Birinci hissə, üçüncü fəsil
Страница 4 из 5 · 60%
– Bu, - deyirdi, - qoca ətidir, səni aldadıblar. Çaxın, arağı, oradan almazlar, sən Bakıya nabələdsən. Pulu korlama! Kooperativçilər bu konfetləri xam adama verirlər. Özün ilə bir dəfə gedək, onun abırını ətəyinə büküm, qoy səni tanısın.
Bunlar Gəldiyevin şəstinə dəyirdi:
– Bax, Ağca, bir də bura ayaq basmaram ha!
Ağca onun qolundan tutub çəkir, divanda, öz yanında əyləşdirib, başa salırdı:
– Ay mənim key balam, sənə qıymıram. Lazım deyil, o qədər xərcləməli yerlərin olacaq ki, nə tələsirsən. Sən məni bir kinoya, teatra apar ey!
– İstəyirsən bilet alım, sirkdə yaxşı tamaşa var.
– Sirki neynirəm! Pişik maşın sürür. Teatra apar, teatra!
– Teatr skuçna olur.
– Tək getmirsən ki, ikimiz gedərik!
Gəldiyev Ağca xanımın xəcalətindən çıxmaq üçün tələbələrə gələn güzəştli biletdən iki dənə ayırır. Ağca ilə getməli olurdu. Biletlər dal cərgələrə alınmış olanda Ağca redikulunu qoltuğuna vurub, dəhlizdə dayanır, qapıda işləyən qadına acıqlanırdı: "Bu nə yerdir bizə veriblər, ayıb deyil? Məsul işçi gəlsin tələbələrdən də dalda otursun?".
Onları qənnadı dükanından, şəkilxanadan, peşkəş mağazasından çıxan görərdilər. Kişi dəlləkxanasının qabağında Ağca xanım gözlərdi. Qadın dəlləkxanasının qabağında Gəldiyev var-gəl edərdi. Bir ay çəkmədi ki, Gəldiyev ilə Ağca xanımın söz-söhbəti ağızlarda gəzdi. Biri deyirdi: "Dünən səni qırmızıpapaqlı arvad ilə Mirzə Fətəli bağından keçəndə gördüm". O biri deyirdi: "Saqqala salam vermirsən, ay Kərim! Kinoda niyə özünü görməməzliyə qoymuşdun?". Bəzisi də küsənirdi: "Əcəb adamdı o yanındakı... hardan tapmısan onu, həmişəlik olsun".
Gəldiyev ha inandırırdı:
– Canım, söz eləməyin, kulturnı olun. Ayıbdır, tanış adamdır, qulağına çatar...
Ağca xanım tərəfdən Gəldiyevi tanıyanlar isə ədəb-ərkanla təbrik edirdilər: "Mübarək olsun, amma bizi toya çağırmadm ha..." Gəldiyev bunlardan da danırdı.
– A kişi, evlənmək nədir, zad nədir, məktəbi qurtarmaymca elə şey fıkrimə gəlmir.
Dekabrın axırlarında tələbələr qış imtahanlarına hazırlaşırdılar. Gəldiyev məşğul idi. Ağca xanım onu partkom otağında tapdı, kənara çağırıb dedi:
– Təzə ili bizdə qarşılayacağıq. Birisi gün gələrsən. Gəldiyev sevindi:
– Ay qız, xərcdən-mərcdən payımıza düşəni deyin görək.
Ağca xanım barmağını siikələdi ki, "danışma".
Təzə ili Gəldiyev bir çox tanıdığı və tanımadığı qonaqlar ilə Ağcagilin zalında qarşıladı. Qonaqlar gedəndə səhərə az qalmışdı. Tramvaylar çoxdan dayanmış, şəhər yatmışdı. Boran ağ tük süpürgəsilə küçələri gah yuxarı, gah aşağı süpürürdü. Ağca xanım Gəldiyevə eşitdirdi: "Sən getməyəcəksən".
Qonaqları pilləkənlərdən ötürüb qayıdan Gəldiyev soyuq havadan isti evə girəndə xoşhallanır, əllərini ovuşdura-ovuşdura bu otaqdan o birisinə keçir, xışhaxış ipək yorğan-döşək açan Ağca xanıma minnətdarlıq edirdi. "Sənə də yaman zəhmət veririk, gərək bağışlayasan". Gəldiyev Ağca xanımın mehmannəvazlıqla o yan-bu yana keçməsmə, tük balışları şapalaqlayıb yumşaltmasına baxır, ürəyində fikirləşirdi: "Bu qadın səfehdir, hiyləgərdir, ya ağıllıdır? Səfeh adam belə səliqə yiyəsi olmaz, bu cür ev saxlamaz. Səfeh əldən bu qabiliyyət çıxmaz. Ağıllı adamdırsa, var-yoxunu niyə göyə sovurur? Özün dul arvad olasan, kənarlardan gəlmələri başına yığıb, belə xərc tökəsən? Buna kim ağıllı deyər? Bu pulunun dəlisidir... Bəlkə bir hiylə var?".
