On doqquzuncu fəsil
Страница 2 из 5 · 20%
– Tez ol, qızım, Gülnaz! Özünü kəndə çatdır. Bəlkə, bir adam tapıldı, gəlib bu uşaqları xilas etdi, – dedi və Gülnazın qolundan yapışıb sıxdı – Bir dala bax, gör o işıldayan nədir, qızım? Görürsənmi hər daşın dibindən bir göz parıldayır!
Gülnaz dönüb, qaranlıq səhralara baxdı. Heç şey görmədi. Anası isə sözünə davam edərək, zülmət içərisində yanan yüzlərcə canavar gözlərinin üzünə dikildiyindən danışırdı. Gülnaz yalnız indi ananın nələr çəkdiyini, azca da keçərsə ağlını itirəcəyini anlayıb, Ayazı yerə qoydu və dizlərinə yeni taqət gəlmiş kimi, körpələrə tərəf qaçdı. Onları daşın dibindən qaldırıb, tövşüyə-tövşüyə təpənin üstünə, kəndin sönük işıqları görünən yerə gətirdi.
– Heç şey yoxdur, ana! Səni qara basır. Fikir eləmə. Uşaqları yavaş-yavaş kəndə çatdırarıq.
Beləcə onlar gah şeyləri, gah uşaqları iyirmi-otuz addım irəli aparib qayıdır, qalanını götürüb gedirdilər. Lakin hərəkət etdikcə sanki yol uzanır, kəndin ürəyə min ümid verən sönük işıqları uzaqlara qaçırdı. Buna baxmayaraq, Səriyyə xalanın bir an əvvəlki ümidsizlik və əndişəsi azalmışdı. Artıq dəhşətli kabuslar, qorxulu gözlər də xəyalından çəkilmişdi. Sakit mühakimə qabiliyyəti özünə qayıtmışdı. Bu gedişlə səhərə qədər kəndə çata bilməyəcəklərini, əldən düşüb həlak olacaqlarını düşünərək, şeylərin hamısını bir yerə yığdı, xurcunun üstündə oturub, körpələri qucağına aldı, yorğana büründü və Gülnazı kəndə göndərdi:
– Get, qızım, bəlkə, bir Allah bəndəsi tapıldı, gəlib ayağımızı yerdən qaldırdı.
Başqa çıxış yolu olmadığını anlayan Gülnaz etiraz etmədən kəndə tərəf yollandı. Yorğun olsa da, son qüvvəsini toplayaraq gedirdi. Nəhayət, ayaqları qabar bağlayıb, nəfəsi tutulan zaman kənd itlərinin səsi qulağına dəydikcə sevincdən gözləri yaşardı. Ürəyinə bir yüngüllük, dizlərinə qüvvət gəldi. Kəndə girib, ilk qapını döydü. Həyətdəki it yaman hay-küy saldı. Ev sahibi qoca bir kəndli idi. O, qapını döyənin kim olduğunu tənbəl-tənbəl soruşdu. Arvad səsi eşitdikdə tez qapını açdı. Böyük bir hörmətlə Gülnazı içəri apardı. Qoca bir arvada tapşırdı. Gülnaz özünü saxlaya bilməyib ağladı, təpənin yanında qalmış anasından, qardaş və bacılarından söylədi. Qoca kişi ani fikirdən sonra:
– Abbas xanın çobanı canavar kimi oğlandır, bu saat oyadaram, gedib onları gətirərik, qızım! – dedi və tələsik çıxdı.
Azca keçməmiş iki atlının ayaq səsi küçədən Gülnazın qulağına dəydi. O, səbirsizliklə gözləməyə başladı. İndi kürsünün qırağında oturduğu halda vəziyyət ona daha dəhşətli göründü. Hər keçən dəqiqəni, hər keçən saatı xatırladıqca nəhayətsiz uçurumlarla üz-üzə gəldiyini, bitməz-tükənməz əzablara tutulduğunu güman etdi. Atlıların gedib qayıtdığı bir saata qədər vaxt ona bir ildən uzun göründü. Küçədə səs eşitdikdə özünü həyətə atdı. Anasını da uşaqları da sağ-salamat gətirmişdilər. Qoca arvad onları kürsünün başında rahat edib, çay hazırladı. Qənd yerinə ortalığa kişmiş gətirdi. Xəcalət çəkə-çəkə dil-ağız etdi.
– Varımız-yoxumuz elə budur, – dedi, – için, canınız qızsın. Bu kasıb daxmada başqa bir şeyimiz yoxdur ki, hazırlayım yeyəsiniz!
Səriyyə təşəkkür etdi:
– Bu gecəgözü bizi ki, qapıdan içəri buraxmısınız, bəsdir, bundan böyük yaxşılıq olmaz!
Sabahısı tezdən durub yola düşmək istədilər. Lakin qoca ev sahibəsi Almazın od içində yandığını görüb buraxmadı.
– Bir-iki gün gözlə, bacı, uşağa soyuq dəyib, sağalsın gedərsən...
Səriyyə əlini uşağın başına qoydu. Başqa çarə olmadığını anladı. Qızdırma Almazı əldən salmağa, yerə atılmış bənövşə kimi dərhal saraldıb sodurmağa başlamışdı. Bütün günü uşağın halında yaxşılığa doğru bir meyl nəzərə çarpmadı. Əksinə, axşam tərəfi o tamamilə süstləşib qaldı. Səriyyə intizar və sıxıntı içərisində oturub gözlədi. O, tezliklə bu evdən çıxmağa tələsirdi. Çünki ev sahibinin gündə üç öynə yeməyə çörəyi belə olmadığından darıldığını hiss edirdi. Üçüncü gün uşağa hil çayı verib, qoca ev sahibinin kürkünü üstünə atdılar, tərlətdilər. O, özünə gəlməyə, gözlərini açıb, məlul-məlul baxmağa başladı. Səriyyə onu götürüb getmək istədikdə qoca arvad öz ərilə nə isə pıçıldaşdı. Səriyyəyə döndü:
– Ay bacı, bu soyuqda bu uşağı aparıb öldürmə, günahdır, qoy bizdə qalsın. Arxayın ol. Öz balam kimi saxlaram, tapdığımızdan bir tikə ona verərik.
Səriyyə Gülnaza, Gülnaz Səriyyəyə baxdı. Hər ikisi də Almazın sönük gözlərinə, solğun üzünə baxdıqda razılıq etdilər:
– Allah qapınızın işığını kəsməsin, bacı!..
Onlar yığışıb çıxarkən nə isə hiss etmiş uşağın gözlərində bir təşviş göründü, zəif qolunu kürkün altından çıxararaq:
– Ana, ana! – dedi.
Səriyyə əyilib, onun üzündən öpdü, balaca əlini yenə kürkün altına saldı:
– Gələcəyəm, qızım, gələcəyəm.
Təbiətən xeyirxah və sadə olan ev sahibəsi:
– Getmə, bacı, qal bizimlə yaşa. Sən də mənim qızım, uşaqlar da mənim balalarım, – deyib onları buraxmaq istəmədi.
– Sağ ol, xala! Çox sağ ol! Necə qalım! Sizin özünüzün bir tikə çörəyiniz yoxdur, mən bu bir sürü külfətlə necə sizin üstünüzə tökülüm? Gedərəm, bəlkə, kişini tapdım. Allah kərimdir.
Beləliklə, soyuq qış günüdə çörəyə qənaət edə-edə balalarını çəkib, mübhəm bir gələcəyə apardı. Qabaq qaranlıq və qorxulu idi. Lakin burada qalmaq isə ondan da dəhşətli idi. Dağınıq, uçuq kəndlərdən keçdikcə ac, çılpaq kəndliləri gördükcə durmadan irəli gedirdi.
Beşinci günü balaca Niyaz da soyuqladı, zarımağa başladı. Səriyyə onu heç kəsə verməyəcəkdi, – “ölsə də qoy qolum üstündə ölsün” deyib yoluna davam etdi.
Beləliklə, evlərindən ayrıldıqları andan, onları gözlənilməz müsibətlər və dözülməz iztirablarla dolu bir həyat qucağına aldı. Tufanlı dəniz silkələyib sahildən qopardığı kimi bir qayığı qorxunc dalğaların qoynunda necə çalxalarsa, ruzgar da onları eləcə atıb-tutmağa başladı. Göyə qalxan və yerin təkinə enən dalğalarda nə sığınacaq yer, nə əl çatacaq bir çöp vardı. Sanki amansız, fəlakətli bir axın, mütəmadiyən özünü daşdan-daşa çırpan bir sel dibsiz bir uçuruma doğru axıb gedir və Səriyyə xala ilə Gülnazı da özü ilə sürükləyib aparırdı...
