Страница 1 из 3

-Rüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər cəmiyyəti-xeyriyyə üzvləri: başdan Rüstəm bəy ki, cəmiyyəti-xeyriyyənin sədridir; onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymurbəy. Ondan savayı əyləşiblər: Mirzə Zeynal–millətpərəst, Səlimə xanım–müəllimə, Aslan bəy, İsmayıl ağa, Münəvərxanım, Səməd Vahid, Hüseyn Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda, yerdə diz üstə əyləşiblər: Mirzə Məhəmmədəli, Mirzə Bəxşəli, yanında bir məktəb şagirdi, börklü. Qapının yanında üç-dörd nəfər fəqir və qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə, camaata görükməyən yerdə, pərdə dalında Zəhrabəyim və Gülbahar oturub, məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş; sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir.*

R ü s t a m b ə y. Qospoda, zasedanie obyavlyayu otkrıtım.

M i r z ə Z e y n a l (durur ayağa və yumruğunu silkələyə-silkələyə, acıqlı). Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil.

-Camaat çəpik çalır.*

Z i v ə r x a n ı m (durur ayağa). Ne popimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeet na tom i obyasnyayetsya, çto je takoe?!

M i r z ə M ə h ə m m ə d ə l i (acıqlı). Haqq buyurur Mirzə Zeynal, islam məclisi hara, rus dili hara?!

-Qalan üzvlərdən də bəzi deyir: "eybi yoxdur"; bəzi deyir: "olmaz".*

R ü s t ə m b ə y. (zəngi çalır). Ağalar, mən təklif edirəm ki, hər kəs ki, mümkündür, müsəlmanca danışsın; çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onda dəxi çarə nədi….

M i r z ə Z e y n a l. Xeyr, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir….

M i r z ə B ə x ş ə l i (Rüstəm bəyə). Bağışlayınız, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir, dəxi bu məclisdə onun üzv olmağa nə haqqı?!

Z i v ə r x a n ı m. Qospoda, tak nelzya rassujdat, yey boqu.

M i r z ə Z e y n a l (durur ayağa və ucadan.) Biz dübarə təvəqqə edirik sədr cənablarından ki, rusca danışmağı bilmərrə qədəğən eləsin.

-Yenə səs-küy qalxır, yenə Rüstəm bəy zəngi çalır, camaat sakit olur.*

R ü s t ə m b ə y (Teymur bəyə). Xub, Teymur bəy, povestkada yazılan voprosları oxu, camaat eşitsin.

T e y m u r b ə y (papkadan bir kağız çıxardıb oxuyur). Əvvəlinci məsələ: il hesabı təsdiqi məsələsi; ikinci məsələ: məktəb proqramı barəsində; üçüncü məsələ: acların ərzi-halı barəsində; dördüncü məsələ: elmi-ilahi dərsləri barəsində,--bunlardır.

R ü s t ə m b ə y (durur ayağa). Həzərat, il hesabı barəsində keçən zasedaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktlarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik. Məsələn, biz ki, deyirik bal qonaqlığından gələcəkdə bu qədər mədaxil olacaq, əlbəttə, bu mədaxil biz yazdığmızdan ya bir qədər əskik olacaq, ya artıq olacaq və məhz bu səbəbdən smetada rədd-bədəl əmələ gəlir ki, onu toçno düz götürmək mümkün deyil. Kimin bu barədə sözü var, buyursun. Aslan bəy danışacaq.

A s l a n b ə y (durur ayağa).

-Gülbahar diqqət ilə baxır.*

Heç belə deyil; bağışlayasınız. Zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir. Amma bizim smetanın poqreşnostları o barədədir ki, biz, naprimer, təyin eləmişik aclara ildə yüz manat paylayaq; amma biz yüz manat əvəzinə paylamışıq yüz doqquz manat on dörd şahı iki qəpik.

-Camaatdan bir neçəsi gülür, bir neçəsi də çəpik çalır. Gülbahar neçə dəfə əsnəyir, bərk yuxusu gəlir; Mirzə Məhəmmədəli və Mirzə Bəxşəli başlarını bulayır.*

R ü s t ə m b ə y (zəngi çalır). Dəxi bu barədə genə söz danışan varsa, desin.

-Bir səs gəlmir.*

Xub (kağızları aralayır). İkinci məsələ məktəb proqramı barəsindədir. Məlumdur ki, keçən həftə reviziyonnaya komissiya….

M i r z ə Z e y n a l. Təftiş komissiyası.

R ü s t ə m b ə y. Keçən həftə təftiş komissiyası məktəb proqramı barəsində irad tutub ki, guya proqramlara, neçə ki, lazımdır, diqqət olunmur və dərslər bir növ süst keçir və ikinci klasda….

