Страница 3 из 5 · 40%

Həkimülmülk qalxıb təzim etdi və ayaq saxladı. Rza xan onun yenə nə isə demək istədiyini duyaraq əsəbi halda əlavə etdi:

– De görüm, daha nə var?

Həkimülmülk, həyəcanlı və titrək səslə:

– Əlahəzrət, vəzifəmiz məmləkətin səadəti və əlahəzrətin vücudu-mübarəki yolunda hər cür ağırlığa dözməyi bizdən tələb edir. Əlahəzrətin ovqattəlxliyinə bais olsa da, bir çox məsəllər var ki, onları deməyə məcburuq.

Rza xan kəskin bir səslə sözünü kəsdi:

– Ağayi vəzir, müxtəsər elə görüm sözün nədir?

Həkimülmülk yığışıb açıldı və “Səda” qəzetini çıxartdı.

– Buyurun, əlahəzrət. Bu ağayi Hikmət İsfahaninin ruznaməsidir. Bu məqalədə almanların taktikini tənqid etməyə başlayıblar. Məqsəd aydındır. Məmləkətin bugünkü ağır siyasi vəziyyətində müttəfiqimiz olan almanlarda şübhə oyatmaq, əlaqəmizi sarsıtmaq!..

Rza xan qəzetin göy karandaşla cızılmış yerlərini oxudu və götürüb otağın o biri başına tulladı:

– Hikmət İsfahani adını yaza bilmir, belə şeyləri düzəltmək onun işi deyil! De görüm, ruznamənin müdiri kimdir!?.

– Sofi İranpərəst adlı birisidir, qurban.

– Sabah buraya çağır!

Həkimülmülk “bəçeşm” deyib baş əydi və çıxmaq istədi. Rza xan əlini qaldırdı. Həkimülmülk yarı-təzim vəziyyətində durduğu yerdən tərpənmədi. Rza xan otaqda gəzindi. Pəncərədən sakit həyətə baxıb fikrə getdi. Sonra vəzirə döndü və yenidən oturmaq üçün ona yer göstərdi. Həkimülmülk, şahın simasında nə isə qeyri-adi bir mülayimlik gördü. Bir an əvvəlki qəzəbli və qorxulu ifadələr bir pərdə kimi üzündən çəkilmişdi. Bu hal Həkimülmülkü ürəkləndirdi, özünü sərbəst hiss edərək göstərilən səndələ oturdu. Lakin dərhal Nizaminin sözlərini xatırladı. “Pələngin ağaran dişləri təbəssümdən deyildir, o səni parçalamaq üçün açılmışdır”. Bir vahimə içində titrəyib, ayağa qalxdı. Şah onun çiynindən basıb oturtdu və özü də qarşıda oturdu:

– Tarixi əsatirlər, əfsanələrlə dolu olan bu tac-taxt nə tufanlar, nə zəlzələlər görmüşdür, vəzir!

Şahın səsində də, baxışlarında da bu dünyadan yorularaq sakit bir guşəyə çəkilib, aramsız surətdə hərəkət edən, çarpışan, birini yıxıb, o birini tikən, birini öldürüb, digərinə həyat verən çərxin gərdişini seyrə dalmış bir dərvişin laübalılığı duyulurdu. Lakin qızdırma kimi birdən baş qaldırmış bu zahiri laübalılığın səbəbi nə idi? Bir müstəbidin öz axıtdığı qanlardan, öz işlədiyi nəhayətsiz hiylə və dəsisələrdən yorğunluğumu, yoxsa, ölümcül təhlükə hiss edən bir vəhşinin şaşqınlığımı? Həkimülmülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi. Ona görə də şahın halındakı sövq-təbii bir hissin təsirilə onun söhbətinə qüvvət verməyə çalışdı:

– Bəli, qurban, tarixin səhifələrində onun gah ucalmasını, gah enməsini nağıl edən rəvayətlər çoxdur. Bu rəvayətlər bir əzəmət və rəzalət silsiləsi kimi gəlib keçir.

– Qacar hökmranlığının açdığı qara səhifələr isə bu rəzalətin qaranlıq nəhayəti idi.

– Bəli, qurban, Qacar dövrü İranın qocalıq və kəsalət rəmzi oldu. Yalnız Pəhləvi xanədanı İran günəşini əbədi qaralmaqdan saxladı. İran tarixinin yeni yüksəliş səhifələrini açdı.

Həkimülmülk Rza xanın fikrə getdiyini görüb susdu və altdan-altdan onu süzməyə başladı. Şahın simasındakı ifadələrdən artıq tamam başqa bir ruhi vəziyyət keçirdiyi bilinirdi. Təbiətindəki ağalıq, şöhrət və xudbinlik üzünə çıxdıqca orada bir qətiyyət yaradırdı. Lakin fikrən hələ tamamilə tarixi mövzudan uzaqlaşmamışdı:

– Mən Ənuşirəvan Adil zamanını İran tarixinin misilsiz şərafət dövrü hesab edirəm.

– Bəli, qurban, Ənuşirəvan Adil ağıllı hökmdar idi.

– Bəs mənimlə Ənuşirəvan Adil arasında nə təfavüt görürsən, vəzir?

Bu gözlənilməz sual Həkimülmülkü sarsıtdı. O, birdən-birə nə cavab verəcəyini kəsdirə bilmədi. Lakin susmaq, gecikmək də olmazdı.

– Əlahəzrət, zəminü asiman təfavüt var. Sizin zamanınızdakı tərəqqi və təkamülü İran heç bir vaxt görməmişdir. Ənuşirəvan Adil zamanında Mazəndərandan İsfahana getmək üçün gərək aylarla vaxt sərf edəydin, dəvədən, uzunqulaqdan başqa bir vəsilə yox idi. Sizin zamanınızda, elə vəsilələr icad olub ki, üç günə ölkənin bu başından o başına gedirsən. Ənuşirəvan Adil zamanında aeroplan yox idi, sizin zamanınızda var, buxar maşınları yox idi. Sizin zamanınızda var. Avtolar yox idi, sizin zamanınızda var. Poçt-teleqraf yox idi, sizin zamanınızda var, Sizin zamanınızda Ənuşirəvan Adil zamanı qabili müqayisə deyil, əlahəzrət!

Rza xan kəskin bir hərəkətlə ayağa sıçradı və qapını Həkimülmülkə göstərdi:

– Çıx çölə, qurumsaq! Ənuşirəvan Adilin, Buzər Cümehr kimi vəzir, var idi, yaxası sənin kimi köpək oğlanlarının əlində qalmamışdı. Çıx çölə!..

Həkimülmülk özünü nə vaxt çölə atdığını bilmədi.


Rza xanın yanından çıxdıqdan sonra o, Ənuşirəvan Adilə və İran taxt-tacına oturmuş bütün şahlara lənət oxudu. “İşim yaxşı tutmuşdu, dedi, – bu Ənuşirəvan məsələsi olmasaydı. İndi, gəl ki, məni də qata Sərtibin dəstəsinə!.. Öz əlimlə öz çırağımı yaman keçirtdim!” Bu fikirlər onu bütün gecəni yatmağa qoymadı. İlan kimi qıvrılıb durdu. Lakin getdikcə qızışan qumarbaz kimi başladığı yoldan dönmədi. Səhərisi müəyyən olunmuş zamanda Sofi İranpərəsti çağırıb, şahın yanına apardı.

Onlar büzüşərək, ikiqat əyilə-əyilə girdilər. Pəncərə qabağında durub, hara isə baxan Rza xan adəti üzrə uzun müddət onlara əhəmiyyət vermədi. Sonra ağır-ağır, əzici bir fikirdən ayılar kimi döndü, sükut içərisində, zahiri bir əzəmətlə onları seyr etdi. Əlahəzrətin yanına gəlmək şərəfinə birinci dəfə nail olan Sofi İranpərəst sehrlənmiş adam kimi yerində donub qalmışdı. Ona elə gəlirdi ki, şah, əlini tərpədəndə saray titrəyir, başını çevirəndə Tehran lərzəyə düşür, qaşını oynadanda gözlərindən od çıxır, bütün məmləkət bir vahimə içərisində susub durur. Rza xanın qəzəbli üzü və gözləri, despotik rəftarı onu çaşdırmışdı. Qorxudan tamamilə özünü itirmiş, varlığını yaddan çıxararaq yarpaq kimi əsən bir tikə ətə çevrilmişdi. Dəhşətli bir vahimə varlığına hakim kəsilərək onu düşünməyə, duymağa qoymurdu. Daha doğrusu, bütün hissiyyatı, bütün varlığı və şüuru keyimişdi.

Onlar hər ikisi hələ də təzim vəziyyətində dayanaraq oturmaq icazəsi gözləyirdi. Sofi İranpərəst bir az da belə qalarsa titrəyən dizlərinin taqətdən düşəcəyindən və yıxılacağından qorxurdu. Dumanlı bir fikirlə əlahəzrətin “əyləşin” sözünü gözləyirdi. Qarşısında adamların titrəməsinə adət etmiş Rza xan isə onları incitməkdən ruhi bir ləzzət alır və danışmırdı. Nəhayət, Sofi İranpərəst əlahəzrətin səsini eşitdi:

– Bu gün nə günüdür?

Əvvəlcə bu sual ona qəribə və anlaşılmaz göründü. Gözaltı Həkimülmülkə baxdı. Yanında canlı insan deyil, daşdan yonulmuş arıq və eybəcər bir heykəl, qədim Misir mumiyalarını andıran bir cənazə durduğunu zənn etdi. Onda sanki heç bir həyat və düşüncə əlaməti yox idi. Rza xan sualına cavab gözləyirdi. Onlar əzablı bir surətdə diqqətlərini gərginləşdirərək bu gün nə günü olduğunu xatırlamağa çalışırdılar. Lakin nahaq yerə! Vahimə hafizəni tamamilə yatırmış, öldürmüşdü, fikir məhvərindən çıxmış bir şar, dağ aşağı yuvarlanan bir araba kimi bir nöqtədə qərar tuta bilmirdi. Gözləməkdən yorulmuş Rza xan əsəbiləşdi:

– Bu gün nə günüdür, soruşuram?

Sofi İranpərəst, Rza xanın son dərəcə qəzəbli olduğu, acığını tutduran hər kəsi mütləq məhv edəcəyi haqqında çox söhbətlər və rəvayətlər eşitmişdi. Çaşmış, öz adını belə unutmuş müxəyyələsində bu dəhşətli hekayələr dumanlı siluet və tablolar şəklində baş qaldırdı. Dar ağacı, kəndir gəlib gözləri önündə durdu.

Rza xan bir də qışqırdı:

– Kar deyilsiniz ki? Bu gün nə günüdür?

Onlar nə qədər çalışdılarsa, nə qədər diqqətlərini gərginləşdirməyə can atdılarsa, bu günün nə günü olduğunu xatırlaya bilmədilər.

Rza xan iki addım irəli atdı:

– Eşşəklər, eşşəklərsiniz!.. Bircə palanınız əskikdir! – dedi və Sofi İranpərəstə baxdı.

– Bu baş-qulaqla dövlət əleyhinə təbliğat aparırsan, ağa?

Dünya Sofi İranpərəstin başına hərləndi. Nə vaxt özünü əlahəzrətin ayaqlarına atdığını və yalvarmağa başladığını bilmədi:

– Aman günüdür mənə rəhmin gəlsin, əlahəzrət!..

Rza xan yuxarıdan-aşağı ona baxdı. Qıçlarına su ilanı dolanır kimi ürəyi bulandı. Başını yana çevirib, ayaqlarını onun qolları arasından çəkdi və üzünü Həkimülmülkə tutdu:

– Götür, at çölə! Mən də elə bilirdim ki, yanıma adam gələcək. Götür, at çölə!

Həkimülmülk hələ də Rza xanın ayaqlarını qucaqladığı yerdə üzü üstə düşüb qalmış Sofi İranpərəstin cəld qolundan tutdu və qaldırıb qapıya tərəf sürüdü. Onu astanadan o taya itələyəndə Rza xanın səsini eşitdi:

– Sərtib Səlimini gətir!

O, “bəçeşm” deyib Sofi İranpərəstin dalınca özünü çölə atdı. Sofi İranpərəst, yıxılmamaq üçün, divara söykənə-söykənə yeriyirdi. Sapsarı saralmış, rəngi meyit rənginə dönmüşdü. Həkimülmülk qolundan tutub onu sürüdü:

– Rəhmətlik oğlu, ölməyə yer tapa bilmirdin, gərək qanını bizim başımıza tökəydin?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 мин
On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 мин
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 мин
İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин

Стихи других поэтов