On doqquzuncu fəsil
Страница 5 из 5 · 80%
– Xanımlar, ağalar, qaldırın bu badələri xanım Gülnazın sağlığına içək!
Gülnaz ona baxdıqda vücudu titrədi. Bu mübaşir Məmməd idi. O, Gülnazı tərifləyib deyirdi:
– İçin, ağalar, belə xanımın sağlığına zəhər də içmək şirindir. Qarşınızda oturan adi bir qız deyil, dağ göyərçini, səhra çiçəyidir!.. İçin!..
Kim isə:
– Həm də Azərbaycan dağlarının bəslədiyi göyərçin, Azərbaycan səhralarının yetirdiyi çiçəkdir!.. İçin! – dedi.
Yanında oturan kök və əndamlı bir xanım iki qədəh götürdü, birini Gülnaza verdi. Gülnaz yavaşca:
– Mən bacarmaram, bacı, mənim işim deyil, – deyə pıçıldadı.
Əndamlı xanım qəhqəhə çəkib güldü:
– Bura ki gəldin, hər şeyi bacarmalısan... Bax bunu da, – dedi və Gülnazın çiyni üstündən əyilib, sol tərəfindəki oğlanla öpüşdü. Məclisdəkilər gülüşdülər. Bundan sonra nəhayətsiz bir şadlıq başlandı. Əxlaqsızlığın dəhşətamiz və çılpaq səhnələri açıldı. Gülnaz dayana bilməyib ayağa durdu və ərbaba yaxınlaşdı:
– Mən gedirəm, başım ağrayır.
Artıq sərxoş olan ərbab onun qolundan tutdu:
– Gedək, gedək, mənim mələyim, – dedi və onu dəhlizə, oradan da balaca bir otağa keçirtdi:
– Burada uzan, dincəl, bu saat gəlirəm.
Ərbab çıxdı. Gülnaz qapıda onun mübaşir Məmmədlə danışdığını eşitdi. O, mübaşir Məmmədin üzünə vurub:
– Sağ ol, ay mübaşir Məmməd, – deyirdi, – keçən gecəni bir ömrə dəyişmərəm. Onun da savabı sənə çatır. İndi buyur içəri, mən getdim.
Gülnaz özünü onun dalınca dəhlizə atmaq istərkən içəri girən mübaşir Məmmədlə qarşılaşdı və dal-dalı geri çəkildi.
– Yol ver, yol ver mənə!..
– Hara, xanım?.. Buradan heç yerə yol yoxdur! Artıq dəliliyi burax və səadətini ayaq altına atma.
– Çəkil, bişərəf! Mənə yaxın gəlmə!.. Mən gedirəm. Anamın yanına gedirəm.
– Zəhmət çəkmə, xanım, sənin ananı Tehranın küçələri uddu. Onu sən heç yerdən tapa bilməzsən. Bura sənin axırıncı yerindir. Bax, sən buradasan!
O, əlini atıb salona açılan pəncərənin pərdəsini qaldırdı və hər küncdə bir şəhvət səhnəsi oynayan salonu göstərdi:
– Buyur, yol açıqdır!
Gülnaz əli ilə üzünü tutub ağladı və səndələyərək çarpayıya oturdu. Mübaşir Məmməd ona yaxınlaşdı, əlini əlinə almağa çalışdı.
– Mənə də razı olmasan başqaları gələcək. Gülnaz, yalvarıram, razı ol!..
Gülnaz yerindən sıçrayıb durdu, mübaşir Məmmədi şillələdi:
– Bişərəf, binamus! İtə razı olacağam, səni yaxına qoymayacağam! – dedi və özünü dəhlizə atdı.
Gülnaz dəhlizdə yarısərxoş halda salondan çıxan ərbabla üz-üzə gəldi:
– Məni hara gətirmisən? Gedək, tez burdan çıxıb gedək.
Onun həyəcan və qəzəbinə əhəmiyyət verməyən ərbab sərxoş-sərxoş güldü:
– Gedəcək yerimiz yoxdur, Gülnaz! Bura axır məkanımızdır!
Hələ də heç şey anlamayan Gülnaz təəccüblə:
– Necə gedəcək yerimiz yoxdur? – Bəs evimiz? Bəs anam?
Ərbab səndələyərək qapıya tərəf yollandı və daha ucadan gülərək:
– Evimiz! Ha, ha, ha! Evimiz!.. Hanı bizim evimiz. Bu gündən mənim yatmağa yerim də yoxdur. O da bir xoşbəxtlik idi mənə üz vermişdi. Keçdi qurtardı. Sənin anan! Bax, budur sənin anan! – deyib, salonun qapısında görünən Qəmərbanunun qolundan tutdu, Gülnaza tərəf itələdi və özü həyətə çıxdı.
Gülnaz Qəmərbanu ilə üz-üzə dayandı:
– Xanım, çox çirkin iş gördünüz!..
Qəmərbanu pörtmüş halda dəhlizin başında durmuş mübaşir Məmmədə baxdıqda məsələni anladı və ildırım vurmuş kimi, qapqara qaraldı. Gülnazın saçlarından tutub, mübaşir Məmmədə tərəf sürüdü:
– Axmağın qızı, axmaq! Elə bilir ki, bu naz-nemət havadan tökülüb, ya da ata-babasından qalıb!.. Bir ayda beş yüz tümən xərc çəkmişəm. Onu sənin dərindən çıxaracağam! Gəl! Bundan yaxşı kişi olmayacaqdı ki, gəl!..
Qəmərbanu onu sürüdükcə söyür, söydükcə sürüyürdü. Nəhayət, Gülnaz dartınıb, onun əlindən çıxdı, Qəmərbanunun boğazından yapışıb divara çırpdı.
– Ətimi tikə-tikə kəssən də mən sən deyən yola getməyəcəyəm!
Qəmərbanu bir anlığa başı gicəlmiş halda divara söykənib qaldı. lakin tez özünü düzəldib, başını pəncərədən həyətə çıxartdı:
– Ay gədə, ay Vəli, – deyib qışqırdı. – Gəl bu nankoru apar aşağı! Səhərdən axşama qədər lap nəfəsi kəsilənə kimi rahatlıq vermə, qoy qızların paltarını yusun, ev-eşiyini təmizləsin, kartof soysun. Gərək əlli il işləyə ki, qoyduğum xərcin bahası çıxa!..
Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narın-narın tükülən yağışa yol açırdı. Qeyri-adi bir çiskin hər tərəfi bürümüşdü. Sısqa yağış, gözlənilmədən çölə atıldıqdan sonra dizlərini qucaqlayıb səkinin qırağında oturmuş Səriyyə xalanın başına tökülür, alnından, boğazından süzülüb, canına keçirdi. Lakin o, heç bir şey hiss etmirdi. Nəhayətsiz və çıxılmaz bir uçuruma düşdüyünü anladıqca dərd ürəyini sıxırdı. Bağırmaq, ağlamaq istəyir, bacarmırdı. Sanki gözlərinin yaşı qurumuşdu. Məyusluq və ümidsizlik bütün varlığına hakim kəsilmişdi. O, mübarizə etmək, amansız taleyi ilə üz-üzə durmaq iqtidarında deyildi. Bütün başına gələnlərin Allahdan belə yazıldığına inanır, özlüyündə “olacağa çarə yoxdur” deyib düşünürdü. Ayazla Niyaz da bu fəlakəti duymuş kimi, səslərini çıxarmadan ona qısılıb durmuşdular. Yağış onları islatsa da dözür və danışmırdılar. Yalnız balaca Niyaz soyuqdan dişi-dişinə dəydikdə qeyri-ixtiyari olaraq anasının qolundan yapışdı:
– Üşüyürəm, ana, gedək!
Səriyyə xala onun başını qucaqlayıb, üzündən öpdü. Ora-bura sürünməkdən artıq mitili çıxmağa başlayan yorğanı uşaqların çiyninə saldı.
– Gözləyin, balalarım, Gülnaz gəlsin, gedərik!...
Sadəliyindən, avamlığından o hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. Ona elə gəlirdi ki, Gülnaz qayıdacaq və başlarını götürüb, şəhərdən qaçacaqlar. İlk axşamdan xeyli keçib, küçədən ayaq səsləri kəsilənə qədər bu minval ilə oturub gözlədi, uzaqdan gələn hər qaraltını “Gülnazdır” deyib izlədi. Lakin Gülnaz gəlmədi.
Dərdini bir adama deməyə ehtiyac duydu. Bəlkə, kömək edən, yol göstərən olardı. Təsadüfən gəlib-keçən iki nəfərə yaxınlaşdı. Yalvarıb sızıldadı:
– Ay qardaş, bir ayaq saxla, mənə kömək elə!
Onu dilənçi zənn edərək, etinasız bir nəzərlə baxıb ötdülər. Yüyürüb qabaqlarını kəsdi:
– Ay qardaş, mənə bir yer göstərin, dərdimi deməyə bir divanxana haradadır?
Onlar, hərəkətlərindən onun pul istəmədiyini görüb ayaq saxladılar.
– Xanım, türki nəmidanəm... – deyib getmək istədilər. O, bir də onların qabağına keçdi. Bir az tələsik dərdini deməyə bir yer soruşdu. Onlar başlarını tərpətdilər. Bu zaman üçüncü bir adam ona yaxınlaşdı:
– Bacı, nə istəyirsən?
O, dərdini danışdı. Başına gələn müsibəti nağıl edib dedi:
– Bircə qızımı tapmaqda mənə kömək elə, qardaş, heç şey istəmirəm.
– Ay bacı, yaman lotulara rast gəlmisən, kim bilir, əsl adlarını da bəlkə, səndən gizlədiblər. Haradan tapacaqsan. Get başına çarə elə, uşaqları yağışın altında saxlama. Bu küçə ilə düz get, sonra sola dön, əlli addım qabaqda mehmanxanadır. Gecəni orada qalarsan. Dur get! Mən özüm də bir qohumun dükanında qalıram. Yoxsa, səni küçədə qoymazdım.
– Sağ ol, qardaş. Yaxşı adamların hamısını belə gördüm, dərd, ehtiyac içində. Sağ ol!
Səriyyə ayaqları əsə-əsə Ayaz və Niyazı yanına saldı. Mitil yorğanı dalına atıb, mehmanxanaya tərəf yollandı. Orada təhər-tövürünə baxıb, yer olmadığını dedilər. O ağladı, yalvardı, bir gecəlik yer istədi. Nəhayət, qulluqçulardan biri pillənin altında gecələməsinə icazə verdi.
Çiskin və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. Bir dəqiqə də gözlərini yummamış Səriyyə xala uşaqlarını götürüb şəhərə çıxdı. İlk yazı andıran günəşin ilıq şüaları insanın canını qızdırır və xoşa gəlirdi. Səriyyə, qoynunda gizlətdiyi iyirmi tüməndən bircə tümən çıxartdı. Beş qranına çörək aldı. Qalanını yenə qoynunda gizlətdi. Çörəyi üç hissəyə böldü. Bir hissəsini uşaqlara verdi, nahar və axşam üçün ayırdığı iki hissəni büküb, xurcuna qoydu. Artıq yavan çörəkdən başqa bir şey fikrindən keçmirdi. Hətta yavan çörək də doyunca yemək mümkün olmayacaqdı. Gündə yarım tüməndən artıq xərcləmək olmazdı. Beləliklə, o ancaq qırx gün yaşaya bilərdi. Bu qırx gündə həm Gülnazı tapmalı, həm də qayıdıb özünü Azərbaycana, bir kəndə çatdırmalı idi. Yoxsa, şəhər onun baş aça biləcəyi bir xarabaya oxşamırdı. Tanımadığı böyük bir küçəyə çıxdı. Küçə maşınlar, faytonlar, müxtəlif çeşidli adamlarla dolu idi. Uşaqları itirməkdən qorxub əllərindən tutdu. Səkinin qırağında oturub gələnə-gedənə göz yetirməyə, Gülnazı axtarmağa başladı. Beləliklə, günlər gəlib keçdi, Gülnazdan bir xəbər çıxmadı. O, hər gün bir pillənin altında, bir dükanın qapısında gecələdi. Hər keçən gün onun səbrini tükəndirir, qəlbinin iqtidarını talan edirdi. Çünki hər gün beş qran azala-azala yeddicə tümən pulu qalmışdı. Uşaqlar cirə ilə yaşamaqdan və soyuqdan sapsarı olmuşdular. Üstbaşları da tökülmüşdü: Dilənçiyə oxşayırdılar. Səriyyənin özündən xəbəri yox idi. Nə hala düşdüyünü bilmirdi. Çünki bütün fikri Ayaz və Niyazda idi. Gizli bir vahimə qəlbinə yol açmışdı. Pulu qurtardıqdan sonra nə edəcəkdir. Başına gələn müsibət və sabahın qorxusu bütün iradəsini sarsıtmışdı. Heç bir şeyi axıra qədər düşünərək, bir nəticəyə gətirib çıxara bilmirdi. Sanki gözlərinin, düşüncə və şüurunun qarşısına qalın bir pərdə çəkilmişdi. Bir addım qabağı görəcək halda deyildi. Bu qayda ilə, həyatın təbii axını onu bir kor kimi istədiyi səmtə sürükləyirdi. Bu axın, nəhayət, onu gətirib kərpic zavodları olan və minlərlə ac, yurdsuz ailələrin torpaq altında, ya da açıq havada yaşadığı şəhərin cənub tərəfinə atdı. Yalnız burada, yazın ilk nəfəsi eşidilməyə başladığı bir gündə o, bütün bədəninin od kimi yandığını hiss etdi. Yaşamaqdan zinhar, insanların səs-küyündən usanmış, mərhəmətsiz və amansız taledən yorulmuş, öz övladlarını belə ağır bir yük kimi belində danışmaqdan bezmiş halda qızdırma onu yaxaladı. Xırda ticarətin arası kəsilməyən hay-küyü və böyük bir izdihamla qaynaşan xiyabanı gördükdə bir küncə qısılaraq, tərpənmək iqtidarı olmadığı halda, yarıbihuş vəziyyətdə axırıncı beş qranı Ayaza uzatdı:
– Get, bala, çörək al, gətir qardaşın da yesin, sən də! – dedi və Niyazı qucaqlayıb, gözünü yumdu.
Ona elə gəldi ki, isti bir kürsünün altında şirin bir yuxuya getdi. Gözlərini açdıqda Niyazın naləsini eşitdi. Uşaq acmışdı. Çörək istəyirdi. Səriyyə gözlərini ovub ətrafa baxdı. Qaş qaralırdı.
– Bəs Ayaz hanı, bala?.. Bəs Ayaz çörək gətirmədi?
Uşaq burnunu çəkib, məyus nəzərlərini anasına dikdi:
– Bilmirəm... Ayaz gəlmədi...
Arvad yerində qımıldandı:
– Necə! Ayaz gəlmədi?! Vay, kül mənim başıma, olmaya bu cəhənnəm bu uşağı da uddu!..
Niyaz bu sözləri eşitmirmiş kimi:
– Ana, acam, çörək, – deyib, onun ətəyindən çəkdi.
O, ayağa qalxmaq istədi, bacarmadı. Dizləri əsərək yerə oturdu. Bütün bədəni hərarətdən titrəməyə başladı. Uşaq isə çörək deyib dururdu. Bu zaman qoltuğuna təzə təndirdən çıxmış iki çörək vurub keçən bir ağanın yolu onların yanından düşdü. Səriyyə qeyri-ixtiyari olaraq əlini uzatdı:
– Ağa, Allah xatirinə, çörəkdən bir tikə bu uşağa ver!..
Kişi çörəkdən bir tikə qoparıb, etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı.
Səriyyənin bu zaman xəyalən belə yol vermədiyi dilənçilik həyatı başladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-on-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
Стихи других поэтов
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Suda işıqlar“Bağmeşə”dən iraq, “Sarı dağlar”dan,Günəş doğur səhər, rəngi qızıl qan!
Cümə günü doğulmuşamKeçmişdə cümə günü anadan olan uşağın*ağırlığı qədər taxıl çəkib paylayarmışlar.*