Страница 2 из 2 · 50%

– Dayanın, - dedi, - bu matahınız bizə lazım olmayacaq. Sabaha qədər gözləyin, bəlkə aparmalı oldunuz.


Mənə bir gecə istirahət verilmişdi.

Dünyada çox ləzzətli şeylər var ki, adam onların qədrini ancaq əldən çıxanda bilir. Əsgərlikdə, cəbhə həyatında yuxudan alınan ləzzəti heç şeydən almaq mümkün deyil. Yuxu, həsrətlə adı çəkilən şeylərdən biridir. Doğrudur, topalın taleyi ilə, onunla görüşə gələn yaralı qadın ilə, rəisin qəbul etmək istədiyi "matah" ilə maraqlanırdım. Bilmək istəyirdim ki, görəsən bu nə əhvalatdır. Tutduğumuz adam nəçidir? Ancaq yuxu, istirahət bu marağıma üstün gəldi. Qarovul otağında başımı əleyhqaz çantasının üstünə qoyduğumu bildim, bir də səhər qarovul rəisinin səsinə oyandım. Xəstəxana siyasi işçiləri topalın xasiyyətnaməsini müəyyən etmişdilər. Sən demə, həmin bu topalın adı Vaqnerdir. Özü Berlində eses deyilən jandarm dəstələrində "adam döymək vəzifəsində" çalışarmış. Sonra Hitler onu Stalinqrada göndərmişdir ki, orada döyülməli adamlar çoxdur, arvadı - həmin bu başı sarıqlı qadın onu davaya yola salanda çox tapşırıqlar vermişdi:

– Vaqner, - demişdi, - kimi döyəcəksən, çoxmu, azmı döyəcəksən mənə dəxli yoxdur. İstəyirsən gündə yüz adam döy, öldür. Bundan xanımına bir şey çıxmırsa, zəhmətin hədərdir. Yeddi ildir sənin evində arvadam, bu yeddi ildə azı bir yeddi yüz adam döymüşsən, çoxunun nəfəsini kəsmişsən, mənə nə mənfəəti çıxıb? Söz olanda da bəhanə gətirirsən ki: "Dustaqdır, dustaqdan nə qopardım!" Di buyur, bu da əsir, bu da urus! Gedirsən, qulluğun öz yerində, evinə, arvadına da bir gün ağla! Bax bu mənim üst-başım, bu da boyun-boğazım. Üzüyə, sırğaya, saata həsrətəm. Daha bu gündə də məni bəzəməsən, bizimki getdi! Açığını deyirəm, cəbhədən mənə hədiyyə göndərməsən, sənə dua eləməyəcəyəm. Allah səni partizan gülləsindən qorumayacaq!

Vaqner arvadına vədə vermişdi:

– Mariya! Mənim əlləşdiyim, çarpışdığım hamısı sənin üçün deyilmi? Özümə qalsa yeddi yüz nədir, yeddi adam döyüb çörəyimi çıxardaram. Sənin güzəranını yaxşılaşdırmaq, tələblərini ödəmək üçün mən bu peşəni tutmuşam. Doğrudur, indiyəcən korluq olub, amma daha bundan sonra yox! Odur, qoşunumuz basıb Asiyanın lap sərhədlərinə gedib. Oralarda o qədər yağlı adamlar var ki, Allah canıma dəyməsə, kötək altında hamısının dərisini soyacağam. Sənin bir ayağın poçtda olacaq! Həftədə bir bağlama alacaqsan! Parçasından, qızılından, qumaşından... Rusiya dəryadır - yemək, dağıtmaqla qurtaran deyil, kefini kök elə!

Bu söhbətlər Mariyanın ürəyinə yatmışdı. Ərinin sinəsinə yaslanmış, əzizlənmişdi:

– Bir cüt qızıl sırğa göndərəcəksənmi?

– Mütləq taparam.

– İpək parça da istəyirəm.

– Arxayın ol! Stalinqrad Özbəkistanın qapısıdır. Özbəklərin ipəyini

sən də geyməyəcəksən, bəs kim geyecək!

– Saatsız qayıtma ha!

– Saat nədir, qızıl qolbaq da olacaq!

– İnanım sənə?

– Etiqadını möhkəm elə!

– Vaqner, bəlkə bunları alanacan sənə güllə dəydi.

– Mariya, əmin ol, mənə urus gülləsi kar etməz! Sən bağlama gözlə!

– Mən də sənə vaqon-vaqon salam, öpüş göndərərəm!

Deyəsən, bu yerdə Vaqnerin yadına vacib bir şey düşdü: qayıdıb

Mariyasının alnından öpdü:

– Əzizim, - dedi, - Rusiya çox soyuq olur. Salamla, öpüşlə qızışmaq olmaz. Bacarsan, rast gəlsə, əlinə keçsə, sən də mənə bir cüt uzunboğaz çəkmə tədarük elə.

– Özün oradan taparsan!

– Deyirlər zabitlər macal vermir. Ayaqqabını özləri götürürlər.

Mənim rütbəm balacadır. Qorxuram verməyələr. Sən gözdə-qulaqda ol!

Ər-arvad öpüşüb-görüşüb ayrılmışdılar.


Vaqner xanımına vəfalı çıxmışdı. Səfərindən ay yarım sonra Mariyaya bir cüt ipək corab göndərmiş, üzr istəmişdi: "Mariya, bu siftəsidir, Kislovodskdan bir fəhlənin ayağından çıxarmışam. Çək ayağına, dalısını gözlə!"

Bundan sonra Mariya tamam bir ay gözləmiş, ərindən bir xəbər almamışdı. Ünvanına təcili teleqram vurmuş, sifarişləri haqqında soruşmuşdu. Vaqner cavab verirdi ki: "Sırğa hazırdır, gələn tapıb, göndərə bilmirəm!" Mariya bu şad xəbəri eşidən kimi komandirdən izin alıb, ərini ziyarətə gəldi. Ürəyində dedi: "Həm ziyarət, həm ticarət! Kişinin əl-ayaq elədiyi şeyləri gətirərəm. Soldatlar səliqəsiz olurlar. İndi Urusyət kəndlərində yığışdırmalı çox ev şeyi var. Bir-iki çamadan doldurub gətirsəm, qənimətdir".

Bu iştahla səfərə çıxan xanım, Stalinqrad yolunda faciə xəbərini eşitdi. Vəziyyət necə idisə, Mariya gedən vaqonu stansiyaların birində açıb qoydular. Qatarlar ağzını qərbə çevirmişdi. Düzü-dünyanı tutan qarın sayı var idi, Stalinqrad cəbhəsindən qaçan zabitin, soldatın sayı yox idi. Mariya ərinin yoldaşlarını bir gündə gördü ki, görməsə idi ondan yaxşı idi. İndi o, sırğanı yaddan çıxarmışdı, başının hayında idi. Haman axşamkı şaxta Mariyanın qulaqlarını ixtisar edib, sırğa qayğısından qurtardı. Ayağını qoruyan, əri üçün gətirdiyi boğazlı çəkmə oldu. Mariyanın hər dəqiqəsi: "Neyləyim - necə eləyim?" ilə keçirdi ki, Sovet qoşunları bir həmlə ilə stansiyanı əhatə edib, soldatları və Mariyanı əsir tutdular. Mariyanı qulaqlarını müalicə üçün xəstəxanaya aparmışdılar.

Mariya Vaqnerə çəkmə gətirmişdir. Halbuki Vaqner özünə qıç axtarır. Vaqner arvadına sırğa gətirmişdir; arvadı isə qulaq hayındadır. Mən bunların - bu qarətçi ər-arvadın gözlərində yanıb-sönən canavar iştahına tamaşa eləmək istəyirdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Havalı adam

Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?

194212 мин
Mərcan nənə

Mərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı:

19425 мин
Ana

Mənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.Lakin onu unuda bilmirəm.

19426 мин
Arxa əsgəri

41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.

19427 мин

Стихи других поэтов