İyirmi altıncı fəsil
Страница 1 из 5
Hitler ordularının Sovet ölkəsinə xaincəsinə basqınından beş gün keçirdi. Artıq bütün dünyanın nəzəri sovet-alman cəbhəsinə dikilmişdi. Sanki tarixin təkəri orada hərlənir, dünyanın gələcəyi, məmləkətlərin taleyi orada müəyyən edilirdi. Nəinki böyük və xırda dövlətlərin, hətta bu dövlətlər daxilindəki insan münasibətlərinin, bu və ya digər ideala mənsub olan dəstə və ailələrin də taleyi orada, o böyük vuruş meydanında həll olunurdu. Tehran, bu hadisələri çox gərgin şəkildə izləyən müxtəlif və bir-birinə zidd fikirli insan dəstələri ilə dolu bir şəhər idi. Burada müharibənin gedişi, kimin qalib gələcəyi haqqındakı söhbətlər sadə bir maraqdan doğmurdu. Bu söhbətlərdən müxtəlif ehtiraslar, görüşlər, arzu və meyllər bir-biri ilə çarpışırdı. İranı doldurmuş və arasıkəsilmədən axıb gəlməkdə olan alman casusları, İranın hakim dairələri və mürtəce təbəqələr Hitlerin qalib gələcəyini sadə bir həqiqət kimi irəli sürür, öz təbliğatlarında müasir vasitələrdən tutmuş orta əsrlərin dini cəfəngiyatını andıran ağlasığmaz uydurmalara qədər hər şeydən istifadə edirdilər. Birinci cahan müharibəsi zamanı Vilhelmin Məhəmmədin qılıncını bağlayıb cahad elədiyini yayan alman casusları, indi də eyni sözləri Hitler haqqında yayır, hətta onun əsl “Sahibəzzaman” – “İmam Heydər” olduğunu xalq arasında yayırdılar. Bütün bu cəfəngiyata baxmayaraq, yoxsul, ac və hüquqsuz xalq dərin bir ürək çırpıntısı ilə bu davada Sovetlərin qalib gəlməsini istəyir, azadlıq və insana layiq həyatın yalnız bu qalibiyyətdən asılı olduğuna şübhə etmirdi. İranın dargöz və kütbeyin mürtəcələrini boş xoyallara salmış sovet-alman döyüşləri, demokratik qüvvələri də hərəkətə gətirmişdi. Hər iki tərəfdə qəti döyüşə hazırlıq gedirdi. Almanlar çox diqqətlə bu hadisələri izləyir, görünməmiş bir enerji ilə İranı istədikləri səmtə yuvarladırdılar. Gecə-gündüz alman səfarətxanasına get-gəlin ardı-arası kəsilmirdi. Alman səfiri fon Ettel, öz diplomatik idarəsini əsl bir hərbi ştaba çevirmişdi. Burada İranda Sovetlərə qarşı açılacaq cəbhənin planları işlənir, hərbi qüvvələrin düzülüş qaydası və hücum xətləri müəyyən edilirdi. Artıq Rza xanı tamamilə öz təsiri altına almış almanlar, hər ehtimala qarşı qəbilələr arasında işləyir, cənubda, şimalda hələ də feodal həyatı yaşayan qəbilələrdən üsyançı dəstələri hazırlayırdılar. Cənub qəbilələri arasında, Yunkers firmasının müdiri, iyirmi beş il İranda işləmiş Şunsmanın mərkəzi dövlətə qarşı hazırladığı qəbilə üsyanlarının üstü açıldıqda fon Ettel onun İsfahandan Tehrana “sürgün edilməsinə” nail olmuşdu. Təbrizdə “Veberbauer transport” adlı kontorun başçısı sifətində polkovnik Şmidt kimi casus və provokator dururdu. O, Sovet sərhədləri boyunca canilər, satqınlar və xainlərdən ibarət terrorçular, basqınçılar dəstələri hazırlayırdı. Ənzəlidə, Qorqanda və bütün şimal şəhərlərində də eyni qızğın fəaliyyət gedirdi. Bütün bu fəaliyyətin mərkəzində isə fon Valter dururdu. O, Tehrandan şimal, cənub, şərq və qərb – bütün məmləkətə yayılan fitnə-fəsad tellərini birləşdirir, bu tellərə istiqamət verirdi. O, fon Ettel vasitəsilə Berlindən hər gün bir göstəriş alır, yuxusunda da tezliklə Qafqaz və Bakı neftini işğal edəcəkləri günü görürdü. İyun ayının 27-də səhər saat doqquzda öz kabinəsinə daxil olduqda bu fikirlər başında dolanırdı. Lakin bununla yanaşı harada isə dərinlərdə bir şübhə, pis bir sual da baş qaldırırdı: – Birdən alman orduları bir-iki aya Rusiyanı fəth etmədilər? – Birdən Sovetlərin qırılmaz müqavimətinə rast gəldilər? Müharibə uzandı?.. O zaman bu iranlılara etibar etmək olardımı? Onlar fürsət düşən kimi azmı fon Valter kimilərin başını kəsib ağaca keçirmiş və meydanlarda gəzdirmişlər?.. Bu pis, şübhəli və gecə yuxusuzluğunun törətdiyi baş ağrısını unutmaq üçün o, balaca, dairəvi və işıldayan masanın üstünə yığılmış yeni qəzetlərə əl atdı. İlk əlinə keçən “İttilaat” oldu. Burada birinci səhifədəcə alman silahının qələbəsini iri hərflərlə xəbər verən bir yazıya gözucu baxdı. Nədənsə onu oxumağa qərarı gəlmədi. “İttilaat”ı bir kənara atıb, başqa qəzetləri gözdən keçirdi. Bu zaman səfarətxananın katibi icazə istəyib daxil oldu və balaca bir vərəqəni masanın üstünə qoydu. Səfir göndərmiş, tanış olmağı, saat 10-da yanına gəlməyi tapşırmışdı. O, etinasızlıqla qəzetləri bir kənara çəkib, vərəqəni götürdü. Lakin oxuduqca üzünün ifadəsi dəyişir, dodaqlarını dişləyirdi, əlli xətdən ibarət olan yazı Hitlerin xəyanətkar və qaniçici bir cəllad olduğunu deyir, İranda olan almanlardan vaxt ikən başlarını götürüb qaçmağı tələb edirdi, fon Valter vərəqəni əlində sıxaraq otaqda gəzindi, dodaqaltı:
– Tezliklə sizin ümid ocağınızı dağıdacağıq, – deyə söyləndi.
Gəlib xəritənin qabağında durdu. Cəbhə xəttini, Hitler orduları ilə Moskva arasındakı məsafəni müəyyən etməyə çalışdı. Gözləri Moskvanı, onun arxasında uzanıb gedən ucsuz-bucaqsız Sovet torpaqlarını süzdü. Bu yerlər ona anlaşılmaz bir sirr, açılmaz bir tilsim kimi müəmmalı görünürdü. Onlara baxdıqca ürəyində gizli bir vahimə baş qaldırırdı. Başı böyük bir yük kimi çiyinlərinə ağırlıq etməyə başlayırdı. Dönüb balaca şkafa yığılmış və nəzərdən keçirilməmiş kitablara əl atdı. İlk rastına gələn kitabın üstündə farsca “Xatirati-Hitler” yazılmışdı. Kitabın cildində qara çərçivə içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. O, hərbi paltarda idi. Başını gərgin halda dala atmış, sağ əlini yuxarı qaldıraraq yumruğunu düyünləmişdi. Çatma qaşları, giləsi bilinməyən iri-iri açılmış çılğın gözlərinin üstünə enmişdi. Ağzı, tarıma çəkilmiş bir yayı andırırdı. Fon Valter bu şəklə baxsa da, fikri uzaqlarda idi. Vərəqə, müharibənin aqibəti, bilinməz bir gələcək fikri varlığına hakim kəsilmişdi. Ona görə də kitabın üzərindəki şəkil ona, düyünlənmiş yumruğu ilə dünyanı hədələyən, hər kəsə meydan oxuyan bir dəli təsiri bağışladı. Lakin ağır fikirlərdən ayılıb, bir də şəklə baxdıqda və onun Hitler olduğunu gördükdə özü də öz duyğusundan vahiməyə düşdü. Səliqə ilə onu kənara qoyub, başqa bir kitab götürdü. Onun üstündə “Mussolini” yazılmışdı. Fon Valter onu da yerinə qoyub saatına baxdı və səfirin yanına getdi. Səfirin qapısında o, Həkimülmülk və xariciyyə vəziri ilə qarşılaşıb salamlaşdı. Xariciyyə vəzirini səfarətxana katibinin ixtiyarına buraxıb, özü dostcasına Həkimülmülkün qolundan tutdu:
– Nə var, nə yox, dostum?
Həkimülmülk gülümsəyərək:
– Şükür, sizin sayənizdə yaxşı dolanırıq, – dedi.
– Əlahəzrət necədir? Firində bir dəyişiklik yoxdur ki?
Həkimülmülk onun nə soruşmaq istədiyini anladı.
– Allahın iradəsi almanla İranın taleyini elə birləşdirib ki, sümüklə ilik kimi. Heç bir qüvvə onları bir-birindən ayıra bilməz. Amma...
– Nə amma? Yoxsa, şübhəniz var?
– Allah eləməsin. Amma bircə bu ingilisdən ehtiyat edirəm...
Fon Valter güldü:
– Bizim böyük Vilhelm onlar haqqında bilirsənmi nə demişdir? – deyə soruşdu və Həkimülmülkün cavabını gözləmədən:
– Onlar mart ayında yarısərsəm olan dovşan kimi ağılsızdırlar. Onlardan ehtiyat etmə! – deyib səfirin otağına girdi.
Səfir fon Valterin vərəqə haqqındakı söhbətini yarımçıq kəsdi:
– Lazımi tədbir görəcəyinizə əminəm, – dedi və Berlindən yenicə aldığı bir şifri ona verdi. Burada işləri daha artıq canlandırmaq, qəti hərəkətlərə hazır olmaq tələb edilirdi. Fon Valter şifr-teleqramı oxuyub başını qaldırdıqda səfirin sözlərindən vəcdə gəlmiş kimi: – On milyon ton! – deyib təkrar etdi.
– Neft... Neft! Bilirsənmi, neft nədir? Neft qan və qüvvə deməkdir! Bizim isə buna ehtiyacımız çoxdur. Necə olsa İran neftini, Bakı neftini əlimizə keçirməliyik!..
Səfir neftdən xeyli danışdı. Sonra yeni gəlmiş qırx alman təyyarəçisini, ordu hissələrində almanların istədiyi kimi yerləşdirməyə şahın razılıq verdiyini fon Valterə bildirdi və əlavə etdi:
– Bütün dediklərimizi qəbul etsələr də, biz ehtiyatlı olmalıyıq. Bu balaca məxluq özünü böyük bir hökmdar və siyasət adamı hesab edir. İngilis və amerikanlarla bizim aramızda oynayır, gah o yana, gah da bu yana... Bunları Allaha səcdə etdirəcək bir şey varsa, o da yalnız və yalnız qüvvədir, gücdür!.. Ona görə də qəbilə başçıları, ordu rəisləri bizim əlimizdə olmalıdır. Hər yerdə istədiyimiz zaman qalxacaq bir qüvvə hazır durmalıdır. Tezliklə bu xırda həkimciyəzlərlə oynamaq məcburiyyətindən qurtaracağıq. Alman silahı bu millətləri, bu dövlətləri və onların oyunbaz başçılarını yer üzündən silib atacaqdır.
Fon Valter, səfirə qulaq asdıqca hər iki əlini başının yanlarındakı seyrək tüklərə çəkirdi. Qaşlarını həmişə geri dartırdı. Buna görə də gözləri adi halında olduğundan artıq açılmışdı. Səfir Sovet İttifaqına göndəriləcək diversiya dəstələri və məlumat yığacaq casuslar haqqında soruşdu:
– Bakı bolşeviklərin qan damarıdır, onu kəsmək lazımdır!
Fon Valter dəstələrin hazır olduğunu, onları Sovet İttifaqına keçirmək planlarını və tapşırıqların məzmununu nağıl etdi.
– Qoşunlarımız Şimal Qafqaza çatana qədər bunlar fəaliyyətə başlarlar.
– Təxribat materialları daşındımı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
Стихи других поэтов
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Bayram axşamıYadımdadır çocuqluqdaƏziz bayram gecələri…
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,