Страница 4 из 5 · 60%

– Bura sizin olacaq. Mən də öz oğlumla yuxarıda qalacağam. Mənim adım Səadət xanımdı, – dedi və Səriyyənin, Gülnazın, uşaqların adını soruşdu. Haradan gəldiklərinə, kim olduqlarına dair bir neçə sual verdi. Fridunun yerini soruşdu. Haradan gəldiklərinə, kim olduqlarına dair bir neçə sual verdi. Fridunun yerini soruşdu. Səriyyə, Fridunun hara getdiyini bilmədiyini deyib, dağlı bir ürəklə qalan suallara cavab verərkən Səadət xanımın qulaq asmadığını duydu və təəccüb etdi. “Yəqin hara isə tələsir” deyib, sözü müxtəsər elədi. Səadət, Niyazın naxoş olduğunu bildikdə qapını açıb, nökəri çağırdı: Farsca ona bir neçə söz dedi və Səriyyəgilə döndü:

– Bu oğlan hamamı qızdıracaq. Özün də təmizlən, uşaqları da təmiz yuyundur. O sizə dəyişəcək də verər. Bir azdan həkim də çağırar. O ki, qaldı ev işləri, onları sabah deyərəm. İndi gedəcək yerim var. Xudahafiz. Şəbbəxeyr.¹

O, həyət qapısını bərk örtərək çıxıb getdi. Gülnaz və Səriyyə xala gecəyarısı ay yarımlıq dözülməz əzab və işgəncədən sonra ilk dəfə rahat uzanaraq yuxuya getdiyi zaman xanım hələ gəlməmişdi. Səhər onlar çox gec ayıldılar. Səadət xanım və ərbab onlardan da gec durub, aşağı endilər. Nökər ərbaba çay verdi. O, bir stəkan çay içib, çıxıb getdi. Səadət xanım, Səriyyə xala və Gülnaza bəzi işlər tapşırdı.

– Hər gün dördadamlıq nahar hazırlayacaqsan, – dedi, – mən və oğlumdan başqa qonağımız da olacaq. Qonaqsız hələ süfrə açmamışıq.

Sonra yenə Səriyyə xalaya, cavablarına qulaq asmadan dünənki sualları verdi. Səriyyə xala yenə yanıqlı-yanıqlı dərdini danışdı:

Səadət xanım:

– Soraqlaşaram, ərini də, bibisi nəvəsini də soraqlaşaram, – dedikdə, Səriyyə qulaq asmaya-asmaya onun mətləbi elə dürüst dərk etməsindən təəccübləndi və bunu gözüaçıq arvad olması ilə izah etdi...

¹ Gecəniz xeyrə qalsın


Gün gəlib keçirdi. Səriyyə və Gülnaz hər səhər və axşam həyəti, bütün otaqları ayna kimi təmizləyir, xörək hazırlayır, qab-qacağı yuyur. Səadət xanım və ərbaba qulluq edirdilər. Qarın doymuş və rəngi özünə gəlmiş uşaqlar həyətdə oynayır, getdikcə şadlanıb açılışırdılar. Gülnazın da rəngi özünə qayıtmışdı. Səadət xanımın hədiyyə etdiyi şəhərli paltarında misilsiz bir gözəllik kəsb etmişdi. Artıq onların Fridun və Musa kişini tapmaqdan başqa bir dərdləri yox idi. Səadət xanım da, oğlu ərbab da onlarla son dərəcə nəzakətlə, hətta bir ailənin üzvü kimi rəftar edirdilər. Buna baxmayaraq, Səriyyə xala şəhərə alışa bilmir, Musa kişini tapan kimi kəndə, daxmalarına qayıtmaq ümidi ilə yaşayırdı. Lakin nagahani bir xəbər bu ümidi əbədi olaraq məhv etdi. Bir gün Səadət xanım sonsuz bir kədərlə onların yanına gəlib, ağlamağa başladı. Musa kişinin bir ay əvvəl Tehranda sətəlcəmdən öldüyünü, Fridunun isə əmniyyədən qaçmaq üstündə tutulub, dara çəkildiyini xəbər verdi. Sonra əsl bir matəmə qapılaraq, üz-gözünü cıran Səriyyə və Gülnazı özbaşına, göz yaşları içərisində buraxıb getdi. Bundan beş gün keçməmiş o, Səriyyə xalanı yuxarı, öz otağına çağırdı:

– Səriyyə xala, – dedi, – sən də qiyamət günü mənim bacımsan. Səni öz bacım bilib, dərdimi sənə açıram. Mənim bütün həyatım sənin əlindədir.

Səriyyə təəccüb etdi:

– Nə olub, Səadət xanım?

– Oğlum bir könüldən min könülə Gülnaza aşiq olub. Gecəsi, gündüzü yoxdur. Gədənin yuxusu qaçıb. Deyir ya gərək onu alam, ya da özümü öldürəcəyəm. Bacı, səndən xahiş edirəm, razı olma ki, mənim evim dağılsın. Bir oğlum əlimdən getsin. Qızı razı sal, o da xoşbəxt olsun, oğlan da.

Səriyyə birdən-birə ona cavab verə bilmədi. Fikir içində aşağı endi. Xəyalında ölçüb-biçdi. Gülnaza bundan yaxşı bir tay tapa bilməyəcəyini düşündü və yavaş-yavaş məsələni ona açdı. Fridun və atasının ölüm xəbərindən sonra tam bir ümidsizlik içində yaşayan qız anasının razı olduğunu görüb:

– Özün bilərsən, ana, Fridundan sonra, mən ki ərə getmək istəməzdim... Özün bilərsən, – dedi və ağladı.

– Belə ki yaşamaq olmaz, qızım. Belə qalmaq günahdır. Bunlar da pis adam deyillər. Bir anadır, bir oğul... Bizi də ölümdən qurtarıblar.

– Özün bilərsən, ana!

Beləliklə Gülnaz, hiss və duyğuların keyləşdiyi, ilk məhəbbətin açılmadan solduğu ümidsizlik içərisində daşa dönmüş qəlbini ərbab Hənəfiyə verdi. Lakin o gecə yalançı səadət pərdəsilə örtülmüş əsl fəlakətlərinin üstünü açan uçurumun bütün dərinliyini göz qabağına gətirən bir gecə oldu. Sabahısı, günorta yeməyindən sonra Səadət xanım “Gəlinimi bir şəhərə çıxarım, əyninə bir gəlinlik paltarı alım” deyib, Gülnazı geyindirdi və faytona qoyub, özü ilə apardı. Səriyyə xala qaş qaralana qədər gözlədi. Nə ərbab, nə Gülnaz, nə də Səadət xanımdan bir xəbər gəldi. Şəhərin işıqları yananda o dayana bilməyib həyətə çıxdı. Nökəri səslədi. Cavab verən olmadı. bu zaman iki nəfər yad adam qapını açıb, içəri girdi. Təəccüblə Səriyyə xalaya baxıb, kim olduğunu soruşdular. O, cavab yerinə sual verdi:

– Siz kimsiniz?

– Biz mülkün sahibiyik. Sən kimsən?

Səriyyəni vahimə basdı, dəhşətli bir fikir varlığını sarsıtdı:

– Bəs bu ev ərbabın, Səadət xanımın deyilmi?

– Nə ərbab, nə Səadət xanım, arvad? Sayıqlamırsan ki? Çıx çölə. evi boşalt! Biz bir aylığa bunu kirayə vermişdik!..

Onlar Səriyyə xalanın şeylərini küçəyə atdılar. Ayaz və Niyazın qolundan tutub dalınca itələdilər. Səriyyənin şikayət naləsinə qulaq asmayıb:

– Əbləh arvad, nə oyun çıxartmısan, özün get ayırd elə, bizə nə var! – deyib qapını onun üzünə örtdülər.

