Mövqufat məsələsi
Məlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pullarımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır.
İndi baxaq bunun nəticəsinə; mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək.
Lazımdırmı ki, bizim mövqufatımız Rusiya hökumətinin ixtiyarında qalsın, ya müsəlmanların öz ixtiyarına keçməyi məsləhətdir?
Əgər özgə bir millətin qəzetçisi belə sözü ağzına alıb danışsa, onun qəzetini cırıb tullarlar, çünki millətlərin hamısı çalışır ki, öz işlərini özləri dolandırsın və kənar adam onların işinə qarışmasın. Məsələn, polyak, gürcü, yəhudi, fin və qeyri tayfa bilsələr ki, mən belə söz məcmuəmdə yazıram, deyərlər ki, Molla Nəsrəddin biqeyrətdir; çünki bu tayfaların gecə və gündüz fikri budur ki, mövqufat işləri və qeyri bu cür işləri hökumətin ixtiyarından çıxıb, öz ixtiyarlarına keçsin. Amma bununla bərabər, mən deyirəm ki, biz müsəlmanlar üçün eyni məsləhət budur ki, mövqufat işlərimiz hökumətin ixtiyarında qalsın. Dəlilim budur:
Götürək məsələn, Rusiya müsəlmanlarını və İranı. Məsələn, götürək Tiflisi və Ərdəbili.
Tiflisdə yenə hökumətin bərəkətindən xəzinədə neçə yüz min manat mövqufat pulu var ki, indi o pullar ilə istəyirik məscid və mədrəsə tikək.
İndi gələk Ərdəbilə. Burada əhvalat bir az uzanacaq.
Neçə yüz il bundan irəli Ərdəbildə Şeyx Səfi adına möhtərəm bir şəxs vəfat edib. O vədədən indiyədək haman şəxsin məqbərəsi ziyarətgah olub və müridləri çox mülklər və kəndlər haman məqbərəyə vəqf ediblər. Belə ki, indi bu saat şeyxin mövqufatı Tiflis məscidinin mövqufatından on kərə artıqdır.
Bəs bu neçə yüz ilin müddətində bu qədər mövqufatın hədsiz mədaxili necə olub? Hansı məktəb və mərizxanalara, hansı məscidə, hansı qiraətxanaya xərclənib? Necə olub hədsiz pullar?
Təfavüt burasındadır ki, Tiflis mövqufatının mədaxili keçdi bir rusun əlinə və rus ola-ola haman mədaxili yığıb xəzinədə saxladı ki, axırda məscid tikdirən vaxtda lazım olsun. Amma Ərdəbil şeyxinin mövqufatı keçdi bir boynu yoğun xüddambaşının əlinə, yəni bir müsəlmanın əlinə və bu müsəlman, yəni xuddambaşı bir ucdan başladı məscidin bimisl qalısını ingilislərə üç min manata satmağa, bir ucdan da barama qurdu kimi daraşıb mövqufata, başladı yeməyə.
Yox, vallah, sağ olsun rus hökuməti.
Hərçənd, mənim Rusiya hökuməti ilə aram yoxdur, ondan ötrü ki, ayıb olmasın, Cəfərin anasına iki arşın çit alanda da az qalır qaradavoy gəlib desin ki, “niyə polisə xəbər verməmiş arvadına tuman aldın?”; amma, doğrusu, mən haqdan keçmərəm: mövqufat barəsində mən Rusiya hökumətinə duaçıyam; ondan ötrü ki, Rusiya hökuməti mövqufat pullarımızı xəzinədə saxlamasaydı, indi çoxdan o pulları xüddambaşılarımız, mütəvəllilərimiz və cürbəcür alim şəklinə girən ağalarımız həzmi-rabedən keçirmişdilər, yəni yemişdilər.
Hökumət da bunu çoxdan duyub; odur ki, dumada mövqufat barəsində maliyyə vəziri müsəlman vəkillərinə yaxşı cavab verib. Vəzir deyib ki, “çox əcəb, biz hazırıq sizin mövqufatı öz ixtiyarınıza verək, amma siz də söz verin ki, gələn məhərrəmlikdə Bakı və İrəvan müsəlmanları məsciddən xalqın başmaqlarını oğurlamayacaqlar”.
Bir millət ki, özünün, məscidinin, millətinin qədrini bildi, – ona qəyyum lazım deyil; məsələn, polyak, Almaniya, frəng, erməni və yəhudi. Amma bir surətdə ki, ərdəbillilər qarnıyoğun xuddambaşını görəndə deməyəcəklər ki, “ay qardaş, niyə fəqir-füqəranın malını yeyirsən?”, bir surətdə ki, bizim ruhanilərimizin çoxunun arzusu məhz budur ki, bir az da uca imarət tikdirsin və kərpicini Həsəndən, gəcini Hüseyndən müftə alsın, – söz yox ki, belə millətə bir qəyyum lazımdır.
Gör nə günə qalmışıq ki, mövqufat pullarımızın rus xəzinəsində qalmağını Molla Nəsrəddin məsləhət görür.
İşlər yaşdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 aprel 1907, №14
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-movqufat-meselesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu günlərdə məscidlərin birində böyük yığıncaq var idi: cəm olanlar hamısı Bakıda yaşayan iranlılar idi. Mən də özümü bir sayaqla məscidə saldım. Məlum oldu ki, camaatın buraya toplaşmağına səbəb Təbriz azadixahlarından Məhəmmədhəsən Əli Zənuzinin təzəlikcə Tehrandan qaçaq surətində bir növ Gilandan keçib özunü Bakıya salmasıdır. Bunun gizli gəlməyinin səbəbi Rzaşahın hər bir nüqatda qoçularının tərəfindən bunun təqib olunmağıdır. Saat 12-də Məhəmmədhəsən Əli Zənuzi minbərə çıxdı və qoltuq cibindən bir nüsxə ruznamə çıxardıb camaata salam verdi və başladı:– Mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm ki, bir çox qorxulardan sonra burada vətən qardaşlarımla görüşmək və dərdimi onlara açıb söyləmək mənə müyəssər oldu. Ərz edirəm ki, qəlbimdə və ruhumda olan mənim mənəvi yaram nə qədər təhlükəli də olmuş olsa idi, bu məclisdə mənim cəmi dərdlərim şəfayab olacaqdır.
Moizə– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.
Türkcə kəlmələr haqqında araşdırmalarFarsların türklərdən götürüb mənimsədikləri sözlərdən biri də “Pənd” yəni nəsihət kəlməsi olub, əsli türkcədir. Farsca “Pənd” kəlməsi türkcə “Pəndim” sözündəndir ki, dəyirmançılıq aləmində istemal olunur. Habelə təbabətdə də işlənir və axır vaxtlarda hətta nəşriyyat dairələrində də gözə çarpmaqdadır.Dəyirmançılıqda “Pənd” kəlməsi məsələn: Şagird dəyirmanın boğazına dəni həddindən ziyadə tökəndə və dəyirmanda dəni öyüdə bilməyəndə işlənir. Görürsən usta şagirdə pənd və nəsihət eləməyə başlayır ki, a balam, bu qədər dəni dəyirmanın boğazına tökməmiş bir qabaqca mülahizə eylə gör o dəni öyüdüb un eləməyə dəyirmanın gücü çatacaq ya yox. Çünki məlum şeydir ki, gücü çatmasa, dəyirman pəndim olub dayanacaq.
Allahın qüdrətiŞükür eylərəm Allahın qüdrətinə ki, yox olan şeyin türfətüleyndə var və var olan şeyi türfətüleyndə də yox etməyə qadirdir.Bir vaxt var idi ki, Kommunist küçəsindəki altımərtəbəli evin beşinci mərtəbəsinə çıxmaqdan ötrü insanlar yolun altı yerində oturub nəfəs alırdılar. Çünki hər mərtəbəsi otuz altı pillədir. Adamın dizləri quruyur. Xüsusən bir az da ki, mənim kimi qoca olanda.
Стихи других поэтов · Сатира
O qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,
Bir əsridi çıxmışdı ki, meydanə pristavBir əsridi çıxmışdı ki, meydanə pristav,Mexluqu gətirmişdİ bütün canə pristav,