Yetim Söyün
Страница 6 из 7 · 71%
Şah Abbas heç nəyə qarışmır, nə işi varyıdı. Keçif lal-dinməz bir tərəfdə dayanır. Dedi, hələ görüm bu işdərin axırı nə olajax. Sənəm xanımın eşq o qədər gözünü pərdələyir ki, qayıdıf deyir:
– Dərviş baba, bu bir şəhərdir ki, özün qazan özün ye. Burda mənnən qırx qız var, mən heç, yerdə qalan otuz doqquz əl dəyməz qızdan hansını istəyirsən seç, bu gecə keyfini çək.
Şah Abbasın o vaxtdan Ağca qıza gözü düşmüşdü, əmə bu qarabaş olduğunnan qüruruna sığışdırıf buna bir söz deyəmmirdi. Əlqərəz, Söyün Sənəm xanımnan, Ağca qız Şah Abbasnan bu gecə dünyanın kefini çəkillər.
Səhər tezdən Sənəm xanım buyrux verif Ağca qıza deyir:
– Yaxşı, daha vaxtdı, bunları yola sal. Dərvişə də deynən ağzını farağat qoysun. Bir ziyannığa zada düşmüyüf ha. Biz ona hörmət eləmişik, ömründə bir gecəni kefnən, ləzzətnən yaşayıf, işdi şayət ağzınnan bir yerdə bir söz qaçırsa, özünnən küssün.
Bəli, bular lağımnan çıxıf Qənnət Məhəmmədin tükanına gəlillər. Şah Abbas Söyünə dil-ağız eliyif tükannan çıxır. Ordan birbaş gedir saraya, Qara vəziri yanına çağırtdırıf deyir:
– Bu qədər ki, şahlıq eləmişəm, mən gəzmiyən, mən baxmıyan mənzərə, mən görmüyən kef, mən çəkmiyən ləzzət yoxdu, ancax bu gecə bir yerə getmişdim, hələ indiyə qədər nə belə yer görməmişdim, nə belə kef çəkməmişdim.
Vəzir qayıdıf deyir:
– Şah Abbas, səni and verirəm o atanın taci-mehracına, məni də ora apar.
Şah Abbas deyir:
– Yox, vəzir, apara bilmərəm.
Vəzir çox yalvarır ki, səni atanın taci-mehracına and verirəm niyə aparmırsan?
Şah Abbas deyir:
– Vəzir, mən səni aparram, əmə mənim atamın taci-mehracına and ver ki, orda hər nə görsən, hər nə eşitsən dinmiyəjəksən, mən səni aparım.
Vəzir and içir. Şah Abbas vəzirnən bir yerdə təğyiri-libas olur. Hər ikisi dərviş paltarı geyinif gəlillər Qənnət Məhəmmədin tükanına. Söyün yenə al-verini eliyir, alan alır, gedən gedir. Vəzirnən şah dərviş libasında burda qalıllar. Söyün baxıf görür ki, tükanda iki dərviş qalıf. Biri dünənki dərvişdi, ancax o birini tanımır. Soruşur ki:
– Dərviş baba, bu kimdi?
Şah Abbas cavab verir:
– Bu mənim ən yaxın dostumdu. Özü də əmim oğlunun babasının qız nəvəsidi. Çoxdanıydı biri-birimizi itirmişdik, elə təzəcə tapmışıx. Qonax yerimiz yoxdu. Dünən də mənə hörmət eliyifsən, mümkün olsa, bu axşam da bizi qonax saxlaynan. Səhər inşallah çıxıf öz yerimizə-yurdumuza gedərik.
Söyünün bulara yazığı gəlir. Buları burda qonax saxlıyır. Elə ki, axşam düşür Şah Abbas xəlvəti vəzirə deyir:
– Sən o xalıyı gözdə, xalı tərpəndi dünənki kefi görəjeyik, yox, əgər xalı tərpənmədi onda özünnən küs.
Gecənin bir vaxtı vəzir baxır ki, xalı tərpəndi. Şah Abbası dümsükləyir ki, taxtın tarac olsun, bə, budu xalı tərpənir. Şah Abbas mürgü vururdu. Qara vəzirin dümsüyünə ayılır. Baxıf görür, doğrudan da, xalı tərpənir. Bəli, xalı tərpənməyiynən Ağca qız əlində şam lağımnan çıxıf deyir:
– Ay Söyün, xanım sənə nə tapşırmışdı? Bayaxdan səni gözdüyür.
Söyün deyir:
– Get xanıma deynən Söyün bu axşam gələ bilməz, çünki qonağı ikidi.
Ağca qız gedir, cavab gətirir ki, Sənəm xanım deyir otuz səkkiz qonax üçün qız tapılar. Biri mən özüm, birini dünənki dərvişə verdik, qırxdan ikisini çıxaq, otuz səkkizi ki, durur. Deynən gəlsinnər.
Ağca qız əlində şam qabağa düşür. Onun arxasınca Söyün, onnan sonra Şah Abbas, lap arxada vəzir gethaget gəlif Sənəm xanımın imarətinə çıxıllar. Vəzir baxıf görür ki, qara gəlsin, harya gəlif çıxsa yaxşıdı, öz tikdirdiyi imarətə. Budu bu həmən imarətdi, içində də Sənəm otuz doqquz qul-qarabaşnan. Bir istiyir dinə. Bir də yadına düşür ki, Şah Abbasın atasının taci-mehracına and içif, dinsə, başı fərmandadı. Vəzirin qarnına sancı düşür.
Burda kef başdıyır. Deyillər, gülüllər, yeyillər, içillər, çalıllar, oynuyullar. Birdən nə fikirrəşirsə, Sənəm xanım qayıdıf deyir:
– Ay Söyün, bu axşamkı məclisdə mənə bir tərif deməsən sənə qoynumda, qucağımda yer vermiyəjəm, orda qapının ağzında yatajaxsan.
Söyün işi belə görəndə Sənəm xanımın bir al yanağına, qaymaq dodağına, bir qəmzəli gözdərinə, ilan zülflərinə, bir incə belinə baxır, sazı basır sineyi-sandığına görək nə deyir:
Hüsnün artıb mürdələrə can verir,
Soyuq suyun abi-həyatı kimi.
Dəhanın şəkərdi, zəbanın şirin,
Dodaqların Misrin nabatı kimi.
Bir şikaram, şahmar zülfün bir kəmənd,
Bu yazıx canımı eyləmisən bənd,
Qıyqacı baxışın eyliyir çox fənd,
Xotkarın, sultanın baratı kimi.
Bülbül kimi daldan-dala səkməkdən,
Qızıl dyümə çarpaz keçir dirsəkdən,
Gecə-gündüz həsrətini çəkməkdən
Söyünəm incəldim xəyyatı kimi.
Burda Şah Abbas xəlvəti vəzirə deyir:
– Vəzir, yaxşı fikir ver, qız oğlanı çağırıf haa… Şərtimiz şərtdi.
Vəzir dinə bilmir. Elə hərdənbir hə… hıı… – eliyir, yəni ki, Şah Abbasın dediyinə razıdır. Əmə Söyün baxıf görür ki, Sənəm xanım əvvəlki Sənəm xanım döyül, dünənki şirinnik yoxdu. Nəsə nazı qəmzə eliyir, bunu özünə yaxın qoymax istəmir. Fikirrəşir ki, əşşi, bunu zornan məcbur eləmiyəjəksən ki, məni istə, ya istəmə. Oydu ki, qızın qəlbinə dəyməkdən ötrü götürüf orda deyir:
Nazlı yarın al yanağı
Nə düzülüf xal üstünə.
Qurşayıbdı gümüş kəmər,
Xub yaraşır bel üstünə.
Qız başdıyır özünü naza çəkməyə, deyir, nə mənim nazdı yanağım yoxdu, nə də incə belim. Arxayın ol, bu gecə o qapının ağzında yatajaxsan.
Söyün baxıf görür ki, qız oysara gəlmək istəmir. Götürüf sözün arxasını belə deyir:
Görürsən yarın yar döyül,
Tərkini qılmax ar döyül,
Dünya başına dar döyül,
Get birini al üstünə.
