Страница 2 из 7 · 14%

Mərcan xanım. (Çiçəyə və Püstəyə tərəf). Bu qab-qacağı buradan yığışdırıb aparın. Özünüz də buradan gedin.

Qızlar elə də eləyirlər.

Mərcan xanım (oğluna). Cahangir, bala, qoy sənə sözün açığını deyim.

Cahangir. De, de, de görüm, nə deyirsən?

Mərcan xanım. Bəs, bu bədbəxtin qızı nə vaxtadək evdə qalacaqdır?

Cahangir. Hansı qız?

Mərcan xanım (qapıya tərəf baxır). Hansı qız olacaq? Çiçək!

Cahangir. Kim ona deyir ki, evdə qal?

Mərcan xanım. Bəs, o, ərə getməyəcək?

Cahangir. Kim ona deyir ki, ərə getmə? (Hirsindən çiyinlərini tullayır).

Mərcan xanım. A balam, axır onu gərək ərə istəyən ola ki, ərə gedə, ya yox?

Cahangir. Xub, mən kimin qabağını kəsib qoymuram ki, onu istəsin?

Mərcan xanım. Vallah, Cahangir, mən bilirəm ki, sən bu söhbətləri xoşlamırsan. Çünki uşaqlıqdan sən Çiçəyi istəmirsən, amma, necə olmuş olsa, o, sənin anabir, atabir, doğmaca bacındı.

Cahangir (bir qədər fikirləşir). Ana, vallah, sənin gərək mənə yazığın gəlsin və məni darıxdırmayasan.

Mərcan xanım. Maşallah, maşallah söz danışana. Barı bir də belə sözləri ağzına alıb danışma, eşidən olar.

Cahangir. Eşidən olsa, dəxi də yaxşı olar. Heç olmasa sən də məndən əl çəkərsən.

Mərcan xanım (acıqlı durub gedir). Doğrusu, sənnən danışmalı deyil. Sənin kefin gəlib.

Gedir. Cahangir kitablarını açır qabağına, başlayır kitablarla məşğul olmağa. Püstə gəlir. Qalan qab-qacaqdan götürüb, aparmaq istəyir. Bir Cahangirə baxır, bir getmək istəyir. İzzət nənənin ahıltısını eşidib çıxıb gedir.

İzzət nənə ah-vay ilə girir Cahangirin yanına və o tərəfə-bu tərəfə baxır və görür ki, Cahangir kitablarla məşğuldur, dinməyir və getmək istəyir və gedərək qapının ağzında Cahangirdən soruşur:

İzzət nənə. A balam, bəs, o yazıq qız nə vaxtadək evdə qalacaq?

Cahangir nənəsinə tərəf baxır, heç dinmir. Nənəsi də ona tərəf baxır və heç bir söz demir. Xeyli bir vaxtdan sonra Cahangir nənəsinə deyir:

Cahangir. Nənə nə deyirsən?

İzzət nənə. Belə, a qadavı alım, deyirəm ki, axır nə vaxta kimi o qız evdə qalacaq?

Cahangir. Hansı qız?

İzzət nənə. Belə, o yazıq Çiçək balam.

Cahangir hövsələsiz nənəsinə tərəf baxır və dinmir. Bir qədər keçəndən sonra kitablarını vurur qoltuğuna, papağını qoyur başına və otaqdan çıxıb gedir. Nənəsi dinməz-söyləməz baxır Cahangirin dalınca. Mərcan xanım gəlir.

Mərcan xanım. Ana, bax. Cahangir çörəyi də yarımçıq qoydu və yəqin ki, ac durdu, getdi.

İzzət nənə. Axır niyə belə elədi? Sözü nədir ki?

Mərcan xanım. Nə bilim, deyir ki, Çiçəyin sözünü mənim yanımda danışmayın.

İzzət nənə. Niyə? Məgər Çiçək sənin bacın deyil? Sən onun qardaşı deyilsən?

Mərcan xanım. Ana, vallah, indi dəxi sən görən deyil. İndi dəxi nə bacı qardaşı tanıyır, nə qardaş bacısını tanıyır. İndi gərək hər kəs öz başını saxlasın. Nə qardaşa ümid var, na bacıya ümid var. (Dəsmaldan, qaşıqdan bir-iki şey götürüb, otaqdan çıxıb gedir).

İzzət nənə. Ax, yazıq canım, gör nə günə qaldıq, gör o yazıq qız nə günə qaldı. Nə qardaşa ümid var, nə bacıya ümid var. Bəs, o yazıq qız nə vaxtadək evdə qalsın, başına haranın daşını salsın, haradan özünə ömür yoldaşı tapsın, hərə gedib özünə bir sarı saçlı qız tapacaq, bəs, o yazıq qızın günahı nədir ki, saçları qaradır, sarı deyil. Bəs, neyləsin, kimə sözünü desin, ax yazıq balam, bir də yazıq balam.

Diz üstə çöküb, guya, namaz qılır və başını aşağı salıb, qoyur dizinin üstə və sükuta cumur. Mərcan xanım gəlir anasını bu halətdə görüb, o da diz üstə çökür və əllərini Allahın dərgahına qalxızıb danışır.

Mərcan xanım. Xudaya, mən sənin hikmətinə əl vura bilmərəm, məsləhət sənin yanındadır. Xudaya, and verirəm sənin cəlalına, məni sən bu dərddən xilas eylə, sən mənim bircə dənə o yazıq qızımın bəxtini aç, axır mən dost-düşmən içində xəcalətimdən yerə girirəm. Axır kimi mən başa salım və kimə mən cavab verim ki, mənim 23 yaşında qızım indiyədək kor qız kimi evdə qalıb, ərə getmir. Bəs, mən nə vədəyədək ona-buna baxıb, həsrət çəkəcəyəm. Bəs, xalxın qızları 14 yaşa çatmamış ərə gedir. Xudaya, mən nə günahın sahibiyəm. O yazıq qızın günahı nədir və kimin qızından əskikdir. Nəcabət desən, sultan qızıdır. Dərs desən, dərs oxuyub və müəllimlik eləyir. Millət işi və camaat işi desən, hər gün ictimai işlərdə və məclislərdə. Abırlı desən, hamıdan abırlı. İndi bəs, yazıq qızdan dəxi nə istəyirlər.

Zərəfşan xanım (qapıdan girə-girə). Mərcan, vallah, Çiçəyin evini yıxan elə həmin camaat işləridir. Nə qədər ki, gecə və gündüz

Çiçək məclislərdə kişilər içindədir, kişilər içində onun qədri-qiyməti olmayacaq. Bax, bunu sən yadında saxla. Bir sözdü mən deyirəm.

İzzət nənə (oturduğu yerdə hərəkət eləməyir və başını qaldırmayıb deyir). Olmayacaq, olmayacaq, Zərəfşan yaxşı deyir.

Mərcan xanım (Zərəfşana). Eh, sən də mağıl söz danışdın, elə evdə oturanlar ağ günə qalıblar ki, Çiçək də evdə otursun? Bəs, xalxın qızları niyə kişilər içində min əməldən çıxa-çıxa ərə gedirlər. Bəs, Nazlı xatın gecə də oğlanlarnan gəzirdi, gündüz də gəzirdi. Niyə on dördə çatmamış ərə getdi? Niyə Bayram bəyin qızı Qızıl ərə getdi? Amma evdə oturanlar necə oldu? Hansı ərə getdi? Sən özünü niyə götürmürsən? Sənin nə vaxtındı ki, başına qara dəsmal bağlayıb, yaslı arvadlar kimi evdə ömür çürüdəsən. Bir də indi nə əsrdir ki, camaat işinə qarışmayıb, evdə oturasan və adamın tükünü didələr. Vallah, bilmirsən kimin sözünə baxasan. Evdə oturanları da məzəmmət eləyirlər, camaat işinə qarışanları da töhmətləndirirlər. Lap Molla Nəsrəddinin eşşək minməsinə dönmüşük. Minirsən, deyirlər niyə minirsən, minmirsən, deyirlər niyə minmirsən?

İzzət nənə (oturduğu yerdən tərpənməyib deyir). Mərcan doğru deyir. Lap qara günə qalmışıq.

