Страница 1 из 2

Avqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya.

Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalına alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalına düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum:

– Bizi hara aparırsan?

Hambal dedi ki, bizi mehmanxanaya aparır. Dinmədim. Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi birinci mehmanxananın dalanına. Burada boş mənzil olmadı.

Hambal üz tutdu genə qabağa getməyə və haman küçədə bir qeyri mehmanxanadan mənzil soruşdu və cavab aldı ki, burada da təmirat gedir.

Bunu da görəndən sonra hambal bir qədər fikir elədi. Alnının tərini dəsmalı ilə siləndən sonra şeylərimizi aldı əlinə və çöndü sol tərəfdə bir küçəyə və yavıq evlərin birinin həyətinə girdi və çöndü bizə və dedi:

– Gəlin.

Biz də girdik həyətə. Hambal dalana daxil oldu, girdi bir otağa və qapıdan başını dala çöndərib bizə dedi:

– Buyurun, buyurun.

Biz də girdik. Amma bura dəxi mehmanxanaya oxşamırdı. Bura arvadlı-uşaqlı xüsusi evə oxşayırdı. Erməni uşağına oxşayan on iki – on dörd yaşında bir oğlan haman evdən çıxdı və bizə dedi:

– Buyurun.

Bu uşaq erməni uşağı imiş və ev də erməni evi imiş; ailə də erməni ailəsi idi.

Bizi qabaq otaqdan keçirdilər və ikinci otağa apardılar. Burada üç dənə krovat qoyulmuşdu və hərəsinin üstündə səliqəli yatacaq salınmışdı. Hərəsinin üstündə təmiz nazbalış, təmiz yay yorğanı. Ortalıqda yekə stol qoyulmuşdu. Stol məxmər örtüklə örtülmüşdü, üstündə səliqəli yazı şeyləri var idi. İki şüşəli mürəkkəb qabı, qələmlər, şamdanlar, səliqəli gül qabları, şüşə bardaq… Stolun kənarında krovatların yanında kifayət qədər incə sandalyalar düzülmüşdü. Küncdə, divardan üz yuyan asılı idi, yanında sabunu və üz dəsmalı.

Hambal şeyləri yerə qoydu və üzünü mənə tutub dedi:

– Çox yaxşı. Burdan yaxşı yer yoxdur.

Bu ona işarə idi ki, mən onun zəhmət haqqını çıxardım verim. Əlbəttə belədir. Və lakin mən bilmədim nə eliyim? Bura mehmanxanaya oxşamırdı və doğrudan da mehmanxana deyildi; onunçun da hambalı yola salmaqdan qabaq mən bu məsələni özüm üçün gərək həll edə idim ki, arxayın ola idim.

Söylədiyim oğlan uşağından savayı burada iki övrət xeylağı da var idi. Bunların biri xeyli qoca idi; beli iki bükülmüşdü, özü də kənarda öz-özünə qurtdanırdı. Amma biri ona nisbətən cavan idi; bunun qırx beş, bəlkə də bir az artıq yaşı olardı.

Mən əlimi uzatdım cibimə, pul qabını çıxartdım ki, hambal məni haqq-hesaba ağır hesab etməsin; amma bunu da bərayi-ehtiyat lazım bildim ondan soruşam ki, bura haradır, məgər bura mehmanxanadır?

Mənim bu sualıma iki, bəlkə üç tərəfdən haman saat “bəli, bəli” eşitdim. “Bəli-bəli” deyənlərin biri hambal idi, biri oğlan idi, biri də qırx beş-əlli yaşı olan erməni arvadı idi.

Məlum oldu ki, bu ev Petrosyan familli bir erməninin evidir. Evin kişisi bir neçə il bundan qabaq ölmüşmüş. Ailəsi də kasıb düşüb, iki otağın qabaqkısında özləri sığışır, ikincisini səliqəyə salıb kirayə verirlər. Ay ilə, il ilə qalanlara ayı iyirmi manata verirlər, amma iki-üç gün qalıb gedənə hər gecə-gündüzünü bir manata verirlər; istər iki adam olsun, istəp üç adam olsun, istər bir adam olsun. Hər samavara da iyirmi beş qəpik alırlar; çünki Zaqatalada kömür bir az bahadır. Evi süpürüb yığışdırmaq da ev sahibinin borcudur.

Mən batinən çox məmnun qaldım və hətta hambala haqqından savayı bir abbası da artıq verdim. Bu da dua edə-edə getdi. Razı olmağıma səbəb bu idi ki, əlbəttə mənzilin və sahib-mənzilin zahiri səliqəsi batinə də müvafiq gəlsə, çox gözəl. Bir surətdə ki, mən qızımı darülmüəllimata daxil edən kimi Zaqatalada bir gün də artıq qalan deyiləm və mənzilin qiyməti də ki, ibarət ola gecəsi bir manatdan, – bu o qədər az puldur ki, burada bir artıq danışıq ola bilməz.


