Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4

Страница 3 из 4 · 50%

3

Bəli, elçilər həyət qapısında ehtiram ilə qarşılandılar. "Buyur-buyur!" ilə otaqlara üz qoydular. Şərəbanı xala özü bir-bir stul çəkib, onlan əyləşdirdi, xoş gəldin elədi. Qız evinin də yaxın adamlarından bir neçəsi gəlib əyləşdi. Bir dəqiqə çəkməmiş mis məcməyidə təraş stəkanlarda buğlanan rəngli çay verildi, doğranmış kəllə qənd qoyuldu, mürəbbə qabları ortalığa gəldi. Söhbət açıldı. Özü də elə açıldı ki, kimin ilk danışdığını seçmək heç mümkün olmadı. Mirzərəhman bir zaman onu gördü ki, Şərəbanı xala üzünü ona tərəf tutub deyir:

– Allah sizinkiləri də saxlasın, indi bu zəmanədə cavanlar tez böyüyür, tez yetişir, tez də boya-başa çatırlar. Məsələn, mənim özümdən soruşsalar, deyərəm: o bir dənə indi həm oğuldur, həm ərdir, həm qızdır. Məndən soruşsalar, deyərəm: onu dünən beşikdən qaldırmışam. Lap elə bil dünən idi. Handa ki, uşaq, maşallah, kim demiş, sizinkilərdən artıq olmasın, görürsən...

Mirzərəhman qız tərəfin belə fəal tərpəşməsini, qarının lap qabağa düşüb, mətləbdən danışmasını öz acizliyinə dəlalət gətirdi, stulunu bir az qabağa çəkib, yerindən qalxdı, təzədən oturdu, oturanlara göz gəzdirib, sinəsini arıtdı, sözə başladı:

– Şərəbanı xala çox yaxşı deyir ki, indiki cavanlar tez boya-başa çatırlar. Bəli, zəmanənin buna təsiri olmamış deyil. Hökumət uşaqları atadan-anadan da artıq əzizləyib oxudur, öyrədir, böyüdüb adam eləyir. Görürsən dünənki çolpa bu gün bir idarədə oturub iş aparır.

Məsələn, bizim Nazim, vaxtında yetim bir uşaq idi, məktəb ona lap ata oldu. İki il deyil ali məktəbi qurtarıb...

Şərəbanı xala qonağın sözünü kəsdi:

– Siz buyurduğunuz oğlan, yəni Nazim ali dərsini qurtarıb?

– Bəli, iki ildir ali dərsi qurtarıb.

– Zaştası necə, varmı?

– Var, səriştəsi var, çoxdan işləyir.

– Yox, onu demirəm.

Mirzərəhman duruxdu:

– Nəyi soruşdunuz, mültəfıt olmadım?

Şərəbanı xala da stulunu irəli çəkib, əlini ağzına apardı, ehmalca bir öskürdü və sonra soruşdu:

– Onu soruşdum ki, a qadan alım, oğlanın zaştası necə, varmı?

Mirzərəhmandan səs çıxmadı, yoldaşlarının üzünə baxdı. Şərəbanı xala izah etdi:

– O ki deyirsiniz oxumuşdur, dərsini də qurtarıb, çox əcəb, zaştası necə, varmı? Qurtarıbmı?

Mirzərəhman İlyas müəllimə, İlyas müəllim Əsədə baxdı. Şərəbanı xala suallı nəzəri ilə elçiləri süzdü. Bir an məclisdə intizarlı sükut oldu. İlyas müəllim üzünü Mirzərəhmana tutub dedi:

– Şərəbanı xala soruşur ki, Nazim dissertasiya yazıb, zaşişat eləyibmi? Yəni...

– Bəli, mən onu soruşuram ki, zaşitası varmı oğlanın? Nazimin?

Mirzərəhman belə bir sual gözləmirdi və gözləməzdi də.

– Yoxdur, xeyr, yoxdur! - dedi.

Şərəbanı xala təəccüb elədi:

– Bəs elə oxumuş, ali dərs qurtarmış oğlan nə əcəb zaştasızdır?

Mirzərəhman üzr gətirdi:

– Yəni qabil oğlandı, dalınca düşsə əlbət ki, heç vaxt dissertasiya yazanlardan əskik deyil. Ancaq başı işə qarışıb, tikintidə çox əmək qoyur, vaxtı yoxdur. Elektrik aparatları düzəldir, yoxlayır, elmində, sənətində yaxşı qabildir. Ancaq dissertasiyası hələ ki, yoxdur!

Şərəbanı xala bu cavabdan məmnun qalmadı, dübarə soruşdu:

– Həftəreferatı necə, varmı?

– Xeyr, yoxdur.

– Oğlanın ki, siz deyirsiniz dərsi var, nə əcəb bəs dərsini başa vurmur?

– Başa vurmağına vurub. Diplomu cibindədir. Amma dissertasiya yazmır. Mühəndislik eləyir. Özü də tikintidə elektrik işlərinə baxır.

Təzə şəhərdə - Sumqayıtda onu yaxşı tanıyırlar. Yaxşı da hörməti var.

Şərəbanı xala qonaqları məyus eləməmək üçün başı ilə razılıq işarəsi verirdi:

– Olsun, təki olsun. Ev tikən də lazımdır, elektrik işi də vacibdir.