Yalnız bir ay sonra onlar Tehrana çatdılar. Sanki quru torpağa hopa-hopa sızılıb gələn bir damla su böyük bir dəryaya töküldü və mənliyini qeyb etdi. Sanki bir sel onları çalxalaya-çalxalaya gətirib, hündür bir bənddən başıaşağı dəyirman daşının altına yuvarlatdı. Bu gündən həyat baş açılmaz bir xaosa çevrilərək, artıq onları şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. Tehrana girənə qədər Gülnaz da, Səriyyə də Musa kişini, Fridunu tapacaqları ümidilə yaşayırdı. Bu ümid onları həyata bağlayan son tel idi. Şəhər bu teli də qıraraq, onları qayğısız və məqsədsiz bir yaşayışın qucağına atdı. Şəhərin insanla qaynaşan, bir-birinə qarışan dolaşıq, əyri-üyrü küçələri, kəsilmək bilməyən gurultu və hay-küyü bir-birinə oxşayan saysız-hesabsız döngələri sanki onlarda məkan və zaman hissini, yeri göydən, axşamı gündüzdən seçmək duyğusunu məhv etdi. İlk dəfə ürəksixici və qaçıb qurtarmaq mümkün olmayan bir bataqlığa düşdüklərini gördülər. Saysız-hesabsız küçələr, bir-birinin böyrünə soxulmuş uca alçaq evlər, bir-birinə aman verməyən maşınlar və faytonlar hörümçək toru kimi onların əl-qoluna sarılıb göz açmağa, harada olduqlarını müəyyən etməyə imkan vermirdi. Onlar bu qarışıqlığın, bu qaynar bataqlığın içində itməkdən qorxaraq, bərk-bərk bir-birinin əlindən tutur, heyrətdən böyümüş gözlərlə ayaqlarının altını görmədən büdrəyərək yeriyirdilər. Yanlarından keçən adamların üzünə baxır nə isə soruşmaq istəyirdilər. Lakin onlara fikir verən yox idi. Sözləri ağızlarında, sualları dodaqlarında donub qalırdı. Necə oldusa döngələrin birində qaynar bir izdihamın içinə düşdülər. Bura xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. Oradan çırpınıb çıxmaq istərkən Ayazın əli anasının əlindən çıxdı. Güclü bir dalğa uşağı hara isə itələyib apardı. Səriyyə xala insana məxsus olmayan dəhşətli bir nalə ilə qışqırdı:
– Ayaz!!. Oğul... Haradasan?
Adamlar bir anlığa təəccüblə bu qəribə səsə tərəf dönərək, yenə öz işlərinə, alıb-satmağa, bir-birini itələyib yol açmağa başladılar. Arvad bir də qışqırdı. Gülnazın “Qardaş!” deyən ah-zari ona qarşıdı: Axının kənara atdığı Ayaz da fəryad qopartdı. Məsələni anlayan qüdrətli bir gənc uşağı qollarına alıb havaya qaldırdı və gətirib Səriyyənin yanına qoydu. Farsca nə isə dedi və cavab gözləmədən çıxıb getdi. Onlar bir daha adamların sıxlaşdığı yerlərə yaxın düşmədilər.
Qabaqlarına gələn bir neçə adamdan “Qardaş, Allah xatirinə, bizə bir soraq ver, ərdəbilli Musa kişidən, ya da bibisi nəvəsi Fridundan bizə bir xəbər!” – deyib yalvardılar, lakin onlar: “Xanım, türki nə midanəm” – deyib keçdilər. Nəhayət, dil anlayan qoca bir pinəçi tapdılar:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-on-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
Стихи других поэтов
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Suda işıqlar“Bağmeşə”dən iraq, “Sarı dağlar”dan,Günəş doğur səhər, rəngi qızıl qan!
Cümə günü doğulmuşamKeçmişdə cümə günü anadan olan uşağın*ağırlığı qədər taxıl çəkib paylayarmışlar.*