına haranın daşını salsınlar?

Və axırda elə də oldu: az qalmışdı ki, kəblə baqqallar və Hacı əttarlar ev-eşiklərini satıb-sovub, Marağaya və Həmədana qaçsınlar.

Ax, fəda olum sənə, ey gözə görünməyən pərvərdigar! Di gəl, dəxi niyə durmusan? Məgər görmürsən ki, əli-dəstəmazlı tacirlərin dəxi malı birə-on satmağa həsrət qalıblar!!!

Burada xəllaqi-aləmdən hökm olundu ki, girvənkə daşlarından savayı “kilo” və “qram” daşları da icad olunsun.

Vacibəl-vücudun həmin hikmətli fərmanı icra olunan gündən, xah böyük şəhərlərdə, xüsusən, kiçik şəhərlərdə, qəsəbə və kəndlərdə xüsusi alverçilərin dükanları başladı hər cür və hər qism çəki daşı ilə dolmağa: köhnə girvənkə, təzə kilo, qulplu daş, qulpsuz daş, ağ daş, qara daş, balaca və böyük daş...

Qoca nənəm həmişə bizə deyərdi: Ay bala, özgənin bədbəxtliyinə heç vaxt gülməyiniz; yoxsa sizin də başınıza gələr.

Biz də o qədər İranın qulpsuz və peçatsız qara daşlarına güldük ki, axırda öz başımıza gəldi; belə ki, bu saat şəhərlərdə və xüsusən kəndlərdə, nəinki kəndlilərin, bəlkə dünyagörmüş şəhərlilərin bu kilo və girvənkə daşlarından başı çıxmır.

– Mənə bir girvənkə qənd ver!

Burada iş qalıb dükançının insafına: hər nə daş qoysa, qoyacaq; çünki bilmirsən kilo nədir, girvənkə nədir, qram nədir.

Hamısından yaxşısını bircə Allah-taala bilər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 8 sentyabr 1927, №37

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!

Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.

1 мин
Həmidə! (10 noyabr 1930)

Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil

1 мин
Uzaq Kislovodskdən mehriban Həmidəyə! (Kislovodsk, 10.12.1930)

4 dekabr (1930)*Uzaq Kislovodskdən mehriban Həmidəyə salam göndərir və ona xeyir-dua eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim olmuşlar. Fevrala qədər birtəhər səbr elə, sənin üçün birtəhər Bakıya yola düşmək mənə dərd olub. Bilmirəm buna necə dözəcəyəm. Hələlik, sağ ol.

1 мин
Mənim əzizlərim Həmidə, Münəvvər və Müzəffər! (Kislovodsk, 20 dekabr 1930)

Məktubunuzu aldım, çox sağ olun. Noyabrın 18-də beynimin qan damarları tutuldu. Sol əlim və qıçlarım zəiflədi. Midhət bir neçə həkim və o cümlədən professor Amosovu çağırıb məni göstərdi. Midhət məni buraya qucağında gətirdi. İndi istirahət edirəm, sonra müalicə olunacağam. Evdə Midhət, Ənvər və Polina Afanasyevna növbə ilə yanımda oturub mənə baxırdılar. Tez-tez mənə məktub göndərib təzə xəbərlərdən yazın; ancaq siyasətdən yazmayın. Səhhətim artıq korlanmışdır.Həmidə, qoy Midhət sənin üçün Bakıda otaq tapsın və ora köç. Curnal bağlanarsa, yenə də bizim yanımıza köçüb, uşaqlarla birgə yaşarsan.

1 мин

Стихи других поэтов · Сатира