Mən şeyləri açdım, sabun və dəsmallarımızı çıxartdım. Mən də və qızım da əl-üzümüzü yuduq, toz-torpağımızı təmizlədik. Və bu heyndə stolun üstünə bir padnosda iki stəkan səliqəli çay qoyuldu. Çayı gətirən haman oğlan idi. Adını mən soruşdum, dedi adım Ohandır. Oturduq çay içməyə və evin sahibi övrət bir əlində mürəbbə, bir əlində lumu parçaları, gətirdi qoydu qabağımıza.

Bu övrət haman Ohan oğlanın anası, yəni evin sahibəsi imiş. Bu qədər var ki, ev sahibinin bizə bu qədər mehribançılığı məni bir qədər rahatsız eləməyə başladı. Səbəb budur ki, mən xəyalıma gətirə bilmirdim ki, onun bu iltifatının əvəzini mən nə ilə və nə surətdə çıxa biləcəyəm. Və eyni zamanda xəyalıma gətirə bilmirdim ki, bizə bu qədər xidmət etməkdə övrət məhz mehman dostluq şəraitini əmələ gətirmək istəyir, ya bu artıq zəhmət məsarifin əvəzini məndən bir neçə qat artıq gözləyir. Övrətin bizə rəğbəti o yerə çatdı ki, gəldi qızımın yanına, onun üzündən öpdü, oturdu yanında və başladı onun stəkanına qənd və lumu salmağa və qabağına mürəbbə qoymağa.

İki stəkan çay içdim, durdum ayağa. Xəyalım darülmüəllimatın yanında idi. Oradan bəxabər olmaq istəyirdim ki, imtahanlardan bir əhval biləm. Çün mən Zaqatala şəhərini birinci dəfə gördüyüm idi, onunçun da könlümdən keçirdi ki, Ohan oğlan mənə bələdçi ola. Bu fikrimi mən açan kimi qoçaq uşaq da və anası da çox xoşhal oldular ki, oğlan da mənlə çıxsın şəhərə və mənə bələdçi olsun.


Çıxdıq, getdik həmən darülmüəllimatı tapdıq və məlum oldu ki, mən qızı bir az tez gətirmişəm; çünki imtahanlara hələ bir neçə gün var. Amma zəmani ki, mən Bakıda vacib işlərimi yarımçıq qoyub getmişdim və Zaqatalada çox qala bilməzdim, darülmüəllimat müdirəsi razı oldu ki, mən qızımı qoyum müvəqqəti surətdə darülmüəllimatda, orada yaşayan qızlarla bir yerdə qalsın, ta imtahan verənədək. Və əgər işdi əhyana, qızım imtahan verə bilməsə, yəni darülmüəllimata daxil olmağa gücü çatmasa, o vədə möhtərəmə müdirə əhd elədi ki, elə olsa, qızı bir il birinci dərəcəli məktəbin axırıncı sinfində saxlar və orada onu gələn il darülmüəllimata daxil olmağa hazır edər.

Demək, hər halda mən arxayınladım və qərar qoyduq ki, bu gecəni qızım qalsın mənim yanımda, sabahı günü o daxil olsun darülmüəllimata və mən çıxım gedim Bakıya.


Oradan çıxdıq və Ohanla bir-iki küçəni də dolandıq. Axşam oldu və Zaqatalanın orta, böyük və şenlikli küçəsi ilə gəzə-gəzə gəldik mənzilə.

Axşamdan bir-iki saat keçirdi. İçəri girib gördüm ki, qızım krovatların birinin üstündə uzanıbdır və məlum oldu ki, yuxulayıbdır. O şey ki, mənə qəribə görsəndi, o da bu idi ki, o biri krovatın üstündə səliqə ilə yorğan-döşək salınmışdı, amma bir balınc əvəzinə qoşa iki balınc qoyulmuşdu. Guya burada bir nəfər adam yox, iki adam bir yerdə yatacaq.

Mən bunu yersiz gördüm və getdim iki balıncın birini götürdüm qoydum kənara və qızımı oyatdım. Qız çətinliklə gözlərini açdı və həvəssiz durdu oturdu yatdığı krovatın üstündə. Mən haman ikinci balıncı qoydum qız yatan krovatın üstünə və getdim oturdum və başladım qəzet oxumağa.

Ohanın anası ağzında yaşmaq gülümsünə-gülümsünə mənə bir stəkan çay gətirdi və sonra getdi bir özgə balınc gətirdi, qoydu qızım uzandığı krovatın üstə və haman mən qızıma verdiyim balıncı götürdü və genə gətirdi qoydu saldığı səliqəli qoşa yatacağın üstünə və elə qoydu və balıncları elə səy və səliqə ilə çırpıb tumarladı və elə səliqə ilə yerləşdirdi ki, mənə aşkar oldu ki, bu arvad bu yeri iki nəfər adam üçün sazlayır.

Qızım bir qədər baxandan sonra genə yan üstə düşdü və erməni arvadı getdi qıza da bir stəkan çay gətirdi və oturdu onun yanında və başladı qulağına nəsə pıçıldamağa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“İrşad” çıxır

“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43*

1 мин
İdarədən

Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.

1 мин
Qırmızı

Bizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.

1 мин
“Tərcüman”

Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.

2 мин

Стихи других поэтов