Bəli, bir “qəzet” də bu tərəfdən çıxdı. Vallah, Bakı mollaları fərmayiş etdikləri doğrudur: müsəlmanın evini bu qəzetlər yıxır; qəzetlər artdıqca müsəlmanın lotuları da artır.

Hələ biz başa düşmürük ki, “Rəhbər” nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır”; yəni türküsü: bir millətin ki, məktəbi və kitabı olmasa, – o millət puça çıxar.

Kim bunu deyir? Bu sözlərin əsilsiz və mənasız olmağına əvvəlinci dəlil budur ki, islam aləmində bircə dənə məktəbə oxşayan məktəb və kitaba oxşayan kitab yoxdur; amma bununla belə yer üzündə müsəlman milləti frəng, ingilis, alman, rus, yəhudi, erməni, Yaponiya – müxtəsər cəmi millətlərdən çoxdur.

Kim bunu dana bilər?

Bu belə.

Sonra görək “Rəhbər” nə deyir: Bunların hamısını nəzərə alıb biz bir neçə Badkubə müəllimləri açıq və sadə dil ilə yazılmış tərbiyə və təlim üsulunda, ədəbiyyatdan və ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik və cənab Molla Nəsrəddindən çox təvəqqə edirik ki, Bakıya bir dənə cindar göndərsin; çünki bu yavıq vaxtlarda bir para müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında hər nə deyib, danışırlarsa, həmin cin gedib qaradovoya, qubernatora, spextor ağaya xəbər verir; yəni bəistilahi rus şpionluq eləyir.

Möhtərəm “Rəhbər”in bu təvəqqəsini biz indilikdə əmələ gətirə bilmərik; çünki bizim ixtiyarımızda əvvəl-axır iki cindar var: birini göndərmişik Şuşa qalasına ki, qoymasın orada mollalar qəbristanda Quran oxumaq pulu üstündə bir-biri ilə yumruqlaşıb erməniləri öz üstlərinə güldürsünlər, ikinci cindarı göndərmişik Təbrizə.

Sonra “Rəhbər” yazır: “Öhdəmizə götürdüyümüz belə bir vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz və o ümiddəyiz ki, səyimiz bihudə getməz”.

Bəli, bihudə getməz. Mən əvvəl elə bilirdim ki, bihudə gedəcək, amma Bakı müsəlmanlarının oktyabrın 3-də vaqe olan üçüncü ictimaində söylənən gözəl nitqləri eşidəndən bəri mən də yəqin edirəm ki, inşallah səyiniz bihudə getməz.

Amma bircə şey qaldı ki, mən onu başa düşmürəm: bilmirəm, abunə pullarını sevgili “Rəhbər” harada saxlamaq istəyir; yəni hansı bankda, ya hansı xəzinədə? Çünki mən eşitdiyim budur ki, Bakı bankları və dövlət xəzinəsi “İrşad”, “Həyat” və “Dəbistan”ın pulunu qəbul edəndən sonra dəxi yer olmamağa görə özgə pullar götürmür. Tiflisə də umud bağlamaq olmaz; çünki burada da “Molla Nəsrəddin” var.

Qərəz… pənah Allaha!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 13 oktyabr 1906, №28

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İki qardaş

Gürcüstan yaylaqlarının birindən avqust ayının ortalarında Tiflisə tərəf dəmir yol qatarı yola düşməyə hazırlaşırdı. Günün batan zamanı idi. Qatar naziri üşkürək atdı və maşın bərk bağırandan sonra astaca yola düşdü. Gedənlər, səkidə qalanlara, qatardan öpüş və salam göndərirdilər; qalanlar da onlara dəsmal qalxızıb yelləyirdilər.Bu həmişə olan işdi; bununla işim yoxdur. Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin maşın yavaş-yavaş uzaqlaşanda, vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bunlar bir-birini qucaqlayıb arvad kimi öpüşürdülər. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta, bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və genə qalxdı haman vaqona və genə oradakı kişini qucaqladı və bunlar genə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl götürmürdü. Ən uzaq gedəndən sonra, pişik kimi özünü dalı-dalı tullayıb sıçradı düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Və dayanandan sonra genə gözü uzaqlaşan qatarda idi.

2 мин
Şəhər və kənd

Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm.Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar.

2 мин
Sarı

Bir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama.Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi.

4 мин
Zəlzələ

Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.

7 мин

Стихи других поэтов · Сатира