Son zənni Gəldiyevə gülünc gəldi. Molla Nəsrəddinin ərizə yazan qazını aldatması yadına düşdü. Xəyalında dedi: səhv olsa, küpədə olacaqdır, ərizədə səhv yoxdur. İndi burada da hiylə varsa məndədir. Onun hiyləsi yağ-düyüdür, bişirir, mürəbbədir, gətirir, gözəllikdir, təslim edir..."
Bu xəyallar Gəldiyevə ləzzət verirdi. Ancaq ürəyində yenə bir sorğu səsləndi: "Axı bu arvad sənin nəyinə bənd olub?".
Doğrudan da Ağca xanımın, ya da ona bənzər başqa bir xanımın ehtiramına nail olmaq üçün ya müstəsna gözəllik, ya nadir sənət, ya da yüksək rütbə lazım gələrdi. Gəldiyevdə bunların heç biri olmadığından o, Ağca xanımın səfehliyinə inanmaq istəyirdi. Bir az düşünəndə onun ağıllı olduğunu kəsdirdi. "Tacir-tüccar içindən çıxmış adamdır. Mənim kimi bir fırqəçi, ziyalı ilə dost olmağına fəxr edir də! Kor deyil, görür ki, təşkilatda işləyirəm. Beş adam sözümü eşidir. Görür ki, sabah məktəbi qurtarmağıma macal verməyəcəklər, yaxamdan tutub, bir yerə direktor, ya naçalnik qoyacaqlar, hardadır indi mütəxəssis, həm də kommunist. Yaxşı, bunu bilə- bilə niyə yaxın gəlməsin, niyə aşna olmasın? Gedib şübhəli, bitərəf elementləri kavaler seçməyəcək ki... Yəqin söhbət düşəndə döşünə döyür: "Filankəslər bizdə idü". Qoy sevinsin, yazıqdır. Ona sevinmək qalacaq, mənə də xoş gün!
Gəldiyev səhər saat onda ayıldı, öz-özünə "Ayıbdır, gəlib görən olar" deyə cəld durdu, geyinib getmək istədi. Ağca xanım dedi:
– Dayan, sözüm var!
Gəldiyev qayıtdı. Bir də gördü qoltuğunda portfelə oxşayan bir şey gətirən cavan bir oğlan içəri girdi.
– Olarmı?
Ağca xanım onu baş otağa keçirdi. Gəldiyevi çağırdı.
– Dur gəl bir şəklimizi alsın.
Gəldiyev tez güzgü qabağına keçdi. Yaxasını, başını düzəltdi. Cavan oğlan onları yan-yana oturtdu, başlarını yanaşdırdı, aparatı çıqqıldatdı. Gəldiyev maraqlandı:
– Bunun birini havaxt almaq olar, mastır?
– Sayasım bu saat verə bilərəm. Kabinetni istəsəniz üç günə!
– Kabinetnidən birini mənə hazırla!
Ağca xanım dedi:
– Sənin işin yoxdur, özüm böyütdürəcəyəm.
Gəldiyevin ürəyinə bir şey gəldi: "Mənim şəklimi evdə vurar, gəlib- gedənə göstərər, yaxşı deyil. Aramızda olan münasibəti aləm niyə bilsin". İstədi Ağca xanıma bu şəkillər barədə bir şey desin, bacarmadı. Bircə bunu deyə bildi:
– Necə mastırdır? Yaxşı çəkir?
– Yaxşı olmasa, çağırarammı?
Gəldiyev paltosunun boğazını qaldırıb, dəhlizə çıxanda Ağca xanım dalınca gəldi: "Axşam gözləyirəm".
– Ağca, zəhmət verdiyim bəsdir.
Ağca bir az qətiyyətlə çağırdı:
– Zəhməti-zadı yoxdur, xörəyimiz var. Qonağım olacaq, hökmən gələrsən!
Gəldiyev axşamkı müvəffəqiyyətini deməyə adam axtarırdı. Zəngi basıb katibi çağırdı:
– Gör direktor gəlib?
Verdiyevin gəldiyini biləndən sonra durub kabinetinə getdi. Verdiyev əl verib onun yeni ilini təbrik elədi. Yenə yumşaq sandalına söykənib, məbhut qaldı. Məlum idi ki, yaxşı yatmayıb. Gəlib-gedən isə onu rahat qoymurdu. Bir tələbə müəllimin qiymətlərindən narazı idi. Kitab imzalatmaq üçün bir dəstə kağız gətirmişdi. Yerli komitə sədri Lenin günlərini keçirınə planını razılaşmaq istəyir, nəşriyyat nümayəndəsi hansı kitablara isə abunə yığırdı... Xüsusilə davakar tələbə Verdiyevi qısnaşdırmışdı, əl çəkmirdi. Verdiyev müəyyən cavab verə bilmirdi: "Sabah gəl" deyəndə tələbə ayağını yerə döydü:
– Yoldaş direktor, sizin kabinetə girmək özü möhkəm bir iradə istəyir, hər igidə müyəssər olmur. Təvəqqə eləyirəm, mənə qəti cavab verəsiniz, ya hə, ya yox!
Gəldiyev direktoru onun əlindən qurtardı:
– Naxçıvanlı deyilsən?
– Onun nə dəxli?
– Yox, eləcə soruşuram. Fərhadovdur da familiyan?
Tələbə bir az şübhələnən kimi oldu:
– Bəli, Fərhadovdur.
– Səni mən görmək istəyirdim. Axşam saat 8-də partkom otağına gələrsən.
– Baş üstə.
Tələbə üzünü Verdiyevə çevirib yenə danışmaq istəyəndə Gəldiyev qoymadı:
– Fərhadov, gələrsən danışarıq, axşam!
İşarə ilə onu qovdu, sonra içəridəkilərə döndü:
– Yoldaşlar, bir yarım saat bizi tək buraxın. Partkomun suroşni, vacib işi var.
Gəldiyev bunu deyib ayağa qalxdı, qapının əlcəyindən tutub, müntəzir dayandı. Hamı çıxdı. Gəldiyev qapıçıya tapşırdı:
– Zənitik, adam buraxma!
Qapıçı çıxandan sonra Verdiyev dostunu danlamaq istədi:
– Sən lap ağ eləyirsən. Qəbul saatıdır axı, nə deyərlər bizə?
Gəldiyev əli ilə rədd işarəsi verdi, keçib Verdiyevin qabağında oturdu, gülə-gülə başladı:
– Sənin canın üçün, təzə ili elə vstereçat eləmişəm ki, heç Nikolay öz arvadını elə vstreçat eləməyib.
Verdiyevin dodaqlan qaçdı. Gözucu qapıya baxaraq dedi:
– Budur partkomun vacib işi!
Gəldiyev qapı tərəfə döndü, sanki qapının örtülü olmasından razı qalaraq, səsinə daha da arxayın ahəng verdi:
– Bu ilim gərək uğurlu ola.
Verdiyev onu yaxşı başa düşür, söhbətinin təfsilatını da bilirdi. Ona görə heç nə soruşmadı.
– Ədə, - dedi, - gözlə, ənbərəni bada verərsən ha!
– Ənbərə nədir?
– Ənbərə o şeydir ki, adam qızanda gözünə görünmür.
Gəldiyev başını tovladı:
– Bu saat mənim gözümə heç nə görünmür. Elə bilirəm ki, bir kasa yağ içmişəm.
– Tək idin, ya yoldaşın-zadın...
– Axşam məclisdə idik, sonra təkləşdik.
Verdiyev Ağca xanım ilə Gəldiyevi tanış elədiyini xatırlatdı:
– Görürsən, mənim ilə gəzən belə-belə, şeylər yeyər ha...
– Boynumda minnətin var.
– Oğraş özünsən.
– Niyə ad qoyursan, dost-dosta yaxşılıq eləməz məgər?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-aciq-kitab-birinci-hisse-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mehbalı kişinin Məşədi Möhsünlə haqq-salamı vardı. Onu zəmanənin təmiz və doğru adamlarından sayardı. Mehbalı kişi bir inəyinin məhsulunu ancaq ona satardı.Qış gecəsinin ayazında donmuş və qalınlaşmış qaymağı mis kasaya tökər, kasanın ağzını dəsmalla örtər, ovcuna alıb vağzala, Məşədi Möhsünün dükanına yollanardı.
SaraMəmmədhüseyn əhvalatı eşitmişdi. Darvazadan girəndə gözündən od tökülürdü. Xəkəndaz əlinə keçdi, ucadan bağırdı:– Səni mənə calayamn atası tünbətün olsun!
“Kim”in andıHavaxtdandır ki, Bəhramgildə bir bahar şənliyi var. Zivər çiçək kimi açılmış, Lalə xala isə onun başına dolanır. Ev, ailə böyük yubiley qarşısında imiş kimi, hazırlıq görürlər. Lalə xala süpürür, yuyur, çırpır, təmizləyir. Zivər isə sakitcə əyləşərək tikir, gül vurur, olduqca maraqlı əl işi tikdiyi üçün kefi gəlir. Hərdən özü-özünə gülür. Gələn, gedən - hamı bu sevincə şərik olur. Zivərə kömək edib, onu əyləndirirlər.Bəhram isə hay-küy ilə fabrikdən gəlir:
LetunKupemizdə qısaboy, qarasaqqal, hörmətcil bir kişi vardı. O, Qubadan Moskvaya göndərilən alma vaqonlarının üstündə qaraul gedibmiş. Qayıdan baş üçün özünə meyvə saxlamışdı. Bizə təklif etdi:– Buyurun, qardaşoğlu, alma yeyin!
Стихи других поэтов
Eyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
دلیل صبح سعادت، محمد عربیچراغ شام قیامت، محمد عربی