Страница 3 из 3 · 67%

Bağça müdirəsi gələndən bəri Əntərzadə üst-başına fikir verməyə, iki aydan bəri unutduğu vərdişlərini xatırlamağa başlamışdı. Günlər keçdi. Əntərzadənin "mədəniyyət barəsində" məruzə günü çatdı.

Yenə həmin klub, yenə qaranlıq bir gecə, lakin yağışsız, ayazlı bir gecə idi.

Camaat kluba toplaşdı. Proqram üzrə Əntərzadə məruzə etməli, sonra bədii hissə başlanmalı idi.

Camaat bədii hissə üçün axışıb gəlmişdi. Əntərzadə ancaq məruzəyə hazırlaşmışdı, camaatı da bura onun üçün yığmışdı. Bədii hissədə nə olacağını, hətta belə bir hissəyə ehtiyac hiss olunub-olunmayacağını düşünməmişdi. Onun şəxsi rəyinə görə belə məruzə bu kənddə eşidilməmişdi. Camaat bunu eşidəndə ağzı açıla qalacaq, yerbəyerdən qalxıb deyəcəklər: "Yoldaş klub müdiri, qadan alım, o söylədiyin cümləni zəhmət çək, bir də de, dəftərimə yazım." Bəzisini də, məsələn, Abas kişi kinlilərini heyrət götürəcək, dizinə çırpıb deyəcək: "Vay sənin atan-anan yarımasın, kişi, gör nə avamlıqda qalmışıq ki, belə-belə şeylərdən xəbərimiz yoxdur!" Bağça müdirəsi deyəcək: "Şəhərdə bizi beş il oxutdular, bu sözlərin heç birini öyrədə bilmədilər. Malades klub müdirinə!" Beləliklə, məruzə gecəyarısına qədər çəkəcək. Camaat əl çəkməyib, sualı sual üstündən verəcək. Axırda maarif şöbəsi müdiri məruzəçiyə bir stəkan şirin çay gətirdəcək, camaatın ağzını saxlayıb deyəcək: "Yoldaşlar, bəsdir suallar! Bu qayət maraqlı və qiymətli məruzəni biz bir də qoyacağıq. Mümkün etsək, rayon icraiyyə komitəsi ilə danışıb, rayon miqyasında qoyacağıq ki, hər bir kəndli tamam göz açıb, mədəniyyəti klub müdirimiz kimi zatların sayəsində bilsin. Məncə, bəsdir suallar. Məruzəçini yormayın". Belə vəziyyətdə, əlbəttə ki, bədii hissəyə yer ola bilməz. Olsa, olsa, klub müdirini təbrik üçün komsomol nümayəndəsinə, pioner nümayəndəsinə, qadınlar nümayəndəsinə (ki, ibarət olmuş ola kəndə yenicə gəlmiş bağça müdirəsindən) söz vermək olar...

Əntərzadə bütün bu mülahizələri nəzərdə tutub, bədii hissəyə hazırlıq görməmişdi. Oxucular darıxıb soruşa bilər ki, de görək, bu maraqlı məruzə başlandı, ya yox? Başlandı nədir, Əntərzadə tribunanın dalında özünü yırtdı, tökdü!..

O, materialsız natiqlər kimi başlamadı, ay nə bilim: "Üzr istəyirəm, nöqsanımı bağışlayın, filan..."

Belə söhbətlərə Əntərzadənin məruzəsində yer ola bilməzdi. O, birdən-birə başladı:

– Yoldaşlar!

Bu sözü elə bərkdən dedi ki, azyaşlı uşaqlar qorxdu, qocalar səksəndi, ortayaşlılar özünü yığışdırdı. Gözünü qabaq sırada oturan bağça müdirəsinin yanağındakı "miskin xallara" dikərək, "mədəniyyət barəsindəki" məruzəsini bitirdi:

– Yoldaşlar! Mən... sözümü... qurtarıb... deyə bilərəm ki... mədəniyyət işlərimiz.... cəhalət işlərimiz... maarif işlərimiz... bisavad işlərimiz... odur ki, bu kənddə işlərimiz...

Abas kişi əlini qaldırdı:

– işlərimiz nə olsun, yoldaş, axı, onu de!

İsmayıl ona səs verdi:

– Yoldaş Əntərzadə, bizi ələ salmısan, özünü?

Camaat küyləşdi:

– Bu necə məruzədir, vaxtımızı alırsınız? Belə mədəniyyət Əntərzadənin başına dəysin!

– Klubun işini nə korladılar, fələk!

Əntərzadə əlindəki kağız-kuğuzu cibinə doldurur, yerə düşənləri götürüb qoltuq cibinə qoyurdu ki, salondakı küy onu ayıltdı: dönüb salona baxanda, İsmayılın tribunaya çıxdığını gördü. İsmayıl camaatı sakit edib dedi:

– Yoldaşlar, bizə aydın oldu ki, Əntərzadə bir klub işçisi deyil, xaliscə bir fırıldaqçıdır. Onda günah yoxdur. Biz elə dəmdəməkinin əlinə kağız verib, buraya göndərən maarif şöbəsi ilə danışarıq. İndilikdə klubun idarə işini Yusif yoldaşa tapşırırıq.

Abas kişi gülüb, ayağa qalxdı:

– Əntərzadəni özüm yola salacağam. Dostam o kişi ilə...

Əntərzadə bildi ki, bu "abırla" mərkəzə qayıtmaq mümkün olmayacaq. Mərkəzin gurultulu küçələrini, bulvar gəzintilərini, köpüklü pivəsini, tost deməli qonaqlıqlarını, ətirli Darçın xanımını tamamilə unutdu. Başındakı "mədəniyyəti" satmaq üçün münasib bir yer axtarmaq fikrinə düşdü. Lakin belə bir yer tapa bilməyəcəyini yəqin etmişdi. Ancaq çox gec idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 мин
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 мин
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 мин
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 мин

Стихи других поэтов