Yetim Söyün
Страница 1 из 7
Ustaddar dilinnən bir ustadnaməynən dastanımıza başdıyax:
Bir kəs ki fənadan ünvansız keçə,
Diriykən yandırmaq nara lazımdı.
Dəyər əməldədi, şərəf gedərgi,
Cəsəd xakdan qeyri hara lazımdı?
Hikmətdən tikildi xilqət əndamı,
Axırda qalacaq bacasız damı,
Elə hökm eylə ki, yad etsin hamı,
Sində cismin mura, mara lazımdı.
Görmədim aləmin sonadək şadın,
Alı sazda, sözdə tapdı imdadın.
Ucalsa, obada şərəfli adın,
Nə dəfinə, nə də xara lazımdı.
Ustadnamə bir olmaz, iki olar, biz də deyək iki olsun.
Dedim, könül nanəcibdən kənar gəz,
Bulunmaz odlara atacaq səni.
Nanəcibə bel bağlama dünyada,
Düşmən bazarında satacaq səni.
Nanəcib, yaltaqla sən çıxma yola,
Başına gətirər bulunmaz bəla.
Quyruğun kəsməklə qurd olmaz tula,
Nəsildən xaindi tutacaq səni.
Növrəs İman olmaginən diləfkar,
Qarğa laçın olmaz yüz olsa şikar,
Müxənnət adama etmə etibar,
Axır dar günündə atacaq səni.
Ustadnamə iki olmaz üç olar, biz də deyək üç olsun, xain gözü ovulsun.
Qafil könül, bir məclisə varanda,
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, hərcayı demə,
Laf eyləyib gülə-gülə danışma.
Aşıq gərək hər məclisdə sayılsın,
Sözünü eşidən qansın, ayılsın,
Kəlmə çıxart, şirin cana yayılsın,
Aşırıb sözünü zilə danışma.
Mənə demə sözün azğın, axmağın,
Xoşlanılmaz aralıqdan çıxmağın,
Layiq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə danışma.
Yazıq Söyün, əhdin yetir yerinə,
Könül bağla aşıqların pirinə,
Çək sözünü həqiqətə, dərinə,
Hər qədirbilməzə belə danışma.
Bəli, sizə hardan deyim, kimnən deyim, İsfahan, nisfi-cahan şəhərinnən. İsfahan şəhərində kimnən, Şah oğlu Şah Abbasdan. Günnərin birində Şah Abbasın kefinin duru vaxtıydı. Vəzir, vəkil, əyan-əşrəf başına toplaşmışdı. Şirin söhbət eləyirdilər. Birdən Şah Abbasın ağlına nə gəldi, nə gəlmədi, dedi:
– Mənim indiyə qədər nə əyağım dəyməmiş, nə gözüm görməmiş elə bir yer yoxdu.
Şah Abbas belə deyəndə onun hörmətli sərkərdələrindən Becan qayıdır ki:
– Qibleyi-aləm sağ olsun, sənin dediyinə mən inanmıram, elə şey ola bilməz.
Şah Abbas sözünün üstündə durur, deyir elədi ki, var. Burda yenə Becan dincəlmir, qayıdırkın:
– Şah sağ olsun, çox iri getdin, yəni sən haqqı-taala xəlq eləmiş bu yekə dünyanın hər yerini gəzif, hər yerini də görüfsən? Mən bilən, şah sağ olsun, bir yer var, oruyu sən nə gəzmiyifsən, nə də görmüyüfsən.
– Əyə, Becan, görünür ki, sən mənnən çox yer gəzif, çox yer görüfsən?
– Di, indi çox, az. Mən də özümə görə gəzmişəm. Əmə, şah sağ olsun, acığın tutmasın, hökm sənin əlindədi, bir yer deyim, düzünü de görüm sən oruyu gəzifsən, ya yox?
Şah Abbas xəbər aldı:
– Becan, de görüm o haradı ki, oruyu mən nə gəzmişəm, nə görmüşəm.
Becan dedi:
– Şah sağ olsun, Alxaz çimənniyi deyilən bir yer var, de görüm oruyu görüfsən, ya gəzifsən?
Becan belə deyəndə şah qayıdıf deyirkin:
– Becan, canın üçün sən deyirsən, mən eşidirəm.
Becan qayıdır ki:
– Şah, görürsənmi? Deyirsən, mən o yer yoxdukun oruyu gəzməmiş, görməmiş olam.
Şah Abbas fikirrəşir ki, əşşi, nətəri ola dünya mənim əlimdə ola, iyirmi dörd kral dövlətin hamısını gəzmiş olam, əmə Alxaz çimənniyini görmüyəm. Əmr verir ki, hazırlıq görülsün, bəs, şah gəzməyə çıxacaq. Bəli, hazırlıq görülür, atdar yəhərrənir, xurcunnar dolur, kim silah-əsləhəsi hər nəyi var götürür. Şah Abbas böyük bir dəstəynən Alxaz çimənniyini gəzməyə çıxır.
Bəli, yola düşüllər. Təhmə ciloy, yaşıl otdar, köhlən atdardı, minif gedillər. O yerə çatıllar ki, daha burdan Alxaz çimənniyi başdıyır. Alxaz çimənniyinə şah çatanda baxıf görürkün, doğrudan da, bir səfalı yerdi, baxdıqca adamın baxmağı gəlir. Şah çox maraqlanır. Becana deyir:
– Sağ ol, əyə, Becan, nə yaxşı oldu ki, sən bunu mənə dedin, hancarı indiyətən buruyu mən görməmişəm.
Şah Abbas çox şadi-xürrəm atı xırdaca-xırdaca sürüf gedirdi. Bir vaxt qabağa baxanda görürkün, bir ceyran başıaşağı otduyur. Şah ceyranı görəndə əmr verir ki, qoşun ceyranı əhatə eləsin. Bu ceyran mənim səfərə çıxanda birinci şikarım olduğuna görə onu elə əhatə eliyəsiniz ki, ceyranı diri tutax.
Bəli, nolajeydi, şah əmriydi. Vəzir vəkilə söykənir, vəkil qoşun başçısına söykənir, bu ona, o, o birinə. Atdarı da diz-dizə, qabırğa-qabırğaya elə söyküyüllər ki, bir vaxt ceyran başını qaldıranda görürkün, hər tərəf üzük qaşı kimi əhatə olunuf. Ceyran baxır ki, qaçmağa yer yoxdu, sağa-sola nəzər salır, görür ki, şahın atı çox havalıdı. Əgər keçmək varsa da, şahın atının qarnının altından keçə bilər. Yoxsa ayrı yerdən çıxış yolu yoxdu.
Əmə şah əmr vermişdi ki, ceyran hər kimin yanından keçif qaçsa, boynu fərmandadı.
Ceyran sağa-sola bir qıloy eliyir, qatı yaydan ox çıxan kimi şahin atının qarnının altınnan aradan çıxır. Şah baxıf görürkün, ceyran bunun öz səmtinnən getdi. Əl qaldırır elan eliyir ki, fərman mənim öz boynumda qaldı. İndi mən ceyranın dalınnan gedərəm, ya diri tutaram, ya ölü gətirərəm.
Şah Abbas təhmə ciloy salır ceyranın dalınnan. Noolsun ki, şahın atı çox havalıdı, paçalıdı, axı qabaxdakı ceyrandı. Əyağını bir burda cüt yerə vuranda bir də yarım ağac o yanda vurur. Ceyran gedir, at gedir, ha burda, ha orda. Şahın məqsədi buydu ki, ceyranı diri tutsun. Bir vaxt baxıf görür ki, ceyran qabaxda bir cəngəllik meşəyə çatır. Əgər meşəyə girsə, ceyran əldən çıxajax. Oydu ki, oxu kamana qoyur, kirişi çəkif ya allah deyir. Elə ki kirişi çəkif buraxır, ceyran üzü üstə yerə sərilir. Şah çatır, ceyranın başını kəsir. Özü-özünə deyir ki, mən indiyə qədər heç zəhmətdi çörək yeməmişdim, indi bu ceyranın ətindən bir doyunca kavaf yeməsəm, mənim zəhmətim itər.
Bəli, ceyranı dəridən çıxardır. Ətinnən doğruyuf bir yaxşı kavaf eliyir, doyunca yeyir. Vaxt gəlif keçir, gün axşamüstünə çatır. Haqq-taala tərəfinnən bir boran qalxır, dolu yağışa qarışır, yağış doluya qarışır. Şah elə karıxır ki, bilmir harya pəriskar gətirsin. Ceyranın xoşagələn yerrərinnən bir az şaqqalıyır, büküf atın tərkinə bağlıyır. Atı minir, əmə gəldiyi yolu tanımır. Bilmir ki, hardan, hansı yolnan gəlif, hardadı. Şah baxıf görürkün, öz hesabına heç yana gedif çıxa bilməyəjək.
Deyillər, heyvan çox fəhimli olar. Şah atın başını buraxır. Fikirləşir ki, onu bir məkana aparsa, bəlkə, at apara. Yoxsa öz ixtiyarına qalsa, azıf itəjək. Xülasə, atı dehliyif yola düşür. Bir mənzil, iki mənzil, nə qədər yol gedir özü də bilmir. Bir vaxt eşidir ki, uzaxdan mal mələrtisi eşidilir. Atı sürüf səs gələn tərəfə gedir. Baxıf görür ki, bir naxır maldı, yanında da bir naxırçı var. Naxırçıya yaxınlaşıf salam verir. Soruşur ki:
– Naxırçı qardaş, bura haradı?
Naxırçı baxır ki, bu hər kimdisə qəribdi, özü də nabələd adama oxşuyur. Naxırçı deyir:
– Qardaş, görürəm, nabələd adama oxşuyursan. Bil və agah ol, bura Lut şəhəridir. Sən gəlif Lut şəhərinin kənarına çıxmısan.
Şah baxıf görür ki, bir kral yer keçif, gəlif tamam ayrı bir məmləkətə çıxıf. Atı sürür şəhərə, axşamın axşam vaxtı, vəzir yox, vəkil yox, qoşun yox, bunu tanıyan, bilən yox. Kim bilir, şah gəldi, ya bir gədə gəldi.
Şəhərin də belə bir adəti varıymış. Gün batan vaxtında hamı çəkər darvazasını bağlayarmış. Bəli, şah özünü şəhərə salır. Bu üzə – o üzə baxır görür ki, bütün evlərin darvazaları bağlıdı, əmə bir yerdən bir işıx gəlir. Şah atı bu işıx gələnə sürür. Yaxınlaşıf pəncərədən baxanda görür ki, bir qadındı, şam işığında oturuf. Qadını çağırır. Qadın bayıra çıxanda görür ki, bir mərifətdi, ləyaqətdi, bəzəkli, ziynətdi qonaxdı, gəlif qapıda atın üstündə dayanıf.
Qadın şahın atının başını tutur, onu qonax eliyir. Şah baxır ki, bu bir dar komalqadı, iki pişik boğuşsa, ocağa düşər. Ancax şahın ayrı əlacı yoxuydu, gecənin bu gecə vaxtı haraya gedəsiydi.
Arvad əzələn atı sakit eliyir. Şah keçir oturur. Sən demə, bu öyün yiyəsi Məhəmməd adında bir naxırçıymış. Naxırçı Məhəmməd elin naxırına gedərmiş, günü bir abbasıdan muzd alarmış. Arvad içəri girmir, kişinin yolunu gözdüyürkün, kişi bir balaca tez gələydi, qonağın yanında utanmıyeydıx. Gedif yeməyə, içməyə bir şey alıf gətireydi.
Bir vaxt baxıf görür ki, budu kişi gəldi, yağış zadda yaman döyüf, başdan ayağa əyin-başı çim yaşdı. Yaxınnaşır kişiyə sarı ki:
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-yetim-soyun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Qızılgül, ətrini yayıb hər yanaQızılgül, ətrini yayıb hər yana,Hədiyyə olursan dosta, düşmana.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.