Birinci fəsil
Страница 3 из 11 · 18%
– Hə, hə, niyə ağlayırsan... Ağlama. Bax, odur ey, anan gəlir, – deyə kəndi nişan verdi. Lakin körpənin getdikcə daha da səbirsizliklə və bərkdən ağladığını gördükdə özü də dayana bilməyib ona qoşuldu və ağladı. Ayaz tez xəlbiri yerə atıb, onların yanına qaçdı və hər ikisinin başını qucaqlayıb oxşadı:
– Ağlamayın. İndicə gələr...
O, birtəhər körpələri sakit etdi, Almazı yenə Niyaza tapşırıb qayıtdı və xəlbirləməklə məşğul oldu. Fridun isə ürəyində baş qaldıran hisslərinin ağırlığındanmı, yoxsa kimə isə, nəyə isə oyanan qəzəbindənmi heç bir söz deməyib, indi daha şiddətlə sovuruq atırdı. Kəndin yan-yana düzülmüş bütün xırmanlarında da indi beləcə sovuruq atırdılar. Hər tərəfdə uzun zəhmətin və əməyin məhsulu olan sarı buğda samandan ayrılır, koma-koma yığılırdı. Fridun bu komalara baxır, kəndlilər arasındakı fərəh və sevincin səbəbini anlamağa başlayırdı. Bu il məhsul çox gözəl idi. Bol məhsul kəndlilərin hərəsində bir fikir, bir xəyal oyatmışdı. Çoxları bu payızda oğlunun toyunu eləmək, qızına cehiz almaq, inəyini ikiləmək həsrətilə yaşayırdı. Onlar bu il öz arzularına çata biləcəklərinə şübhə etmirdilər. Çünki məhsul yaxşı idi. Ərbabın da haqqını, mollanın da, məscidin də, fəqir-füqəranın da payını vermək və öz güzəranını da bir qaydaya salmaq mümkün olacaqdı. Kəndin əksəriyyəti belə xəyal edir və sevinirdi. Xoş bir ümid onların rəngini də açmışdı. Hamı gülür, hamı bir-birini sevinc və məhəbbətlə qarşılayırdı. Fridun da bu il götürəcəkləri məhsuldan bir az pul düzəldib Tehrana gedəcəyini, darülfünuna daxil olub, dərs ilinin axırına qədər bir tikə çörəyə möhtac qalmayacağını düşünür və daxilində bir şadlıq duyurdu.
Musa kişi namazını qurtarıb, dizi üstə oturub dua oxuyurdu. Bu zaman, bütün günü xırmanda çalışaraq ikicə saat əvvəl kəndə getmiş Səriyyə xala geri qayıtdı. Onun qoltuğunda yamaqlı bir boğça vardı. Bu, şam yeməyi idi. Onların ac olduğunu bilən arvad tayanın dibinə keçdi, boğçanı açaraq süfrə kimi sərdi, qalayı getmiş mis kasanı ortalığa qoydu. Çörəyin biri ilə onun ağzını örtüb, qalanlarını yanına düzdü. Yeməyin hazır olduğunu duyan Musa kişi duasını qurtarıb canamazı yığışdırdı. Səliqə ilə büküb öpdü və cibinə qoyaraq ayağa durdu:
– Gəl, oğlan, Fridun, gəl, bir tikə çörək yeyək, – dedi və üzünü, çiynində kuzə bulaqdan qayıdan Gülnaza tutdu:
– Qızım, sən də acsan, gəl bir tikə çörək ye.
Fridun şananı hələ döyülməmiş dərzlərə söykəyib, süfrəyə yaxın gəldi. Səriyyə xalaya baxdı və onun dövrəsində fırlanan uşaqların başını sığalladı. Musa kişi ilə üz-üzə dizi üstə oturdu. Gülnaz da gəlib anasının yanında əyləşdi. Onlar çörəyi tikə-tikə kəsərək, mis kasadakı ət suyuna batırır, iştahla yeyirdilər. Uşaqlar tez paylarını yeyib qurtardılar. Ayaz və Niyaz gəlib Musa kişinin sağında və solunda oturaraq, gah Friduna, gah atalarına baxır, səslərini çıxarmırdılar. Almaz Səriyyə xalanın dizinə söykənmişdi. Fridun həm məhəbbət, həm də mərhəmət andıran bir hisslə bu uşaqlara baxırdı. Onların çılpaq və yazıq görkəmi, yaşlarına müvafiq gəlməyən sakit və müti vəziyyəti ürəyində baş qaldırmış dərd və qüssəni artırdığından, başını yana çevirdi. Gözləri, bir-iki tikə çörək yeyərək ayaq üstə, əmrə hazır durmuş Gülnaza sataşdı. Qızın iri, ala gözlərilə buralarda az-az rast gəlinən ağ bənizi arasında qəribə bir ahəng vardı. Qara saçları altında ağ boynu və sinəsi gözəl görünürdü. Nazik beli və azca girdə çiyinləri vardı. Ayaqyalın gəzməkdən çatdaq-çatdaq olmuş dabanları onun təravət və gözəlliyini poza bilmirdi. O gah duz gətirir, gah soğan doğrayırdı. İşi olmadıqda da qulluğa hazır duraraq, gözaltı onları izləyirdi. Əynində, çiynindən dizinə qədər düşən boz qədəkdən tikilmiş köynək vardı. Qalan uşaqlar çıl-çılpaq idi. Onların əynindəki cırıq-cırıq olmuş köynək yanlarını belə örtmürdü, o qədər dağılmışdı ki, yamanmalı yeri də qalmamışdı. Uşaqların dizləri, qıçları, yanları, qolları açıq idi. Fridunun ürəyini daha artıq sıxan da onların bu halı idi. Nədənsə indi bu hal ona olduqca acınacaqlı və dəhşətli göründü. Sanki yediyi zəhər oldu, tikə boğazında ilişib, aşağı getmədi. Kəndli həssaslığı ilə gözaltı hər şeyi görən Musa kişi:
– Bu il, inşallah taxılımız bol olar. Uşaqların qış ruzusunu ayırıb, qalanını Ərdəbildə sataram. Uşaqlara əyin-baş düzəldərəm, – dedi.
– Çörəyini ye, fikir eləmə, Allah kərimdir.
Fridun “şükür, doydum” deyib çəkildi. Bunu görən Gülnaz ləyən və su gətirdi. Fridunun əlinə tökdü. Fridun adətə müvafiq, əllərini yuyub, dodaqlarına çəkdi və süfrədən azca kənara çəkildi. Musa kişi mis kasanı əlinə alıb, çörəyin son tikəsi ilə onun içini təmizlədi. Tikəni ağzına qoydu, eyni qayda ilə əlini yudu.
– İlahi, dərgahına min şükür, – dedi, – biz yedik doyduq, acları da sən doyur.
Səriyyə xala qab-qacağı yığışdırdı, boğçaya büküb bağladı.
Musa kişi:
– Arvad, sən uşaqları da götür, get, hələ bizim işimiz çoxdur, – dedi. – Bəlkə, gecəni də xırmanda yatdıq. Gülnaz, qızım, sən də get! Əldən düşdünüz, yatın dincəlin!
Səriyyə xala “sağ olun” deyib, boğçanı qoltuğuna vurdu. Alması qucağına almaq istədi, Gülnaz ondan qabaq uşağı yerdən qapdı.
– Mən apararam, – dedi və boynuna sarılmış uşağın üzündən öpdü. Kəndə tərəf yola düşərkən dönüb Friduna baxdı. Fridun, qəlbinə bir od salan bu baxışlardan qaçmağa çalışırdı. Lakin hər dəfə onunla gözgözə gəlməkdən özünü ala bilmirdi. Artıq onlar xırmandan uzaqlaşmışdılar. Səriyyə xala və Gülnaz yanaşı gedirdilər. Uşaqlar civildəşərək, anasının dalınca qaçan körpə cücələr kimi, bir-birinə toxuna-toxuna onların yanında yeriyirdilər.
Musa kişi qıyıq gözlərini Fridunun fikirli simasından çəkib, uşaqların dalınca baxdı və köksünü ötürdü:
– Allah kasıblığın üzünü qara eləsin, – dedi. – Adamın övlad yanında, arvad yanında, qonum-qonşu yanında başını aşağı eləyir. Mən bayaq fikir verirdim, sən uşaqlara baxanda tikə boğazından aşağı getmədi. Elə bilmə ki, kəndliyik, heç şey qanmırıq. Biz də qanırıq. Amma neyləyək ki, əl boş, üz qaradır. Mən özüm onlara baxanda az qalır ki, dərd ürəyimi dağıtsın. Nə əyinlərinin paltarını yetirə bilirəm, nə də çörəklərini... Yemək istəyirlər, geymək istəyirlər, heç birisi də ki, yox.
Musa kişi susaraq, ani bir fikrə getdi. Sonra dəruni bir həsrətlə əlavə etdi:
– Allahdan bircə arzum var: bunları böyüdüb, başa çatdırmaq. Oxutmaq, sənətdən hərəsinə bir şey öyrədib, bir tikə çörək sahibi etmək! Sonra rahatca ölüb gedərdim.
Fridun ona təsəlli verdi:
– Dərd çəkmə, Musa dayı, dünya həmişə belə qalmayacaq. Bir gün sənin də dövranın gələr. Uşaqların doyunca çörək yeyər, paltar geyərlər. Bir gün bu kənddə məktəb açılar, uşaqları oxudarsan. Böyük adam olarlar. Fikir eləmə...
Musa kişinin, görünür ki, uşaqların dərdindən ağır bir fikri yox idi. Onların gələcəyi, həyat və taleyi kişinin bütün varlığını məşğul edirdi. Ona görə də Fridunun ümid dolu gözləri onun yarasının gözünü qoparan kimi oldu:
– Eh, oğul, – dedi, – gecə-gündüz fikrim-zikrim o uşaqlardır. Məni qocaldan da elə onların dərdidir. Hələ sinnim qırx olmayıb, amma həştad yaşında qocadan pis gündəyəm. Saç-saqqal ağarıb, az qalıb bel də bükülsün, bircə o uşaqların dərdini çəkməkdən. Gecə-gündüz əlləşirəm ki, birtəhər qarınlarını doyuram. Əyinlərinə bir şey düzəldəm. Mümkün olmur ki, olmur. Elə bir tərəfi əyridir ki, əyridir.
Musa kişi özü yonub hazırladığı çubuğa tənbəki doldurdu. Çaxmaq daşına qov qoyub çəkdi. Çubuğu sümürüb, tüstülətdi və bir ovuc torpaq götürüb, ovcunda övkələdi, həyəcanlı səslə:
– Bunu görürsən, – dedi, – bizi acından öldürən budur! Belimizi sındıran budur! Uşaqlarımızın yanında üzüqara eləyən bu zəhrimardır! Bunu da ki, Allah verib ərbabın ixtiyarına, kasıb dəridən də çıxsa, bir çərək ələ keçirə bilmir. Kimin ki torpağı var, güzəranı var. Torpaqsız kəndlinin günü it günündən pisdir!..
O, dərin bir kədər içərisində gözlərini yerə dikdi. Fridun onun baxışlarına çıxılmaz bir fəlakət qarşısında qalmış adamın ümidsizliyini gördü. Təsəlli və ümid oyadacaq bir söz demək istədi, lakin bacarmadı. Nə deyə bilərdi! Ona yalandan təsəlli vermək özünə də iyrənc göründü. Musa kişi köksünü ötürdü:
– Görək axırı nə olacaq, oğul, – dedi və ayağa qalxdı, – Dur, dur işimizi qurtaraq!
Fridun durub, şananı götürdü. Hələ də fikirlərindən ayrıla bilməyən Musa kişi öz-özünə danışırmış kimi əlavə etdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Стихи других поэтов
Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd