Titrək bir səs
Ev idarəsindən bizə bir uşaq gətirdilər:
– Buna da siz atalıq edin. Qərb vilayətlərindən çıxarılmış yetimlərdəndir. Valideyni müharibədə həlak olmuşdur.
Bu, altı yaşlı, qıvrım saçlı, qarayanız bir oğlan idi. İri girdə gözləri, nazik qələm qaşları, balaca sifəti var idi. Astanada dayanmış, sanki, içəri gəlməyə çəkinir, izin istəyirdi.
Mən onun qolundan tutub, stol başına gətirdim. Mehriban dil ilə dindirməyə, əyləndirməyə, payız səması kimi tutulmuş çöhrəsindən kədər buludlarını dağıtmağa çalışdım. Süfrə açdılar, xörək gətirdilər, uşaqlar da tökülüb gəldilər.
– Bunlar da, - dedim, - sənin qardaşların, bacıların olacaq, bir yerdə oynayacaq, oxuyacaq, gəzəcəksiniz. Ürəyin nə istəsə de, nə qorx, nə utan! Yaxın otur, nahar elə!
Uşaq dinmir, oturduğu yerdən tərpənmirdi. Əllərini dizi üstə qoyub baxır, sanki, bütün bu təklif və təriflərin bitməsini gözləyirdi.
Mən onun sifətindən, mənalı sükutundan aşkar görürdüm ki, nəcib ailədə, qayğılı bir ata sayəsində, ana nəvazişləri ilə bəslənmişdir. Anladım ki, xəcalət çəkir, uşaqları da çağırdım, biz hamımız çıxdıq. Qoy, dedim, özünü sərbəst hiss etsin.
İntizardan narahat idim. Otağımda bir qonaq yox, nadir bir kitab qoyub çıxdığımı zənn edirdim. Nə qədər çətin olsa da mən onu oxuyacağam. Orada kiçik bir insanın zərif qəlb aynasında qüssə, iztirab, həsrət və sevinc dolu macəra var... Xəbər tutacağam...
Bir az sonra uşağın yanına qayıtdım. O, hələ süfrəyə əl uzatmamışdı, əvvəlki halında, küncə qoyulmuş günahkar uşaqlar kimi başıaşağı, sakit dayanmışdı. Mənim gəlişimi duyub qapıya tərəf döndü. Çarəsiz və yalvarıcı bir səslə dedi:
– Dayı, ağlamaq olarmı? Ağlamaq istəyirəm!
Mən bu yerdə nə deməli, nə etməli olduğumu bilmədim. Gözüm yaşardı, qəhər məni boğdu. Hansı bir hiss ilə isə sinəm qalxıb-endi. Ürəyim parçalandı. Yetimi birdən-birə qurulu otağa gətirdiyimə peşman oldum:
"Bir cinayət işləmişəm, uşağın səadətini, əziz, ərköyün vaxtını, ağ günlərini yadına salmışam." Cumub uşağı qucağıma aldım. Eyvana qaçdım, qapıya qayıtdım, dəhlizə çıxdım. Sürətlə yeriyir, bir-bir pəncərələrdən boylanıb keçirdim. Nə axtarırdım, nə məqsədində idim? Özüm də bilmirdim. Ona təsəllimi verirdim? Yox!
Mən səslənmək istəyirdim, ancaq bacarmırdım. Daxildən təmkinli və titrək bir səs mənə deyirdi: "Öyrət, onu öyrət! Öyrət ki, bu evin böyükləri olmayan bir gün gəlsə, qoy ağlamasın, uşaqlar birləşsinlər. Gördüklərini, gücü çatan hər şeyi götürsünlər. Bu bıçaqlar, çəngəllər, qayçılar, ət dəhrəsi, qablar, stəkanlar, qədəhlər, büllur vazalar, güldanlar, lampa şüşələri, bu çaynik, patefon, yazı cihazları, stol güzgüləri, səadətimiz üçün nə varsa, hamısı, qoy bu şeylər daş-çınqıl görünsün! Qoy bunlar hamısı qapımıza yönələn yadların başına çırpılsın. Balalara öyrət ki, ataların vəsiyyətidir: düşmən qarşısında göz yaşları axmasın, düşmən başında qəzəb şimşəkləri çaxsın."
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-titrek-bir-ses
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Dərsimi yaz!Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:– Necəsən, bala, indi ürəyin nə istəyir?
MöhürMöhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.
Uşağın taleyiÜç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:– Marat niyə yoxdur?
Стихи других поэтов
Məni yardan ayrı salan,Görüm üzün siyah olsun
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Yavaş-yavaşMinib eşqin səməndini çaparam yavaş-yavaş,Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni