"İngilis" dili
Dil bilmək yaxşı şeydir. Üç dil bilsən, üç adamsan, beş dil bilsən, beş adamsan.
Ataların dediyi bu hikmətli sözü, mən əvvəllər o qədər başa düşməzdim. İşə girəndən, camaat içinə çıxandan, bəzi yoldaşlarla tanış olandan, cürbəcür əhvalat eşidəndən sonra lap aydın dərk elədim. Dərk elədim ki, dil bimək yaxşı şeydir. Dilsiz iş keçmir.
Dil də var, dil də var. Dil var ünsiyyət, əlaqə, dostluq, birlik vasitəsidir. Məsələn, rus dili sadə, aydın müəyyən və ümumi kəlmələri olan, insanları birliyə, səadətə çağıran, dünyanın da hər yerində işlənən, hörmət görən və hörmət gətirən bir dildir. Bu dili mən lap uşaqlıqdan öyrənmişəm. İşdə, təhsildə, səyahətdə, məclisdə bu dilin feyzini, bəhrəsini görürəm.
Amma ingilis dili belə deyil. İngilis dili çox çətindir. Bilmirəm əslən belədir, yoxsa bunu sonradan çətinləşdiriblər? Bir yoldaş mənə demişdi ki, vəzifəli lord ingilislər qəsdən belə eləyiblər. Onlar İvan, yazıb Pyotr oxuyurlar, Pyotr yazıb İvan oxuyurlar. Deyəsən, elə çalışıblar ki, bu di lin sirlərini bilən olmasın, ya da az olsun. Mən də bu vahimə ilə ingilis dilinə yaxın durmağa qorxurdum. Amma onu da görürdüm ki, lap mənim bəzi savadsız yoldaşlarım bu dili az-çox bilir. Təəccüblüdür ki, nə məktəbdə, nə institutda, nə də idarədə oxuyublar, amma ingilis dilini bilirlər. Bu dildə nə sirr varsa, bəzi adamlar tez öyrənirlər.
Srağagün Əhmədin əynində qəşəng bir kostyum gördüm. Əla yun parçadan, özü də qəhvəyi rəngdə, təzə moda.
Deyirəm, Əhməd, mübarək olsun, bu kostyumu haradan almısan? Deyir, Məmməd tikib.
– Hansı Məmməd?
– Dərzi Məmməd.
– Adə, mən o üzüdönmüşə iki dəfə kostyum tikdirmişəm, ikisində də zay eyləyib, qoyub ora. Heç gözləməzdim ki, onun əlindən belə iş çıxa!
– Hər adama tikmir axı!
– Niyə, bəyəm, bizim pulumuz qəlpdir?
– Əlbət ki, qəlp deyil.
– Bəs niyə bizə tikməsin, özü də neçə ildir dostuq, haqq-salamı-mız var.
– Çox da ki, salaməleykünüz var, sən elə-belə qayda-qanunla danışırsan.
– Bəs necə danışım?
– Gərək onnan ayrı dildə danışasan.
– Yəni, nə dilində danışasan?
– ingilis dilində.
– Eh, o heç orta məktəb qurtarmayıb, ingilis dilini hardan bilir?
Əhməd mənim üzümə dik-dik baxdı.
– Sən onu yaxşı tanımırsan.
– Necə tanımıram, bizim məhəllədə böyüyüb, özü də Danqır Abbasın bacısı oğludur. O, hardan ingilis dili bilir.
– Lap çisti bilir, indiki ingilis dilini təmiz bilir.
– Sən başın, bəsdir!
– Sənə deyirəm, dərzi Məmməd ingiliscə bilir və çoxları ilə bu dildə danışır.
– Sərmən necə danışır?
– İngilis dilində!
– Əə! Sən hardan öyrənmisən bu dili?
– İşdə öyrənmişəm, Məmməd kimi yoldaşlardan öyrənmişəm. Mən gərək biləm, mənim sənətim elədir. Diş həkimiyəm. Bu dili bilməsəm, mən məhv olaram ki!
Daha sözüm kəsildi, əla kostyum sevdasından əl çəkmək istəyirdim, çünki, mən ingiliscə bilmirdim. Əhməd susduğumu, məyus dayandığımı görüb ürəyi yumşaldı:
– Qaldı, istəsən, kostyum barəsində danışarıq.
– Mən dili bilmirəm, necə danışacağam.
– Bilmirsən, onun dərsi məndə. Mənim kimi dostun var, öyrədərəm.
– Nəyi öyrədərsən?
– ingilis dilini!
– Mən deyirdim, kurorta gedənəcən bir dəst yaxşı kostyum tikdirim, sən də elə şərt qoyursan ki, gərək bir-iki il dərsə gedəm.
– II nədi, ay nədi, ədə, mən onu sənə lap günü sabah öyrədim... -Sabah?
– Sabah!
– Adə, zarafata, məsxərəyə qoyma. Elə söz danış, söz olsun. Bir günə də dil öyrənmək olar?
– Olar, sənə deyirəm. Dil var ki, öyrənmək olar, lap biroturuma öyrənmək olar!
Mən mat-məəttəl qalmışdım. Əhməd mənə bir gündə ingilis dilini öyrədəcək, mən də gedib dərzi ilə bu dildə danışacağam. Kostyum sifariş verəcəyəm...
Heç inanılası söhbət deyildi.
Əhməd məni arxayın salmaq üçün vədəmi aldı:
– Zarafat-zad eləmirəm. Sabah saat birdə, fasilə zamanı bura gəl, mən sənə bəzi vacib sirləri - dilin əlif-beyini öyrədərəm, sonra da gedərik dərzinin yanına, necə paltar istəsən, sifariş verərsən.
Əhməd deyən vaxtda mən gəlib xəstəxananın qabağında dayanmışdım. Fasilə vaxtı idi. Əhməd çıxdı, qolumdan tutub restorana tərəf 4 40 çəkdi.
– Hara aparırsan məni, Əhməd, bəs biz dil öyrənməyə gedəcək idik?
– Gəl, lap yaxşı dil dərsi burdadı, bəri gəl, bu saat müəllimimiz gələcək.
Biz küncdəki stolun dalında təzəcə oturmuşduq ki, gördüm dərzi Məmməd bığlarını eşə-eşə budu gəldi:
– Qud moninq.
– Qud-qud.
Yoldaşlarım öz aralarında ingiliscə nə danışdılar, nə danışmadılar, mən də xəcalət çəkirdim ki, bunların arasında avam təkcə mən imişəm. Əhməd stolumuzu təmizləyən qıza sifariş-filan verdi, Məmməd də ağzını açdı, alt çənəsində soldakı dişləri göstərib Əhməddən xahiş elədi:
– Ay doktor, bunlar laxlayıb, özü də tökülür, metalı xarab olub.
– Neynək, lazım olsa, qızıl qoyarıq.
– Lazım olub, doğrudan, doktor, xahiş eləyirəm, bunları qızıl elə. Özü də daha başdansovma yox ey, lap importm! Səndən çox xahiş eləyirəm ki, yazacan bunu sahmana salasan!
– Mənim bu gözlərim üstə. Daha sənə də düzəltməyib kimə düzəldəcəyəm. Dost yolunda mən can qoyan adamam. Özün bilirsən ki!
Əhməd dərzini arxayın salandan sonra bir udqundu, stulunu yaxına çəkdi, durub təzədən oturdu. Əvvəl mənə tərəf döndü, sonra da dərziyə ərk ilə mənim giley-güzarımı açdı.
– Usta Məmməd, qardaş, belə olmaz, yoldaşımız kurorta gedəcək, yaxşı bir kostyum istəyir, sən də tikmirsən ki, nə var, nə var, bu ingilis dili bilmir. Necə bilmir, bilir axı!
Məmməd qəhqəhə çəkib güldü:
– Mən, bəyəm, ona haçan bu sözü demişəm?
– Yox ey, guya ki, imtahan eləmisən.
– Yadınıda yoxdur.
– Ona baxma, bu kişi ingilis dilini bilir. Özünə lazım olan qədər bilir. Sən haçan istəyirsən, danış!
– Bilir, daha yaxşı, Allah ondan da artıq eləsin.
– Bəli, bilir, sən bir buna başa sal ki, haçan gəlsin! Piştaxtanın altındakı qəhvəyi malın var ha, haçan gəlsin, bunun ölçüsünü götürəsən, imtahanı da mənnən birlikdə verəcəyik.
Dərzi, deyəsən, yumşaldı. Qabağındakı salat qabından bir parça xiyar götürüb çeynəyə-çeynəyə soruşdu:
– Yoldaşımız indi harda işləyir, xatirimdən çıxıb.
– Bağ təsərrüfatı trestində.
– Hə, trestdə işləyir, deyirəm axı, mənim bağım niyə belə xaraba qalıb, sən demə, belə yoldaşların sayəsində imiş!
Əhməd mənə sarı döndü:
– A kişi, bu yazığın balaca bir bağı var Bilgəhdə, nə su çıxır, nə ağac bitir, nə yolu yoldur. Bir mərhəmət nəzərinizi belə qabil yoldaşlara da salsanız, günah olar, ya Şura hökumətinin xəzinəsi boşalar?
Mən məəttəl qalmışdım ki, bağ təsərrüfatı tresti dərzi Məmmədə nə eləməlidir, nə eləməməlidir?
– Mən heç o tərəfləri, sizin bağları gəzməmişəm.
Əhmədin əlinə deyəsən, fürsət keçdi:
– Məsələ də odur da! Gəzməmisən, gəzməyəndə, əlbət ki, nəzərin də dəyməyəcək. Nə yol olacaq, nə su gələcək, nə işıq yanacaq, üstəlik, naloq-zad da ikiqat gələcək belinə!
– Görünür, gedib baş çəkmək lazımdır.
Əhməd əlini çiynimə qoyub bərkdən danışdı:
– Elə yox, ey, əməlli-başlı getmək, aqronomu da götürmək, yaxşı-yaxşı baş çəkmək, bir az şitildən-zaddan aparmaq.
– Gələn istirahət günü orada adam taparıqmı?
Dərzi sözümü kəsdi:
– Necə tapmazsınız, mən özüm işdən izin alım gəlim.
Diqqətlə üzümə baxıb təkrar soruşdu:
– Sizi gözləyim mən bağda?
Məndən qabaq Əhməd bu dəfə əlini onun çiyninə qoyub arxayın saldı:
– Vıxodnoy günü səhər saat 6-da maşın ilə qapına gəlirik, səni götürüb gedirik Bilgəhə!
Mən ixtiyarsız razı oldum.
Razı oldum, ancaq yenə dil məsələsi zehnimdən çıxmırdı. Bilmirdim, Əhməd mənə harada ingilis dili öyrədəcək.
– Ay Əhməd, bizim ingiliscə öyrənməyimiz qaldı axı!?
Əhməddən də, Məmməddən də elə bir gülmək, elə bir şaqqıltı çıxdı ki, restorandakıların çoxu dönüb bizə baxdı. Yoldaşlarımın hər ikisi məni lağa qoyub avamlığıma gülürdülər:
– Ay rəhmətliyin oğlu, bəs səhərdən burda sənə əlif-bey öyrətmirik, ingiliscə danışmırıq? Bəs sən bu qədər zəhmət çəkib oxumusan, diplom almısan, bilmirsən ki, bunlar hamısı dərsdir, kitabdır, dəftərdir, bu əlifbanı bilməsən, daha sən nə elm öyrənə bilərsən, nə işə yararsan!
Mən gördüm ki, bu dostların öyrəndiyi, öyrətdiyi dil nə imiş, nə üçün imiş.
Gör ha! Gör ingilis dilini hara gətirib çıxarıblar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-ingilis-dili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kupemizdə qısaboy, qarasaqqal, hörmətcil bir kişi vardı. O, Qubadan Moskvaya göndərilən alma vaqonlarının üstündə qaraul gedibmiş. Qayıdan baş üçün özünə meyvə saxlamışdı. Bizə təklif etdi:– Buyurun, qardaşoğlu, alma yeyin!
Göz1– Yəhya Kamal! Böyük məscidə yolunuz düşsə, ayələrdən çox, bu adı oxuyarsınız. Qoca çinar ağacları gövdəsində, yağ tutmuş, kirli, naxışlı qapılarda, kəci qopan divarlarda iti xətlə, səliqəsiz yazılmışdır:
“Matışqə”Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.
Kartoşka məsələsi1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.
Стихи других поэтов
Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.