Səadət xanım Gülnazı İstambuli küçəsinə, oradan Laləzara apardı. Parça mağazalarını, ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. Hətta almaz qaşlı bir üzük də alıb barmağına taxdı. Ona şəhərin həyatından, dəbdəbə və təntənə ilə dolu bazarlardan, dükanlardan danışdı. Gülnaz, ayaqdan düşüb yorulduğuna baxmayaraq, maraqla, birinci gün ona bu qədər dəhşətli və qorxunc görünmüş şəhərin füsunkar və şirin bir əsrar pərdəsi ilə örtülmüş həyatını seyr edirdi. Nəhayət, Səadət xanım onu balaca, lakin səliqəli bir çayxanaya apardı. İçəri girdikləri zaman ucadan danışıb-gülən iki gənc Səadət xanıma salam verdi. Gülnaza qəribə görünən bir nəzərlə bir-birinə baxıb göz vurdular. Keçib oturarkən, onların Səadət xanıma: – Yeni göyərçin pərvaz etdirirsiniz? – dediklərini eşitdi və ehtiras dolu baxışlarla bütün vücudunu süzdüklərini hiss etdi. Səadət xanım gülümsədi:

– Axşam qonağım ola bilərsiniz...

– Mersi!.. Məmnuniyyətlə, Qəmərbanu xanım...

Bununla da söhbət kəsildi. Lakin Gülnaz, xanımın başqa bir adla çağırılmasına heyran qaldı. Bunu duyan xanım: – Mənim əsil adım Səadət xanımdır. Qəmərbanu da deyirlər, ləqəbimdir. Hələ sənə də ləqəb verəcəyəm, – deyib güldü.

Bu gülüş və hərəkətlər Gülnazın qəlbində baş qaldıran gizli vahiməni artırsa da bir söz deyə bilmədi. Bir stəkan qəhvə içib çıxdılar. Artıq qaş qaralmağa başlayırdı, Gülnaz, daxilində baş qaldıran narahatlıq və anlaşılmaz bir əndişənin təsirilə:

– Xanım, evə gedək. anam nigaran qalar, – dedi.

– Nə tələsirsən, ay qız? Hələ səni qonaqlığa aparacağam! Qohumlarımız ərbabın evlənməsi münasibətilə qonaqlıq düzəldiblər. Ərbab da yəqin indi orada bizi gözləyir...

Gülnaz bir söz demək istədi, lakin bacarmadı. Nə desin? Etiraz edəcək halda deyildi. Belə nəcib və gözəl bir xanımın, öz qaymanasının haqqında bədgüman olmağa nə əsas vardı?.. Müti bir halda onun dediklərinə əməl etdi. Faytona oturub, yenə dolaşıq, yenə qurtarmaq bilməyən küçələrin birindən o birisinə keçdilər. Nəhayət, Qəmərbanu xanım onu böyük həyəti, yaxşı bağı və çarhovuzu olan bir mülkə gətirdi. Doğrudan da, burada ərbab özü onu qarşıladı. Qolundan tutub, böyük və gözqamaşdırıcı bir salona keçirtdi.

– Ağalar, tanış olun, bağçamıza yeni bülbül gəlmişdir.

Salonun ortasında geniş açılmış yemək masasının ətrafında oturmuş geyimli-keçimli xanımlar və ağalar ayağa durub əl çaldılar:

– Yaşasın yeni bülbül! Yaşasın bülbüli-eşq!

– Xanım, bura, bura buyur, xanım!

Bir neçə gənc qız və oğlan bir-birinə macal vermədən Gülnazı öz yanına dəvət etdi. Gülnaz heç şey görmürdü, bütün üzlər və gözlər, dumanlı bir pərdənin dalında bir-birinə qarışmış kimi, gözlərində dolanırdı. Xanımlardan birinin nə vaxt onu öz yanında oturtduğunu bilmədi. Dönüb, ərbab zənn etdiyi sağındakı oğlana baxdı, diksinib başını geri çəkdi. Bu, gündüz çayxanada rast gəldiyi şəxslərdən biri idi. Gözü ilə ərbabı axtardı. O, masanın başında qaragözlü bir xanımın yaxası ilə oynayır, nə isə ona gülməli sözlər deyirdi. Tanış bir səs nagahani bir zərbə kimi onu sarsıtdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 мин
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 мин
On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 мин
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 мин

Стихи других поэтов