Страница 6 из 6 · 83%

Heç kəsilməz mərd igidin kölgəsi,
Qorxma, Mehri balam, başım girovdu.
Çox da desən canım gedər ötəsi,
Qorxma, Mehri balam, canım girovdu.

İşdərə yön verən çərxi-fələkdi,
Qan gözüm önündə lələk-lələkdi,
Kürdoğlunun başı mənə gərəkdi,
Qorxma, Mehri balam, başım girovdu.

Bu gün ötər çox işlərin xatası,
Yabılar da köhlənlərə çatası,
Türkman paşa yetim Mehri atası,
Qorxma, Mehri balam, başım girovdu.

Söz tamama yetdi, paşa dillə də Mehri xanımı arxayın elədi ki, başını verər, amma onları ələ verməz.

Bəli, keçəl Yarandanqulu paşanın yanından çıxıb birbaş Kürdoğlu olduğu yerə gəldi. Kürdoğlunun gözü yoldaydı, gözləyirdi ki, görsün, keçəl nə xəbər gətirəcək. Elə ki keçəli gördü, istədi, ağzını aça, amma keçəl aman verməyib Kürdoğlunu qabaqladı:

– Ağa, paşa səni gözləyir.

– Əə, keçəl, nədən ötrü?

– Deyir, quldur-qaçaq qanı yaxşı dadır. O qədər çöldə-bayırda təmiz havada gəzirlər ki, qanlarının tamı da dəyişir, olur bal kimi. Elə qaçaq-quldur axtarırdım, başını üzüb qanını içəm, özü öz ayağı ilə gəlib çıxıb.

– Əə, keçəl, bir adam dilində de görüm, paşa nə dedi. Sən keçəl dilində danışırsan.

Yaradanqulu paşa ilə olan əhvalatı necə varsa, danışdı. Dedi, paşa deyir, ağlı kəsirsə, çıxıb getsin, dava-dalaş eləməyək. Yox, əgər ağlı kəsmirsə, atım yəhərli, qılıncım hazır. Kürdoğlu necə istəyir, elə də eləyək.

Kürdoğlunun cin başına vurdu. Dedi, indi mən paşanın qılıncını da, atını da ona göstərərəm. Hay vurdu başının dəstəsinə. Dəstə bir anda şəhərə yeriyib Səlim paşanın sarayını üzük qaşı kimi mühasirəyə aldı. Səlim paşa əvvəldən işini bilirdi, əmr vermişdi, cəmi qoşun hazır olmuşdu. Kürdoğlu adam göndərdi ki, paşa meydana çıxsın. Səlim paşa dava libasını geydi, tamam-kamal hazır oldu, atını sürüb Kürdoğlunun qabağına yeridi. Amma paşanın qəsdi buydu ki, Kürdoğlunu dilə tuta, nahaq qan tökülməyə. Ona görə də Kürdoğluya üz tutub görək nə dedi, necə dedi, Kürdoğlu ona necə cavab verdi. Əvəzində biz deyək, kefdə-damaxda olasız.

Aldı Səlim paşa:

Qəza vurar, xəta tutar
Bax Allaha qayıt geri,
Tufan qopar, gəmin batar
Bax Allaha qayıt geri.

Aldı Cəlali:

Adım bəlli, özüm igid,
Bu sevdadan qayıtmaram.
Dost qəm çəkər, yad olar şad
Bu sevdadan qayıtmaram.

Aldı Səlim paşa:

Hər ürəyin öz sevgisi,
Hər ocağın öz tüstüsü,
Hər yuvanın öz istisi
Bax Allaha, qayıt geri.

Aldı Cəlali:

Qılıncım çıxar qınından,
Fələk dönər nizamından,
Qorxmam paşa fərmanından
Bu sevdadan qayıtmaram.

Aldı Səlim paşa:

Pənah gəldi Mehri bizə,
Paşa dönük çıxmaz sözə,
Dərd artırma dərdimizə,
Bax Allaha, qayıt geri.

Aldı Cəlali:

Mehri Kürdoğlu butası,
Başında igidlər xası,
Xan yıxası, xotkar bası,
Bu sevdadan qayıtmaram.

Söz tamama yetdi. Paşa meydanda atını bir sağa sürdü, bir sola sürdü. Bir istədi, əmr versin, dava başlansın. Sonra lənət şeytana dedi. Nahaq yerə qan tökülməyini istəmədi. Dedi, bəlkə, Cəlali Kürdoğlunu dilə tutum, qayıdıb getsin. Yenə şirin dilinən üz tutdu Cəlaliyə:

Xəta gələr bil başına,
Bu sevdadan qayıt, qardaş.
Sözlərin gəlməz xoşuma,
Bu sevdadan qayıt, qardaş.

Cavabında aldı Cəlali:

Qovğa açaram başına,
Mehri yarı ver qayıdım.
Zəhər qataram aşına,
Mehri yarı ver qayıdım.

Aldı Səlim paşa:

Gücün bəlli, qoşunun az,
Yaxşı düşün, bir qulaq as,
Yamanlıqdan bir şey çıxmaz
Bu sevdadan qayıt, qardaş.

Aldı Cəlali:

Gücüm artıq, qoşunum çox
Qorxaq ilə heç işim yox,

Çaxaram sinənə bir ox
Mehri yarı ver qayıdım.

Aldı Səlim Paşa:

Vardır başının xatası,
Eyləyirəm iltiması,
Verib Mehrini atası
Bu sevdadan qayıt, qardaş.

Aldı Cəlali:

Kürdoğlunun ad-sanı var,
Meydanda ac aslanı var,
Gör, bir neçə tufanı var
Mehri yarı ver qayıdım.

