Страница 3 из 4 · 50%

– Edə bilməz demək asandır. Amma yeri düşəndə bir növ bir əjdahanı həlak edir. O, yenə də sarayda öz köhnə yerində qaldıqca mənə rahatlıq yoxdur. Gecə-gündüz əlahəzrətin qulağına pıçıldayacaqdır.

– Demək, yenə vəziri-dərbar olaraq qalır, eləmi?

– Bəli, qalır. Könlündən baş vəzirlik keçirdi. Hələlik deyəsən, o da bu fikirdən əl çəkib.

– Yəqin eyni mülahizələrə görə?..

– Köhnə tülküdür. Yerin altını da bilir, üstünü də.

Onlar susdular. Hikmət İsfahani, nə isə, bir tələ qurur kimi düşünürdü. Kürd Əhmədin gözləmədiyi halda, yaxınlaşıb qolundan tutdu:

– İstəsən, səni də vəzirliyə düzəldə bilərəm. Vəziri-ticarət və sənaye. Necədir?

– Mütəşəkkirəm. Mən vəzirliyə hazır deyiləm.

– İndi də olmasa, gələcəyə hazırlaş! Camaat, xalq sənin dalında, yuxarılar mənim dalımda. Elə ki, özüm baş vəzir oldum, gərək mənimlə sən də şirkət edəsən. İndi isə get və sabah Şirmanda gözəl bir ziyafət düzəlt. Qonaqlar olacaq, bəlkə, əlahəzrət də təşrif gətirdi.

– Gərək məni bağışlayasınız. Yerimə başqa bir adam tapmanızı xahiş etmək istəyirəm.

Hikmət İsfahani təəccüblə ona baxdı:

– Yox, yox hələ səninlə əsil işimiz bundan sonra başlanır. “İradeyi milli” və demokrasi hizbini düzəltmək istəyirik. Səni də özümüzə yoldaş eliyəcəyik.

– Təşəkkür edirəm, artıq biz də öz hizbimizi düzəltməyi qərara almışıq.

– O nə hizbdir, oğlan, bəlkə, elə mən də ora gəldim. İkisində də olsam necədir? Həm bizimkində, həm də sizinkində.

Kürd Əhməd istehzalı və nifrət dolu nəzərlə onu süzdü:

– Qorxuram o hizb sizə əl verməyə. Hizb Tudeyi İran...

– Niyə əl vermir, qardaş!.. Lap elə mənim yerimdir. Mən ki əyyamı qədimdən tuda yolunda can verənlərdənəm. Özün görmədin ki, o müstəbid köpək oğlu məni də tutub sənin yoldaşınla bir zindana saldı.

Kürd Əhməd, onunla danışmağın nahaq vaxt itirmək olduğunu düşündü və:

– Rica edirəm, sabahdan məni azad hesab ediniz, – dedi – Hizbidə işləyəcəyəm.

Hikmət İsfahani onun qəti təklifini eşitdikdə halını pozmadan ayağa durdu:

– Yaxşı, ağayi mən, Allah xeyir versin. Get sən bir yola, mən bir yola. Harda rast gəlsək, bir-birimizi yaddan çıxarmayaq. İkimiz də vətən üçün işləyirik.

Kürd Əhməd onun son sözlərini eşitməmək üçün şlyapasını götürüb qapını tez örtdü və həyətə çıxdıqda içəri girən mister Tomasla qarşılaşdı. Salamlaşıb keçdi. Həyətin başına çatmamış Şəmsiyyənin xidmətçisi dalda özünü yetirib onu saxladı:

– Xanım sizi görməyi arzu edir!

Xanım Şəmsiyyə onu yüngül ipək paltarda qarşıladı. Gülümsəyib əlini sıxdı:

– Əhvalınız necədir?

– Mütəşəkkirəm, xanımın kefini saz gördüyümə şadam!

Şəmsiyyə onu oturmağa dəvət edib çay gətirtdi. Adəti üzrə, şad zamanlarında olduğu kimi deyib-danışırdı. Söhbət əsasında Kürd Əhməd ondan dərbara yolunun açıldığını, hətta ikinci gün əvvəl əlahəzrətlə görüşmüş olduğunu öyrəndi. Kürd Əhməd çay içib qalxdıqda o:

– Rica edirəm, – dedi. – Fridunu sabahkı ziyafətə dəvət edin. Mütləq gəlsin. Mən özüm ona kart göndərərəm. Südabəni də gətirsin!

– Təəssüf ki, bu mümkün deyil, xanım! O bu gün Tehranı tərk edir.

– Niyə? Hara gedir?

– Azərbaycana, Təbrizə köçür. Tehran mühiti ona bir çox dözülməz faciələri xatırlatdığı üçün qalması qeyri-mümkündür.

– Bilirəm. Sərhəng Səfai onun başına gələn bəzi əhvalatları mənə danışmışdır. Təəssüf edirəm ki, o, bizi tərk edir. Lakin deyin ki, həmişə yaxşı bir dost kimi qapım onun üzünə açıq olacaqdır!

Kürd Əhməd soyuq cavab verdi:

– Deyərəm, xanım. Lakin bu iltifatınızdan onun istifadə edib-etməyəcəyini bilmirəm.

Kürd Əhməd onunla vidalaşıb çıxdıqda, nə isə, daxilində bir ağırlıq, bir narazılıq duydu. Ona elə gəldi ki, ətir qoxuduğuna baxmayaraq bu evin, bu həyətin havası dözülməyəcək dərəcədə ağırlaşmışdır. Hər şey ürəkbulandırıcı, cansıxıcı bir hala gəlib çatmışdır. Küçədə maşına doğru gedən Hikmət İsfahanini gördü və dönüb qayıtmaq istədi. Lakin Hikmət İsfahani onu səslədi:

– Mən, amerikalı dostum mister Haroldun görüşünə gedirəm. Onun məsləhətləri olmadan vəzarəti-xaricəni idarə etmək müşküldür, – dedi və diqqətlə Kürd Əhmədə baxıb, əlavə etdi:

– Naxoş deyilsiniz ki? Gözümə çox tutqun dəyirsiniz. Fikir verməyin, keçər. Əslinə baxsan, hər şey keçəcəkdir. Axşam da hizbimizin cəlsəsidir, xudahafiz.

O, kök vücudunu zorla maşına salıb, “sür” əmrini verdi. Maşın görünməz olduqda, Kürd Əhməd daha ağır bir təəssüratla geri döndü. Şəhərin küçələrini doldurmuş adamların arasına qarışıb itdi. Ona elə gəldi ki, bu dünyada həqiqi insan səadətinə çatmaq çox çətindir. Bu səadət, daima nə isə gözləyən və qaniçici riyakarlarla əhatə olunduğu üçün heç zaman gözlədiyinə nail olmayan namuslu və təmiz ürəkli zəhmət adamlarının nakam istək və arzularında, sevinc və kədərlərində, yaxşılığa, xoş həyata doğru əbədi çırpıntılarındadır.

Təzadla və iztirabla dolu bu fikirlər Kürd Əhmədin başında qəti bir hökmə çevrildi.

– Yox, bu dəfə İranın zəhmətkeş kütlələri gözlədiklərinə nail olacaqdır! 1908-ci il və 1920-ci illər hərəkatının məğlubiyyətini görmüş yüz minlərin bu dəfə qüdrətli bir təşkilatı yaranırdı. Bu təşkilat onları ağır mübarizələrdən keçirib əbədi azadlığa aparacaqdı.

Bu fikirlər Kürd Əhmədin ruhunu qaldırdı.

O, Fridunun Azərbaycana köçməyə hazırlaşdığını xatırlayaraq, Xavəri evlərinə gətirmək üçün Südabəgilə getdi. Artıq İran Həmkarlar ittifaqı şurasında işləyən Rza Qəhrəmani, “Hizb Tudeyi İran”ın qadınlar şöbəsində çalışan Fəridə də orada idi. Həyətə girdikdə bir qarışıqlıq gördü. Qulluqçu qadın xalçaları çırparaq mafracları qablayır, çamadanları yığışdırırdı. Rza Qəhrəmani və Fridun qollarını çırmayıb ona kömək edirdilər. Südabə ilə Xavər də böyük bir qarışıqlıq içində otaq şeylərini yığışdırırdılar. Hətta uşaqlar da Südabənin tapşırıqlarını yerinə yetirib o tərəf-bu tərəfə qaçırdılar.

Fridun Kürd Əhmədi görən kimi qabağına gəldi və bir kağız çıxarıb ona uzatdı:

– Gözün aydın olsun, doktorun oğlu Rəştdə otuz min nəfərlik mitinq keçirmişdir. Hizbin şöbəsi təşkil olunmuşdur.

Kürd Əhməd teleqramı alıb oxudu.

– Mazəndərandan və İsfahandan teleqramlar almışıq.

Rza Qəhrəmani işi buraxıb qalxdı və maraqlandı:

– Oralarda nə xəbər var?

– Mazəndəranda çox yaxşı keçmişdir. İsfahanda isə ajanlar mitinqi pozmağa çalışmışdır. Dalaşma olub. İki adamımızı huşunu itirənə qədər döymüşlər.

Fridun:

– Budur, ingilis qoşunlarının bizə verdikləri ilk hədiyyə belədir! – dedi. – Tehrandan şimala və cənuba, sanki məmləkət iki ideoloji cəbhəyə ayrılmışdır.

Rza Qəhrəmani acı-acı danışdı:

– Bəs necə bilmişdin, dadaş?! İngilisin müstəmləkə orduları bizə azadlıq gətirməyəcəkdi ki! Onlar şərq xalqlarının qanını tökməyə adət etmişlər.

Kürd Əhməd:

– Bütün şimaldan qaçan mürtəcelər də cənuba toplanıblar, – dedi, – xalq hərəkatını boğmaq üçün bacardıqlarını edirlər. Bu bizi daha inadla işləməyə məcbur etməlidir. Bu gün dünənki gün deyil ki!.. – deyə Xavərə döndü:

– Fars qızı, Azadı da götür, gedək. Bacım sənin otağını hazırlamışdır, – dedi və Fridunun əlindən tutdu.

– Get, bizi də unutma... həmişə yadında saxla ki, şimal bizim üçün əbədi bir qüvvət və işıq mənbəyidir! Yenə azadlıq günəşi oradan doğacaqdır. Əmin ol ki, biz də burada gələcək işıqlı gün uğrunda vuruşmaqdan dönməyəcəyik!..

Onlar qucaqlaşıb öpüşdülər...

1941-ci il oktyabr ayının əvvəlləri idi. Payızın sərin havaları başlanırdı. Günəş üfüqlərdən xeyli qalxdığı zaman Tehrandan gələn boz bir maşın Qəzvinin tozlu və kəsəkli küçələrinə daxil oldu. Maşının üstünə böyük bir mafrac sərilmiş, yük yerinə iki iri çamadan qoyulmuşdu. O, çayçı dükanının qabağında durduqda ortaboylu, qara kostyum geymiş bir oğlan yerə düşdü. Şlyapasını çıxarıb, çırpdı və şəhərə göz gəzdirib maşında oturana müraciət etdi:

– Qəzvindir... Azərbaycanın ilk böyük və qədim şəhərlərindəndir... Mahalın mərkəzidir... Bir ucu Kirəcə qədər uzanıb gedir. Kəndlərində də hamısı azərbaycanlılardır.

Sarı şal paltar geymiş bir qız doqquz yaşlı, üstü-başı təmiz bir oğlan uşağının qolundan tutub maşından endi, maraqla şəhərin sökük və bozaran evlərinə baxdı:

– Yaman dağınıqdır, – dedi və azca düşünüb, əlavə etdi: – İbrahim bəyin siyahətnaməsini xatırlayırsanmı? Orada gərək ki, Qəzvin haqqında belə deyir. “İnsan bəsirət ilə baxarsa, aşkar görər ki, şəhərin hər bir tərəfindən bu səs qulağa gəlir ki, mənim sahibim yoxdur. Mənim abadlığıma bir nəfər çalışan yoxdur”.

Oğlan böyük bir həsrət və arzu dolu gözlərini qıza dikdi:

– Sağlıq olsun, hamısını təzədən tikəcəyik. Abad edəcəyik. Çay içirsənmi? Bəlkə, meyvə alım?

– Könlüm heç nə istəmir. Məst kimiyəm. Nədən, özüm də bilmirəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi yeddinci fəsil

Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.

31 мин
İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 мин
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 мин
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 мин

Стихи других поэтов