Bir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…

Gələk söhbətə.

Bir divanxanada müsəlman qulluqçusu görməyəndə adam nisgil eləyir və özünü qərib adam kimi köməksiz, yad hesab eləyib qəmgin olur. Amma bir şey də var ki, bəlkə onu müsəlman qardaşlarımız yaxşı bilmirlər. Bu da var ki, bəzi vaxt və bəlkə çox vaxt adam divanxanada bir müsəlman qulluqçusu görəndə o qədər qorxur ki, adamın yadına boyaqxana küpü düşür. “Lənət şeytana” deyin və fikrinizi verin, məsələn, İrəvana, Ağdaşa, Qarabağa və hər yana ki, meyliniz çəkir. Amma hələlikdən bu dəfəliyə Mərv naçalnikinin sekretarı Həmid bəy Qaragözovdan söhbət eləyək.

Biz üşaqlıqda çox şitəngilik elərdik. Bir gün rəhmətlik molla Pəricahan xala gəlmişdi bizə. O günü də rəhmətlik nənəm bizim üstümüzə çox acıqlanmışdı və acığından qatıq çanağını götürüb çırpmışdı başımıza. Çanaq sınmışdı və qatıq tökülüb, divarı bulamışdı. Rəhmətlik molla Pəricahan xala çox oxumuş arvad idi; özü də Kərbəlaya getmişdi; Xorasana da getmişdi. Nə bilim, deyirdilər, hər bir elmdən başı çıxır. Həqiqət, bəzi ağzı qəşənglər hələ bununla belə deyirlər ki, bizim müsəlman arvadları tərbiyəsiz və elmsizdirlər. Xülasə, molla Pəricahan içəri girib nənəmi pəjmürdə görən kimi əhvalatı başa düşdü ki, biz nadinclik eləmişik. Əvvəl rəhmətlik molla Pəricahan üzünü bizə tutub üç dəfə dedi: “Puf, puf, puf”; sonra çöndü nənəmə:

– Ay rəhmətliyin qızı, sənin birçəyin ağarıb, hələ bu vələduznaların öhdəsindən gələ bilmirsən. – Nənəm dedi:

– Vallah, gələ bilmirəm, billah gələ bilmirəm.

Rəhmətlik molla Pəricahan bir az dikəlib iki əlini də ölçə-ölçə ucadan qışqıra-qışqıra dedi:

– Ay rəhmətliyin qızı göndərsənə bu tısbağaları boyaqçı küpünə!

Nənəm də qulaq asırdı. Molla Pəricahan yenə dedi:

– Sabah şənbə günüdür, saat xoşdur. Gün batan zamanı göndər boyaqçı bunları bir yaxşıca bassın küpə, o saat sakit olsunlar. Mən dünən kitaba baxmışam, küpdən savayı nadinc uşağın özgə çarəsi yoxdur, elə o saat sakit olarlar; nə şitəngilik eləyib sənin başını ağrıdarlar, nə də ki, sən Allahın nemətini bunların başına çırparsan.

Sabahısı günü aparıb bizi basdılar küpə. Allah molla Pəricahan xalaya rəhmət eləsin.


Bəli, Mərvdən danışırdıq.

Əhvalat budur ki, Mərvdə müsəlman cavanları bu axır vaxtlarda teatr oynayırdılar və “Müsibəti-Fəxrəddin” faciəsini tamaşaya qoymuşdular. Naçalnikin sekretarı Həmid bəy Qaragözov müsəlman teatrçılarının anadan əmdikləri südü burunlarının deşiyindən tökmək əhvalatını burada təfsilən yazsaq, – çox lağlağılıq olar; ancaq bunu deyə bilərik ki, əgər Mərv oyunçuları mənim kimi uşaqlıqda şitəngilik eləyəndə həyə onları da aparıb boyaqçı küpünə basıblar, – elə bu yazıqlar da Qaragözov kimi müsəlman qulluqçusunu indi bir divanxanada görəndə boyaqçı küpü yadlarına düşər.

Dəxi, bura kimi bəsdir.

Lağlağı

“Molla Nəsrəddin”, 20 yanvar 1908, №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Salam-məleyk

Axund dadaş, qulluğunuzdan ki, mürəxxəs oldum gəldim İrəvana, orada cənab qazi məclisində sizin təkfirinizə hökmi-qəti verdik. Oradan gəldik Zünuza. O altı ildə ziyarətlərindən məhrum olduğumuza, pirləri ziyarət elədik. Amma Axund dadaş, Zünuz əhli bir iş gördülər ki, heç müsəlmançılığa yaraşmaz. De nə elədilər: cəm oldular məscidə. Cəmiən övrət və kişi and içib övrət libasını bilmərrə əvəz elədilər, yəni demək olar ki, haman günü 100 top çit satılıb alındı təzə uzun şalvarlıq. Amma… Heyif ki, 100 topun hamısı urus çiti oldu, heç bir qarış da İran çiti satılmadı!!! Bir də ümumən and içdilər ki, bundan sonra vətən bezindən kəfən alsınlar, dəxi firəng malı işlətməsinlər və pirlərə də dəxi vida etsinlər və urus qəndindən İmam Hüseyn ehsanı verməsinlər. O qəndlərin pulundan üsuli-qədim məktəb açsınlar. Qərəz ki, sağ olsun Zünuz. Oradan gəldik Mərəndə, bəli, gəldik Mərəndə, elə ki, gəldik yetişdik Mərəndə, bazara girməmişdən qabaq şəhərə bir günlük yol qalırdı, yəni Mərənddən əcəb və təkəbbür, qəflət, məstlik, piyanlıq, süstlük, nəmnəmənəlik insaniyyətdən savay hər zadlıq iyisi, üfunəti qalxıb Culfada bizi çaldı, belə ki, biz də az qaldıq Mərəndin bəzi ağayanları kimi olaq. Elə ki bazara girdik, əsli müsəlman iyi: tiryək və şirə və Ağa Həmmadın damadının abcu şərab sandıqlarını sınıb və dağılmaq iyi bizi elə vurdu, az qaldıq ya Ağa Həmmad olaq, ya da damadı. Dedik, şəhərdə carkeşlər car çəkdilər ki, yığılın məscidə, nağıl deyəcəyik. Xəbər gətirdilər ki, bir nəfər seyid cənab Cəfər kəzzabın lap öz oğlu səhihnəsəb və bir də bir nəfər Səffeyn şeyxlərindən cənab himarül-məşayix Hacı Şeyx Həsən ağa haman Binamüsül-sadat ağaya müvafiqət edib xalqa deyirlər ki: baba, çıxın gedin işüzə, bular əncümən adamlarıdır, əncüməni də ki, əlhəmdülillah, rus kazakları gətdi, bu günsabah dağıdarlar, yaxan qurtarar.Dəli*

2 мин
Ölülər

Qabaqca bir neçə sözBu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz belə bir dua eləyəydik:

2 мин
Fərrux bəy Vəzirov

Oxucularımıza məlumdur ki, nemes tacirlərindən Foryer adında bir nəfər adam noyabr ayının 27-sində Gəncədə ruhani mədrəsəsində beş yüz manat ehsan eləyib və tələbələrə deyib: “Mən çox şadam ki, sizləri elm dalınca gedən görürəm. Oxuyun, müsəlman qardaşlar, oxuyun”.İnsafdan uzaq olar ki, biz bu barədə bir neçə söz danışmayaq.

3 мин
Oyun-oyuncaq

Yox vallah belə olmaz! Axı, yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin.Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşri-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.

3 мин

Стихи других поэтов · Сатира