Yetim Söyün
Страница 7 из 7 · 86%
Nolajeydı, şah hökmüydü. Cəlladdar bir su içimində Söyünnən Sənəm xanımın başdarının üstünü alıllar. Qollarını arxadan dar bağlıyıf istiyillər ki, gətirsinnər şahın hüzuruna. Söyün baxır ki, iş o işdən döyül. Gözünün qabağında Sənəm xanımı qolu bağlı görəndə halı daha da pərişan olur. Görür, yaman yerdə axşamlıyıf. Bəli, Söyün cəlladdardan xahiş eliyir ki, onun qolunu açsınnar, ürəyində üç qatar sözü var, onu deyənnən sonra yenə qolu bağlı hara istəsələr aparsınnar.
Cəlladdardan hansı ki, anasının oğluydu deyir:
– Nə qol açmax, nə filan, qolunu açarsan qaçar. Başımız əldə qalar.
Hansı ki, insan oğluydu deyir:
– Adamdı, bəlkə, bir dərdi-səri var. Qolunu açax, qoy, sözünü desin, sonra yenə ixtiyar bizimdi.
Əlqərəz, bu cəllad Söyünün qolunu açır. Söyün sazı sinəsinə basıf görək nə deyir:
Ay ağalar, gəlin sizə söyləyim,
Yarı gördüm əlin verib yad ələ.
Gecələr alışıb, gündüz yanaram,
Yarı gördüm əlin verib yad ələ.
Qoç igidlər öz yerində göz olu,
Həmdəmsiz igidin dərdi yüz olu,
İgid üçün ölüm onda fərz olu,
Desələr ki, yar əl verib yad ələ.
Aləm bilir sən Hüseynin gözüsən,
El içində dürlü-dürlü sözüsən,
Necə qoydun sinəm üstə közü sən,
Demədinmi ya yandıra, ya dələ.
Buların hər ikisini qolu bağlı gətirillər vəzirin hüzuruna. Söyün baxıf görür ki, bəs, bular onun yanına gələn dərvişlərdi. İndi təğyiri-libas oluf biri oturuf taxtı-səltənətdə, biri də onun yanında. Əmə dinif danışıf bir söz demir.
Vəzir əmr verir cəllada:
– Bu oğlanı aparıf öldürüf qannı köynəyini mənə gətirərsiniz!
Şah Abbas nə qədər ki, vəzir Söyünü dindirif danışdırırdı, kim olduğunu, nəçi olduğunu soruşurdu, dinif danışıf bir söz demirdi. Əmə görürdü ki, Söyün vəzirə sağəməlli bir cavab vermir. Vəzir onun kimliyini yaxşı öyrənə bilmədi. Elə ki, vəzir acıqlanıf əmr verdi ki, bunu aparıf öldürün, Şah Abbas dözmədi, qayıdıf dedi:
–Vəzir!
Vəzir dedi:
– Bəli.
– Vəzir, mən şərt qoydum ki, sən işi ədalətli aparajaxsan. Sən də razılaşdın, eləmi?
Vəzir cavab verdi:
– Bəli, elədi, qibleyi-aləm.
– Vəzir, bə, sən nətəri ədalətdi iş görürsən ki, heç həqiqətdən hali olmamış, oğlanın kimliyini öyrənməmiş əmr verirsən ki, bu oğlanı aparıf öldürsünnər.
Şah Abbas özü qayıdıf Söyünnən soruşur:
– Oğul, sən camalda, kamalda bir yaxşı oğlansan. Bəs, niyə belə zinakər işdər görürsən? Qanunnan, qaydadan xəbərin yoxdumu? Şəriətnən, Allahın buyurduğu kimi evlənmək olmazdımı? Niyə belə naxələf iş görürsən?
Söyün görür ki, taxtda ikinci gələn dərviş otursa da, deyəsən, hökm birinci gələnin əlindədi. Oydu ki, üz tutur həmən dərvişə:
Əvvəl gələn dərviş evin yıxılsın,
Gizli sirin aşkar etdin Hüseynin.
El yığıldı, iltiması tutmadı,
Gətirifdi bəxti qara Hüseynin.
Şah Abbas deyir:
– Oğul, dərvişdərə niyə qarğıyırsan. Oların günahı nədi ki? Bir de görüm, sən qızı yoldan çıxartdın, ya qız səni?
Cavabında Söyün deyir:
Hər nə oldu ala gözlü baxannan,
Xuni-dilim eşq oduna yaxannan,
Zalım cəllad nə tutubsan yaxamnan?
Gətirdin amana, zara Hüseyni.
Şah Abbas soruşdu:
– Bu gün sənin dar yerindi, dünyaynan halallaşırsan, sənin anannan, bajınnan bir canı yananın varmı ki, halını belə görsə, dadına çata, qəlbi yana.
Bunu eşidəndə Söyün sözün mabədində götürüf belə deyir:
Bu günümdə gələ anam Xeyransa,
Yolaydı zülflərin ol mələknisa,
Əlim heç yetmədi babam Abbasa,
Edəydi dərdinə çara Hüseynin.
Şah Abbas görür ki, bu Xeyransa, Abbas adı çəkir. Bir fikr eliyir ki, bəlkə, bu onun Lut şəhrində bir gecəliyə aldığı qız ola. Bir də deyir, yox, Lut hara, bura hara. Yəqin haranın düşməsidi gəlib çıxıb bura. Bu fikirdən sonra Şah Abbas soruşur:
– Yaxşı, bala, bəs, dərvişlərə niyə qarğıyırsan?
Söyün deyir:
– Mənim dərvişdərə elə bir qarğamağım olmuyuf, əmə bu dəfə bərk qarğıyajam.
Söyün götürür görək dərvişdərə necə qarğıyır, əvəzində deyək, kefdə olasız:
Əzəl gələn dərviş evin yıxılsın,
Nəzər eylə bu inqilab olmasın.
Mənşər günü hax dərgaha, divanə
İki dərviş heç nəsilin gəlməsin.
Dizlərin titrəsin, canın sıxılsın,
Ağ əlinə əlvan qanın yaxılsın,
Baş kəsilsin nizələrə taxılsın,
Dərdi-dilin bir kimsənə bilməsin.
Başına qoyubsan qızıldan tacı,
Silinsin könlünün qalmasın pası,
Şaha budu qul Hüseynin duası,
İki sevgi bu arada ölməsin.
Söz tamama yetir. Şah Abbas Söyünün bu qarğışınnan qəzəblənif deyir:
– Vəzir, bu deyəsən, əyri getdi ha, fərman sənindi, nə istəyirsən, onu da elə.
Vəzir iki cəllada əmr verir ki, bunu aparın gözdən, könüldən uzax, bəni-insannan irax bir yerdə boynunu vurun, qannı köynəyini mənə göndərin.
Bəli, cəlladlar bunu aparmağa başdıyır. Ancax cəlladlardan biri qoca olur, biri cavan. Bir az gedənnən sonra cavan cəllad qoçuya deyir:
– Belə oğlanı öldürmək hayıfdı, bizə bir düşmənçiliyi zadı ha keçmiyif. Gəl bunun köynəyini çıxarax, qana buluyuf aparıf vəzirə verək, özünü də buraxax varsın getsin. Bunu öldürsək, Allah-taala günaha yazar. O dünyada qiyamət günü nə cavab verərik.
Qoca cəllad bu sözə razılaşmır. Deyir, birdən vəzir bilər, dərimizə saman təpər, balalarımızı yetim qoyar.
Bəli, indi sizə deyim Şah Abbasdan. O zaman ki, Şah Abbas bəzməndi Xeyransa xanıma verif onnan ayrıldı, ta ki gəlif saraya çatdı, elan verdi ki, bəs, gecə xəzinəni yarıf mənim sağ qolumun bəzməndini oğurluyuflar. Hər kəs bu bəzməndi hər kəsdə görsə, tapıf gətirsə, onu dünya malınnan qane eliyəjəm. Ancax bir şərtnən ki, bəzmənd hər kəsin üstə tapılsa, gərək öldürmüyüf onu mənə sağ gətirsin.
Cavan cəllad çox dedi, əşşi, yazıxdı, gəl bunu öldürmüyək, qoca cəllad dinə-imana gəlmədi. Axır cavan cəllad görür, olmadı. Söyünü soyundurası olullar ki, öldürüf köynəyini qana buluyuf vəzirə aparsınnar. Bunu soyunduran vaxt bir də baxıllar ki, paho, Şah Abbasın sağ qolunun bəzməndi bunun qolundadı. Cavan cəllad işi belə görəndə deyir:
– Evin yıxılmasın, əlli ildi cəlladdıx eliyirsən, qazancın bir həsirdi, bir Məmmədnəsir. Allah durduğumuz yerdə bizimkini gətirdi. Bunun qolundakı Şah Abbasın xəzinəsinnən oğurlanan bəzmənddi. Gəl bunu öldürmüyüf şahın yanına aparax, deyək ki, bəs, bu iki şeydə günahkardı. Həm qız məsələsinə görə, həm də xəzinəni yarıf bəzməndi oğurladığına görə.
Qoca cəllad görür, bu ağılkəsən söhbətdi. Şah Abbasın ənamınnan qaçmax ağılsızdıxdı, razılaşır.
Cavan cəllad deyir:
– Ya istəyirsən sən qabaxda get şahı muştuluqla, mən bu oğlanı arxadan gətirim, ya mən gedim, sən bunu gətir.
Qoca cəllad deyir:
– Şah əmr verif ki, bəzməndi oğurluyan adamı mənim yanıma sağ-salamat gətirin. Allah xatirinə mən apararam, əyağına daş-zad dəyər, şaha şikayət eliyər. Qoy mən qabaxda gedim, şahı muştuluqluyum. Sən arxadan oğlanı gətir.
Əlqərəz, razılaşıllar. Qoca cəllad qaçıb tənginəfəs özünü yetirir Şah Abbasa ki:
– Şah sağ olsun, bəs, deməzsənmi, sənin xəzinəni yaran da elə bu oğlandı.
Şah Abbas soruşur:
– Necə yəni bu oğlandı? Hardan bildin?
– Şah sağ olsun, bəs, belə-belə, paltarını soyunduranda bəzməndi qolunda gördük.
Şah Abbas barmağını dişdiyir, fikirrəşir ki, ey dili-qafil, yəqin, elə bu mənim öz oğlumdu. Əmə məsələni açıf-ağartmır, soruşur ki:
– Yoxsa oğlanı öldürdünüzmü? Ona bir şey eliyifsinizsə, boynunuz kəndirdədi.
Cəllad deyir:
– Yox, öldürüb eləməmişik. İndi bu sahat cavan cəllad onu da gətirif gələr.
Az keçmiş cavan cəllad Söyünü gətirif gəlir. Şah Abbas bəzməndi alıf baxır, görür ki, Lut şəhrində Xeyransa xanıma verdiyi bəzmənddi. Təəccüblənir ki, cəlladdar bunu nə əcəb öldürmüyüflər, sağ buraxıflar, çünki olara əmr olunmuşdu ki, aparın bunu öldürün. Qayıdıf soruşur ki:
– Oğul, bəs, bu cəlladdar səni nə əcəb öldürmədilər?
Söyün deyir:
– Qibleyi-aləm sağ olsun, ona görə ki mənim köməyimə yetənnər oldu.
– Oğul, mənim qorxumnan bir bəndeyi-bəşər sənin köməyinə yetə bilməzdi, çünki vəzir şah əvəzi fərman vermişdi. Kim bu işə mane olsa, boynu cəllad qılıncının tiyəsinə tuş gələrdi. Bə, sənə kimlər kömək elədi?
– Qibleyi-aləm, icazə ver, mənə kimlər kömək elədiyini saznan deyim, söznən desəm, ürəyim tab eləməz.
Şah icazə verdi. Aldı Söyün:
Yetişdi imdada, dada
Haqqı-tala demədimmi.
Az qala ki qoca cəllad
Canım ala demədimmi.
Məhəmməd Bürağı mindi,
Yaxşı məzhəb, yaxşı dindi,
Şahi-Mərdan köməyimdi,
Düşsəm qala demədimmi.
Söyünəm yoxdur günahım,
Dada yetdi Nəcəf şahım,
Qəribəm odur pənahım,
Qadir mövla demədimmi.
Söz tamama yetir. Şah Abbas qayıdıf deyir:
– Vəzir, Allah evini yıxsın, axı, bu mənim oğlumdu.
Vəzir cavab verir:
– Şah, Allah iqbalını yeyin eləsin, o, sənin oğlundu, bə, bu da mənim qızımdı.
– Vəzir, sən hancarı mənim oğlumu öldürtmək istəyirdin? Bə, sənin axırın necə olajeydı?
Vəzir qayıdır ki:
– Şah, o barədə günahkar sənsən, Allah evini yıxsın, dünyanın üzünü yedin doymadın, getdin yerin altında da uşaxların üzünün suyunu tökdün.
Şah baxıf görür, vəzir haxlıdı, üz tutur Söyünə:
– Oğul, bil və agah ol, sən mənim doğmaca oğlumsan. İndi mənə de görüm, sənin toyunu Sənəm xanımnanmı eliyim, ya ayrı birinimi alım?
Söyün cavab verif deyir:
– Ateyi-mehriban, Sənəm xanımın gözəlliyi, göyçəkliyi öz yerində, buna söz yox. Allahdan gizlin olmuyanı sənnən nə gizlədim, mən onu sevirəm, o da məni. Əgər məni istəyirsənsə, bizi bir-birimizdən ayırma.
Şah Abbas deyir:
– Oğul, yazıya pozu yoxdu, madam ki, siz bir-birinizi istəyirsiniz söz sənin əməl mənim. Sənə elə bir toy elətdirərəm ki, ruzigarın gözü hələ elə toy görməmiş olar.
Bəli, Şah Abbas elan verir ki, toy tədarükünü görsünlər. Filan ayın filan günündə oğlu Söyünnən Qara vəzirin qızı Sənəm xanıma toy başdıyajax. O biri tərəfdən də adam göndərir Lut şəhrinə ki, gedif Xeyransa xanımı ata-anası ilə birlikdə saraya gətirsinnər.
Noolajeydı, şah əmriydi, iki keçir üçüncü gün Xeyransa xanımı ata-anası ilə birlikdə Şah Abbasın hüzuruna gətirillər. Şah Abbas, Söyün bularnan təzədən görüşür, öpüşür. O günnən bular da sarayda yaşayır.
Şah Abbas qırx gün qırx gecə toy eliyif Sənəm xanımı Söyünə alır. Onlar şadi-xürrəm ömür-gün keçirillər. Siz də şadi-xürrəm ömür sürəsiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-yetim-soyun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Qızılgül, ətrini yayıb hər yanaQızılgül, ətrini yayıb hər yana,Hədiyyə olursan dosta, düşmana.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.