Страница 3 из 5 · 40%

– Ay qardaş, bizə Musa kişidən, Fridundan bir soraq! Küçələrdə başsız qalmışıq...

Qoca gözaltı onlara baxdı. Xam olduqlarını gördükdə, maraqla başını qaldırdı, bizi və əlində yamaq saldığı köhnə ayaqqabını bir tərəfə qoydu.

– Haradansınız, ay bacı?

– Ərdəbil mahalındanıq, qardaş, bir kimsəmiz yoxdur. Kişi bir aydır bu xarabaya gəlib qayıtmayıb. Ondan sonra mübaşir Məmməd və Əli əmniyyəbaşı bizi kənddən qovdu, ev-eşiyimizi talan etdi. Bəlkə, sən biləsən, eyb də olsa kişinin adı Musadır, oğlanın da Fridun.

Pinəçi başını tərpətdi:

– Nə bilim, ay bacı, burda yüz min Musa var, yüz min Fridun. Nə bilim, bəs yerini, küçəsini, məhəlləsini bilmirsiniz?

– Bilmirik, ay qardaş, nabələdik. Haradan biləydim ki, gəlib bu xarabaya çıxacağıq.

Qoca, Gülnazın yol əzabı və iztirablarından saralmış üzünə baxdı, gözləri hələ də ilk gəncliyin həvəsilə yanan gözlərinə sataşdı.

– Bəs indi harada qalacaqsınız, qalacaq bir yeriniz var?

– Kimimiz, kimsəmiz yoxdur, ay qardaş. Heç yeri də tanımırıq.

Pinəçi ordları batmış, yarpaq kimi saralmış və arıqlamış Ayazı və Niyazı göstərdi:

– Çətin olacaq, arvad tayfası, iki uşaqla, çətin olacaq...

– Çətin də olsa özümüzə gərək bir yer tapaq.

– Puldan-zaddan neyin var, bacı?

Bu sual Səriyyənin daxilində bu vaxta qədər yatmış bir hissin baş qaldırmasına səbəb oldu. O, uşaqların gələcəyini düşünərək, yaxasında gizlətmiş olduğu iyirmi tümən pulu bir sirr kimi qorumağı qərara aldı:

– Neyimiz varsa gördüyündür.

Pinəçi təkrar etdi:

– Çətin olacaq... Bəs bunları nə ilə dolandıracaqsan?

Səriyyə:

– Yorğanın biri sataram. Olmasa qızın boyunbağısı var, onu sataram. Kişini tapana qədər birtəhər dolanarıq. Dal-dalanmağa bir yer tapsaq, dolanarıq.

Pinəçi bir də Gülnaza baxıb fikrə getdi. Ayağa durub çirkli döşlüyünü silkələdi və:

– Dalımca gəlin, – deyib dükanın arxasına keçdi. Onları balaca və kirli bir həyətə apardı, yerdən aşağı beş pillə enib, cibindən bir açar çıxartdı və qapını açdı.

– İçəri buyurun, iki otaqdır. Biri mənim, biri sizin – dedi və sağ tərəfdəki otağı onlara nişan verdi. Onlar rütubət iyi verən otağa endilər. Səriyyə pinəçiyə baxdı:

– Kirayəsi nə qədər olacaq?

– Nə eləyirsən, rəhmətliyin qızı. Nə qədər bacarırsan, o qədər də verərsən.

– Yenə olsun?

– Sonra danışarıq. İndi siz rahat olun, mən də dükanı açıq qoyub gəlmişəm, sonra danışarıq.

Bir həftə orada yaşadılar. Elə ikinci gün pinəçi Ayaza baxıb, qolundan tutdu: “Yaxşı şagird olar” deyib özü ilə dükana apardı. Gülnaz və Səriyyə isə hər gün Niyazı evdə qoyub, pinəçi olan küçədən o tərəfə getməyə cəsarət etməsələr də, şəhərə çıxır və saatlarla gəlib-gedənlərə göz yetirərək Musa kişini, Fridunu axtarırdılar. Lakin nə Fridundan, nə də Musa kişidən bir xəbər çıxmırdı. Axşamlar bir tikə yavan çörəyə qane olub yatır, səbirsizliklə səhərin açılmasını gözləyirdilər. Bu qayda ilə yeddi gün gəlib keçdi. Səkkizinci gün yenə ümidsiz halda qayıdıb rütubətli otaqda oturmuşdular. Bütün günü pinəçiyə kömək edən Ayaz lap axşamdan yuxuya getmişdi. Niyaz da onun yanında mürgüləyirdi. Səriyyə və Gülnaz da fikrə dalaraq susmuşdular. Pinəçinin:

– Ay bacı, bir bura zəhmət çək, – deyən səsi onları fikirdən ayırdı.

Səriyyə tez dəhlizə çıxdı. Pinəçi onu öz otağına apardı. Gülnaz oturub səbirsizliklə anasının qayıtmasını gözləyir və pinəçinin onun nə üçün çağırdığını düşünürdü. Nəhayət, arvad geri döndü. Gülnaz onun rənginin özündə olmadığını görüb üstünə atıldı:

– Nə var, ana can?

Səriyyə şikayət dolu gözlərilə ona baxdı və özünü saxlaya bilməyib ağladı. Gülnaz ürək çırpıntısı ilə onu qucaqladı:

– Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var?

– Yox, bala, atandan heç bir xəbər yoxdur. Yenə sənin zavalındır.

– Nə olub, ana? Tez de, nə olub?

Səriyyə Gülnazın başını qucaqlayıb, sinəsinə basdı:

– Pinəçi səni almaq istəyir! Nə deyirsən qızım?

Gülnaz, dəhşətə gəlmiş gözlərilə anasına baxdı.

– Sən nə dedin, ana?

– Mənim yerimə sən olsaydın nə deyərdin, bala? Razı olmasaq evdən çıxaracaq, küçəyə salacaq. Nə edək, başımıza haranın külünü tökək.

Gülnaz iki addım dal-dalı çəkildi:

– Ana, gəl öz əllərinlə məni boğ, məni öldür, qurtarım! Amma mənə elə şey təklif eləmə!.,

Onlar səhərə qədər yatmayıb, gah danışır, gah ağlayırdılar. Ümid və təsəlli isə yox idi. Səhər pinəçi, Gülnazın qəti rədd cavabını aldıqda, artıq evində əsil-nəsəbi məlum olmayan adamları saxlaya bilməyəcəyini bildirdi və ev kirayəsini tələb etdi:

– Bir həftədir buradasınız. Mehmanxanada qalsaydınız belə bir otaq üçün sizdən əlli tümən alardılar. Amma mən o cür insafsızlıq eləməmk istəmirəm. Otuz tümən verin, çıxıb gedin.

“Otuz tümən” sözündən az qala Səriyyə xalanın başı gicəlləndi:

– Ay qardaş, bizə rəhmin gəlsin, bizdə otuz tümən hanı?.. İnsaf elə, yorğanın birini götür, burax gedək...

Pinəçi deyinə-deyinə yorğanın az-çox təzəsini seçib bir kənara qoydu. Onların qalan şeylərini həyətə atdı və qapını bağlayıb dükanına getdi. Onlar bir müddət həyətin ortasında qaldılar. Sonra şeylərini dallarına alıb, uşaqların əlindən tutaraq, yenə tufanlı dərya kimi ağzını açıb, onları gözləyən şəhərin ağuşuna atıldılar. Üç gün küçədə yağış altında yatdılar. Soyuqdəymədən Niyazı bərk öskürək tutdu. Səriyyə onun sətəlcəm olacağından qorxaraq, bağrına basıb ağlayırdı:

– Gülnaz, qızım, soraqlaş, heç olmasa məscidi tapaq, bəlkə məscid həyətində daldalanmalı bir yer oldu.

Gülnaz bir neçə addım anasından ayrılıb, qabaqda gedən üç nəfərə yaxınlaşdı:

– Ağa, xahiş edirəm, məscidin yerini mənə göstər:

Lakin onlardan cavab almamış başqa bir səs eşitdi:

– Ay qız, Gülnaz, sənsən? Nə yaman günə düşmüsən, bəs anan hanı?

Gülnaz mübaşir Məmmədin üzünə baxmadan geri döndü və qaçıb uzaqlaşdı. Gedib anasına qısıldı:

– O! O! O! – deyə pıçıldadı.

Səriyyə xala qızın mübaşir Məmmədə rast gəldiyini eşitdikdə ömründə ilk dəfə nifrin söylədi:

– Allahın da işindən baş açmaq olmur. O şeyi ki axtarırsan, min daşın dalında gizlədir, o şeydən ki, qaçırsan, qabağına çıxardır – dedi və Gülnazı bir daha yanından çəkilməyə qoymadı. Gün batana bir saat qalmış təmiz geyinmiş uzunboylu və kök bir arvad onların yanından keçirkən ayaq saxladı. Dönüb nazik əlcəkli əli ilə matdım-matdım gəlib-gedənlərə baxan Ayazın üzünü oxşadı:

– Ərbab, ərbab – deyib özündən bir neçə addım arzala gələn şıq geyimli bir oğlanı çağırdı:

– Ərbab, gör nə gözəl uşaqdır!

Ərbab da yaxınlaşıb, Ayazın başını oxşadı:

– Çox gözəl uşaqdır, yəqin yazıq yetimdir!..

Arvad, Səriyyə xalagili indicə görürmüş kimi, mehriban bir səslə.

– Bacı, sənin uşağındır? – deyə soruşdu.

– Mənimdir, bacı!

– Allah saxlasın, yaxşı uşaqdır. Bəs burda niyə oturmusan ay bacı?

– Səriyyə cavab vermədi, daha doğrusu, belə nəzakətli bir xanımın ürəyini sıxmaq istəməyərək susdu. Lakin xanım özü danışdı:

– Yoxsa qalmağa yerin yoxdur, ay bacı?

Xanım yenə cavan oğlana döndü:

– Ərbab, adamın ürəyi yanır. Şəhər beləcə yurdsuz-yuvasız arvad-uşaqla doludur.

Ərbab:

– Nə etmək olar? – deyib irəlilədi.

Lakin xanım iki addım atıb qayıtdı:

– Bacı, sənə yazığım gəlir. Görürəm ki, təmiz adamsan. Bədbəxtlik səni bu hala salıb. Dur, bu küçədə uşaqları da qırarsan, özün də həlak olarsan. Dur gedək bizə, ev saxlamaq, xörək bişirmək bacarırsan ki, mən çoxdan sənin kimi təmiz bir adam axtarıram.

Səriyyənin cavabını gözləmədən ərbabı səslədi:

– Ərbab, yeri, iki fayton tut!

Ərbab Hənəfi küçənin ortasında dayanmış faytonlara yaxınlaşdı. İkisinin üzünü bu tərəfə çevirdi. Xanım ərbab ilə qabaqdakı faytona oturub, daldakı faytonçuya:

– Bunları faytona qoy, şeylərini də yığ, dalımızca sür, – dedi.

Səriyyə xala və Gülnaz bir yuxu, bir xəyal kimi görünən bu xanımın sözlərinə etiraz edə bilmədilər. Onlara elə gəldi ki, o göydən enmiş xilaskar bir mələkdir. Çəkdikləri əzab və əziyyətlərə bir mükafat olaraq Allah bunu onların imdadına göndərmişdir. Artıq bütün pis günlər, dərd və müsibətlər qurtarır, xoş və ümidlə dolu bir həyat başlayır. Bu gözəl, bu nəcib xanım Tehranın altını üstünə vurub, Musa kişini də, Fridunu da tapıb onlara qaytaracaq, onları birdəfəlik fəlakətdən qurtaracaqdır.

Faytonlar daş döşəməli bir səkinin ağzında durdu. Ərbab düşüb qapını döydü. Uzunboylu və canlı bir adam qapını açdı. Ərbab ona farsca nə isə dedi, o cəld Səriyyəgilin şeylərini faytondan düşürdü. Ərbab faytonçuların pulunu verdi, qapını açıb nəzakətlə xanımı və Səriyyəgili balaca, lakin təmiz bir həyətə saldı və çıxıb getdi. Xanım, Səriyyəgili yuxarı qaldırdı, eyvanlı, fərşlərlə bəzənmiş və gəlin otağını andıran isti bir otağa gətirdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 мин
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 мин
On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 мин
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 мин

Стихи других поэтов