Söz tamama yetdi. Paşa gördü, daş qayaya rast gəlib. Kürdoğlu bildiyini dədəsinə də verən deyil. Yenə istədi davanı başlasın. Bu dəfə də lənət şeytana dedi. Fikr elədi ki, atalar üçətən deyib. Qoy bir də Kürdoğlunu yoxlasın. Bəlkə, Allah ürəyinə insaf verdi. Meydanda gərdiş eləyib yenə üz tutdu Kürdoğluya, görək üçüncü dəfə Cəlali Kürdoğlunu necə öz fikrindən daşındırmaq istədi, Kürdoğlu onun təklifini necə rədd elədi.

Aldı Səlim paşa:

Budur sənə deyim sözümün canı,
Əl çək bu sevdadan, qayıt, Kürdoğlu.
Mərd igidlər düşməz ayrı sevdaya,
Əl çək bu sevdadan, qayıt, Kürdoğlu.

Aldı Cəlali:

Qızılını mən çəkərəm tucunan,
Mən Mehrini aparmağa gəlmişəm.
Əvvəli xoşunan, sonra gücünən,
Mən Mehrini aparmağa gəlmişəm.

Səlim paşa gördü, şirin dil Kürdoğluya təsir eləmir, hədəqorxuya keçdi. Dedi, bəlkə, hədə-qorxuynan Kürdoğlunu başa salım:

Aldı Səlim Paşa:

İldırım nisbətdə üstünə gəlləm,
Fələk kəməndi tək canını allam,
Bu saat dəstənə bir talan salam,
Əl çək bu sevdadan qayıt, Kürdoğlu.

Aldı Cəlali:

Qırram qoşununu, etmə gümanı,
Özünmü sevibsən qaşı kamanı?
Yıxaram evini, tökərəm qanı,
Mən Mehrini aparmağa gəlmişəm.

Aldı Səlim paşa:

Övlad bildim o qaşları kamanı,
Yüz il keçsə, saymam sən tək düşmanı,
Qaydadır ki, ağ yel basar dumanı
Əl çək bu sevdadan qayıt, Kürdoğlu.

Aldı Cəlali:

Kürdoğluyam, qılınc saya gətirrəm,
Çox baş olar mən meydandan itirrəm,
Laçın kimi caynağıma götürrəm,
Mən Mehrini aparmağa gəlmişəm.

Paşa gördü, yox, Kürdoğlu dediyindən dönmür ki, dönmür. Davadan başqa əlac yoxdur, dedi:

– Kürdoğlu, qoçaq adamsan, gəl camaatı hədər yerə qırğına verməyək. İkimiz tutaşaq, ya sənə verər Allah, ya mənə.

Kürdoğlu razılaşdı, hər ikisi davaya hazır olub üzbəüz gəldilər, dava başlandı. Gah bu ona güc gəldi, gah o buna. Axırda paşa «Allahü-əkbər» nərəsi çəkib topuzu Cəlali Kürdoğlunun başına elə ilişdirdi ki, Cəlali Kürdoğlu atın ayaqlarının altına dığırlanıb düşdü. Paşa aman verməyib onun başının üstünü aldı, xəncəri çıxardı ki, başını bədənindən ayırsın. Kürdoğlu yalvarmağa başladı:

– Paşa, sən igid adamsan, mənə aman ver, nə desən, qulluğunda hazıram.

Paşa dedi:

– Sənə aman verərəm, ancaq iki şərtim var.

Cəlali Kürdoğlu dedi:

– Nə şərt desən, razıyam. Şərtini de.

– Birinci şərtim odu ki, gərək bu quldurçuluğun, talançılığın daşını atasan. Camaatla yaxşı rəftar eləyəsən.

– Buna razı, ikinci şərtini de.

– İkincisi də gərək xəzinənin yarısını yoxsula, yetimə paylayasan. Yarısını da Şəhri ilə Mehriyə verəsən.

– Ona da razı, ayrı?

Paşa dedi:

– Ayrı şərtim-zadım yoxdu, indi amandasan.

Bəli, əzizdərim, Türkman paşası Cəlali Kürdoğluya aman verdi. Cəlali Kürdoğlu o gündən qaçaqçılığın, quldurçuluğun daşını atdı. Öz adamlarından ikisini ayırdı, gedib onun xəzinəsini nə ki var, gətirdilər, yarısını yoxsula, yetimə payladılar. Yarısını da verdilər Şəhri ilə Mehriyə. Amma Şəhri xəzinəni götürməyib Kürdoğluya qaytardı.

Mehri ilə Şəhri Səlim paşanın ayağına düşüb ona minnətdarlıq elədilər. Geri qayıtmaq üçün urusxat istədilər. Paşa urusxat verdi. Onlara iki atlı da qoşdu ki, Sərsəbilə qoyub qayıtsın. Özü də toy nəməri üçün onlara yeddi dəvə yükü qumaş, yeddi kisə qızıl bağışladı.

Mehri ilə Şəhri oradan Sərsəbilə qayıtdılar. Yaxşı bir toy elədilər. Yeddi gün, yeddi gecə qonağı-qaranı, yetimi-yesiri yeməkiçməklə doyuzdurdular.

Axırda da aşıq bu duvaqqapma ilə məclisi tamamladı:

Qızılgül sənə mayildi,
İstəyir görə bənövşə.
Qoymazlar ömrü uzana,
Gözəllər dərə bənövşə.
Şuxluq ilə oynayıban,
Sədr üstə sərə bənövşə.
Əcayibdi, qoxun bənzər
Mişkə, ənbərə, bənövşə.
Bağlamışam dəstə-dəstə,
Aparım yara, bənövşə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов