İkinci məclis
Страница 3 из 3 · 67%
Q u r b a n. Başa düşmədik, qurbanın olum.
Z a m a n. O nə sözdü, başına dolanım?
-Camaat gülüşür.*
Q u r b a n. Həkim ağa, yaraynan sənin işin yoxdur, yaranın dilini biz özümüz bilirik. Keçən həftə qumral kərə qoyunu canavar yaralamışdı; bax, yarası belə kalafa kimi idi. Qara nöyüt sürtdük, iki gündə yaxşı oldu.
-Camaat və Gülbahar diqqət ilə qulaq asır.*
Bənöyüş qaraüzü canavar iki həftə bundan qabaq yaralanmışdı; onu da qara nöyütnən yaxşı elədik. Keçən gün Hacı Əmrahgilin sürüsündən sarı əbrəş qoyunu genə canavar dağıtmışdı; ona da qara nöyüt sürtdülər. Sənin yaraynan işin yoxdu. Bilirik, sən yaxşı həkimsən; sən bu şoqərib qızdırmaya bir dava ver, ya bizə bir məsləhətli söz de. Bir də səni and verirəm allaha, biznən elə danış ki, başa düşək; yoxsa biz çöldə böyümüş çobanıq. Sən bir dava ver, qoyun qızdırmadan ölməsin. Odu, bir ayın içində bizim sürüdən iyirmi qoyun qızdırmadan qırıldı; sarı kərə dünən bizim sürüdən qızdırıb öldü. Zamangilin sürüsündən dünən yox, irəliki gün bir qara bənöyüş, bir də sarı qaraüz azarladı və murdar oldu. (Zamana). Ədə, Zaman, niyə dinmirsən? (Aslan bəyə). Sən bu qızdırmaya bizə bir dava ver, yoxsa belə getsə, evimiz yıxılar. Sən bizə rəhm elə, biz də sənin yolunu boş qoymanıq, hərdən bir yağdan, şordan gətirrik, uşaqlar yeyər; ağ yavannıq pis deyil. Bilirəm, şəhər yeridi, qonaq-qaranız olur.
A s l a n b ə y (Rüstəm bəyə əl verib gedir və çobanlara deyir). Yaxşı, gələrsiniz retsept yazaram.
-Çobanlar məəttəl qalıb, bilmirlər nə eləsinlər. Camaat hamı başlayır gülə-gülə dağılmağa.*
(Otaqda qalır Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid. Bunlar üçü də yavıqlaşırlar Gülbaharın yanına.)
R ü s t ə m b ə y. Hı, bacım, gördün Aslan bəy nə yaxşı danışır?
-Mirzə Məhəmmədəli narazı başını bulayır.*
G ü l b a h a r. Xeyr, dadaş!
Z ə h r a b ə y i m (Gülbahara). Ay qız, Aslan bəy danışanda sən yuxulamışdın. Maşallah, yaxşı danışdı.
-Rüstəm bəy çəkilir kənara. Səməd Vahid gəlir qabağa.*
S ə m ə d V a h i d. Gülbahar, gördün Hüseyn Şahid nə gözəl əşar söylədi?
-Gülbahar bərk gülür, buna baxıb Mirzə Məhəmmədəli də gülür. Səməd Vahid də çəkilir kənara və Gülbahar gülməkdən sakit olub deyir.*
G ü l b a h a r. Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mən bir söz başa düşmədim. (Çıxır gedir içəri otağa).
R ü s t ə m b ə y (gəlib durur Zəhra bəyimin qabağında və acıqnan deyir). Ana, dəxi bundan sonra qızını kimə istəyirsən ver. Mənim dəxi işim yoxdur.
M i r z ə M ə h ə m m ə d ə l i (Rüstəm bəyə). Söz yox ki, Aslan bəy kimi əhməqlərə getməkdənsə, Gülbaharın evdə qalmağı məsləhətdir.
R ü s t ə m b ə y (çox ucadan Mirzə Məhəmmədəliyə). Axmaq-axmaq danışma!
M i r z ə M ə h ə m m ə d ə l i (bu da ucadan). Danışacağam!
S ə m ə d V a h i d (bu da ucadan). Ədəbsizlər! Əvət, ədəbsizlər!
-Üçü də bir-birinə çox hirslə baxa-baxa çıxıb gedirlər. Zəhra bəyim tez durur ayağa və oğlanlarının dalınca yalvara-yalvara.*
Z ə h r a b ə y i m. Sizə gələn qada-bala mənə gəlsin, ay balalarım, savaşmayın!
-Qoltuğundan bayazını çıxardıb, qalxızır yuxarı. Oğlanları uzaqlaşıb yox olandan sonra qayıdıb oturur yerində. Bayazını yenə qoyur qoltuq cibinə və dərin fikrə gedir.*
-P ə r d ə s a l ı n ı r.*
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-anamin-kitabi-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Lənkəranda Məşədi Oruc Heydərəli oğluna:Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.
Niyə məni döyürsünüz?A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm.
İran təqvimindənBu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.
Bir para hikmətli danışıqlar– Məşədi Pirqulu, nə qayırırsan?– Heç zad.