Birinci məclis
Страница 4 из 4 · 75%
-Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlı-acıqlı baxır bunların dalınca. Q ə n b ə r, uzun çuxalı və belində xəncər, yanında çoban Q u r b a n, girirlər içəri. Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala düyülü bir qab. İkisi də baş yendirirlər.*
R ü s t ə m b ə y. Qənbər, nə var, qoyunlar necədi?
Q ə n b ə r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın əlindən düyünçəni alıb qoyur yerə). Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şordu.
-Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur.*
Z ə h r a b ə y i m. Qənbər, niyə çoxdandı görünmürsən?
Q ə n b ə r. Xanım bəyim, vallah macalımız olmur. Qoyunun azarı başımızı bərk qatıb.
R ü s t ə m b ə y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə.
Q ə n b ə r. Baş üstə, gələrəm.
R ü s t ə m b ə y. Hə, yadıma düşdü, dəvə yunu tapşırmışdım, heç yerini eləyə bildin?
Q ə n b ə r. Ağa, axtarıram. Dəxi bizə görə qulluq?
R ü s t ə m b ə y. Gedə bilərsiniz.
-Qənbər və çobanlar çıxırlar.*
R ü s t ə m b ə y (gəlir anasının tərəfinə və gülə-gülə deyir). Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə deyirsən, ana? Bir qəribə söz de yazım.
Z ə h r a b ə y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim?
M i r z ə M ə h ə m m ə d ə l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, indi maşallah kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar russayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin).
R ü s t ə m b ə y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın goruna, məndən əl çək.
-Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.*
Z ə h r a b ə y i m (Məhəmmədəliyə). Bala, Məhəmədəli, bir dayan. Bala, bir dayan, bir getmə.
-Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmədəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna.* Səməd Vahid yazıya məşğul olduqda, içəridən uşaq ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.
S ə m ə d V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyə). Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə.
R ü s t ə m b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, mən sənin dilini qanmıram.
S ə m ə d V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur):
Ənzari-şəbabımda pədidar olan, ey zill!
Ey zilli-tüluat, oluyorsun yenə peyda!
R ü s t ə m b ə y ("eh" eləyib, çönüb gedir öz stoluna tərəf). O dili mən özüm qanıram ki, lüğətə də yazam?
S ə m ə d V a h i d (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, mən söylədiyim "Faust"dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki, bunu qanmıyorsan, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim, əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir).
-Rüstəm bəy təəccüblü baxır onun dalıyca.*
Z ə h r a b ə y i m (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan!
-Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə.*
(İndi də Z ə h r a b ə y i m bayazını buna tərəf tutub yalvarır). Rüstəm, Rüstəm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax.
R ü s t ə m b ə y (acıqlı). Eh, ana, sən allah əl çək! (Rüstəm bəy də çıxıb gedir).
-Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab. Bir qədər fikirdən sonra qayıdıb oturur yerində, kitabın bir səhifəsini açır və diqqət ilə baxır. Bir qədər baxandan sonra başlayır haman səhifəni öpməyə.*
-P ə r d ə s a l ı n ı r.*
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-anamin-kitabi-birinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Рассказал Садых-БалагурЗаписал Халил-Газетчик
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
OyanmadımDərədə yatmış idim, oyatdılar, oyanmadım,Bumuma tikanlan uzatdılar, oyanmadım,
Стихи других поэтов
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünDustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünKim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki