Страница 2 из 2 · 50%

Bir qədər keçəndən sonra qızımı genə şirin yuxuda gördüm. Çay da oradaca qalıb soyumaqda idi. Bir dəfə də yavıqlaşdım ki, qızı oyadım, dursun çaydan-çörəkdən yesin, sonra yerini açıb yatsın, qız genə gözlərini ovuşdura-ovuşdura durdu oturdu, genə gözlərini yumdu və eləcə paltarlı yıxıldı krovatın üstünə. Ohanın anası da gəldi istədi qızı oyada və şirin-şirin başladı qıza yalvarmağa ki, dursun çay içsin, çörək yesin. Amma qız o qədər yorulmuş imiş ki, şirin yuxunu yeyib-içməkdən vacib bildi.

Axşam saat doqquz tamam oldu və iki stəkan çayla bir qədər pendir-çörək yedim və başladım soyunub yatmaq fikrinə düşməyə; amma krovatın üstünə qoyulmuş iki balınc nədənsə məni hərdənbir məşğul edirdi. Aya Ohanın anası mənim üçün hazırladığı krovatın üstə nə səbəbə bir balınc əvəzinə ikisini qoşa qoyubdur? Və bundan savayı da həmin yeri enli krovatın üstə salıbdır; yəni iki adamlıq krovatın üstə salıbdır.

Məni təəccübə gətirən bir də bu idi ki, arvad hərdənbir gəlirdi, haman yeri sığallayırdı, balıncları tumarlayırdı və genə bunları qoşa, bir-birinin yanına qoyub, bir az mənə tərəf gülümsünürdü, qıza tərəf gedib, onu genə oyatmaq istəyirdi.

Mən axırda arvada dedim ki, dəxi bizim yolumuzda onun zəhmətinə ehtiyac yoxdur və dəxi bizim qeydimizə qalmasın və qızı da oyatmasın və zəhmət çəkib otağımıza bir stəkan su qoyub getsin, özü də rahat olsun.

Bu sözləri deyəndən sonra mən getdim haman mənim yerimin üstündə olan iki balıncın birini götürdüm qoydum kənara və istədim soyunmağa hazırlaşam.

Çox qəribə: eləcə bir dəqiqədən sonra, – ki mənim başım nəyəsə qarışdı, – bir də gördüm haman iki qoşa balınclar genə mənim yerimin üstündədir və erməni arvadı qapının arasında durub gülümsünə-gülümsünə, bəlkə bir qədər çəm-xəmlə də daş kimi yuxuya getmiş qızıma tərəf baxmaqdadır.

Paho! Xudaya, bu arvad niyə gedib yatmır? Bir surətdə ki, mən bir qədər vaxt bundan qabaq həyətə çıxanda Ohanı da, onun qoca nənəsini də yerə girib yuxulamış gördüm?.. Bəs bu arvad niyə yatmır? Hələ yatmağını, ya yatmamağını özü bilər, bəs mənim yatacağımı niyə bərk-bərk iki balınclı qərar verir? Mən məgər bir adam deyiləm? Pəs mənim yanımda kim yatacaq və o ikinci balıncı arvad kimdən ötrü hazırlayır və məndən savayı burada dəxi kim var? Bir qızımdır ki, əvvələn ermənilərin də və biz müsəlmanların da qaydasınca qız ata ilə yatacaqda yatmaz; qızımdan da savayı burada olan bir də erməni arvadın özüdür! Özü də ki, mənlə yatmayacaq?!


Arvad gəldi öz otağına, amma ara qapını örtmədi. Doğrusu, mən bilmədim ki, arvadın fikri nədir.

Mənim xəyalıma özgə bir şey gələ bilməzdi. Evə-eşiyə baxanda, bu ev-eşik və bu ailə özünü satan arvad evinə oxşamırdı və zahirdə arvad da fahişəyə oxşamırdı; dünyada birinci dəfə rast gəldiyi əlli səkkiz yaşında mənim kimi bir kişiyə aşiq olan arvada oxşamırdı. Pəs mənlə bu iki balınclı yorğan-döşəkdə kim yatacaq?

Elə ki, arvad bir dəfə ağzı yaşmaqla qapının arasında çəm-xəmlə durub başladı həsrətlə qızıma tərəf baxmağa, onda doğrusu, mənim qəlbim qaraldı.