Hamısı bunlar xeyir işdir, olsun, niyə də olmasın! Amma bizim institutda dərs qurtaran zaşta dalınca gedir, zaşta eləyən çox olur. Mən görürəm çox da sevinirəm ki, bizim cavanların çoxu indi olub zaşta sahibi...

Şərəbanı xalanın bu qədər dissertasiya sevdasına düşməyi təəccüblü görünməsin. O, müəllim institutundakı klubun hər səliqəsinə, təmizliyinə, qapı-pəncərəsinə, şüşələrinə, kürsülərinə, stol üstünün örtüyünə, qrafininə, su stəkanınacan hamısına nəzarət edir. Şərəbanı xala həm səliqəli, həm də vəzifəsinə diqqətli olduğu üçün vaxt-bivaxt bu klubdan uzağa getmir. Klubda isə maraqlı, tamaşalı işlər çox olur. Kino tamaşasından, iclasdan, mühazirədən, konsertdən başqa burada çoxlu "zaşta" olur. Bu "tamaşa" Şərəbanı xalanın çox xoşuna gəlir. Görürsən bir neçə nəfər keçib oturdu kürsünün dalında. Qoltuğunda qalın kitab olan bir oğlan da çıxdı danışmağa. Oğlan oturandan sonra qoca müəllimlər həmin qalın kitabı varaqlayır, çıxır, başlayır həmin oğlanı tərifləməyə. Biri tərifləyir, beşi tərifləyir... İclasın axırında da həmin oğlanın əlini sıxır, onu təbrik edir. Qızlar da dəstə-dəstə gül gətirib verirlər. Sonra da oğlan adamları yığıb aparır qonaqlığa. Hələ o qəribədir ki, kassirin deməyinə görə, iclasın səhərisi günü danışan oğlanın mevacibi ikiqat artır.

Nə isə, bu çox ürəkaçan tamaşa idi.

Şərəbanı xala bu şadlıq mərasimini çox görmüşdü, ürəyində çox da arzulamışdı. Əlbət ki, özü üçün, yaşı keçmiş oğlu üçün yox, başqa yaxın adamlar üçün arzulamışdı.

Bəlkə Nəcibə üçün arzulamışdı? Yox! Şərəbanı xala Nəcibə kimi utancaq bir qızın bu işə qoşulmağına inanmırdı. Bilirdi ki, onun gücü çatmaz. Amma onun nişanlısı? Onu alan oğlan dissertasiya sahibi olsa, çox yaxşı olardı! Keçmişdə evlənən oğlandan mülk, mal, başlıq istərdilər. İndi heç olmasa bir dissertasiya istəməyə qızın, əlbət ki, haqqı var! Ağlı başında olan qız bunu istəməmiş olmaz; çünki dissertasiya indi çətin bir iş deyil. Görürsən, dalınca düşən düzəldir.

Şərəbanı xalanın sözü bu yerdən başlaması Mirzərəhmanın planlarını alt-üst etmişdi. Onun hazırladığı xasiyyətnamə, demək olar ki, işə keçmədi; çünki oğlanın nə ata-anası, nə zatı-südü ilə, nə qohum-qardaşı ilə maraqlanan var; qız evini, yəni Şərəbanı arvadı bircə şey maraqlandırır: "dissertasiya", o da ki, Nazimdə yox! Bəs bu iş nə sayaq olacaq? Hərifə nə cavab vermək, nə tədbir tökmək?.. Mirzərəhman neylim, necə eləyim hayında idi ki, İlyas müəllimin səsi eşidildi. O, üzünü qızın nənəsinə tutub dedi:

– Şərəbanı xala, düzdür siz dissertasiya barəsində deyirsiniz, Mirzərəhman da utancaqlığa salıb dinmir. Amma Nazimi elə aciz bilməyin. Onun da başqa cavanlar kimi dissertasiyası var!

Mirzərəhman İlyas müəllimi başa düşmədi, sözün ardını gözlədi. Şərəbanı xala isə bu sözdən sevinmiş kimi cəld sual verdi:

– Varıdırmı?

– Bəli, onun da varıdır. Onun dissertasiyası heç başqalarınkından

əskik deyil!

– Zaştası da var?

– Yox, müdafiəsi bu yaxınlarda olacaqdır. Mənim özüm də, hərçənd elektrikdən başım çıxmaz, amma iştirak edəcəyəm!

– Olacaqmı?

– Bəli, lap bu yaxınlarda olacaq.

– Təki olsun, təki olsun, çünki zaşta hər barədən yaxşı işdir!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

"İngilis" dili

Dil bilmək yaxşı şeydir. Üç dil bilsən, üç adamsan, beş dil bilsən, beş adamsan.Ataların dediyi bu hikmətli sözü, mən əvvəllər o qədər başa düşməzdim. İşə girəndən, camaat içinə çıxandan, bəzi yoldaşlarla tanış olandan, cürbəcür əhvalat eşidəndən sonra lap aydın dərk elədim. Dərk elədim ki, dil bimək yaxşı şeydir. Dilsiz iş keçmir.

19636 мин
Ədəb söhbəti

Qonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...

19632 мин
Xəzinədar

Bu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.

19634 мин
Maşında

Maşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.

2 мин

Стихи других поэтов