Zərəfşan xanım. Bunlar hamısı bəxtnəndi. Hər kəsin bəxti var, ərə gedəcək, bəxti yoxdu, getməyəcək.

İzzət nənə. Hə, hə, bəxtnəndi, bəxtnəndi. Yazıq bədbəxt Çiçək balam da bədbəxtdir, elə Zərəfşan balam da bədbəxtdir.

Həsrət xala (qonşu otaqdan gəlir. Mərcan xanıma). Ay xanım, bəs, Teymur bəyin işi necə oldu? Bəs, eşitdim Çiçək xanımdan ötrü gedib-gəlir.

Mərcan xanım. Teymur bəy Çiçək xanımdan ötrü gedibgəlmirmiş.

Həsrət xala. Bəs, kimdən ötrü gedib-gəlirmiş?

Zərəfşan xanım (Həsrət xalaya). Doğrusunu bilmək istəyirsən? Teymur bəy zəncəfil-çörəkdən ötrü gedib-gəlirmiş və fisincan plovdan ötrü, xurma-badamlı plovdan ötrü gedib-gəlirmiş.

İzzət nənə. Yazıq Çiçək balam, bəxtiqara Çiçək balam.

Həsrət xala (Mərcan xanıma). Ay xanım, çox da darıxmayın, Allah kərimdir. Çiçək xanım hələ cahaldı, inşallah, bəxti açılar, gedər.

Mərcan xanım. Həsrət, bilirəm gedəcək, əvvəl-axır gedəcəkdir. Ancaq nə vaxt gedəcəkdir. Sən dərdə düçar olandan sonra gedəcək . Sənin canın çıxandan sonra gedəcək. Səni illər uzunu nəvənəticəyə həsrət qoyandan sonra gedəcək. Yoxsa, niyə getməyəcək.

Şərəf xala (Gəlir). Salaməleyküm, Mərcan bacı. Püstəyə de, o həvəngdəstəni bir saatlığa versin, yenə özüm gətirib qaytararam.

Mərcan xanım. Əleyküm salam. Bax, hələ biz duraq kənara, axır bu yazıq arvad indi neyləsin. Başına haranın daşını salsın? Bəs, bu arvadın qızı nə vədəyə kimi dörd divarın içində dustaq qalacaq? Neçə yaşına kimi evdə oturacaq? İndi Yetərin neçə yaşı olar?

Şərəf xala. Mərcan bacı, sənin canın üçün indi 18-dən ötübdür. Hacı Heydər Məkkədən qayıdanda Yetər ikiaylıq idi.

Püstə (həvəngdəstəni gətirib, Şərəf xalaya verir). Şərəf xala, vallah, xalqda heç günah yoxdur, günah özündədir. Qızınıza müştəri çıxanda da hərəyə bir qulp qondarırsınız. Odur, keçən il Mirzə Qulamhüseyn Yetəri istəyəndə nə cavab verdiniz? Dediniz Yetər ağırlığı qızıl gətirsin, qızı verək.

Şərəf xala (əlini dodağına aparır). Boy, başıma xeyir, qız, biz havaxt elə söz dedik? Mərcan bacı, imam Hüseyn haqqı yox, Mirzə Qulamhüseyn, doğrudur, qızı istədi, amma axırda eşitdik ki, bir sarı saçlı urus qızı gətirib evinə, özünə arvad eləyib. Yoxsa, canın üçün biz ondan bir şey istəmədik.

Zərəfşan xanım. Elədir, elədir, iş elə həmən sarı saçlılardadır. Yoxsa, vallah, qalan sözlər nahaqdır. Nə qədər ki, vilayətimizə həmən sarı saçlı qızlar axışıb gəlməkdədirlər, qızlarımız evdə ərə həsrət qalacaqlar.

Mərcan xanım (ikiəlli dizlərinə çırpır). Vay, yazıq canım.

Püstə (Mərcan xanıma). Xanım, çox da darıxma, Allah kərimdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Niyə mən dərsdən qaçdım

Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.

7 мин
Çox qəribə

Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.

2 мин
Hansı elmlər lazım?

Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:

4 мин
Təzə təlim kitabı

Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.

3 мин

Стихи других поэтов