M i r z ə B ə x ş ə l i. İkinci sinifdə.

R ü s t ə m b ə y. İkinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətniləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərrə nəzərdən salınıb. Keçən zasedaniyada müəllim cənablarından xahiş olunub ki, bu barədə camaatın arzusuna hörmət qoyuban, məsələni mümkün dərəcədə nəzəri-diqqətə alsınlar. Hüseyn Şahid cənabları danışmaq istəyir.

H ü s e y n Ş a h i d (durur ayağa).

-Gülbahar qulaq verir.*

Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi həpimiz tanrımızın buyruğu ilə iştə göyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay cift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər! Az əvvəl alçaqca buraxıb savuşduğumuz torpaqlar yetər! Hay və ya düşmənə savaşarkən qan olaraq damarlarımızdan axıtmışız, yetər! Akıl irməz tanrı hikmətləri ilə əvət, yarın qəddar və murdar əlləri qafalarımızı ənsəmizdən kəsərək bizi vəhşət şeytanlarına qurban edəcək, zənn ediyorum, əfəndim. Yetər, az əvvəl alçaqca buraxıb sovuşduğumuz torpaqlar, yetər!

-Gülbahar və adamların çoxu əsnəyir.*

Əvət, çocuqlar, qadınlar, irkaklar, yenilər bu torpaqdan çıxıb, yavuqlusuna qovuşmuşdu. Qartlaşmış qollarını üç, beş mızraq boyu ötədəki binaların üstünə qadar salan bol kölgəli sokakların dibində gümləyən davulların səsi çocuqların düyününü bildiriyordu. Sağlam kökslərdə uyqudakı yavuzluq duyğularını qabartan bu gumbultu kəndi qılınclarımızın ərmağını xatırlatıyordu, əfəndim. Halbuki, əvət, bir takım ədəbiyyat ki, ikinci sinifdə təhsil olunmaqdadır….

İştə kələbəklər kimi qarlar düşüyor,

Sanki bir nur eniyor hər fidana,

Lakin əyləncə olurkən adana,

Yavru çocuqlar üşüyor!

Ağalar, bu deyilmi milli ədəbiyyat! Bu deyilmi milli turk lisanı!

-Səməd Vahid çəpik çalır. Qalan çamaatdan gülən də var və tək-tək çəpik çalan da var. Gülbahar mürgüləyir.*

M ə k t ə b ş a g i r d i b a ş ı n d a f ə s:

İştə kələbəklər kimi qarlar düşüyor,

Sanki bir nur eniyor hər fidana,

Lakin əyləncə olurkən adana,

Yavru çocuqlar üşüyor!

-Səməd Vahid və Hüseyn Şahid əllərini qoyurlar həmin şagirdin çiyninə. Camaatdan gülən də var, çəpik çalan da var.*

Z ə h r a b ə y i m (Gülbahara). Qızım, bu adamlar nə danışırlar?

-Gülbahar cavab vermir, çünki mürgüləyir.*

M i r z ə M ə h ə m m ə d ə l i (hirsli, camaata). A balam, hələ bizi başa salın görək, niyə çəpik çalırsınız?

R ü s t ə m b ə y (kağızları aralayır). Ağalar, qaldı iki məsələ: biri elmi-ilahi dərsləri barəsində, biri də acların ərizəsi. Elmi-ilahi barəsində uşaqların bir parasının ataları tərəfindən ərizə gəlib ki, məktəbin üçüncü sinfində müəllim cənabları--ki, ibarət olsun Mirzə Bəxşəli və mənim kiçik bəradərim Məhəmmədəlidən,--oktyabr ayında xüsuf və küsuf barəsində, yəni ayın və günün tutulmağı barəsində bir moizə başlayıblar ki, indi dörd ay olur ki, haman küsuf və xüsuf dərsləri nəinki azalmır, hələ bəlkə altı ay da bundan sonra qurtarmayacaq….

M i r z ə B ə x ş ə l i. Xeyr, ağa, elə deyil, əfv buyurasınız. İndiki dərslər məhz xüsuf barəsindədir ki, dörd aydır oxunur. O ki, qaldı küsuf dərsləri, bəli, həqdir, bir altı ay da küsuf dərsləri təhsil olunmalıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Poçt qutusu

Lənkəranda Məşədi Oruc Heydərəli oğluna:Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.

1 мин
Niyə məni döyürsünüz?

A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm.

3 мин
İran təqvimindən

Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.

1 мин
Bir para hikmətli danışıqlar

– Məşədi Pirqulu, nə qayırırsan?– Heç zad.

1 мин

Стихи других поэтов