Doğrudur, ermənilər içində yüngül arvad mən çox az görmüşəm; ancaq nə deyim, dünyada hər nə desən qabağına çıxa bilər. Ancaq, sözün doğrusu, bu növ eşqbazlığa, yəni heç bir növ eşqbazlığa mənim hər halda hazırlığım yox idi və Ohanın anası əgər əhyana mənim yanıma gəlmək də istəsə idi, bir neçə səbəbə görə mən hazırlaşırdım üzr istəməyə: əvvələn, mənim övrətim var; ikinci, dünyada birinci dəfə rast gəldiyim övrətin zahiri babat idisə də, batinindən heç xəbərdarlığım yox idi; və üçüncü də ki, mən tək əlli səkkiz yaşlı bir kişi üçün bu işlərin dəxi heç bir ləzzəti yoxdur.


Məni bərk yuxu basırdı; çünki yolda bərk yorulmuşdum. Bilmirəm, o cürət mənə haradan üz verdi ki, durdum getdim, ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var, qarmağı da keçirdim halqaya, soyundum və yıxıldım yatdım.

Sabahı günü saat 9-da qızı apardım qoydum darülmüəllimata və saat 11-də Ohanı göndərdim avtomobil kontorundan bir dənə bilet gətirdi. Xəyalım Nuxaya getmək və orada bir neçə gün qalmaq idi. Ev sahibləri ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığıyca verdim və çıxdım küçəyə.

Ohan da çamadanı götürüb yanımca gəlirdi. Oğlanın üzünə diqqətlə baxdım və anası genə durdu gözümün qabağında və genə qoşa balınc məsələsi başladı məni məşğul etməyə.

Bir on-iyirmi dəqiqədən sonra Ohanla da ayrılacağam; necə ki, nənəsi və anası ilə ayrıldım. Və kim bilsin, bir də görüşəcəyik, ya yox. Pəs yarım saatın müddətində mən bu məsələni aça bildim – açmışam, əgər aça bilməsəm, dəxi mənim üçün həmişə tapmaca kimi bir şey olacaq.

Burada bir möcüz oldu. Hikmətə etiqad edənlər mənim yerimə olsa idilər, deyəcəkdilər ki, qəlbdən qəlbə həmişə yol var; deyəcəkdilər mənim qəlbimdən erməni uşağı xəbərdar imiş. Belə ki, az qalmışdı kantordan uzaqlaşaq, Ohan utana-utana məndən bir şey soruşdu, dedi:

– Xozeyn o qız ki, şkola bu gün apardınız, sizə “hars”dı, ya sizin qızdı?

Onu oxucularımıza ərz edim ki, mən erməni dilini yaxşı bilirəm. Erməni dilində “hars” – gəlin deməkdir, yəni zövcə deməkdir. – Dedim:

– Necə ki? – Ohan cavab verdi ki:

– Anamla bu gün səhərdən mübahisədəyik; anam deyir: o qız sizə harsdır, amma mən deyirəm: o sizin axçıqındır.

Ohanın bu sözlərini eşitcək mən barmağımı dişlədim və Ohana dedim:

– Məgər mən qocalıqda kişinin elə balaca harsı ola bilər?

Qəribə burasıdır ki, mənim bu sualıma Ohan guya təəccüb elədi və qısaca cavab verdi:

– Ola bilər.

Mən güldüm. Və erməni uşağı belə dedi:

– Zaqatala müsəlmanları içində, məssəb haqqı, qoca kişilərin sizin qızdan da balaca harsları var.


Avtomobili minən zaman bilmirəm niyə qəlbim rahatsız oldu. Axşamkı cüt balınc məsələsini yadıma saldım və erməni arvadı gəldi durdu gözümün qabağında. Mənim yatacağımı qoşa balınclı sazlayanda Ohanın anası elə bilirdi və bəlkə indi də elə bilir ki, on üç yaşındakı qız mənim övrətimdir. Və haman yatacağı bizdən ötrü səliqəyə salırdı ki, orada biz qoşa yataq və qucaqlaşaq. Bilmədim nə eləyim: bir istədim Ohanı kənara çağıram və anasına sifariş göndərəm; sonra bu fikirdən düşdüm.

Avtomobilin fışqırığı xəyalatımı dağıtdı və Ohana əl verdim, qalxdım oturdum yerimdə. Genə bir istədim Ohanı çağıram, ona yavaşcadan deyəm ki, qoca kişinin qızı övrət eləməyi eyibdir, – bu da mümkün olmadı; o səbəbə ki, mən bu xəyalı eləyəndə avtomobil məni Ohandan iyirmi-otuz qədəm uzaqlaşdırmışdı.

Yolu bir xeyli zaman bidamağ getdim.


Demək, erməni arvadı mənlə qızımı ər-arvad zənn edirmiş; çünki Zaqatala müsəlmanları içində çox belə-belə ər-arvadlar var!

Eyibdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“İrşad” çıxır

“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43*

1 мин
İdarədən

Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.

1 мин
Qırmızı

Bizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.

1 мин
“Tərcüman”

Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.

2 мин

Стихи других поэтов