Bir ay bundan qabaq uşaqlarımın böyük bacısını və uşaqları götürdüm və beş-on manat “Nakladnoy rasxod” verib Bakı vağzalında iki yüz min növ cəhənnəm əzabı ilə bilet tapıb, minəkləri və minəklərimizi itələyə-itələyə vaqona oturduq. Kürdəmir vağzalında hava təzə işıqlanırdı. Bizim qız yuxudan oyanıb əl-üzünü yudu və başını vaqonun akoşkasından çölə çıxardıb, baxırdı.

Vağzalın səkisində bir-iki bığıburma müsəlman cavanı qol-qola gəzirdilər. Bizim qıza baxa-baxa vaqonun qabağında gah o tərəfə, gah bu tərəfə keçirdilər. Birdən birisi bizim qıza tərəf göz eyləyib, yoldaşına dedi:

– Şirvan malıdı ha!

Qız bu sözləri eşidəndə çöndü vaqonun içinə və gördüm öz-özünə cavanlardan giley eyləyir. Mən dedim:

Eybi yoxdur və cibimdən bir konfet çıxardıb uzatdım qıza tərəf ki, bu söhbət yaddan çıxsın.

Qız konfeti aldı, verdi uşaqların birinə. Maşın hərəkət elədi və bir-iki saatdan sonra Yevlax stansiyasına yetişdik.

Burada naçalnik şeylərimizi götürdü, gətirdi vağzalın həyət səkisinə. Burada çox camaat var idi. Kimi fayton danışırdı, kimi avtomobil danışırdı ki, minib getsin Ağdama, Nuxaya, Ağdaşa. Biz Ağdama gedəsi idik. Bir faytonçu on dəfə həzrət Abbasa and içəndən sonra və on yeddi dəfə öz atasının gorunu pis sözlər ilə söyəndən sonra bizi Ağdama aparmağa bir qədər pula razı oldu. Burada yenə bir neçə bikar bığıburma müsəlman cavanı durmuşdu və yoldan gələn xanımlara tamarzı-tamarzı baxırdılar. Biz əyləşdik faytona və faytonçu da quzluya qalxdı. Hazırlaşırdı atları sürsün. Burada duran bığıburmalardan biri bizim qıza tərəf baxıb, ucadan dedi:

Bəh-bəh! Lənkəran malıdı ha!..


Fayton hərəkət elədi və günorta vaxtı havanın bərk istisində çatdıq səfərin bir guşəsi hesab olunan Bərdə qəsəbəsinə. Düşdük karayın mehmanxanasına. Bəli, xeyli hörmət, yaxşı, səliqəli mənzil, çölə və həyətə tərəf artırması, təmiz və səliqəli stol-kürsüləri. Pakizə çayı və bişmişləri. Həyət tərəf artırmaya fərş saldılar və uşaqlar gedib, orada əyləşdilər ki, çaydan sonra bir qədər istirahət eləsinlər. Bu heyndə bir nəfər özü kimi cavan yoldaşı ilə gəlib, əyləşdilər bizim qızın rubərusunda. Mən dedim:

– Eybi yoxdur. Kürdəmirdə bizim qızı Şirvan malı hesab elədilər. Yevlaxda Lənkaran malı adlandırdılar. İndi bunlar görək qıza nə ad qoyacaqlar.

Yavaşca qulağımı cavanlara verdim. Gördüm ki, bunlar biri-birinə deyir:

Bəh-bəh! Deyəsən, Astara malıdı ha...

Mən üzümü cavanlara tutub dedim:

Əzizlərim! Sizin də səhviniz var. Kürdəmir və Yevlax həmdərdlərinizin də səhvi var. Çünki bu xanımı ki, burada görürsünüz, bu Naxçıvan malıdı.

Mən bu sözü deyəndən sonra, cavanlar dik-dik üzümə baxıb, bilmədilər nə cavab versinlər.

“Naxçıvan malı”

“Molla Nəsrəddin”, 5 sentyabr 1925-ci il, №36

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Novruz

“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.

3 мин
Xoş amədi

“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.

3 мин
Nə eləsin?

Məhəmməd Əmin Rəsulzadə cənabları ortalığa bir təzə söz çıxardır, amma indi mən ondan bir söz soruşam, lap məəttəl qalıb gözlərini döyəcək.M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eliyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar.

1 мин
Gələcək

Hərdənbir kənardan durub baxanda mən bir belə şey görürəm, görürəm ki, Qafqazda bir az rusca oxumuş müsəlmanlarımız həmişə rusca yazı-pozu eləyirlər. Əvvəl adam elə bilir ki, bunlar müsəlmanca oxumayıblar; sonra baxıb görürsən ki, çox əcəb oxuyublar, bəlkə on il dərs oxuyublar.Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqə edirəm bu yazdığıma yaxşı diqqət eləsin; əgər diqqət eləməsə, dəxi ixtiyarı yoxdur mənə yalançı desin.

4 мин

Стихи других поэтов · Сатира