Bu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.

Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.

Bizim zəmanəmiz təhsil, tərəqqi zəmanəsidir. Keçmişdə uşaqlar aşıq-aşıq, çilingağac, fırfıra oynadardılar. Amma indi uşaq dil açanda məktəb, kitab deyir:

Ay dədə, dur get mənə çox şeylər al!

Bircə əlifba, bir-iki dəftər al!

Kitabı alimlər, ədiblər, filosoflar yaradırlar.

Onu oddan, sudan, tufandan, fəlakətdən, siçandan, mürgədən qoruyub, üfürə-üfürə saxlayan, zəhmətini çəkənlər var. Zəmanənin əsl böyük xəzinədarı bunlar, kitab aşiqləridir.

Mən onlardan birini mərkəzi kitabxanada həmişə görürəm. Gözü çeşməkli, ağsaç, arıq, uca kişidir. Kitabxana qızları oxucu istəyəni tapa bilməyəndə qocanın yanma gəlirlər. Qoca kitabın adını, ya müəllifini eşidir, nazik şəhadət barmağını arıq, yastı gicgahına qoyur, kiçik gözünü göylərə dikib yarım dəqiqə fikrə gedir, sonra əmr verir:

– Qızım, dördüncü zalın on birinci sektorunda, aşağıdan ikinci qəfəsəyə, Lam hərfinə bax, meşin cildli kitabdır, yerində olacaq, sən bir yaxşı bax!

Bir də görürsən, qız kitabı tapıb sevinə-sevinə oxucunun hüzuruna gətirdi.

Bu xəzinədarı cavanlar, qocalar, hamı tanıyır və hörmət eləyirlər. Kimin axtardığı kitab tapılmayanda xəzinədara müraciət edir. O da Loğman həkim kimi dərhal tədbir görür.

Mən özüm səbirsiz, hövsələsiz adamam. Axtardığım kitabın anketini yazıb qızlara verməyə ərinirəm. Çox zaman birbaşa qocanın yanma gedirəm. Nəsə o da məni o yan-bu yana salmır. Kitabın adını bilən kimi, qızı göndərib gətirdir.

Mən həmişə kitab yığılmış qəhvəyi stolun arxasında, gözündə çeşmək, döşündə önlük, qulağında karandaş, əlində zərrəbin olan bu kişini elm dəryasına qərq olmuş görürəm. Sözümü deməyə, onu öz sakit məna aləmindən ayırmağa utanıram. Səsimi eşidən kimi, çeşməyin altından kiçik, yorğun, lakin ehtiraslı gözləri parıldayır, üzü gülümsəyir:

– Cavan oğlan, gəlmisən? Sifarişin nədir, görüm?

Mən bir tərəfdən xəcalət çəkir, bir tərəfdən də kitablar aləminin bu cür sərrafı ilə yaxın tanış olmağımla fəxr edir, sifarişimi verirəm, beş dəqiqə çəkmir ki, oxu zalında öz yerimi tuturam.

Ancaq bu dəfə mən gözlədiyim lap ayrı cür oldu. İşim dolaşdı, yaman dolaşdı.

Xəzinədar məni yaxın qoymadı. Nə olmuşdusa, səsimi eşidən kimi, dik ayağa qalxdı, qəzəbli baxışları ilə sanki məni yemək istədi:

– Nə deyirsən? Sən yenə kitab istəyirsən? Sizdə həya varmı?

Qoca heykəl kimi dik dayanıb mənim gözümün içinə ən ağır və sərt sözləri yağdırırdı. Mən ətrafıma baxınır, geri-geri çəkilir, nə edəcəyimi bilmirdim:

– Əmi, məni, bəlkə, səhv salmısınız. Bu sözləri mənəmi deyirsiniz?

Əminin hirsi, deyəsən, daha da artırdı. Dönüb bir sağ otağa getdi. Sonra qayıtdı, sanki nəsə vacib bir şey axtarırdı. Mənə daha da sərt cavab verdi:

– Bəli, sizə deyirəm. Tərbiyədən kasıb cavanlar niyə belə artsın. Axı, belələrinin məna xəzinəsində nə işi var? Belələrinin yeri tövlədir, bazardır, küçədir.

O, bunu dedi, gözü yaşarmış halda, meşin cildli, sarı bir şeir kitabını, bu kitabın cırılmış vərəqini mənə göstərdi:

– Bu cinayəti ancaq faşist eləyər. Əli topal olmuş, kitabın ortasından özünə lazım olanı cırıb cibinə basıb, kitabı təhvil verib gedib! Bu nə hərəkətdir, ay camaat!

Qoca geri çəkilib məhkəmə qarşısındakı müqəssir kimi dik dayandı, ürək sözünü mənə deməyə başladı. O, elə bərkdən danışırdı ki, bütün ötənlər, eşidir, dayanırdı:

– Mən bu xəzinənin hər sətrini, sözünü, hərfini qorumaq üçün saç ağartmışam, bu qaranlıq, rütubətli zirzəmilərdə, kif iylənən qəfəsələr qabağında dayanmışam. Dayanmışam ki, sabah sənin kimi elmə gələn cavanlara köməyim, xidmətim dəysin, müqəddəs babalarımızın təmiz irsi qorunsun, saxlansın... Di gəl ki, belə vəhşilər gör kitabları nə günə salır və dağıdırlar! Bu cinayət sahibi hələ məktəbdə, şəhərdə, mədəniyyət aləmində gizlənib, maskalanıb. Bu ikiayaqlı siçovulları necə tutmaq, məhv edib kökünü kəsmək lazımdır. İlahi, bunlar kitabları yox, mənim qəlbimi sökür, ruhumu didib parçalayırlar.

Qoca boğazını qəhər tutmuş kimi, sözünü xırp kəsib dayandı, əlini ürəyinin başına qoydu, başını aşağı saldı.

Mən kömək edib onu kürsüyə əyləşdirdim, qızlar su gətirdilər, xidmətçilər bir-birinə dəydilər.

Məlum oldu ki, kitabxanaya gələn hansı xuliqan, xəbis, hansı al-çaqdırsa, qəsdən vacib kitablardan müəyyən səhifələr cırıb aparır.

Qocanın hiddəti tamamilə təbii idi!

Bu hadisə məni o qədər sarsıtdı, ruhumu sıxdı ki, bilmədim nə edim, vicdan, mədəniyyət təxribatçısını nə vasitə ilə tutum, kitaba qəsd edən əlləri biləkdən kəsim.

Belə bir qəzəb təkcə qocanın yox, bütün kitabxana işçilərinin, oxucularının gözlərində hiss olunurdu.

O gün hamının dilində tək bu söhbət idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов