Страница 1 из 4

-Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi: bir tərəfdə böyük yazı stolu, üstündə qırmızı mahutdan örtük, yanında neçə dənə sandalya, kitab şkafı, stolun üstündə və şkafın içində kitablar. Stolun üstündə telefon, mürəkkəb qabı, qələmlər, kağızlar və qeyri yazı əşyası. Bu--Rüstəm bəyin yazı stolu. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. Bura Səməd Vahidin yeri. Bir tərəfdə qoyulub sandıq, içində və üstündə yekə və qara cildli köhnə müsəlman kitabları. Sandığın yanında döşək. Bu da Mirzə Məhəmmədəlinin yeri. Divarlarda çaharcubələr, içində şəkillər. Pərdə qalxan vaxt otaqda oturub tək R ü s t ə m b ə y öz yerində; gözlərində çeşmək, oxuyub yazmağa məşğuldur. Bir qədər sükutdan sonra içəri qapı açılır və Z ə h r a b ə y i m i n başı görsənir və yenə yox olur. Bir qədər keçəndən sonra yenə Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.*

Z ə h r a b ə y i m. Bala, görəsən niyə uşaqlar yubandılar?

R ü s t ə m b ə y (başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma, lüğət yazıram.

-Z ə h r a b ə y i m dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. İçəri otaqda uşaq ağlayır. Rüstəm bəy qələm əlində tez durur ayağa və haman qapıya yavıqlaşıb deyir:*

R ü s t ə m b ə y. Ay uşaq səs eləməyin, mən lüğət yazıram. (Rüstəm bəy qayıdıb oturur və yenə yazıb oxumağa cumur; yenə bir dəqiqə keçir, çöl qapını taqqıldadırlar).

R ü s t ə m b ə y. Kimsən? Gir içəri.

-Mirzə Həsən girir içəri.*

M i r z ə H ə s ə n. Səlam əleyküm.

R ü s t ə m b ə y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın?

M i r z ə H ə s ə n. Bağışlayasınız. Rüstəm bəy, çox səy elədim, tez gələ bilmədim.

R ü s t ə m b ə y. Əyləş.

-Mirzə Həsən sandalyanı yazı stolunun yanına çəkib oturur, qələmi götürür, kağızları aralayır və yerini rahatlayandan sonra üzünü Rüstəm bəyə tutub yazmağa hazır olur.*

R ü s t ə m b ə y. Dünən harda qaldıq?

M i r z ə H ə s ə n (kağıza baxır və oxuyur). Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik.

R ü s t ə m b ə y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? Yevropa və Asiya millətlərinin?

M i r z ə H ə s ə n. Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının ….

R ü s t ə m b ə y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin.

M i r z ə H ə s ə n. Xub, cümləsinin (yazısını düzəldir), cümləsinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik….

R ü s t ə m b ə y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan əlavə xah Şərq tayfalarının bəzilərinin, habelə slavların, qreklərin….

M i r z ə H ə s ə n. Yunanların….

R ü s t ə m b ə y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvəlincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində "əlif" ləfzi. (Yenə qabaqkı kimi içəri otaqdan uşaq səsi gəlir.)

R ü s t ə m b ə y. Səs eləməyin, mən lüğət yazıram (əlində kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin "A" sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir….

M i r z ə H ə s ə n (yaza-yaza). Bəzisinin dilində….

R ü s t ə m b ə y. Bəzisinin dilində çox işlənir, bəzisinin dilində, bəzisinin dilində az işlənir.

-İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı, sinəsi və qolları açıq, qıvraq gəlir, Rüstəm bəyin yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb, qoyur qulağına və belə danışır.*

Z i v ə r x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Səlimə xanım? Salam əleyküm. Sağ ol, sağ ol. Necə? Kim? Hə, yaxşı! Gəlin bir yerdə gedək. Yaxşı, evdədi. Yaxşı, səlamət qal…. (Dəstəyi qoyur yerinə). Rüstəm, Səlimə xanımgil indi gələcəklər; gərək bu gün biletləri paylayaq, sabah da ki, bilirsən, bizdə cəmiyyəti-xeyriyyənin yığıncağıdı. Bilmirəm sənin hələ işin çoxdur?

R ü s t ə m b ə y. Mən sonra da yaza billəm. Deyirsən nə vaxt gələcəklər?

Z i v ə r x a n ı m. Yarım saata burada olallar. (Rüstəm bəy bir söz deməyib, yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir. Rüstəm bəy yenə kitaba baxa-baxa deyir).

R ü s t ə m b ə y. Yaz, Mirzə, harada qaldıq?

M i r z ə H ə s ə n. Bəli. Və lakin həmin "A" sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir.

R ü s t ə m b ə y (bir qədər fikir eləyir). Yaxşı, indi yaz: bunu da lazımdır nəzərə almaq ki, həmin "A" hərfi bəzi dillərdə qlasnı hərfidir….

M i r z ə H ə s ə n. İmla hərfidir.

R ü s t ə m b ə y. İmla hərfidir və özü də özlüyündə sloqdur.

M i r z ə H ə s ə n. Yəni "heca" demək istəyirsiniz?

R ü s t ə m b ə y. Bəli, "heca" gərək ola və lakin bəzi tayfaların dilində həmin "A" hərfi soqlasnı hərfləri cərgəsindədir.

M i r z ə H ə s ə n. Bunu "soqlasnı" əvəzinə "hürufi-samitə" yazaq.

R ü s t ə m b ə y. Məsələn, necə ki, B, D, L və qeyriləri.

-Çöl qapıdan M i r z ə M ə h ə m m ə d ə l i girir içəri, salam verib, başmaqlarını çıxardır və keçib oturur öz yerində.*

M i r z ə M ə h ə m m ə d ə l i. Dadaş, sənə mane olmuram ki?

R ü s t ə m b ə y. Əleykəssəlam, mane olmursan, keç otur.

-Mirzə Məhəmmədəli oturur öz yerində dizi üstə və kitablarını açıb baxır.*

R ü s t ə m b ə y. İndi keçək "almas" ləfzinə. Yaz, "almas", latınca "atamas", pür qiymət daşlar cərgəsində ən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş hələ bu vaxtadək dünyada tapılmayıb; bərklikdə cəvahiratın heç biri buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə dendrit, kvars, yaşma, tormalin və nə qeyriləri.

Mirzə Həsən yazır.

M i r z ə M ə h ə m m ə d ə l i (başını qalxızıb, Rüstəm bəyə tərəf deyir). Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardı ki, hər bir kəs oxuyub mənfəətbərdar olacaq. Amma mənim qanacağıma görə sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəindən əxz olunmuşdur. Belə olan surətdə siz öz əlinizlə lüğətinizin dairəsini daraldırsınız. Mənə qalarsa haman ittilaatı ki, siz o zəhmətnən cəm edirsiniz, onları Şərq və islam elmləri ilə tətbiq eləməyinizin bir eybi yoxdur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanacağıma görə, "almasdan bərk şey dünyada yoxdur" demək özü bir səhv və qələtdir. Almasdan bərk şey dünyada çoxdur.

R ü s t ə m b ə y. Məhəmmədəli, mən heç vaxt o fikirdə olmamışam ki, lüğətimi Şərq aləmindən uzaq tutum; nəinki o fikirdə olmamışam hələ bəlkə özüm sənə demişəm ki, mənim yadımda və siyahımda olmayan ləfzləri mənim yadıma sal ki, kitabımız nə qədər mümkündür, e … e … e … e….

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов