Yayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?

Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.

Xəzər sahilləri, buramn quru istisi neçə-neçə xəstəliyin dərmanı, yay istirahətinin ocağı olur. Müdrik Şərq hikməti sağlamlığın düsturunu belə deyir:

– Ab, atəş, xak, bad.

(Su, günəş, torpaq və hava).

Bakı bağlarında bu nemətlərin hamısı var. Xəzərin müalicə suyu, yandırıcı günəş, tərtəmiz sahil qumu və dənizin təmiz havası.

Bunlara üstəlik, diş dəyən kimi, şaqqıldayıb şirəsini qana yeridən şanı üzümü, pəhləvanlar gözünə işıq, qoluna qüvvət, dizinə qüdrət gətirən sarı əncir.

Bakı bağlarında yay istirahəti və müalicə şəraiti düzəldə bilməyənlər aciz adamlardır.

Bu il mən miyanə bir bağ götürdüm, payız aylarından məşğul olmağa, sahmana salmağa başladım. İstirahət günlərini bağa qaçır, yer belləmək, ağac basdırmaq, su çəkmək, torpağı alaqdan təmizləməklə keçirirdim.

Əncir ağaclarının dibində gödəkçəli bir kişinin qurdalandığını gördüm. Əvvəl güman etdim ki, qonşudur, kölgəlik axtarır. Fikir verəndə gödəkçəli kişinin ağaclara diqqətlə baxdığını, sanki, budaqları saydığını zənn etdim.

O tərəfə yaxınlaşanda gödəkçəli məni qabaqladı, salam verdi:

– Yorulmayasınız.

– Sağ olun, deyəsən, qonşuyuq.

– Bəli, aşağıdakı bağlara baxıram.

Bunun cavabında mən soruşmalı idim: "Burada nə axtarırsınız?". Bu sualı münasib bilmədimsə də, görünür, hərif özü dərk etmişdi. Sözünü izah elədi:

– Bu bağları, deyəsən, təzə paylayıblar.

– Bəli, iki ildir.

Gödəkçəli cürətə gəldi:

– Buralar sovxozun idi. Bağbanlığmı biz eləyirdik. Sonra yaylaqçılara payladılar. Adam var, həvəslə gəlib abadanlıq eləyir. Adam da var, adını torpağın üstünə qoyub gedib...

Gödəkçəli bunu dedi və mənalı-mənalı ağaclara baxdı:

– Bunları, bu qoşa əncirləri basdıranda hərəsi qəlyan çubuğu boyda idi. Kim deyərdi iki il içində belə igidə dönəcək. Ancaq bunların dibləri açılmalı, artıq çubuqlar təmizlənməlidir. Sudan da korluq çəkirlər, deyəsən. Bunlar yaxşı ağaclardır. Xəzridən də qorunurlar. Mən buradan ötəndə övladımı görən kimi sevinirəm. Xahiş edirəm bunlardan muğayat olun.

Gödəkçəli kişi bunu dedi, hovuzun yanına qaçıb vedrələri doldurdu, bel ilə ağacların dibini çökəklədi, suyu oraya caladı:

– Bakı bağında əncir ilə üzüm qədər gül eləyən ağac yalandır. Bu qoşa ağacın baxanı olsa, bu il putlarla bəhər yığmaq olar.

Mənim razılıq sükutumu görəndə gödəkçəli bağban əyilib ağacların dibini də təmizləməyə başladı:

– Bağ deməyiblər, bax deyiblər, qonşu. Ağac qıraqdan bağbanı haraylayır. Ağac da, meynə də körpə kimi qulluq istəyir. Gərək baxasan.

Gödəkçəli kişi özü dediyi kimi illərdən bəri "Tərəqqi" sovxozunun bağbanı idi. Yalnız maaş üçün işləyən yox, zəhmətini çəkdiyi torpağın, ağacın, meynənin qədrini bilən, qeyrətini çəkən adam idi. Hər dəfə bizim bağdan keçəndə, məni oralarda görəndə ürəklənir, ağaclara qulluq eləyir, bir-iki məsləhət də verib gedirdi. Görünür, bu işlərin həvəskarı idi. Əvvəllər mən bu adama birtəhər baxırdım. Güman edirdim ki, umacağı var. Onun xəcalətindən nə ilə çıxa bilərdim?

Yəqin ki, pul təklif eləsəm almazdı. Heç olmasa, əkib-bəslədiyi ağacların meyvəsindən onun da payını göndərmək pis olmazdı.

Bu niyyəti bəyəndim və məhsul vaxtı qoca bağbanın – Əhməd kişinin payını ayırdım. Səhər açılanda, şeh çəkiləndə ehtiyatla dərilmiş bir səbət ənciri maşına qoyub uşağa tapşırdım ki, aparıb ona versin.

Uşaq səbəti apardı, getdi.

Səhər gedən idi. Gün günorta yerindən keçdi. Uşaq Əhmədgildən qayıtmadı.

Əhmədin bağı bizdən beş-altı kilometr aralı idi. Saat səkkizə qədər gözlədim, hazırlaşıb uşağın dalınca getmək istəyirdim ki, yol ağzında maşın səsləndi. Uşaq səfərindən qayıdırdı.

– Harada qalmısan neçə saatı, bala, demirsən nigarandırlar?

– İşə düşmüşəm.

– Nə olub?

– Kişi buraxır ki.

– Qonaqlığa düşmüşdün?

– Qonaqlıq olsa yaxşı idi. İşə düşmüşdüm...

Kişi uşağı yanına salıb, bütün bağı gəzdirmiş, əkib-becərdiyi ağacları bir-bir göstərmişdi. Bir az da nəsihət verib öyrətmək istəmişdi:

– Bala, – demişdi, – atan oxumuş adamdır, bağ işinə nə vaxtı, nə həvəsi olar. Bağı gərək siz cavanlar becərəsiniz. Bu abadlıq sizin, bəli, sizin borcunuzdur...

Əhməd kişi ərklə uşağı məcbur edib, əncir ağaclarına çıxarmış, iki səbət əla meyvə dərib hədiyyə göndərmişdi.

– Apar, – demişdi, – görsünlər ki, ağaclar qulluq görəndə nə möcüzə göstərir.

Əhmədin sarı əncirləri doğrudan da bir tamaşa idi. Uşaq Əhməd kişinin bağından, hörmətindən danışır, danışdıqca həvəslənirdi.

– Halal olsun o kişinin ağaclarına, çardaqlarına! Özüm ağaclara çıxıb səbətləri doldurmuşam.

– Burada səni bir budağa çıxarmaq olmur.

– Ağaclara baxırsan, ağlın gedir. Bağ elə olar.

– Kişiyə hədiyyə aparmışdm, daha əvəzini niyə gətirirdin?

– Əl çəkmədi, zorla səbətləri doldurub maşına qoydu. Bağa elə bağban tutasan gərək.

– Özün bağban olasan gərək, oğul.

– Əhməd kişi də bunu deyirdi. İki saat bağbanın nəsihətini şirin bir nağıl kimi eşitmişəm.

– Eşitmək asandır.

– Eşitmək azdır, eləməyə çalışacağam, bu ildən gərək bu bağa bağban kimi baxam.

– Əhməd kişi sağ olsun ki, səni başa salıb.

– Əhməd əmi bitkinin Allahıdır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mərifət dərsi

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

194013 мин
Tamaşa

1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

194014 мин
İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 мин
Anaların üsyanı

Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.

19405 мин

Стихи других поэтов