Страница 2 из 4 · 25%

– İran kimi bir məmləkətdə milli məsələnin üstündən keçmək olmaz. İranda fars olmayan millətlərə hizb öz əlaqəsini müəyyən etməlidir.

Kim isə:

– O məsələnin vaxtı çatmayıb, – dedikdə, Pişəvəri dərhal qeyd etdi:

– Ağayi Fridun düz deyir, İranda azərbaycanlı, kürd və sair xalqların öz müqəddəratını müəyyən etmək hüququ mütərəqqi və demokrat bir hizbin məramında gərək qeyd olunsun.

Bu məsələnin də bəzilərini ağır fikirlərə saldığını görən Rza Qəhrəmani özünü saxlaya bilməyib:

– Mən farsam, – dedi, – bilirəm ki, heç bir namuslu fars İranda Azərbaycan, kürd, türkmən və başqa millətlərin dilini, adət və ənənəsini aradan qaldırmağı istəmir. O, əmindir ki, güclülük prinsipi yox, yalnız azadlıq və bərabərlik prinsipləri əsasında xalqların möhkəm birliyi yarana bilər.

Kürd Əhməd, Kürdüstanda və Azərbaycanda, xüsusən Təbrizdə gördüklərini xatırlayıb Fridunun necə böyük bir məsələyə toxunduğunu dərhal başa düşdü.

– Bu məsələdə iki fikir ola bilməz. Biz böyük Sovet ölkəsinə baxıb, bu məsələnin həllini onlardan öyrənməliyik. Başqa yol milli ədavət və zülm yoludur ki, o da bizim yolumuz deyil.

İnqilabi fəaliyyətə, cəmiyyətin köhnəlmiş və çürümüş əsaslarını dəyişməyə olan ümumi meyl Həmid Həmidini sevindirirdi. Deməli, təqib və sürgünlərdə çəkilən əzablar nahaq getməmişdir!.. Həyatı dəyişməyə qadir olan qüdrətli bir gənclik yetişməkdədir. O:

– Kəndli məsələsini yaddan çıxarmayın, – dedi. – İran kəndi böyük bir islahata möhtacdır. Yeni hizb kənd demokratik əsaslar üstündə qurmağı məramnaməsində ayrıca qeyd etməlidir.

Kəndli söhbəti araya atılan kimi, Rizvan bir zaman buraxdığı səhvləri xatırlayıb qızardı və ayağa durdu:

– Məmləkətimizin yarısından çoxu kəndistandır. Məramımızda onun gələcəyi haqqında qəti fikirlər olmalıdır. Kəndlini ərbabın zülmündən qurtarıb torpağa sahib etmək lazımdır:

Fridun Rza Qəhrəmaniyə baxıb güldü:

– Sağ ol Rizvan, kəndistan şöbəsini sənə tapşıracağıq.

– Məmnuniyyətlə idarə edərəm.

“Hizb Tudeyi İran” və “İran zəhmətkeşləri həmkarlar ittifaqı şurası” yaratmaq üçün əməli təkliflər hazırlamaq böyük bir dəstəyə tapşırıldı. Fridun, Kürd Əhməd, Rza Qəhrəmani, Fəridə və doktorun oğlu da onun tərkibinə daxil oldu.

Kürd Əhməd, mərkəzdə təşkilat işləri qurtaran kimi yerlərə adamlar göndərmək fikrini irəli sürdü.

Doktorun oğlu:

– Mütləq lazımdır, – dedi. – Azərbaycana da, Kürdüstana da, Farsa da, Gilana da, Mazəndərana da adamlarımız getməli, dərhal yerli şöbələri təşkil etməlidir. Mən məmnuniyyətlə Gilana gedərəm...

Kürd Əhməd:

– Təbrizlilər Fridunu istəyirlər, – deyib gülümsədi. Necə baxırsınız?

Fridun mütəəssir bir halda:

– Doğrusu, – dedi, – könül quşu çoxdan məni Azərbaycana çəkir. Nə isə buralarda dayana bilmirəm.

Rza Qəhrəmani mehriban gözlə ona baxdı:

– Nə olar ki, hizbin Azərbaycan şöbəsini idarə edərsən.

Axşamdan xeyli keçmiş onlar durub dağılarkən Pişəvəri Fridunun əlini sıxdı:

– Get, bəlkə, mən də tezliklə Təbrizə gəldim, get, Azərbaycanın və Kürdüstanın milli azadlıq fikri böyük fikirdir!

Qarşıda aydın və yeni bir mübarizə yolu açan bu sözlər Fridunun xəyalında həkk olub qaldı. O, Pişəvərinin əlini sıxıb:

– Gözləyəcəyəm, – dedi və onu qapıya qədər ötürdü.


Şəhər bir döyüş meydanını andırırdı. Bu meydanda sanki gecə ilə gündüz, keçmişlə gələcək üz-üzə, döş-döşə durmuşdu. Lakin onlar nə güləşən pəhləvanlar kimi bir-birilə pəncələşir, qəti savaşa başlayır, nə də ayrılıb gedirdilər. Qeyri-müəyyən, qeyri-sabit bir vəziyyət hər şeydə özünü göstərirdi. Bununla belə üz-üzə durmuş hər iki tərəfin ölümcül mübarizə üçün hazır olduğu bilinirdi. Sanki budur, qanlı bir çarpışma başlanacaqdır. Zahirdə hər şeydə qəribə bir anlaşılmazlıq vardı. Köhnə müstəbid şah getmiş, yerini öz oğluna vermişdi. İstibdadın qanlı qüvvələri meydandan çəkilmiş kimi idi. Rza xanın yıxılması ilə azadlığın qələbə çalacağını gözləyənlər heyrətdə idilər. Çünki azadlıq yalnız arzularda, yalnız sözlərdə, yalnız tribunalarda yaşamağa başlamışdı. Həyatın axınında, onun hər günkü təzahür və çırpıntısında isə köhnə ahəng, köhnə qaydalar hakimdi. İş və çörək gözləyənlər hələ ki, öz tələblərini açıq deməkdən başqa, bir şeyə nail ola bilməmişdilər. Hələ ki, yenə də küçələr saysız-hesabsız işsizlərlə, bir tikə çörək qazanmaq üçün hər cür zəhmətə dözməyə hazır olanlarla dolu idi, hələ də gəlib-gedənə əl açan yetim uşaqlar və yurdsuz arvadların əlindən tərpənmək mümkün deyildi.

Onları küçələrə tökən ağalar, ilk şaşqınlıqdan sonra yenidən bellərini düzəldib, xalq hərəkatının, demokratik təşkilatların qabağını almaq üçün sarayın ətrafına toplanırdılar. Hikmət İsfahani, Həkimülmülk və sərhənglər arxalarını yenə mister Tomaslara, mister Haroldlara verərək, azadlığı qan içində boğmaq planlarını hazırlayırdılar. Onların ikiüzlülük və yalançılığı, zahirən əyinlərinə geydikləri “demokratlıq” donu ilə daha da iyrənc və riyakar şəkil almışdı.

Hikmət İsfahani saraydan qayıtdıqdan sonra Kürd Əhmədi yanına çağırdı. O, gizlin fəaliyyətdə olduğunu, zəhmətkeş əhali arasında böyük nüfuz qazandığını gördükdə onu özünə yaxınlaşdırmağı qərara almışdı. Bu məqsədlə sarayda və hakim dairələrdə vaqe olan əhvalatlar və söhbətlərdən ona nağıl edib, özünü ona məhrəm kimi göstərirdi. Kürd Əhməd böyük həyətdən keçib, kərpic pillələri qalxdı və içəri girdi. Şlyapasını çıxarıb paltarasana keçirtdi. Döndükdə Hikmət İsfahaninin otağından çıxmış bir adamın tələsik dəhlizin başındakı qapıya burularaq gözdən itdiyini gördü. Bu adam ona çox tanış gəldi. Kim olduğunu xatırlamağa çalışdıqda fon Valterin siması gözləri önündə durdu. Kürd Əhməd onu otağın qapısında qarşılayan Hikmət İsfahaniyə tərəddüd və şübhəyə yol verməyən bir səslə:

– Ağa, indicə fon Valteri buradan çıxan gördüm, – dedi.

Hikmət isfahani bir əlini onun ağzına qoydu və o biri əli ilə qolundan tutub otağına saldı:

– Mənim əzizim, onu burada gördüyünü yaddan çıxart, – dedi, – aqil adamlar, o şeyi ki, görmək lazım deyil, görmə demişlər.

– Lakin hər halda mən heyrət edirəm! Siz təhlükəli bir addım atırsınız.

– Niyə heyrət edirsən, əzizi-mən?! Burada heyrət ediləsi heç bir şey yoxdur. Bunlar hamısı siyasətdir və vətənin xeyri üçündür. Şərafətimizə and olsun, məni belə şeylərə vadar edən vətən məhəbbətidir.

– Məncə, vətən məhəbbəti fon Valterə cəza verməyi tələb edir.

– Yox, əzizim, vallah yox! Sən hələ cavansan, İran demokratiyasının necə dolaşıq yolları olduğunu bilmirsən. Həqiqəti bilmək istəsən, fon Valteri mən özüm dolaşdırıb saxlamışam. O, indi tələyə düşmüş bir pələngdir. Almanlar qalib gəlsə, onu tələdən açıb buraxarıq. Bizə xeyri dəyər.

– Məgər elə bir ehtimala siz yol verirsiniz?

– Hansı ehtimala? Almanların qalib gəlməsinəmi?

– Bəli!

– Siyasət aləminin hazırkı vəziyyətində mən heç şeyə inanmıram və hər şeyə də inanıram. Bəli, bəli! Heç şeyə inanmıram və hər şeyə də inanıram. Çox mümkündür ki, almanlar müharibəni udsunlar. O zaman fon Valterə söykənən adam gör vətəni üçün nələr edə bilər.

– Bəs məğlub olsalar? Axı belə bir ehtimal da mümkündür.

– Əlbəttə, o ehtimal da həqiqət ola bilər. Məğlub olsalar, başqa məsələ. Onda tələyə düşmüş bu pələngin dərisi baha qiymətə gedər. Sat qoy vətənin yolunda. Beləliklə, biz hər iki halda heç bir şey itirmirik. İndi otur və mənə qulaq as! Bu saat mən əlahəzrət humayun Məhəmməd Rza Pəhləvinin yanından gəlirəm. Dövlətin təşkili müzakirə olunurdu.

– Cənabımızı bir baş vəzir kimi təbrik edə bilərəmmi?

– Xeyr!

– Necə yəni xeyr?

– Bəli, mən bütün təkidlərə baxmayaraq rədd etdim. Hazırkı şəraitdə İran dövlətinin baş vəziri olmaq, bataqlığa yuvarlanmış yüklü bir arabanı çiyinlərində qaldırmaq kimi, axmaq bir işdir.

– Demək, siz dövlətdə iştirak etməyəcəksiniz?

– Yox, edəcəyəm. Lakin vəziri-xaricə sifətində. İndi dövlət maşınının ikicə halqası vardır ki, əsil dövlət də bu halqaları əlində saxlayan adamdır... Vəziri-xaricə və vəziri-kişvər!

– Doğru fikirdir. Lakin siz eyni zamanda vəziri-kişvər ki, ola bilməzsiniz!

– Əlahəzrət cavan olsa da, təklifini bilən adamdır. Vəziri-kişvər vəzifəsini bizim yeznəyə vermişdir.

– Sərhəng Səfaiyəmi?!. Təbrik edirəm, ağayi Hikmət İsfahani! İndi deyə bilərəm ki, doğrudan da, dövlət sizsiniz!

– Bəli, həyatımın əndişəli dövrləri bundan sonra başlayır. Çünki hakimiyyət yolunda vuruşmaq, hakimiyyəti saxlamaqdan çox-çox asandır...

– Sizin kimi tədbirli bir adamın o çətinliyi də rəf edəcəyinə əminəm.

– Lakin bunun nə qədər ağır olduğunu bilsəniz! Min düşmən var, min gözü götürməyən var. Birisi elə o saray siçanı Həkimülmülk.

– Bundan sonra o sizə heç şey edə bilməz. Vəzarəti-daxilə də, vəzarəti-xaricə də öz əlinizdə olacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi yeddinci fəsil

Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.

31 мин
İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 мин
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 мин
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 мин

Стихи других поэтов