Söyün belə deyəndə qız baxır ki, bir az da o yan-bu yan eləsə, Söyün ajıx eliyif çıxıf gedəjək. Odu ki, Söyünün könlünü almax üçün deyir:
– Nə tez qarabağır oldun, mən ki, zarafat eliyirəm.
Söyün deyir:
– Elə mən də zarafat eliyirəm, qoy, sözümün dalını deyim.
Qız yumşaldığınnan Söyün də yumşalır. Götürüf sözünü belə tamama yetirir:
Söyün baxar ilqarına,
Heç dönük çıxmaz yarına,
Baxmaynan ahu zarına
Bülbül qonar gül üstünə.
Nə isə, təzədən kef-damax başdıyır. Otuz səkkiz qızın içinnən dilli-dilavər biri qalxıf Sənəm xanıma deyir:
– Xanım, dünən Ağca qızı o dərvişə verdin. Bu gecə bu biri dərvişi də mənə ver.
Sənəm xanım deyir:
– Mən heç nə deyə bilmərəm. Əgər fərasətin var, get böyrünə-başına keç, gör sənə yaxın durursa, o da sənin.
Əmmə bu qız ombadan bir az axsax kimiydi, ancax incədən ipəkçə şeyiydi. Yaxınnaşır Qara vəzirə, görür, vəzir buna heç əhəmiyyət vermir. Vəzirin halı o halda döylüydü ki, kef-damax yadına düşəydi. Qız qayıdır ki:
– Evin yıxılsın, Allah sənnən niyə alıf, gözün niyə yumuluf. Aş Xıdırın, əppək Xıdırın, yeyim-yeyim qudurum. Sənəm xanımın bu məclisində sənə niyə sancı düşüf. Qarnının dərdini de.
Qara vəzir bir tərs-tərs bunun üzünə baxıf deyir:
– Sənin kefin məndə yoxdu, hırın qalxmasın, mənnən aralaş.
Qız nə qədər bunun böyür-başına keçirsə də, görür, vəzir yerinnən tərpənmək istəmir. Hərrənif vəzirin boş böyrünnən bir qatır təpiyi əldən qoyur. Söyün Sənəm xanımnan, Şah Abbas Ağca qıznan gecəni sabaha qədər dünyanın kefini çəkillər. Qara vəzir də elə sancının içində qıvrıla-qıvrıla qalır.
Səhər açılır, səhərrər üzünüzə xeyirriyə açılsın. Söyün, Şah Abbas, Qara vəzir lağımnan qayıdıllar Qənnət Məhəmmədin tükanına.
Şah Abbasnan vəzir dərviş libas gəlillər saraya. Təğyiri-libas olannan sonra Şah Abbas soruşur:
– Vəzir, indi ağlınca neyniyək?
Vəzir deyir:
– Şah Abbas sağ olsun. İndi ki qız mənimdi bircə saat hökmü mənə ver, qoy, taxtı-səltənətdə mən oturum, işə necə istəyirəmsə, o cür də baxım.
Şah Abbas cavab verir ki:
– Vəzir, hökmü verərəm, əmbə qorxuram işi ədalətli aparmıyasan.
Vəzir deyir:
– Şah sağ olsun, işi ədalətli aparmaram, yanımdasan, harda səhv eləsəm, düzəldərsən.
Şah Abbas razılaşır. Vəzir qırmızı geyinif taxta çıxır… Şah Abbas da oturur yanında ki, görsün, vəzir işi necə aparır. Vəzir buyrux verir:
– Cəllad!
Yeddi yerdən ləbbeyk səsi gəlir ki, biz hazır. Vəzir hökm eliyir:
– Bu sahat gedərsiniz Qənnət Məhəmmədin tükanına, ordakı oğlanı da, mənim qızım Sənəm xanımı da qollarını dar sarıyıf mənim hüzuruma gətirərsiniz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-yetim-soyun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Qızılgül, ətrini yayıb hər yanaQızılgül, ətrini yayıb hər yana,Hədiyyə olursan dosta, düşmana.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.