İnsan istər ki, özünün müəyyən nailiyyətini dostu, əzizi ilə bölüşdürsün. Bağban tanımıram ki, məhsulunu tək yesin, xanəndə tanımıram ki, tək otaqda oxusun. İnsanın insanlığı insanlar arasında, el içindədir. Cəmiyyətdən kənar insan olmaq qeyri-mümkündür.

Ovçu dostum bir gün halla-halla ilə qapıdan girdi. Uzun, yaşıl qəfəsdə mənə bir cüt quş hədiyyə gətirmişdi:

– Bu tutuquşlarından bizdə on-on beşi var. Mən düşündüm ki, bunlar sizin təzə evə, geniş açıq eyvanınıza layiqdir. İkisini gətirmişəm. Qoy burada bəslənilib böyüsünlər. Bu torbada da yemlərini gətirmişəm. Gündə bir-iki çimdik yeyələr-yeməyələr. Əziyyəti-zadı yoxdur. Təbiətin bu gözəl məxluqu hərdən bir-birilə mehriban danışacaq, kəlmə kəsəcək, sən də kənardan baxıb ləzzət aparacaqsan. Uşaqlar üçün bundan yaxşı əyləncə nə ola bilər?

Mənim təşəkkürdən başqa sözüm olmadı.

O gündən bu quşlar ev dəftərinə düşdülər. Bizim eyvanda yaşamağa başladılar. Gündə onların suyunu, dənini verir, yerlərini rahatlayırdım. Sonra bu işlər nənəmin boynuna düşdü, idarəyə, qulluğa başım elə qarışdı ki, həftələr, aylarla quşlar yadımdan çıxırdı. Çox çəkmədi, nənəm də bezdi.

– Ay oğul, – deyirdi, – bəlkə, bu quşları açıb buraxasan, savabdır, qəfəsdə çırpınırlar, qarğış eləyirlər. Quş uçmaq üçün yaranıb, neyləsin yazıqlar, bir tikə yerdə axı? Dəmir qəfəsi Allah dünyada heç məxluqa qismət eləməsin.

Qonşumuzun uşağı – Ramiz nənənin şikayətini, deyindiyini eşidən kimi, gəldi:

– Popuqayların xüsusi maqazini var, – dedi, – yalvarıb alırlar. İcazə verin, aparıb təhvil verim.

Nənəm də, mən də razılıq edib verdik. Axşam Ramiz quşların əvəzində müqavilə gətirdi. Orada yazılmışdı ki, filankəs filankəs oğlu iki dənə tutuquşunu satılmaq üçün zoomağazaya təhvil verib. Quşlar satılana qədər mağazada saxlanmalı, yemlənməlidirlər. Quş sahibi bunun müqabilində mağazaya gündə 20 qəpik verəcək, quşlar satılanda da mağazaya haqq ödəyəcək.

Nə isə, həmin müqaviləni alıb stolun üstünə atdım, quşların boşalmış yerlərinə baxıb, sevindim. Nənəm artıq zəhmət, əziyyətdən qurtarmağına şükür elədi.

Bir həftə, ya on gün sonra mağaza müdirindən bir kağız aldım ki, quşları həmin qiymətə alan yoxdur, gəlin müqaviləni təzələyək. Mən də bu təklifə razı oldum, qonşunun uşağından xahiş elədim:

– Bu işin zəhmətini boynuna götürmüsən, gərək başa vurasan, Ramiz.

Ramiz bu dəfə də gedib quşların qiymətini ucuzlatdı, yeni müqavilə gətirdi.

10-15 gün keçəndən sonra mağazadan təkrar kağız gəldi. Deyəsən, mağaza müdiri lap əsəbiləşmişdi. Quşlardan imtina edirdi. "Gəlin, deyirdi, matahınızı aparın, mağaza xərclərini də ödəyin!".

Ramizə xəbər göndərdim ki, quşlardan mən də imtina eləyirəm. Mağaza müdiri kimə istəyir, neçəyə istəyir satsın, ancaq məndən əl çəksin, o quşları bir də evə qaytarmasın.

Ramiz də, görünür, işini bilmişdi.

– Məktəbdən məni təcrübə işinə rayona göndərirlər.

O, boyun qaçırdı.

Özüm birtəhər vaxt tapıb getmək istəyirdim ki, axşam gəlib evdə təzə məktub gördüm.

Mağaza müdiri təkidlə "ikinci dəfə" sözünü məktubun üstündə iri hərflərlə yazıb tələb edir:

"Sizin quşlarınız satılmadığı, mağazanın onlara nəzarət imkanı olmadığı üçün beş gün müddətinə gəlib onları mağazadan çıxarmağınız xahiş olunur."

Zoomağaza məni yaman çaşdırmışdı. Kağızı-kağıza calayır, tələb edirdi. "Təcili surətdə."

Mənim ev işim, qulluq işim tamam yadımdan çıxmışdı. Quşlar barədə dalbadal gələn tələbnamələr fərsiz, nadinc uşağı üçün hər gün məktəbə çağırılan valideyn kimi, mənim başımı qatmışdı. Bilmirdim nə edim, necə edim.

Güman edirdim ki, mağazaya yaxın düşsəm, müdir quşların qəfəsini qoltuğuma verəcək, neçə günün də nəzarət xərcini məndən alacaq.

Təsadüfən, ya nəsə həmin günlər quş mağazasında yanğın düşdü. Bütün quşları çıxarmalı, ya da açıb buraxmalı oldular.

Doğrudur, müdirin tələbnaməsi ilə bizdən bir neçə manat nəzarət xərci aldılar, amma quş əhvalatından mənim yaxam qurtardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 мин
Tarla mənzərələri

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.

6 мин
Qızıl oktyabr

Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.

1 мин
Dənizin cinayəti

Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən

2 мин

Стихи других поэтов